75 yaşınız mübarək olsun! - Seyran Səxavətə təbrik

75 yaşınız mübarək olsun! - Seyran Səxavətə təbrik
23 mart 2021
# 11:15

Siz – Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olmusunuz. 1962-ci ildə doğma kəndinizdə orta məktəbi başa vurandan sonra iki il X.B.Natavan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmisiniz. Sovet ordusunda xidmət keçdiyiniz illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasınızı təcrübi olaraq daha da dərinləşdirmisiniz.

Sonrakı fəaliyyətinizin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyinizlə bağlı olmuşdur. Siz 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmusunuz.

1974-1976-cı illərdə ixtisasınızla əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmisiniz. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlnaması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmisiniz.

1962-ci ildən, ömrünüzü bədii yaradıcılığa həsr edərək yaratdığınız hekayə, povest, romanlarınızla, bədii-publisistik əsərlərinizlə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, hər kəs tərəfindən etiraf olunan istedadlı bir yazıçı kimi Azərbaycan və dünya oxucularının rəğbətini qazanmısınız.

Hörmətli Seyran müəllim!

Siz bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeirinizi çap etdirmisiniz. Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabınız – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabınız çap olunmuş, şeirlərinizin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinizin ilk cildində yer almışdır.

İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır.

Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız: “Hamı elə bilirdi” (1982), “Daş evlər” (1985, təkrar işlənmiş nəşr - 1989), “Bozoqo ajıra telekey” (“Qapıların o üzündə qalan dünya” – Dağlıq Altay, 1985), “Dar köynək” (1987), “Qızıl teşt” (1999), “Ptityajenie” (Cazibə”, Moskva, 1990), “Nekroloq” (2003), “Palıd toxumu” (2003), “Yüz ilin kişisi” (2005), “Krepkoe semya” (“Palıd toxumu” Moskva, 2007), “Yahudi əlifbası” (2009), “Bəhanə” ( 2009), “Qaçhaqaç” (I kitab, 2010, II kitab 2017 ), “Seçilməmiş əsərlər” (I-II cildlər, 2015), “Kenquru” (2019) ibarət kitablarınız həm istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.

Sizin şeirləriniz və nəsr əsərləriniz dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərinizdən ibarət kitabınız 100 min tirajla yayılmışdır.

Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir.

Hörmətli Seyran müəllim!

Siz həm də ədəbiyyat və incəsənəti sevərlər arasında ən insani duyğuları, ən sərt həqiqətləri ifadə etməyə qadir bir dramaturq kimi tanınırsınız. “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləriniz, Azərbaycan Akademik Milli Dram Teatrı başda olmaqla Respublikamızın bir çox peşəkar teatr kollektivlərində tamaşaya qoyulmuş, izləyicilər tərəfindən hərarət və dərin estetik təəssüratla qarşılanmışdır. Bununla yanaşı, dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanmış, radio pyesləriniz səsləndirilmişdir.

Hörmətli Seyran müəllim!

Sizin bədii publisistika və bədii tərcümə sahəsində xidmətləriniz də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Siz Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəriniz ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz janrdan novator istifadə məharəti sonralar sizə bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanlarınız, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.

Siz dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmisiniz.

Hörmətli Seyran müəllim!

Siz istedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya...) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmısınız. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyiniz beş mindən artıq intervünüzlə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmisiniz.

75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə - yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız; “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir; 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.

Hörmətli Seyran müəllim!

Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm can sağlığı, ailə xoşbəxtliyi arzulayırıq.

75 yaşınız mübarək olsun!

# 2113 dəfə oxunub

Müəllifin son yazıları

# # #