Sərdar Cəlaloğlu Kəramətdən yazdı: “Bu əsər səni…”

Sərdar Cəlaloğlu Kəramətdən yazdı: “Bu əsər səni…”
1 oktyabr 2021
# 12:53

Kulis.az Sərdar Cəlaloğlunun “Kəramətin “Çöl” romanı haqqında düşüncələrim” yazısını təqdim edir.

Bu, mənim xasiyyətimdir. Müəllifi ilə tanış olduğum istənilən əsəri oxuyanda onun haqqında fikirlərimi ictimayyətlə bölüşmək ehtiyacı hiss edirəm. Çünki mən müəllifin özünün də bir kitab olduğuna, onu oxuya bildiyimə və yazdığı kitabda da əslində məhz onun öz ideal mənini ifadə etdiyinə inanıram. Başqa sözlə, mənə görə müəllif – real kitab, kitab – ideal müəllifdir.

Kəramət Böyükçöl özünün “Çöl” romanını mənə bağışlayanda da bu əsərlə baglı öz fikirlərimi bildirəcəyimə söz verdim. Zatən söz verməsəydim belə, düşüncələrimi mütləq ədəbiyyat sevənlərlə paylaşaqcaqdım.

Burada bir haşiyə çıxım ki, hazırda Azərbaycan ədəbiyyatı özünün böhranlı dövrünü yaşadığı kimi, ədəbi tənqid də tam böhran içindədir. “Kor atin kor nalbəndi olar”, – deyərlər. Səbəb çox sadədir. Bədii təfəkkürümüz nə yazıq ki, siyasi təfəkkürümüzdə baş verənlərlə ayaqlaşa bilmir. Müstəqil Azərbaycanın azad ədəbiyyatı nə yazıqlar ki, hələ də doğulmayib. Yaradıcı şəxslər daxili senzuranın əsirliyindən xilas ola bilmir. Bir çoxu isə kecmişin xiffətini çəkə-çəkə günü yola verir.

Azərbaycanın son yüzillikdə nəhəng ədəbi tənqidi formalaşmışdı. Bizim ədəbi tənqidçilər yalnız müasir yox, həm də klassik ədəbiyyatın dərk edilməsində nəhəng işlər görmüşdülər. Hətta Avropa ədəbiyyatını belə, Azərbaycan oxucusunun dərk etməsinə böyük yardımlar göstərmişlər.

Əslində ədəbi tənqid müasir dövrdə Avropada inkişaf edən Hermenevtika elminin vəzifələrini yerinə yetirir. Ədəbi tənqidçilər bədii mətnlərin – temanın arxasında duran həqiqi mənanın – remanın aşkarlanması işini görürlər. Bu mənada ədəbi tənqid yalnız oxucuya yox, hətta bədii fikir sahiblərinin özlərinə belə yazdıqları əsəri anlamaqda çox böyük yardımçı olurlar. Cünki yazarlar ilhamla yazır, tənqidçilər isə əsərləri şüurla təhlil edirlər. İlham-qəlb, şüur-beyin işidir. İlham hissiyatla, şüur ağılla bağlıdır.

Bu gün Məmməd Arifin, Həmid Araslının, Cəfər Xəndanın, Abbas Zamanovun, Əziz Mirəhmədovun, Bəkir Nəbiyevin, Məmmədcəfər Cəfərovun və neçə-neçə nəhəng ədəbi tənqidçinin yeri boş görünür. İndi nə sanballı əsərlər meydana çıxır, nə də sanballı tənqidçilər. Qeyd etdiyim kimi, “kor atın kor nalbəndi” prinsipilə Azərbaycan ədəbiyyatı durğunluq dövrünü yaşamaqda davam edir.

Keçək mətləbə. Kəramətin romanını oxuduqca, əsər haqqında düşünməyə başladım.

…İnsan xarakteri yaşadığı coğrafiyanı özündə əks etdirir. Buna görə də elmi ədəbiyyatda meşəlik zonada yaşayanlar obrazlı olaraq “meşə adam”, dağlıq zonada yaşayanlar “dağ adam”, səhrada yaşayanlar “səhra adam”, çöllükdə yaşayanlar “çöl adam” adlandırılır… Bunları siz irq kimi də təsəvvür edə bilərsiz. Məsələn, ag, sarı, qara, qırmızı irq. Amma bu heç nəyi dəyişmir. Zatən hər bir coğrafi zonanın öz rəng simvolu var. Meşənin rəngi yaşıl, dagın rəngi qonur, səhranın rəngi sarı, çölün rəngi bozdur.

Haşiyə çıxım ki, Qurani-Kərimdə dərilərin rənglərinin müxtəlifliyinin Allahın dəlili olduğu bəyan edilib…

Çölün rəngi bozdur. Çöldə hər şey boz rənglə bağlıdır. Boz rəng ən sadə rənglə ən mürəkkəb rəngin, yəni ağla qaranın qızıl ortasını təşkil edir. Çöl adamı da qızıl orta insandır. Buna görə, insanlığın etalonudur çöl adamı. Çölün heyvan simvolu – boz qurd, bitki simvolu – boz yovşandır. Çölün çox yeri şoranlıqlardan təşkil olunur və buralarda yalnız bozaq (şoranlıq bitkisi) bitir. Çöldə bərbəzəkli erkək qırqovul bir anda öz bozundan (dişisindən) ayrılmır. Çölün havası çox vaxt boz olur. Çöl adamının qoyununun ,oxu bozaq (kobud yunlu qoyun) növündəndir. Çölün bəzi yerləri bozqırdan (susuz, otsuz cöl) ibarətdir. Çölün bozqırlarını bozaqgülü bəzəyir. Qalan yerləri bozalaqlar (alaqotu) örtür. Çöldə səhər bozarantı ilə açılır. Çöl adamı kababın bozarmasını, xörəyin bozportunu, bozbaşını, bozartmasını, bozlamacla (sacda bişən cörək) yeməyi xoşlayır. Çöl adamı ölüsünü bozlamağı (uca səslə, oxşaya-oxşaya ağlamaq) sevir.

Dağ adamı hirsələnəndə qaralır, meşə adamı göyərir, səhra adamı qızarır, çöl adamı bozarır. Çöl adamı yerini bilməyən nadanı bozardır, mübahisə edəndə bozalaşır, düşməninə hirslənəndə bozarır.

Çöl adamının sürüsü də uzaqdan bozarışır. Çöl otları bozarandır, yəni tez açıb, tez də solur.

Çöl adamının atının adı çox vaxt boz at, qoyun sürülərini boz qurddan qoruyan itinin adı bozdar olur. Çöl uşaqlarının ən çox xəstələndiyi dəri xəstəliyi havanın və küləyin yaratdığı boz xəstəliyidir. Çölün boz ayı var, cöl kimi hər şeyin yoxsullaşdığı ay.

…Çöl nə meşə kimi zəngin, nə səhra kimi yoxsuldur. Hər şey çöl adamın zəhmətindən asılıdır. Ona görə çöl adamı calışqan, dözümlü, cəsarətli olur. Çöl adamı təbii səyyahdır. O, yaşadığı vətənin bu başından o başına durmadan səfər edir, heyvanlar öz areallarını işarələdiyi kimi, çöl adamı da vətəninin hər qarışına öz izini buraxır. Bununla sanki düşmənlərinə “bura mənim vətənimdir, bura ayaq basma” deyə mesaj verir.

…Çöl adamının əsas məşğuliyyəti qoyunçuluqdur. Bir qayda olaraq çöl adamları erkək əti yeməyi sevirlər. Buna görə özlərini qoça oxşadırlar. İgidə-qoç, igidliyə-qoçuluq deyirlər. Qoçuluq etməyi sevir, qoç kimi kəllə-kəlləyə gəlməyi xoşlayır çöl adamı.

…Çöl mərdlik sevir, çöldə nə qacıb gizlənmək, nə də gizlicə xəyanət etmək mümkün deyil. Hər şey kişisayagıdı çöldə. Üz-üzə, göz-gözə. Çölün genişliyi çöl adamının qəlb genişliyinə yansıyır. Çöl adamı çöl kimi çox sadə və səmimi olur. Bəlkə də buna görədir ki, Türk sözü həm çölün sahibi olan millətin adı, həm də “sadə”mənasına malikdir.

…Çöl adamı öz məişətində özünü davam etdirir. Çöl adamının məişətinin məcmusu böyük bir çöl deməkdir. Hansı ki, cöl adamının beynindən və zövqlərindən keçərək meydana çıxır.

…Çöl adamı vaxtı təbii saatla ölçür. Onun saatı xoruzdur, heyvanın susaması, acması, örüşə getməsi, örüşdən qayıtmasıdır. Çöl adamının şüuru çox aydındır, çölün aydınlıq gecələri kimi.

…Kəramətin “Çöl” romanının baş qəhrəmanı çöl adamı – tərəkəmədir. Tərəkəmələr görəsən kimdir?! Tərəkəmə və ya Qarapapaqlar Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli (Borçalı), Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq şimal-şərqi Anadoluda yaşayan Azərbaycan türklərinə bağlı bir tayfadır.

Tərkəmələr əsasən qoyunçuluqla məşğul olurlar. Azərbaycanda yayı müvəqqəti olaraq Dağlıq Qarabağ və ətrafı rayonlarda, digər fəsilləri isə əsasən Aran ərazilərdə yaşayırdılar.

Hətta tərəkmənin öz marşı, özünün çöl himni var:

Yeminq (yəmin) etdim bir olmağa, tafınmışam (tapınmışam) mən Allaha.

Qarapapağ türküyəm mən, duysun hamı qoy bir daha.

Soyum Qıpçağ, Oğuz türkü, qardaşımdı Krım xanı,

Tərəkəmə deyənlərə, göstərmişəm adı-sanı.

Öz elimdə dustağ qaldım, çox qıydılar iyid cana,

Qardaşlara Salam söylə, yolun düşsə Dağıstana.

Qaraçöpdür yurdum mənim, Borçalıdır doğma vatan,

Türk elinin iyidlərin, tanıyıfdır (tanıyıbdır) bütün cahan!

…Kəramət sanki “Çöl” romanını məhz bu marşın ruhuna uyğun yazıb – tərəkəməni bütün türkə və dünyaya tanıtmaq üçün.

…Sosial həyat məişətdən başladığı kimi, Kəramətin romanı da məişət təsvirindən başlayir. Kitabın birinci fəsli “Ustadnamə” adlanır. Kəramət bununla sanki yazdığı romanı aşıq yaradıcılığına uyğunlaşdırıb. “Ustadnamə”də müəllif tərəkəməni onun məişətindən təqdim edir. Tərəkəmə məişəti tərəkəmə həyat tərzinin güzgüsüdür. Bu güzgüdə tərəkəmə əks olunur. “Ustadnamə”ni oxuduqca böyük Şəhriyarın “Heydərbaba” şeri yada düşür. Kəramət Şəhriyarın şerlə dediklərini nəsrlə ifadə edib.

…Romanın ikinci hissəsi – “Koroğlunamə” tərəkəmənin bədii təfəkküründən söz açır. Bu fəsildə tərəkəmənin öz Koroğlu dastanından bəhs edilir. Tərəkəmə Koroğlusu necə ola bilərdi?!. Kəramət bu fəsildə məhz tərəkəmə Koroğlunun obrazını yaradır. Bu tərəkəmə mənəviyyatı ilə tanışlığa imkan yaradır. Sosial həyat məişətdən başladığı kimi mənəviyyatda da başa çatır. Bu fəsildə Koroğlu tərəkəməliyin başa çatmasının simollaşdırılmış obrazı kimi çıxış edir.

Romanın uçuncü hissəsi “İt çölün səsidir” adlanır. Bu fəsil çöl adamının sədaqət haqqındakı düşüncələrini özündə əks etdirir. İt sədaqət simvoludur. Qoyunçuluq itsiz təsəvvürə gəlmədiyi kimi, çölü də it səsi olmadan təsəvvür etmək mümkün deyil. Boz çölün bozdarı – tərəkəmənin dostu – canavarların düşməni. Bu fəsildə müəllif tərəkəmə ilə itin münasibətlərinə aydınlıq gətirməyə çalışır. Tərəkəmə iti adi it deyil. Tərəkəmənin öz əlləri ilə formalaşdırdığı itdir.

…Roman ola, orada məhəbbətdən söhbət getməyə?! Kəramətin romanının da eşq məcaraları dördüncü fəsildə başlayır. Bu fəsil əslində tərəkəmənin duyğularını özündə əks etdirir. Fəsil ““A” hərfi, bığ məsələsi” adlanır. Bu ada müəllif həddi-buluğa çatmış və şəhər həyatı ilə tanış olub, öz tərəkəmə bakirəliyini itirmiş tərəkəmə gəncin hələ şəhərin pozucu havasını almamış bakirə tərəkəmə qızı arasında yaşanan eşqin əlifbasından söz açılır. Gəncin təzəcə çıxan bığı sanki kişiləşmə əlifbasının “A” hərfidir. Bığ kişiliyin başlanmasından, “A” hərfi əlifbanın başlanmasından, ilk məhəbbət isə eşq həyatının başlanmasından xəbər verir.

…Kəramət əsərinin beşinci fəslini “Halaypozan” adlandırıb. Bu fəsildə nəhayət ki, tərəkəmə halının pozulması, tərəkəmənin köçərilikdən oturaq həyat tərzinə keçidi Halaypozan obrazı ilə təsvir edilir. Müəllif bu fəsildə tarixiliklə müasirliyi sintez edir. Koroğlu dastanını bazar iqtisadi şərtlərində yenidən yazır. Əgər Koroğlu indi olsaydı, bu iqtisadi rəqabatdə necə qəhrəmanlıq edərdi? Bəs, bədxah qoşumuz ermənilərlə necə ticarət qurardı? “Halaypozan“ fəsli bu barədədədir. Tarixi dəyərləndirərkən tarixə yenmək nə qədər vacibdirsə, tarixi ruhu müasirləşdirmək indiyə bir o qədər nüfuz etmək tələb edir. Koroğlu mobil telefonla Halaypozana zəng edib yaranmış problemi həll etməyə cəhd edir. Komik və bir o qədər də orjinal yanaşmadır.

…Tərəkəmə oturaq həyata kecməklə böyük cöldən böyük dünyaya qədəm qoyur. Romanın altıncı fəsli tərəkəmənin qloballaşmasına həsr olunub. Bu fəsil “Koroğlunun Amerika səfəri” adlanır. İndi Koroğlu Qırat belində Toqat səfərinə yox, Boinqdə Amerika səfərinə çıxır. Məqsəd xanları, sultanları soymaq yox, Amerika ilə siyasi əlaqələr qurmaqdır. Nə etmək olar: “Biz Koroğlu nəsliyik” deyiriksə, gərək Koroğlunu müasir dövrə gətirib, Amerka ilə münasibətləri yoluna qoymaq ücün ona xüsusi missiya verək. Bu fəsil tərəkəmənin müasir dünyada gedən hadisələrə baxışını əks etdirir.

… Çölün bir tərəfi səhra, bir tərəfi meşəlikdir – demişdik. Çöl adamı olasan, meşə adamı ilə əlaqən olmasın?! Bu, heç mümkündürmü? Çöl adamının meşə adamı qonşusu “uruslar”dır. Əsərin yeddinci fəsli “Rus iyi” adlanir. Rus deyəndə adamın yadina müharibələr, inqilablar, qaçaqlar, KQB, represiyyalar, deportasiyalar, diskirminasiyalar gəlir. Əslində bütün bunlar birlikdə rus iyini təşkil edir. Tərəkəmənin hiss etdiyi rus iyi də məhz bunlardan ibarətdir. Bu, heç də xoşagələn bir iy deyil.

…Tərəkəmənin seksual inqilabı əsərin səkkizinci fəslində – “Kitabxanada seks” fəslində təsvir edilir. Seksual inqilab intim olanların intimlikdən çıxarılması, məhrəmlə naməhrəmin yerlərinin dəyişik düşməsi kimi baş verir. Hamı və hər şey soyunur. Seks çılpaq qalır. Qərbdə buna “soyuq seks” deyrlər. Yəni intimlikdən, məhrəmlikdən, romantizmdən məhrum olan seks. Zatən kitabxanada yalnız belə bir seks ola bilər. ”Kitabxanada seks” əslində kitabda seks kimi, yəni erotik ədəbiyyat kimi təsvir edilir və erotik mövzu olan bir kitabı sadə tərəkəmənin oxuması necə ola bilərsə, bu fəsildə də o təsvir olunur.

…Artıq oturaq həyata keçmiş tərəkəmə oturaq həyata xas həyat tərzi yaşamağa, siyasiləşməyə, simvollar aləmində yaşamağa məhkumdur. Əsərin doqquzuncu fəsli – “Qarğa dili və partiya” fəsli tərəkəmənin siyasiləşməsinə həsr olunub. Əlbəttə ki, qarğa dilinə xas bir dillə. Siyasi dil elə qarğa dilinin özüdür. Hər bir qrupun üzvülərindən başqa kimsənin başa düşmədiyi bir dil.

…Tərəkəmə camaatının sanki çöldə Allaha ehtiyacı olmayıb, ona görə bir o qədər dindar olmayıblar. Amma oturaq insan Allahsız bir an belə yaşaya bilməz. Tərəkəmə oturaq həyata keçdiyindən yavaş-yavaş dinə-imana gəlir. Romanın onuncu fəsli məhz bu məsələyə həsr olunub və “Toy, molla və ərəb dilində döyüş” adlanır. Bu fəsildə “kor atın kor nalbəndi” məsələsinə uyğun tərəkəmənin dini görüşləri əks olunub. Tərəkəmə xürafatla dinin məngənəsində sıxılır, çöllə şəhər həyatının arasında sıxıldığı kimi.

…At itlə birlikdə tərəkəmə həyatının ayrılmaz atributlarıdır. At tərəkəmənin nəqliyyat vasitəsi, it onun polisi, ordusudur. Biri ilə tərəkəmə hərəkət edir, digəri ilə qorunur. Onbirinci fəsil – “At cöllərin “A” hərfidir”. Yenə də “A” hərfi. Ata məhəbbət qıza məhəbbət kimidir. Biri çöldə, biri evdə. Bığ məsələsi ilə yalnız “A” hərfi əlaqəli deyil, həm də bığ məsələsi at məsələsi ilə də əlaqəlidir. “İgid odur – atdan düşə atlana”. İgidlik bığın çıxmagından başlayır. Bu fəsildə müəllif özünə məxsus şəkildə tərəkəmənin nostalgiyalarını dilə gətirir: “Yenə o çöl olaydi…”

…Qarabağ müharibəsi – tərəkəmənin içindən keçən müharibə. Qarabağ tərəkəməsi qədər bu müharibənin acısını kimsə hiss edə bilməz. Tərəkəmənin düşmənə münasibəti də özü kimi saf və sadədir. Bu kitabın onikinci fəsilinin adı bunu bir daha sübut edir – “Biz uşağı çıraqla gəzirik, bunlar işıqda öldürürlər” uşaq qatili ermənilər. Onların türk millətinə – tərəkəməyə olan nifrəti hədd-hüdüd bilmir. Başqa yerlərə sərhədsiz həkimlər gedir. Qarabağa sərhədsiz canilər…

…On üç nəhs rəqəmdir, əsərin onüçünçü fəsli də məhz nəhs işlərə həsr olunub. “Atəşkəs pozulub” fəslində Qarabağda supergüclərin oynadığı əxlaqsız və mənəviyyatsız siyasi oyunlardan söz açılır. Tərəkəmə “atəşkəs pozulub” sözündəki “pozulub” sözünü öz səmimi kimliyi ilə pozğunluq kimi dərk edir, həm də düz dərk edir. Bir oğlanın və ya qızın pozulması nədirsə, müharibədə müqavilə imzalayıb, sonra da ona əməl etməmək – atəşkəsi pozmaq elə bir pozğunluqdur… Nə fərqi, ya gənc bir oğlan, ya qız pozula, ya da bir millət və ya erməni-rus ittifaqı. Heç fərq etməz.

…Tərəkəmənin uzun illər məruz qaldığı ədalətsiz müharibələr. Tərəkəməyə roman həsr oluna, amma orada müharibə fəsli olmaya?! Kəramətin romanının da müharibə fəsli yox deyil. On dördüncü fəsil, “Müharibə gərək işləsin” adlanır. Bu fəsildə müharibəyə hazırlıqsız yaxalanmış bir toplumun hərb həyatından söhbət açılır. Tərəkəmə hara, müharibə hara?!. Amma gərək tərəkəmə müharibənin nə olduğunu çox dəqiq şəkildə öyrənərdi. Müharibə işləməyə başlayanda o da döyüşdə işləyərdi. Ancaq sən saydığını say, gör sovet hökuməti nə sayıb tərəkəmələr ücün…

…Tərəkəmənin simvolu qoç, rusun simvolu xoruzdu. Evlərinin başına həmişə ağacdan düzəldilmiş xoruz heykəli vururlar. Tərəkəmənin də saatı xoruzdu. Bizdə xoruz yaxşı mənada, ruslarda rusca xoruz – “petux” pis mənada işlənir. Tərəkəmənin saatı ilə rusun xoruzunun əlaqəsindən baş açmaq çox çətindir. Kəramət bu məsələdən baş açmaq ücün romanın on beşinci fəslini – “Xoruz saat və məktubda xoruz” fəslini yazıb və bu fəsildə bir çox mətləblərə ehyamlar edib.

…Romanın “Mənə Bakının şəklini at”, ”Saz Koroğlunun cib telefonudur” fəsillərində artıq tərəkəmə kimliyinin yavaş-yavaş itməyindən söz acir. Necə deyərlər, Koroğlu demişkən, “tüfəng çıxdı, qəhrəmanlıq aradan getdi”. Tərəkəmə şəhərləşdi, tərəkəməlik əldən çıxdı. Koroğlunun qılıncını ən son mobil telefon əvəzlədi, elə Koroğlunu da, ailəsini, uşağını, vətənini sahibsiz buraxıb Rusiyaya gedən tərəkəmə gəncləri.

…İnsan öz dədə-baba torpağından, doğulduğu yerlərdən, formalaşdığı mədəniyyətdən, yaxınlarından ayrı düşəndə ilk meydana gələn hiss ruh düşkünlüyü olur. Ruh düşkünlüyü elmdə depressiya adlanir. Kəramətin romanin bir fəsli də depressiya adlanır. Burada çöl adamının bürokratik torda necə çırpındığından söhbət açılır. Dünəni itirdiyindən, sabaha ümidi qalmayan insanın halıdır – depressiya.

…İndi tərəkəmələrin çoxu Bakıya köçüb. Bunlara qaçqınlar da deyirlər. İndi tərəkəmənin böyük çölünü Bakının yanındakı böyük Xəzər gölü əvəz edir. Tərəkəmə Xəzərə bir çöl kimi baxır. Əsərin bir fəsli də məhz belə adlanır –“Xəzər dənizi cöldü”. Tərəkəmə Xəzərə baxıb çölü xatırlayır. Yalniz bir fərqi var-çöl susuzluqdan, xəzər sululuqdan əziyyət çəkir.

…Daha sonra “Versiya”, “Baglama”, “Doğanaq”, ”Cöllərin əlifbası öldü” fəsilləri gəlir. Bu fəsillərdə tərəkəmənin özündən uzaqlaşmasının ayrı-ayrı məqamlarından bəhs edilir.

…Romanın bir fəsil həcmində olan ikinci hissəsi “O” adalanır. “O” qeyri-müəyyənlik işarəsidir. Gələcək kimi, tale-qismət kimi, ölüm kimi, tərəkəmənin sabahı kimi… Bu hissədə kənd üzərində yaşıl kölgədən sohbət açılır. Bəlkə də o meşə adamının çöl adamı üzərində olan kölgəsidir. İsa peyğəmbər demişkən, başqasının yolu ilə gedənin öz yolu olmaz. Tərəkəmə artıq başqa bir yolla gedir. O, calışır ki, bu yol onun öz yolu olsun. Hətta bu yolun başlanğıcı başqasının olubsa da.

…Roman 2009-2010-cu illərdə yazılıb. Hələ o vaxt Qarabağ işğal altında, tərəkəmələr qaçqın halında idilər və hələ o vaxt böyük bir qeyri-müəyyənlik – “bu işlərin axırı necə olacaq?” sualı tərəkəməni bir an da olsun tərk etmirdi, elə bil tərəkəmə nəhəng bir “O” qarşısında qalmışdı. Bu işlərin sonu necə olacaq? Elə Kəramətin romanının sonu da oxucuda yekə bir “O”ya cevrilir. Kəramət bu romanında nə demək istəyib?..

…Bu əsərin janrini təyin etmək min il çöl adamı olan birini iri şəhərdə milyonların arasında axtarıb tapmaq kimi bir şeydi. Həm də min il bundan qabaqkı özümüzü indiki özümüzdə görmək kimi. Əsərin sujet xətti çölçülüyün-çöl adamlarının çöldən uzaqlaşması-mədəniləşməsi və ya köçərilikdən oturaqlığa keçidin təsvirindən ibarətdir. Əsər etnoqrafik bir əsərdir. Əsərdə tərəkəmə məişəti o qədər hərtərəfli, zəngin təsvir olunub ki, əsəri oxuyanda sanki onların arasından keçib gedirsən. Müəllif öz ruhunu, öz kimliyini əsərin baş qəhrəmanı seçib. Özünün uşaqlıq xatirələrini, istəklərini, cəhdlərini, nisgilini, nostalgiyasını, ruhi yüksəliş və enişilərini əsərində etnoqrafik məlumatlarla elə sintez edib ki, kəndlə şəhərin, keçmişlə indinin sərhədlərinin necə itdiyini aydın şəkildə oxucuya çatdıra bilir.

Əsər yalnız tərəkəmələr haqqında deyil, həm də bir tərəkəmənin əsəridir. Bu əsərdə çöl haqqında çöl adamı öz düşüncələrini sərgiləyir. Əslində çöllə çöl adamı birləşir, harda hansının başladığını, hansının qurtardığını təyin etmək mümkün olmur. Mən bu əsəri çöl adamının çöl haqqında, yəni özünün özü haqqında xatirələri adlandırardım.

Əsər öz müəllifi kimi orjinaldır, özünəməxsusdur, dəyərlidir, lazımlıdır, ipə-sapa yatmayan – janra uygun gəlməyən bir əsərdir. Əsərin əsas məziyyəti İsmayıl Şıxlının “Dəli Kür”ündən başlanan türk kimliyini özündə davam etdirməsidir.

Əsər romanlara xas ciddilikdən uzaqdır. Bu əsər romandan daha çox, romantikadan ibarətdir. Əsər nə faciəvi, nə də komik janrdadır.

Kəramət özünə sadiq qalaraq yazdığı bu əsərdə roman janrının bütün tələblərindən imtina edib, öz yaradıcılıq azadlığını bu janrın çərcivələrindən çıxmaqla ifadə edib.

Kəramət sanki bu əsərində özünü dünyaya təqdim edir-gəlin tanış olaq – “Mən türkəm-mən çöləm-Kəramət Böyükçöləm”.

Uğurlar sənə, Kəramət Böyükçöl! Bundan başqa heç bir əsər yazmasan da bu əsərin səni bir yazıçı kimi ədəbiyyatımızda yaşatmağı bacaracaq, necə ki, fiziki cografiya minillərdi çölü öz sinəsində yaşadır.

# 2734 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #