İsadan əvvəl yaşayan və çarmıxa çəkilən Məsih

İsadan əvvəl yaşayan və çarmıxa çəkilən Məsih
12 fevral 2020
# 12:10

Kulis.az Dalğa Xatınoğlunun “Götenin yumoristik oğlu Bulqakov” essesini təqdim edir.

Özünü əsl yunan hesab edən alman filosofu Fridrix Nitsşe haqlı olaraq “atası” Heraklit kimi düşünürdü ki, fəlsəfə ağılın deyil, vəcdin məhsuludur. Onu qələmlə deyil, çəkiclə yazmaq lazım, bütləri sındıra-sındıra...

Buna görə də Nitsşe, əslində Homer, Aristofan, Heraklitlə yanaşı, barmaq sayı sevdiyi başqa düşüncə adamlarının içində Götenin də adını çəkir, hansı ki, bunlar azad düşüncə, eləcə də daxili gücə yönəlik iradənin örnəyi və köləlik əxlaqından uzaq duraraq, həyata “hə” deməyi bacarandırlar.

Adətən, Sokratdan öncəki əski yunana valeh Nitsşe ölkəsinin sənət və fəlsəfəsini qınayaraq deyirdi ki, bunların hamısı “alman pivəsinin təsirindəndir”, ancaq Göteni dönə-dönə öyüb. Nitsşenin üstinsanı elə Göte tipindədir: Dionisin ruhunu daşıyan, həyata "hə" deməyi bacaran, ağlına özü hökm edən, vəcdə gəlmiş “güclü” yaradıcı.

Nitsşenin işlətdiyi “güc” sözü nazismin təbliğatı nəticəsində illərlə səhv tərcümə olundu. Heraklitin yumoristik oğlu Nitsçe, sərvət və siyasi gücdən (power) deyil, daxili gücdən (strength) danışır. Nitsşenin gözündə Bismark da kölədir və köləlik əxlaqı ilə yaşayır. Nə isə…

Alman şairi Yohann Volfqanq Göte daha çox "Faust" əsəri ilə tanınır. Alim Faust, müxtəlif elmlərin yetərsizliyi, limitlərindən bezib, xoşbəxtliyi və bütöv elmi dadmaq üçün ruhunu şeytanın qulluqçusu Mefistofelə satır. Mefistofel yunan dilində “işıqdan qaçan” deməkdir.

Mixail Bulqakovun "Master və Marqarita" əsəri, nəinki Götenin "Faust"undan yeni oxunuşdur, hətta "Faust" əsərində olan bu misralarla başlayır:

Ey qulluğuna durduğum güc,
Sonunda kim olduğunu söylə,
Ey həmişə şərə yönəlik,
Ancaq xeyir işlər görən güc.

Hər iki əsərdəki hadisələr aldanış, yaltaqlıq, kirli ideologiya bataqlığında olan toplumda cərəyan edir. Ancaq fəlsəfəyə, ilkin xristianlıq və ondan öncəki Yunan və Roma miflərinə də bolluca eyhamlar var.

Hər iki əsər estetik elementlərlə doludur. Nitsşe Heraklitin yumoristik oğlu olduğu qədər, Bulqakov da Götenin törəməsidir.

Faust ilə bağlı XV əsrdən bəri, çeşidli əsərlər yazılıb, ancaq Göte bu əsəri Kristofer Marlo kimi sənətkarlardan fərqli olaraq sırf əxlaqi konseptdə deyil, Nitsşe demişkən, pis-yaxşının ötəsində təqdim etməyi bacarıb. Mefistofelə insanın düşməni kimi, dini şeytan donu geyindirməyib. Dəqiq əski yunanda olduğu kimi, Mefistofel yalnız qarğış edilmiş insanın qulluğundadır, yəni dində təqdim olunmuş şeytan deyil, hətta insana simpatiyası var. Qısası, Mefistofel insanı Tanrının qarğışı və əzabına sürükləmir, sadəcə öncədən qarğanmış insanın qulluğunda durur. Bu məfhum Bulqakovda daha dərin və maraqlıdır. Bu düşüncə isə yeni deyil, kökü xristian dinin yaranmasından öncələrə gedir.

Bulqakov, Mefistofel vasitəsilə iki aşiqi xoşbəxt edir, yerinə başqa xain, yaltaq və alçaq insanları məhv edir. Şeytana güclü, müsbət rol vermək, əski yunandan tutmuş, bəzi ilkin xristianlıq təriqətləri, izədilər, İranda manixeizm, sonra sufilik təriqətlərində xeyli nümunələri var və hamısında qnosizm qabarıqdır.

Yeri gəlmişkən, İsanın doğum günü İranın Mitrası ilə eynidir, bütün dini ayinlərin vaxtı, mitraizmin ayinləri ilə eyni zamandadır və nəhayət, Cənnət-Cəhənnəm anlayışı İsadan bir əsr sonra Zərdüşt dinindən Xristianlığa keçib. Yəhudi dinində Ədən bağından danışılır, ancaq cənnət-cəhənnəmdən söhbət getmir.

Ümumiyyətlə, şərin nə olduğu həmişə fəlsəfə, ədəbiyyat ilə dini təriqətlərin əsas mövzularından olub. Elə buna görə, sufilikdə bəzən şeytanı “Müvəhhidlər seyyidi”, yəni Tanrının birliyinə inananların böyüyü adlandırıblar. O, Tanrı əmr etsə belə insana səcdə etməyib. Səbəbi budur ki, Tanrıdan başqa heç kimə səcdə etmək olmaz. Hər halda Xristian qnostiklər Miladdan sonra üçüncü yüzillikdə tamamilə kilsə vasitəsilə darmadağın olunaraq, məhv edildilər, amma lənət olunmuş şeytana insanın düşməni kimi baxmaq düşüncəsi sonralar yenidən baş qaldırdı.

Dostoyevskinin “Karamazov qardaşları” romanı başdan-ayağa şərin mahiyyəti ilə bağlıdır. Şər, ümumiyyətlə nədir? Qnosizm başqa yazarlarda da aydın görünür: Con Milton, Göte, Herman Hesse və b.

Bulqakovun Mefistofeli insanda tamamilə simpatiya hissləri yaradır. "Master və Marqarita" romanında İsanın necə xaça çəkilməsi, çevrəsindəki insanlar və edamında Roma hökumətinin rolu tamamilə fərqlidir. Ancaq Bulqakovun dedikləri fantastik, uydurma bir hekayə deyil.

Romanda deyilir ki, oğru (vergi məmuru) kimi tanınan Mətta həmişə İsanın ardınca düşür və onun sözlərini keçi dərisi üstünə yazır. Bir dəfə İsanın gözü təsadüfən Məttanın əlindəki dəriyə sataşır və dəhşətə gəlir ki, bu təhrif olunmuş yazılar nədir? Xüsusilə, 18-ci əsrdən sonra bir çox araşdırmaçılar Məttanın yazdığı İncilə şübhə ilə yanaşıblar. Bu İncil İsanın doğumu haqda daha geniş yazıb, hansı ki, tarixdə, bu haqda heç bir sənəd yoxdur. O zaman Roma və yəhudi tarixçiləri ən adi hadisələr, hətta küçə savaşları haqda yazıblar, amma İsa adlı şəxs haqda heç nə yazmayıblar. Hər halda Məsih anlayışı İsadan öncə də var imiş və bir çox Məsih titulu daşıyan insanlar İsadan öncə çarmıxa çəkilmişdilər. Hər halda Nazaretli İsa haqda tarixdə təxminən heç nə yoxdur.

Romanın başlanğıcında bir jurnalın baş redaktoru ilə gənc yazar küçədə oturub, İsa haqda danışırlar və söhbət bundan gedir ki, o, heç zaman olmayıb. Sonra xaricilərə bənzəyən, ancaq rus dilində yerlilər kimi danışan kişi (şeytan) onların yanında oturub, deyir ki, İsa doğrudan da olub və onun çarmıxa çəkildiyini gözü ilə görüb. Artıq bu hissədə romanın mistik qat daşıdığı sezilir. Maraqlısı budur ki, şeytan nəinki İsanın varlığını təsdiq edir, hətta bir hadisə törədib, İsanı danan baş redaktorun başını bədənindən ayırır. Belə yanaşma ironik görünsə də, romanın sonuna qədər davam edən hadisələr göstərir ki, şeytanın ziyanı ancaq pis adamlara dəyir.

Roman üç hissədən ibarətdir. Birincisi, Moskovanın ümumi atmosferini və əhalinin bütün pisliklərini təsvir edir. İkincisi, İsanın çarmıxa çəkilməsidir. Üçüncüsü, adsız bir yazıçının (Master, yaxud Usta titulu ilə tanınan gənc) və onun ərdə olan sevgilisi Marqaritanın hekayəsidir. Bu, üç hekayə bir-birinin içində gəlir - bir az ondan, bir az bundan... Sonda Moskovanı qasırğa bürüyür, necə ki, İsa çarmıxa çəkiləndən sonra Yerusəlimi bürümüşdü...

Beləliklə, roman ictimai tənqid ilə yanaşı, həm də fəlsəfi, tarixi yük daşıyır. Fəlsəfi qatı, əslində, Götenin "Faust"u kimi əski yunan miflərindəki şəxsiyyətlərlə doludur. Xüsusilə, şeytanın ayinə bənzəyən qonaqlıq məclisində cərəyan edən hadisələr... Dini baxımdan, İsa və şeytanla bağlı rəsmi kilsənin təqdim etdiyi rəvayəti dağıtmağa çalışır və hekayədə açıq görünür ki, İsa nə latın, nə də yunan dilini bilirmiş. Yəni İncilin yazıldığı dili bilmirmiş. Belə yanaşmanı daha çox Nikos Kazancakisin romanlarında görürük.

Romanın bir hissəsində şeytan xalqa teatr zalında tamaşa qurur. Orda açıq görünür ki, insanlar kapitalizmin simvolu olan modaya nə qədər can atırlar. Əslində, bu, fəlsəfi yanaşmadır. Çünki marksistlər düşünürlər ki, hakimiyyət növü dəyişsə, xalqın zövqü, istəyi və təbiəti də dəyişər. Ancaq görünür, kommunizmin ən güclü çağında əhali dollar, moda və kapitalizmin dəbdə olan simvolları üçün əldən-ayaqdan gedir. Tamaşada qadınlar Qərb markalı paltarları alıb, acgözlüklə geyinirlər. Tamaşadan sonra qadınlar çölə çıxır və birdən əyinlərdəki paltarlar yox olur, hamısı çılpaq şəkildə təşvişə düşüb xiyabanda qaçırlar.

Görürük ki, şeytan Moskvada pislik yaratmaq yerinə, sadəcə mövcud pislikləri ifşa edir. Ordakı İsa da rəsmi rəvayətlərdən fərqli olaraq tərəddüdlü, yalvarışlı, yazıq adamdır. Yəni təntənəli, möhtəşəm insan deyil. İsa onun ən yaxın həvarisi kimi tanınan Mətta haqda Yəhudi torpaqlarına nəzarət edən Roma sərkərdəsi Ponti Pilata gileylənir: “Bu kişi keçi dərisi əlində, haraya gedirdim, ardımca düşüb, sözlərimi qeyd edirdi. Bir dəfə əlindəki dəriyə baxıb, dəhşətə gəldim. O yazının bir sözü belə, mənim deyildi”. Romanda İsanın mühakiməsi və çarmıxa çəkilməsi ilə bağlı rəvayət də tamamilə fərqlidir.

"Master və Marqarita" əsərini oxumaq üçün Stalin zamanındakı qorxunc sistem, yaltaq və alçaq yazarlar, müstəbid hökumətlə yanaşı, mütləq İncil və "Faust"la tanış olmaq lazımdır. Yerli-yerində bu iki kitaba eyhamlar var. Məsələn, Götenin əsərində Faust şeytanla danışığa gedir ki, Marqaritanı qurtarsın, Bulqakovda əksinə, Marqarita Masteri qurtarmaq üçün şeytanla danışır. Götedəki sevgi cinayət və faciə ilə bitir, Faust vicdan əzabı ilə baş-başa qalır, ancaq Bulqakovun əsərində hər iki sevgili şeytanın vasitəsilə əbədi qovuşub, xoşbəxt olurlar. Hər iki əsər mistika və cadu ilə doludur. Bilirik ki, Göte reallıq və məntiqə köklənmiş klassisizmə üsyan edən romantizmin, Bulqakov isə quru, bezdirici limitlərlə dolu toplumun, hakimiyyətin, həmçinin sosial-realist ədəbiyyatın hökm sürdüyü mühitin nümayəndəsidir. Hansı ki, bunlardan qaçmaq üçün mistik-magik atmosferə daldalanır. Şeytan polisin və təhlükəsizlik qüvvələrinin nəzarətində olan Moskvanı xaosa sürükləyir.

İşin maraqlı tərəfi budur ki, real Moskvada baş verən hadisələrin təxminən hamısı mistik, magik, qeyri-adi detallarla doludur. Lakin varlığı şübhə altında olan İsanın xaça çəkildiyi Yerusəlimdə qeyri-adi heç nə yoxdur. Sanki tarix dərsliyi oxuyursan. Tam realist üslubda yazılıb.

Əsər, həm də yumorla doludur. Yumor qorxunu üsyana çevirmək üçün ən ciddi və güclü vasitədir. Bulqakov bunun öhdəsindən çox yaxşı gələ bilib.

# 3520 dəfə oxunub

Müəllifin son yazıları

# # #