Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...

Kamal Abdullaya hücum edən herostratlar - Niyazi Mehdi yazır...
20 aprel 2021
# 13:30

Kulis.az filosof-yazıçı Niyazi Mehdinin ”Kamal Abdullanın yeni romanını yeni kontekstə salanda” məqaləsini təqdim edir.

Kamal Abdullanın bu romanı haqqında Aqşin Yenisey çox ağıllı və ifadəli dildə yazı verəndəən sonra onun toxunduğu olaylara və laylara təkrarçılıq olmasın deyə toxunmayıb rakursu dəyişmək istəyirəm

Derridanın çox deyilməkdən çeynənmiş saqqıza çevrilmiş sözü var, bütün nəsnələr və ya hər şey tekstdir. Ona görə də… - indi bunu mən əlavə edirəm, - ən axmaq görünən deyimi də ağıllı kontekstə (tekstlər çevrəsinə) salsan, dəhşətli mənalar «sayrışar». Quranda adi bir ayə var, «ol deyəndə olur» (kun-fə-kun). O, Yohanın İncilində Loqos adlandırılan İisus Xristosun kimliyi və necəliyi ilə səs-səsə verir.

Ortaçağ kəlamçıları həmin ayəni Platon idealizminin kontekstinə salandan sonra müsəlmanlara o deyim «ideyanın mahiyyət oluban nəsnələrdən qabaq durması» kimi formulə edilən fəlsəfi idealizmini açılmışdı. Yəni müsəlmanlara Allahın bu sözünü, sadəcə, yaxşı deyilmiş sözdən Platona açılmış paradiqma kimi göstərmişdi. Bu isə Quranın Allah kəlamı olması haqqında müsəlman sxolastlarında daha bir arqumenti yaranmışdı (Məhəmməd peyğəmbər Platonu bilməzdi ki, Qurana salsın, bu üzdən Qutsal kitabın müəllifi peyğəmbər yox, Allahdır).

20-ci yüziləcən min cür fəlsəfi idealizmə ayaq vermiş bu paradiqm, yəni mahiyyətin olumdan, ideyanın nəsnədən qabaq gəlməsi Sartra tərs ideya vermişdi: mahiyyət (essens) olumdan (ekzistansdan) qabaq yox, sonra gəlir, yəni insanın xasiyyəti davranışından qabaq gəlmir, insan hər dəfə nəyi və necə etməyi seçəndə öz xasiyyətini, portretini yapmış olur.

Tövrat və bütünlükdə Tanax (Əhdi-ətiq) normal rəvayətsayağı söyləmələr, narrativlər idi. Onların cümlələri Talmudçuların, sonrasa Kabbalaçıların qurduğu yozumçı kontekstdən sonra dahi ilahi mənalar sayrışmasını vermişdi. Bizim «Kitabi-Dədə Qorqud»dakı sözlər üzrə etimoloji araşdırmalar Dastanın zəngin semantik döyüntülərinə öz payını vermişdi. Ancaq kulturoloji-fəlsəfi planda bu məsələ ilə bağlı Kamal Abdullanın xidməti misilsizdir, yəni misli, qədəri, örnəyi yoxdur. Dediyimi anlatmaq üçün post-modernist fəlsəfənin, post-strukturalizmin yaxşı terminləri, aracları var, ancaq qorxuram onları səsləndirsəm, belə görünsün ki, terminlərin ovsunu ilə Kamal Abdullanı açmaqda zəifliyimi ört-basdır edirəm.

news-inner

«Kitabi-Dədə Qorqud»dan XX yüzildə yox, Ortaçağdan başlayaraq Kamal Abdulla kimi yozum yapanlar olsaydı, inandırım sizi, indi o bizim mədəniyyətdə bütün sorulara ağıllı cavablar verən qutsal Kitab kimi olardı – Əski Çinin «İ-sin»i, - Dəyişgilər Kitabı kimi.

Yaxşı yadıma düşdü, Avesta Bibliya, Quran, İ-sin kimi kontekstdən kontekstə köç etmədiyi üçün anlam sayrışmasında görünmür.

Nəsrəddin Tusinin parlaq bir deyimi var, maddi dəyərlər işləndikcə azalır, mənəvi dəyərlər işləndikcə artır (çox qəribədir ki, bu deyim Xristian dünyasında da olub, kimin kimdən götürdüyünüsə Allah bilir). Kamal Abdullanın axırıncı romanı ondan qabaqkı xeyli əsərləri kimi «Kitabi-Dədə Qorqud»u türlü yozumlayıcı kontekstlərə proyeksiya edərək onu azalan yox, artıran Dəyərə çevirir.

O, bu romanında da Dədə Qorqud mətni üzərində talmudçuluq edir, teksti əl-kimya reaksiyalarına uğradır. Örnəyin «Kitabi-Dədə Qorqud»a çox əcayib görünən suallar verib əcaib də cavablar alır (Dastanda qısqanclıq olubmu, olmayıbsa, sevgi ola bilərmi?).

Kamal ötən il bu tip suallara Füzulini tutaraq əcaib, yəni, adamı duyğulandırb təəccübləndirən cavablar almışdı. Yazıqlar olsun ki, bizdə hələ də Herostratın yolu ilə gedib səs salmaq istəyən adamlar var. Herostratın tarixə düşməyə nə xidmət, nə istedad baxımından şansı yox idi. Ancaq düşməyi çox istəyirdi. Bu üzdən ağlı ona çatmışdı ki, Artemida tapınağını yandırıb adını tarixə salsın. Düzdür, amacına çatmışdı. Ancaq tarixə nə böyük qəhrəman, nə böyük filosof kimi düşmüşdü. O, axmaq, gicbəsər, ucuz yolla tanınmaq istəyənlərin ümumi simvoluna çevrilmişdi.

Con Lennonu öldürmüş Mark Çəpmənə Herostrat deyilməsi ona heç bir ucalıq yox, ancaq söyüş gətirib. İndi bizim herostratlar da Kamal Abdullaya Artemida məbədi kimi baxıb onu yandırmaqla ad çıxarmaq istəyirlər. Unudurlar ki, Herostratdan sonra bu metod daha keçmir. Onlar yaradıcılıq örnəyi göstərmək istəsəydilər, nə bilərdilər ki, qız-kişi ilişgisini bədii mətndə «Kitabi-Dədə Qorqud»da notlar səsləndirən kamertona çevirmək olar?

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında qızla oğlan, qadınla kişi (Anarın Təhminəsini çıxsaq) bir-biri ilə heç vaxt ağıllı danışmırlar. Bizim ədəbiyyatda bir-birini sevən qız və oğlan 50-ci illərin Azərbaycan kinolarındakı və ya dünya opera tamaşalarındakı qadın və kişilər kimi ətli canlıdırlar. Kamal Abdulla Dədə Qorqudun əks-sədalarını romanında yaratmaqla Vaqiflə sevgilisinin «dedim-dedilərini» elə sayrışmalara salır ki, Nəsrəddin Tusinin arzuladığı mənalar bolluğu alınır.

İlk dəfə Yuri Lotmanda «mənalar sayrışması» dedisinə rast gəlmişdim. Sonra Kamaldan bildim ki, həmin deyim Şellinqdə də varmış. Ancaq düzü «sayrışma» deyəndə gözümün qabağına yanıb sönən ulduzlar gələndə sönməkdən yaranan qaranlıq gəlmirdi. İlk dəfə Kamal sayrışmada qaranlıq tərəfə də diqqəti yönəldib Dədə Qorqud üzərində talmudçuluq yapır və bundan yeni roman tipinin əl-kimya reaksiyaları üçün istifadə edir.

Mənim Aqşin Yeniseyə əlavəm budur.

# 3032 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #