Bütün pəncərələr yumdu gözünü - Elvin Bakiroğlunun şeirləri

Bütün pəncərələr yumdu gözünü - Elvin Bakiroğlunun şeirləri
13 may 2020
# 21:00

Kulis.az tanınmış şair Elvin Bakiroğlunun seçmə şeirlərini təqdim edir.

necəsən, şair?
darıxırsanmı bütün pozalarda?
həyatın şirinliyini axtarırsanmı
damarına vurulan sistemin
içindəki qlükozalarda?

ağ xalatlıların neçəsi qəşəngdi orda?
mən birini sevmişdim - dəliydi.
düzdü qəşəng deyildi, amma çox gözəliydi...
görəsən bizim şeirlərdə sünilik çoxdu
yoxsa onların təbəssümündə?..

əvvəl uça bilirdin,
indi içə də bilmirsən,
harda gizlənəcəksən
əcəlin ov mövsümündə?
sağlıqlar səni sağlığından elədilərmi?
sənə də demişdilərmi tez böyü,
böyüyən kimi uşaqlığından elədilərmi?

orda
o dörd divarın arasında
yaxandan yapışırmı "bəlkələr", "amma"lar?
hər şey cəhənnəm
yazdığın sonuncu şeiri
göstərirmi kardioqrammalar?

yeri gəlmişkən,
soruşurlarmı rəngin niyə saraldı
o üzü qaralar?
deyirsənmi
"mən əbədiyyət üfüqündə doğan günəşəm,
günəş qürub edəndə əlbəttə rəngi saralar?

***

dünya necə yerdi ki
bir qadın körpəsini zibil yeşiyinə bağışlayıb deyir:
“necə baxırsan bax”
yaxşı ki
fikir oxuyan cihaz kəşf olunmadı
ertəsi gün sevgi ölərdi
ot da bitməz sevginin öldüyü yerdə
eyni kabusu görər -
otların yuxusuna hər gün ac quzu girər

bir də görərsən
bir aşbazın qovulma səbəbi bir milçəyin intiharıdı
bir gəncin intiharı hamının ölümüdü
çünki bir gəncin intihar məktubunda belə yazılıb:
“hamınızı öldürməyə gedirəm”

sonra bir evi sökərlər – bir küçənin dişi çəkilər
o küçədən bir qadın köçüb gedər
o qadının yolundan bir kişi çəkilər
deyərlər ki:
“ölümün ayıra bilmədiyi cütlüyü həyat ayırdı
onlar ayrılığı istəmirdilər
ayrılıq onları arzulayırdı”

dünyanın ən uzun ölçüsüdü “ehtiyacın əlləri”
və ən böyük yeridi “keçmiş sevgililər qəbristanlığı”
dünya da belə yerdi -
ölü ürəklər döyünür qəbir evlərdə
məsələn belə də olur
cavan oğlan anasını qocalar evinə qoyub tapşırır:
“yaxşı baxın, elə bilməyin yiyəsizdi.”

***

Türkiyənin bir cənub şəhərində içim Parisdi,
yoxluğun dərviş
dərviş Parisi partladır
biletsiz saatlar yaşayıram - keçməyən
keçməyən saatlarda mövsüm gecədi
gecə mövsümündə səni yaşamaq dağlarda döyüşdü
bu döyüşlərdən üzü ağ çıxmaq çətin
yenilməz batalyon olmaq olmur sənsiz
sənsiz qollarım Babək, dərim Nəsimi, ruhum Qaçaq Nəbidi
sənsiz ayrılığı bağrıma basa bilmirəm - ögey anadı
və anamız sevgiyə o olmasın bu olsun demək olmur
yalnız kişi sözü var, qadın sözü yoxdu həyatda
indi mən sözümdən dönmədiyimə utanıram
sənsə utancından yox, uzaq sahillərdə qızmar günəş altında qızarırsan
telefonçu qız da bilir əhatə dairəmdə olmadığını
o qızı tapın demək olmur telefonçu qıza

ümid şərikli çörəyimiziydi, hamısını apardın
özümü atmağım gəlir beş mərtəbəli evin altıncı mərtəbəsindən
mən bu türkün şəhərində fransız kimiyəm
dilimi anlayan, dərdimi bilən yox
yəni onu bağışlamaq olarmı deyə biləcək bir kimsəm yox
bir kimsəm də yox ölsəm bağışla deməyə
yəni başdan ayağa bir qalanın sirriyəm
yeddi oğul istərəm bu sirri tapa
səndə də çox günah görmürəm
babamın babasının babasından qalıb arxadan vurulan zərbə

biletsiz saatlar yaşayıram - keçməyən
keçməyən saatlarda mövsüm gecədi
hər gecə bir az böyüyürəm
deyirəm uşaqlığın son gecəsidi
hər səhər yenidən uşaqlaşıram bir kişini öldürüb
qətl günüdü hər səhər
süd dişinin ağrısından da betərdi bu
otel otağıdı otağım
səndən dünyanın iki saat gerisində
Türkiyənin bir cənub şəhərində içim Parisdi, yoxluğun dərviş
dərviş Parisi partladır…

***

adəm tənhalığıdı məndəki
daş atılan qurbağa gölüdü otağım
yuxusuzluq evimizin damında
cütləşən pişiklərdən keçib
qonşumuza keşik çəkən itdən yoluxub
yorğan-döşək arasında çabalayan gecə balığıyam
fikrin toruna düşmüşəm
Allaha and olsun söz tapmıram and içməyə
bayquş ömrüdü məndəki
diri gözlə gecənin uzunluğunu ölçməkdi peşəm
səhərə sağ çıxmağı öyrənmək
Allaha and olsun bu şeir də mənasızdı
çünki hiss elədiyim deyil
yaza bildiyimdi
bəxt oyunudu məndəki
edam gözləyən məhbusam
bir kibrit qutusunda qalmış sonuncu çöpəm
yandırılmaq üçün saxlanılmışam
ehtiyat üçün yox...

***

məni sənə, səni də
mənimçün cox görənlər.
aramıza girənlər -
ayrılıq massonları...

günü-gündən azalır
çöldə ayaqqabılar.
pəncərələr, qapılar -
gözləmə salonları...

uşaqların yeməyi,
üst-başı, əyinləri.
anamın çiyinləri -
ağır yük vaqonları...

torpağın üzərində
Süleymandan iz qalar.
zəhmətkeş qarışqalar -
yeraltı qarsonları...

yad bir ölkə, yad şəhər,
adamlı boş küçələr.
eyni fərqli gecələr -
hüznün qara tonları...

şairlər bu kədəri
milyon ildi əritmir.
niyə işıqlı bitmir
şeirlərin sonları...

***

küçəsinə kim su səpər
küçəni süpürən qızın?
üzündən toz-torpaq öpər
bəxtinə tüpürən qızın.

unudub bütün aləmi
elə öz işini görür.
oturub dincələn kimi
qaşları da yer süpürür.

süpürgənin üstündəki
saçaqları yolur bir-bir.
öyrənmək istəyir sanki
sevir, sevmir, sevir, sevmir…

***

nə xoşdu bir qızın balıq tutmağı,
amma ha gözləyə balıq düşməyə.
hirsindən partlaya, əsə dodağı,
toruna bir dənə şey ilişməyə.

eləcə dayanıb dənizə baxa,
eləcə baxasan sən də o qıza.
bir balıq olasan, bir adam yox a,
bəxt kimi çıxasan sən də o qıza.

o, balıq gözləyir uzaq sahildə,
mən ona baxmaqdan heç yorulmuram.
ötüb keçsə belə bir milyon il də,
onun gözlədiyi balıq olmuram.

nə qədər qayıtmır mənim dünənim,
balıq çıxan deyil, qız gələn gələn deyil.
o balıq o qızın, o qız da mənim,
halımı anlayan, üzülən deyil.

satsam kim göz qoyar bu ayrılığa?
kim bu ayrılıqdan nə istəyəcək?
görən nə sözü var qızıl balığa?
görən o balıqdan nə istəyəcək?

tutur tərəfimi balıqlar mənim,
çıxmır ki o qıza baxım aramsız.
o qızın əlində tilov var, mənim
əlimdə bir şəkil, şəkildə o qız.

o qız balıq tutur, məni ağlamaq,
salır göz yaşlarım şəkildə cığır.
başını qaldırıb hamıdan qabaq,
deyir ki, İlahi, nə gözəl yağır.

***

əlimi üzmüşəm yağış səsindən,
daha gün də çıxmaz yağışdan sonra.
kirayə bir evin pəncərəsindən
səni sevmək olmur bu yaşdan sonra

səni sevmək olmur yad bir ölkədə,
səni sevmək olmur tələbə kimi.
əlavə bir yüksən hər gün bəlkə də
çıxdığım altıncı mərtəbə kimi.

elə ki gözündən bir az yaş axır,
ev yiyəsi evə gələnəcəndi.
hönkürəndə səsin bayıra çıxır,
səni sevmək olmur, divar incədi.

tənhalıq üstümə it kimi hürür,
mən oldum-olmadım evdə dolaşır.
səni sevmək olmur, qonşular görür,
deyirlər bu oğlan kimlə danışır.

amma sən, bilirəm, elə indi də,
ilin bu çağında sevirsən məni.
kimin maşınında, kimin evində,
kimin qucağında sevirsən məni?

***

arvadı sındırıb kasıblıq dərdi,
üç aydır ki, almır aylığını da.
əvvəl yaylığında pul gizlədərdi,
indi tapa bilmir yaylığını da.

heç dolu görmədim damağını da,
qalan bir dişi də laxlayır onun.
birinci, ikinci ayağını da,
üçüncü ayağı saxlayır onun.

kişi də arvadı gətirib cana,
bir dənə sözünə baxmır nə vaxtdı.
nə təhər vurdusa köhnə divana,
əlindən üçüncü ayağı çıxdı.

sobanın yanında gəzib qızındı,
bir təhər yeriyir, gözəldi indi.
nənəmin üçüncü ayağı sındı,
babam təzəsini düzəldir indi…

***

işə bax, boylandım, uzandı gecə,
pişiyi gəzirəm bəlkə qayıtdı.
ürəyimə yatan qız da indicə
qara bir kişinin yanına yatdı.
mən tək qaldım.

göydə Ay varıydı, yerdə bir yeşik,
sonra Ay yerindən laxladı getdi.
küçənin tinindən burulan pişik,
zibil yeşiyini yoxladı getdi.
mən tək qaldım.

pişik hara getdi, niyə gəlmədi?
Ay da atdı yerə özü özünü.
evlər bu səhnəyə baxa bilmədi,
bütün pəncərələr yumdu gözünü.
mən tək qaldım.

deyirdim yaxşı ki hələ işıq var
mənim öz evimdə, öz mənzilimdə.
bağlandı kanallar, söndü işıqlar
sonuncu siqaret öldü əlimdə.
mən tək qaldım.

...səhər də açıldı, işıq da yandı,
pəncərələr qalxdı, evlər oyandı,
əslində dünyanın hər şeyi qaldı.
pişiyin aclığı çəkildi tamam,
Ay da göy üzünə yenə ucaldı.
o qız o kişinin oldu vəssalam,
mənə də bir zibil yeşiyi qaldı.
mən tək qalmadım.

Gallery

# 3424 dəfə oxunub

Müəllifin son yazıları

# # #