Kağız, elektron, ya audio kitablar?

Kağız, elektron, ya audio kitablar?
24 avqust 2021
# 15:39

Kulis.az Simran Qədimin “Kitabın kitabını bağlayaqmı?” silsiləsindən III yazısını - "Kağız, elektron, ya audio kitablar?" essesini təqdim edir.

“Bircə kitabı olan adamdan qorxun”. Latın atalar sözü

Bu gün kitab oxumaq, mütaliə edib beynimizi qidalandırmaq üçün əlimizdə çox geniş imkanlar var: istər yanımızdan ayırmadığımız, demək olar, bədənimizin bir üzvünə çevrilmiş elektron ekranlar, istər gözlərimizi qımıldatmadan, sadəcə, qulaqlıqdakı səslərə qulaq verdiyimiz audio vasitələr, istərsə də ənənəvi, klassik, dördkünc formalı kağız kitablar...

Bir çox hallarda, əsasən də, məlumatsızlığa görə, böyük həvəslə, maraqla kitab oxumaq istəyən insanlar nəyi, necə, hansı üsulla oxuyacaqlarına qərar verə bilmirlər. Oxu vasitələrindən – kağız, elektron və audio kitablardan, onların üstünlükləri və çatışmazlıqlarından xəbərdar olsaq, bəlkə də, daha aktiv, dinamik, məhsuldar bir oxucuya çevrilərik.

Vərəqpərəstlər və texnologiyasevərlərin bu məsələdə hisslərini kənara qoyub açıq fikirli olmalarına, tərəfkeşlikdən uzaq, obyektiv yanaşma irəli sürmələrinə ehtiyac var. Bütün mübahisələrdə olduğu kimi, burada da ancaq arqumentlərə, tutarlı əsaslara söykənməli, yalnız tərəzinin hansı gözünün ağır gəldiyinə diqqət yetirəndən sonra müəyyən bir rəyə gəlməliyik. Onsuz da, istənilən halda, seçim etmək hər kəsin öz ixtiyarındadır. Ona görə də kağız, elektron və audio kitablardan hansına üstünlük verəcəyimizi müəyyənləşdirməzdən öncə hər birini ayrı-ayrılıqda araşdırmaqda fayda var.

Kağız kitablar

Ənənəvi kitabları üstün tutanlar bir sıra şərtləri əsas gətirirlər: kitabla fiziki təmas, kağızın qoxusu, vərəqlərin çevrilməsi, xışıltısı, oxuduqca kitabın sona yaxınlaşmasını əlimizin arasında hiss etmək, sətirlərin altından xətt çəkib qeydlər aparmaq, səhifə kənarlarını qatlamaq, ümumiyyətlə, kitabla qurulan psixoloji-mənəvi, emosional əlaqə, xüsusi atmosfer, estetik zövq...

Hətta yaponlar uşaqlara lap körpəlikdən kitab qoxladırlar ki, gələcəkdə qoxu yaddaşının təsiriylə mütaliəyə meyillənsinlər. Minillik tarixə, müqəddəsləşdirilmiş, kultlaşdırılmış dərin köklərə malik kağız kitablar texnologiyalardan, müasirliyin sintetikliyindən aralanıb daxili dinclik tapmağımıza kömək edə bilər. Kağız kitabları kiməsə oxumağa vermək də olar, hədiyyə etmək də, rəflərə düzüb evimizin ən dəyərli guşəsini yaratmaq da.

Neyrobioloqlar bildirirlər ki, yaddaşımız assosiativ olduğuna, yəni beyinə ötürülən məlumatları başqa şeylərlə əlaqələndirməyi sevdiyinə görə, ənənəvi kitabların fiziki xüsusiyyətləri – üz qabığı, vərəqlərin saralıb-saralmaması, müxtəlif şriftlər oxuduqlarımızın hafizədə saxlanmasında önəmli rol oynayır, əsər yaddaşa hopub xatirədə çox güclü, qalıcı izlər buraxır. Necə deyərlər, kitab oxumaq ön qabıqla arxa qabıq arasında çıxılan səyahətdir.

Elektron kitablar

Elektron kitab deyəndə kompüter, planşet və ya smartfonlardan oxunan “pdf”, “doc”, “docx”, “txt”, “epub”, “fb2” və digər formatlardakı kitablarla onları oxumaq üçün nəzərdə tutulan xüsusi elektron kitab oxuma qurğularını – riderləri bir-birindən ayırmaq lazımdır. Kompüter, planşet və ya smartfonlardan oxunan kitabların gözə vurduğu zərər hər kəsə məlumdur, bu cihazlardakı ənənəvi ekran işıqlandırmaları daimi, uzunmüddətli mütaliə üçün yararlı deyil.

Amma söhbət sırf rəqəmsal kitabları oxumaqdan ötrü hazırlanan “E-İnk”, yəni elektron mürəkkəb texnologiyalı cihazlardan gedirsə, məsələnin rəngi dəyişir. Riderlər gündüz vaxtı daxili işıqlandırma tələb etmədiyindən, sözün həqiqi mənasında, ekran adicə kağızı xatırladır, oxuyanda gözlərə zərər verilmir.

Qoxusu, minillik tarixi, ad-sanı olmasa da, bu cihazların bir çox üstünlükləri var: ekoloji baxımdan - kağızdan asılılığın aradan qalxması, kiçik bir qurğuya minlərlə, on minlərlə kitabın yerləşməsi, asanlıqla daşınıb, hər an istədiyin əsəri oxumaq imkanı, şrift ölçüsünü dəyişmək, marker, ya karandaş olmadan qeydlər aparmaq, mətndə axtarış etmək; Wi-Fi, brauzer, gecə oxusu üçün tam təbii daxili işıqlandırma, sudan qorunma, lüğət, kalkulyator...

Riderlərin mənfi cəhəti kimi, hər kitabın, əsasən də, dilimizdəki bir çox əsərlərin elektron variantda olmamasını, əldən salınacağı halda, qurğunun sına bilməsini göstərmək olar.

Audiokitablar

Bəşəriyyətin, sadəcə, 5000 illik yazılı tarixini nəzərə alanda, sözsüz ki, şifahi nitqi qavramaq, dinləmək bacarığı oxumaqdan qat-qat dərin köklərə dayanır. Dünyaya gəldiyimiz ilk gündən ana dilimizi dinləyərək öyrənir, nənə-babalarımızdan, ata-anamızdan nağıllar, hekayələr, əhvalatlar eşidirik. Bu baxımdan audiokitablar uşaqlığımızı yada sala, sanki kimsə yanımızda əhvalat danışırmış kimi nostalji hissləri yarada bilər.

1930-cu illərdə ortaya çıxan səsli kitab konsepsiyası son 20-30 ildə sürət götürən texnoloji dəyişikliklərin təsiriylə daha da genişləndi. Audiokitabları, adətən, peşəkar qiraətçilər, tanınmış artistlər səsləndirir, personajlara, süjet xəttinə uyğun bir tərz seçilib kitabsevərlərdə əlavə maraq oyadılır.

Hətta bəzi tədqiqatçılar bu təcrübəni musiqi dinləməklə eyniləşdirirlər. Sən demə, beyin qulaq asarkən eşitdiklərini xəyalda daha rahat canlandıra, səhnələri göz önünə daha dəqiq gətirib, əsərlə emosional-psixoloji bağ qura bilirmiş. Bundan əlavə, dinləmə zamanı sözlərin düzgün tələffüzünü öyrənmək, nitq qabiliyyətini təkmilləşdirmək də olar.

Dinləmə və oxuma proseslərində beynin fərqli hissələri aktivləşsə də, təhkiyəni qavrama baxımından - anlaşılması qəliz mətnlər istisna olmaqla - arada ciddi fərq yoxdur. Qulaq asmaqla da məzmun rahatca qavranılır. Bəzənsə beynimiz qiraətçinin oxuma tempiylə ayaqlaşmaqdan ötrü altdan-altdan daha aktiv rejimə keçir, bu da konsentrasiya – diqqət cəmləmə qabiliyyətimizin avtomatik inkişafına təkan verir.

Audiokitabların əsas üstünlüyü odur ki, əllər boş qalır, fiziki işlə məşğul olanda – bayırda gəzəndə, idman edəndə də asanlıqla kitab dinləyə bilir, daha məhsuldar, dinamik oxuma şansı qazanırıq. Ətrafdakı səslərdən uzaq, qulaqlıq taxıb “Storytel”, “Audible”, “Audioteka”. “Audiokitab”, hətta ”iTunes”, ”Spotify”, “YouTube” kimi platformalardan kitab dinləmək!..

Çatışmazlıqları arasından kitabdan birbaşa qeydlər edilə bilinməməsini, mətndə istədiyimiz yeri tapmağın narahatlığını vurğulamaq olar. Bundan başqa, qiraətçinin səsi zövqümüzə oxşamadığı halda, tez-tez diqqətimiz yayınar, səhvən əsərin yaxşı olmadığı qənaətinə gələrik. Səsli kitablar mütaliə boyunca daim dayanıb düşünməyi, asta-asta, həzm edə-edə oxumağı sevənlər üçün o qədər də uyğun deyil.

***

Gil lövhələrə, daş kitabələrə cızılan mixi yazılardan papirus, perqament üzərindəki əlyazmalara, bu əlyazmalardan kağız kitablara, kağız kitablardan da elektron, ya audiokitablara uzanan yol onsuz da bitməyəcək, haradasa, hansısa bir formada yenə istiqamətini dəyişib şaxələnəcək.

Məsələn, gələcəkdə kitablar multimedia xüsusiyyətləri qazana bilər: içində qrafik təsvirlər, səslər, animasiyalar, videolar olan, bəlkə də, kompüter oyunlarına, filmlərə bənzər tamam fərqli bir kitab!.. Növbəti yeniliyin konkret nə zaman, necə reallaşacağını təsəvvür etmək çətin olsa da, dəyişməyən yeganə şey dəyişikliyin özüdür.

2007-ci ildə “Amazon” şirkəti “Kindle” riderlərini kütləvi istehsala buraxanda bu cihazların çox qısa vaxtda - bəlkə, 10, bəlkə də, 20 ilə kağız kitabları sıradan çıxaracağı deyilirdi. Amma çap dəzgahlarının at arabalarının taleyini yaşayacağını iddia etmək üçün hələ tezdir. Çox güman ki, vaxtaşırı səs-küy qoparıb insanları heyrətləndirən, təlatüm yaradan texnoloji icadlarla yanaşı, gələcəkdə çap dəzgahları da öz mövcudluğunu qoruyub saxlayacaq.

Bu gün internetin, virtual, rəqəmsal reallıqların coğrafiyası o qədər genişlənib, iqtidarı o qədər artıb ki, bunu görməzlikdən gəlmək mümkün deyil. Texnoloji ekosistemi həyatın, təbiətin bir parçasıymış kimi qavrayan texno-nəsli çərçivəyə salmaq, bəlkə də, gələcəyin kitabsevərinə çevriləcək bir şəxsin qarşısına sədd çəkmək deməkdir.

Axı məqsəd oxumaq deyilmi?

Əsas olan, gözəl-gözəl əsərləri, dahi yazıçıların, filosofların, alimlərin fikirlərini mənimsəməkdirsə, bunu hansı üsulla, necə etməyin nə fərqi var?

İndi hər kəs qulağında qulaqlıq, dizində notbuk, əlində planşet, smartfonla gəzir. Kimisi bütün bu cihazlardan aralanıb ənənəvi, kağız kitablara üz tutur, kimisi də məhz bu texnologiyaların içində ola-ola, texnologiyaların vasitəsilə kitabların heyrətamiz, cazibəli-sehrli dünyasına keçid edir.

Kitabı hansı üsulla mütaliə etmək, həm də, alışqanlıq, vərdiş məsələsidir. Kağızdan oxumağa hər kəs öyrəşsə də, elektron, ya audio kitab oxuma mədəniyyəti hələ tam formalaşmayıb.

Həyatın get-gedə sürətləndiyi kosmos əsrində, daim informasiya bombardmanlarıyla çaşdırıldığımız data – məlumat erasında inzivaya çəkilib hər şeydən təcrid olunmaq, ya zaman maşınına minib keçmişə dönmək mümkün deyil. Zəmanənin diktə etdiyi məcburiyyətlər həmin o kosmik sürətlə ayaqlaşmağı, özümüzü informasiya bombardmanlarından qorumağı, əgər bacarsaq, onları istədiyimiz səmtlərə yönəltməyi tələb edir.

Gözlərlə, ya qulaqlarla, elektron cihazlardan, ya ənənəvi kitablardan, fərq etməz, əsas odur, zehnimizə lazımi siqnalları ötürüb beynimizi cilalayaq.

# 3319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #