Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
13 iyun 2021
# 11:01

Əksər insanlar Xalq artisti Ramiz Əzizbəylini rejissor, aktyor kimi tanıyır. Ancaq qeyd etməliyik ki, o, kino yaradıcılığı ilə yanaşı ədəbiyyatla da məşğul olub. AYB-nin üzvü olan Ramiz Əzizbəylinin "Cızma-qaralar" adlı kitabı nəşr edilib. Kitabda müəllifə məxsus şeirlər, deyimlər, hekayələr yer alıb.

Kulis.az bir neçə gün əvvəl dünyasını dəyişən mərhum sənətkarın seçmə şeirlərini təqdim edir.

And içmişəm

“Utananın oğlu olmaz!” –
Məsəl düşdü yadıma.
Uzun illər tanış-biliş
Utancaqdır – desələr də adıma,
And içmişəm...
Nə utanmaq?!..
Çevirəcəm valın arxa üzünü.
Bacardıqca gizlədəcəm
Sözün əslin, düzünü,
Dilimin əzbəri olacaq yalan.
Hər yerdə bir fitnə,
Hər yerdə böhtan...
Bunu ona qızışdırıb
Çəkiləcəm kənara,
İşləri bərkə düşsə –
Mən hara, onlar hara?
Nədən olmuş bilmirəm
Onların bu savaşı,
Ayıb olsun, bu nədir
Döyür yoldaş-yoldaşı?
Sevinəcəm içimdə
Onların bu halına.
Sonra özüm düşməməkçün
İşin qalmaqalına,
Satacam hər ikisini
Bir keçi qiymətinə...
Satacam həqiqəti
Yalana, bir qəpiyə.
Hırıldayıb, rəqs edəcəm
Ortada, bir çəpiyə...
Öpəcəm əllərindən
Boyalı xanımların,
Rənginiz elə bil ki,
İlk bahardır - deyəcəm,
Nə bilim daha nələr,
Daha nələr edəcəm.
Əl çalacam hər yetənə,
Xarüqələr edəcəm...
Utanmaqdan keçib daha,
Alçalacam hər yetənə,
İşim düzəlsin – deyənə...
Elə bu an “dayan” – dedi,
Dondu əlimdə qələm –
Hanı səndə bu sifətlər
Sayırsan yerbəyerdən?
Bu dediyin, bu yazdığın
Qanında yox, qanında.
Bacarmazsam, bu bir yana,
Düşünmürsən bəs nədən,
Hesabatın nə olacaq
Vicdanının yanında?!...

Dünya axirətin əkin yeridi

Məhəmməd peyğəmbər (s.ə.v.v.)

Başladım serimi “Bismillah” ilə,
“Dünya axirətin əkin yeridi...”
Bir günüm keçməsin fəryad, ah ilə,
Bitəcək bu “zülmət” xoş “sabah” ilə-
“Dünya axirətin əkin yeridi”.

Şükürlə bağlandı ağzımın dadı,
Bu dünya malında gözüm qalmadı.
Şeytan ürəyimə yol salammadı,
“Bismillah”önündə yandı, əridi –
“Dünya axirətin əkin yeridi”.

Əməl bazarını dolaşan zaman
Çalışıb yaxşını seçdim yamandan.
Nəfsini boğmağı bacaran insan
Səbrinə sığındı, dözdü, kiridi –
“Dünya axirətin əkin yeridi”.

Adəm oğulların nə günə saldı?
Tanrım hər birinin canını aldı.
Şeytanın seçdiyi daş altda qaldı,
Allahın sevdiyi “qalxdı-yeridi”-
“Dünya axirətin əkin yeridi”.

Tanrım Öz odunda qovuracaqdır,
İşığı gözləri ovuracaqdır,
Axirət suyunda suvaracaqdır!
“Nuhun gəmisinə” qalxan diridi –
“Dünya axirətin əkin yeridi”.

Saleh əməllərin çatsın savaba,
Xeyir – duaların yetsin cavaba.
Bəsirət gözünlə bax bu “Kitaba” –
Quran təkamülün baş təlimidi –
“Dünya axirətin əkin yeridi”.
“Dünya axirətin əkin yeridi”.

Tövbə elə

Bu dünyada biz də vardıq,
Adam kimi adamlardıq.
Şeytanları yamanlardıq,
İştah apardı bizləri.

Bu nə zaman, nə macaldı?
Bu da bir sayaq əcəldi,
Nəfsimiz bizə güc gəldi,
Tamah apardı bizləri.
Daş üstünə daş qoymadıq,
Vətən üçün baş qoymadıq,
Nə dost, nə yoldaş qoymadıq,
Rifah apardı bizləri.
Torpaqları cəngə verdik,
Ağ günləri rəngə verdik,
Allah Kərimdi, söylədik,
Pənah apardı bizləri.

Halal qismət ola-ola,
Haram yığdıq sağa-sola.
Düşəmmədik doğru yola,
Günah apardı bizləri.

Fani ömür getdi yelə,
Gecə ikən tövbə elə!
Kərim Allah bəlkə elə
Sabah apardı bizləri…

Lalələr

İlıq nəfəsiylə yaz səhərinin
Təbiət qoynuna gəldi lalələr.
Beş-on gün döşündən təmiz süd əmib,
Ana qucağında güldü lalələr.

Ağaclar sevindi, kollar sevindi,
Yamaclar sevindi, yollar sevindi,
Dərməyə uzanan qollar sevindi,
Özünü bəxtəvər bildi lalələr.
Yol boyu yolçunu yolda yubatdı,
Rəngini üzlərə, gözlərə qatdı.
Qaba adamların ayağı altda
Əzildi lalələr, soldu lalələr.

Söndü, sevincinin işığı söndü,
Bu da bir qanundu, ilahi yöndü...
Torpaqdan yarandı, torpağa döndü,
Gül ömrün yaşadı, öldü lalələr.

Bu bahar çəməndə çiçək bitmədi,
Kəpənək uçmadı, bülbül ötmədi,
Qızlar qız qarıdı, gəlin getmədi.
Bir Allah bilir ki, noldu “Lalə”lər.

"N" xanıma

Daha görüşməmiz çətin olacaq,
Daha gül üzünü görməyəcəyəm.
Hər gecə xəyalən əzizlədiyim
İpək tellərini hörməyəcəyəm.

Daha Ərzuruma gələn halım yox,
Daha dağ havası udmayacağam.
Daha bir bəhanə arayıb heç vaxt,
Zərif əllərindən tutmayacağam.

Daha mən çatdıra bilməyəcəyəm
Sənə -“Sarı gəlin” arzularımı.
Sən də razılaş bu yoxluğum ilə,
Yaşat xəyalında şarkılarımı.

Qonşuda bir gözəl vardı...

Qonşuda bir gözəl vardı;
adını bilmədiyim,
Qonşuda bir gözəl vardı;
bir yol dindirmədiyim.

Qonşuda bir gözəl vardı;
ilk baharla əkiz idi,

Qonşuda bir gözəl vardı;
günəşdən də təmiz idi.
Qonşuluqda bir gözəl var
bir həzinlik səsində,
Qonşuluqda bir gözəl var
gül ətri nəfəsində.
Qonşuluqda bir gözəl var
namuslu, ismətlidir.
Qonşuluqda bir gözəl var,
görən kimin qismətidir?
Qonşuda bir gözəl vardı;
sözü şirin-məzəli,
Qonşuda bir gözəl vardı;
gözəllərin gözəli.
Qonşuda bir gözəl vardı;
dediyim-danışdığım,
Qonşuda bir gözəl vardı;
küsdüyüm, barışdığım.
Qonşuluqda bir gözəl var
canımdan da əzizdir,

Qonşuluqda bir gözəl var;
ilk eşqimlə əkizdir,
Qonşuluqda bir gözəl var;
sevindiyim, güldüyüm,
Qonşuluqda bir gözəl var;
qapısına gəldiyim…

Qonşuda bir gözəl vardı…
onu bu Oğlan apardı…

***

Uçdu ruh, qalmadı can canda o canan gedəli.
Canı canan gör apardı necə pünhan, gedəli.

Düzü-dünyaya dəyən xoş halım təlx oldu,
Etdi canan, necə gör, halı pərişan gedəli.

Tutuldu tuti dilim, endi gözüm nuru heçə,
Verdi “uf” söyləmədən qətlimə fərman, gedəli.

Eşqə sərgəştə edib, çöllərə saldı məni o,
Yəni Məcnun elədi, isminə qurban, gedəli.

Sözündə zərrə qədər yoxmuş həqiqət, Ramiz,
Yar səni vəcdə salıb, etdi qəzəlxan, gedəli.

# 2547 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #