“Mən belə bilsəydim...” - Sevinc Mürvətqızı

“Mən belə bilsəydim...” - Sevinc Mürvətqızı
31 iyul 2024
# 16:45

Kulis.az Sevinc Mürvətqızının yazısını təqdim edir.

Buludlanmış baxışlarından ürəyinə axan yağmurdan iliklərinə qədər “islandığın”- Allahın o ver(məyən) günündə bütün həyatının, yaşadıqlarının, çəkdiklərinin və yazdıqlarının vur-tut 5-6 şeir mətninə sığdığının fərqinə vararsan.

Bu fərqindəlik hissi içinlə çölünün eyniləşdiyi bir havada, deyəlim ki, şırıl-şırıl yağmurların özünü hikkəylə göydən navalçalara, oradan da zərblə yerə çırpdığı, havası kirdən-pasdan təmizlənmiş, amma heç ağarmayan qapqara bir gecənin tənhalığında yuxunu ərşə çəkər... Çəkdiklərinin başından çıxardığı tüstülərin alatoranında əsl Əli Kərim ağrısına mübtəla olarsan. Yaşanan hər şeyin puçluğuna, səndən sonrakılara qalanın ancaq söz olduğunu bilə-bilə bir aldatmaca ömür yaşayarsan. Yaşayarkən bəlli misralara sığası qədər tale yazının olduğunu, ölüb min ilin ölülərinə qarışandan sonra da özündən sonrakı boşluğa yalnız hissin, ağrının yükləndiyi söz boşladığını anlayaraq yanıb-yaxılarsan:

Heç kim başa düşməz məni,
Bəlkə aydınlığımdandır?

Sanki başa düşsələr, nə dəyişəcək? Anlanmamağın dözülməz ağrısından ağlını itirəcək həddə gəlsən belə özündən başqa kimə nə isti-soyuğu? Kimsə kimsəni başa düşməyə borclu deyil ki. Hərənin öz ağrısını, öz dərdini yaşadığı, öz itiyini axtarmaqla məşğul olduğu dünyada niyə kimsə səni anlamağa çalışmalıdır ki? Sən hələ bir özün-özünü anladınmı? Nəyi axtardığını dəqiq bilib də min bir əziyyətlə tapdığını israrla itirməyə həvəsli ömür yaşayarkən sonrakı peşmançılığını ifadə eləməkdən başqa nəyə yarar özünüanlamaların?

Axtarıram mən səni,
Arayıram mən səni,
Soruşuram gözümlə ötüb keçəndən səni...

intizarıyla əlinə dəmir əsa alıb, ayağına dəmr çarıq geyib yolların ağına düşdüyün günlərdən başlar özünü dərketmən... Dəmir əsan əyilənə, dəmir çarığın yeyilənə qədər gözün dörd olar Onu tapmaq üçün.

Axtarıram kitabda, arayıram həyatda,
Bilmirəm nə boydasan,
nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir,
sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir? -

suallarıyla içini yeyə-yeyə ömrün bəlli bir nöqtəsinə yetişərsən. Onu tapmaq azarı, Ona qovuşmaq arzusu, həsrətini sonlamaq ehtirası bəzən lap yanında dayanana diqqət yetirməyə imkan verməz. Sən Onu üfüqlərin qurtaracağında gəzərkən, bəzən lap yanında addımladığından xəbərin olmaz. Ürəyin hiss edəndə ki, uzaqlardakına zillənən baxışların sadəcə ilğıma aldanıbmış, birdən ətrafına baxarsan, boş görərsən...

Bəzən də yanılıb yanındakını “pir” deyib tutarsan, sən demə eşqiylə yanıb-tutuşduğun isə işıq ili uzaqlığındaymış. Yorulmadan Ona doğru getməlisənmiş - işıq gələn tərəfə... İşıq gələn tərəfsə aldadar bəzən... İşıq gələn tərəfin sonrakı nəticələrinə qurban olar hərdən bütün yaşadıqların. Bəzən də yanılıb işıq gələn yeri əlinlə qapayıb könüllü şəkildə qaranlığı seçərsən. Sonra da bu qaranlığın içində əlhavasına tap görüm necə tapırsan həsrətinə qoyulacaq nöqtəni, ya da işığı yandırmaq üçün nəzərdə tutulan düyməni...
Onun üzündəki, əlinin içindəki, ya da lap elə qaşının üstündəki xaldan başqa istinad nöqtən olmaz: “Qoy qara xalın olsun həsrətimin nöqtəsi!”

İstəklərin maksimum olar əvvəlcə, hamı başlayanda maksimalist kimi başlayır axı... Tələblərin də, arzuların da, tövsiyələrin də çərçivələrə sığmaz:

Kamallı ol ki, ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində, kamal da öz yerində,
Bir gözəllik də görüm mənalı gözlərində...

Heç işıqlaşmaq bilməyən, sabaha hamilə gecələrdə, heç rənglənmək bilməyən, günəş qısırı bomboz gündüzlərin yeknəsəqliyində yaşaya -yaşaya bəlkə çatışmayan o nəsənin, kimsənin hansısa naməlum, fövqəl O olduğunu bilərsən, amma hazırda çarən kimi O da yoxdur...

Kimə, nəyə baxıram təkcə səni andırır,
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta, yada deyilməz,
Anadan əziz nə var, anaya da deyilməz-

etirafının özünə yer elədiyi çarəsizliyin var sadəcə: yatanda baş ucunda, gəzəndə kölgənə yapışıq...
Dərdin, ağrının, iztirabın bütün bədənini, ruhunu sardığı anda bəlkə ancaq tutam-tutam şəlalə saçları o göynərtini kəsməyə qabil olar -irmaq kimi, şəlalə kimi axıb bütün göynərtilərini yuyar ürəyindən... Əllərinin, barmaqlarının ucu hüceyrələrinə qədər ona can atar:

Əllərimi göynədir saçlarının həsrəti,
Gəl, yiyəsiz qalıbdır könlümün məhəbbəti...

...və birdən necə olarsa-Günəş necə çıxarsa, Ay necə batarsa, ulduzların sırası hansı qanunauyğunluqla düzülərsə, “meteoritin görünməsi qədər nadir hadisə baş verər” - Onu taparsan, ya da O gəlib səni tapar... Üfüqlərin kəsişməsindənmi, yoxsa bircə addımlığındanmı, daha bunun önəmi yoxdu. Amma bir əhəmiyyətli məqam var ki, o tapma anının səadətini də tam yaşamağa qoymazlar səni. Çün üzünə duran astar həmişə tapılır... Seçim Ona qalıb:

Mənsə səni sevirəm
Susuzluğun od vurub köz kimi yandırdığı
dodaq su sevən kimi.
O isə səni sevir, rahatca bardaş qurub,
- Kabab üstdən sərin su pis olmaz- deyən kimi.
...sən işıqsan, yurduma yaraşıqsan.
Mənsə səni sevirəm iynənin ucu boyda
İşığa həsrət qalan göz işıq sevən kimi.
O isə səni sevir,
Bir şən mağarda, toyda,
işıqlardan yaranmış yaraşıq sevən kimi...

Həsrətinə nöqtə qoyası xalın sahibinədir son ümidin və yenə də nöqtə...

Bu mən, bu o, bu da sən,
De, görək nə deyirsən!
Amma yaxşı fikir ver bu iki məhəbbətə.
Daha heç nə demirəm
Nöqtə, nöqtə və nöqtə...

Təbəddülatlar, çırpınışlar, iztirablar Ondan əvvəl ömür-gün yoldaşına çevrilər. Yaşatdıqlarının, yaşadıqlarının yanında bəzən cəhənnəm, bəzən də cənnət yalan olar. Dirigözlü o dünyanı görüb qayıdarsan ki...

Nə könlün ağlayır, nə rəhmin gəlir,
Bəlkə də dünyadan bir insan gedir. ..

Zamanın Ona qurular, beyninin saatı çıqhaçıq Onunla, Onun üçün çalışar ancaq:

Gecə də, gündüz də fikrimdə sənsən,
Mən kimin fikrində yaşayım söylə?
De hansı bir ürək qəbul eləyər,
Məni sən ünvanlı dərdlə, gileylə?!

Gündüzlərin, gecələrin sərhədinin itdiyi -

Sənsiz nə çətin imiş gecə ilə bacarmaq
Nə şıltaqmış, nə tərsmiş
intizarın, həsrətin -

ünvanlı gileyə hələ bir də -

Hansı bir ürəyə yan alsam əgər,
Dərdimin adından biləcək yadam -

çarəsizliyi də qoşular. Özünü qınayarsan, didib-tökərsən ruhunu, yanıb-yaxılarsan. Bundan sonra ha de:

Mən belə bilsəydim,
Könlümün dəli,
sərsəri vaxtında atardım səni...

İş-işdən keçib. Sevgisini, etibarını, güvənini, təqdirini qazanmaq üçün bəzən ölüm son ümid kimi işarar üzünə:

Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?

Vahiməli durumdur, deyilmi? İstədiyin alınarmı, alınmazmı, bir də baxarsan ki, ayrılıq qapını kəsdirib-zamanın necə keçdiyini belə anlamamısan. Aradan onillər keçdimi, yoxsa bircə saat öncəmi qırıldı bağlarınız? Həyat bu. İstiqamət yalnız irəliyədir burda. Geridönməz proseslərin hay-küyü içərisində “qayıt” nidası elə zəif səslənir ki, eşidilməz olur:

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Və beləcə səhərin-axşamın qarışımı başlayar... Dərdin, həsrətin bundan yaxşı ifadəsimi olar- ancaq axşamlar hiss edəsən ki, nə vaxtsa səhər açılmışdı. Yeni arzuyla, təzə bir ümidlə sıçrayıb qalxmışdın yerindən, bəlkə elə bu gün...

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Fərqi yoxdur, ayrılıq adıylamı, ölüm səbəbiyləmi, yoxsa lap elə bəsit bir anlaşılmazlıq ucbatından sənə olan olub artıq, gecəni-gündüzü dəyişik salan dilbilməz körpəyə çevrilmisən Onsuz.
Keçdiyin yollar, dolaşdığın küçələr bomboş... Adamlar maket kimi hərəkət edərlər gözlərinin qarşısında, çaş-baş salarsan ünvanları, çünki əsas ünvanını itirmisən:

Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Sənin dünyan Ondan ibarət idi, Kainatın mərkəzi O idi. O olmayandan sonra ha Günəş çıxsın, ha Ay doğsun, nəyinə lazım? “Yenə olduğu tək görüm həyatı” arzusu rahat buraxmaz beynini. Amma icazə ver deyim, əslində onunla olanda həyatı başqa cür qavramışdın, çəhrayı eynəyin də onunla bərabər qeybə çəkildi. O işıq da, o atəş də Onun özüylə gətirdiyi “xırım-xırda cehiz” idi. Çıxıb gedəndə özüylə aparmağı yadından çıxarmadı... Əslində indi həyatı olduğu kimi görürsən- bərqini itirmiş, rənglərdən xali, ağ-qara tablo kimi. Darmadağın olan kainatına, yerini dəyişən ulduzlarına, düzəni pozulan ehtişamına heyif... Bundan sonra ha pıçılda:

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğutək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı...

“Həyat” adlandırdığımız monotamaşaya yazılmış 5-6 şeirlik ssenarinin sonuna gəlirik beləcə... Hər kəsin gec-tez bütün itirdiklərinə görə duyduğu peşmançılıq, təəssüf, qəhər dolu daxili monoloqunu söylədiyi o məşhur məqama:

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.

Bir vaxt rutin bildiklərin, yeknəsəq saydıqların, mənasız hesab etdiklərin də anlam kəsb etməyə başlar gözündə, içinin yanğısı ruhunu qarsar, ölümə bağışladığın doğmalarla, həyata etibar etdiyin yadlarla yaşadıqlarının əlçatmazlığına kənardan əlacsız baxmaqdan başqa əlindən, dilindən nə gələr?

İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan oyatmağım da...

...Pərdələr enmək üzrədir - həm səhnədə, həm də gözlərinin üstündə. Gözləmə, alqışlayan olmayacaq. Zamanın gözlərini sığadığı o bitmə anında son pıçıltılarınla monotamaşan yekunlaşacaq:

Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de, nə?...

# 1282 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #