İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri

İyirmi ilə yaxındı məndən niyə qaçırsan? - “Səksənincilər" layihəsindən Sabir Adilin şeirləri
14 noyabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Sabir Adilin şeirlərini təqdim edir.

Şair, ssenariçi, tərcüməçi, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Adil 1950-ci il mayın 10-da Göyçay rayonunun Bəydövül kəndində anadan olub.

Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1969-1974). Sonra İsmayıllı rayonunun Qalıncaq kəndində müəllim (1974-1977), C.Cabbarlı adına kinostudiyada ssenarist (1977-1979),

Göyçay rayon orta məktəbində müəllim (1981-1984), H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında ədəbi hissə müdiri (1984-1989), Azərbaycan Yazıçılar Birliyində məsləhətçi, müxtəlif mətbuat orqanlarında işləyib.

1986-cı ildən Azərbaycan Teatr Xadimləri və Kinomatoqrafçılar ittifaqlarının üzvü idi. Sabir Adil ədəbi fəaliyyətə tələbəlik illərindən ədəbi fəaliyyətə başlasa da, şeirləri, əsasən, 80-ci illərdə davamlı çap olunmağa başlayıb.

“Üz tutduğum adamlar” (1986), “Ağlayan divarlar” (2003) şeirlər kitabının müəllifidir. Ssenarisi əsasında “Papaq” (“Evlənmək istəyirəm”) bədii fılmi çəkilib.

Şerləri və digər yazıları “Azərbaycan”, “Ulduz”, “Qobustan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə və digər mətbuat orqanlarında çap olunub.

O, dünya ədəbiyyatından tərcümə ilə də məşğul olurdu, bir çox şeirləri rus dilinə tərcümə edilib, “Yüz böyük türk” tərcümə kitabını dilimizə çevirib.

Sabir Adil 2005-ci il fevralın 7-də dünyasını dəyişib.

***


Bir dəstə çiçək sənə,
Bir ürək kədər mənə.
Bu dünyada deyilsə,
O dünyada əl-ələ.

Sən dünyanın yiyəsi,
Mənsə bir arabaçı.
Mən mey axtaran sərxoş,
Sənsə bir meyxanaçı.

Mən peşiman deyiləm
Peşiman olma sən də.
Bu dünyada deyilsə,
O dünyada əl-ələ.

***


İyirmi ilə yaxındı
sənə sarı canı atıram,
iyirmi ilə yaxındı
məndən niyə qaçırsan, Bakı şəhəri?
Yolların yaman uzunmuş,
Ha qaçıram çatammıram.
Sən də hey qaçırsan məndən,
qaçmaqdan yorulmursanmı?

Qoynunda tələbə oldum,
Tələbə-bəxtəvər oldum,
kimdənsə qaçdım, sevdim,
qaçdı, vuruldu mənə kimlərinsə.

Bir səndən doymadım,
doyanlara yuva qurdun.
Günahım nəymiş
balaca komanı da qıymadın mənə?

İyirmi ilə yaxındı,
sənə sarı can atıram.
Bezib durdum Sumqayıtda
Sən necə,
Dayanmısan, yoxsa qaçırsan?

***


Gözlərimə dolan yuxu
işıq kimi dalğalansa da,
mənim deyil ki,
gecələrindi.

Mənim deyil ki,
içimi şumlayan kədər,
ağrıdan dodaqları çat-çat olsa da,
eybi yox, sevdiyim həyatındı.

Vətəni bir görmək
bu istək də mənim deyil ki…
ulularımızdan qalan
qeyrətindi.

Mənim deyil ki,
Ölümə yaxınlaşmaq,
Yerlərin
göylərin yiyəsinin əmridi.

***


Aldanmadı deyə,
dostu düşməndən
seçdi millətim.

Qoçaldı bir gecədə
uşaqlarımızın üzü
aldanmadılar deyə.

Aldanmadıq deyə,
hər yana qara bayraqlar sancsalar da
çıxarammadılar ürəyimizdəki bayraqları.

Ümidimizdən əməlimiz çox,
əməlimizdən igidimiz çox,
daha aldanmırıq deyə.

***


Nə gələnim yox,
nə də gedənim,
nə gülən var yanımda
nə də ağlayan,
eşitdiyim göyərçin səsi
zarıyan qurbağanın ağrısıdı.
Bununla belə kiminləsə görüşüb-dərdləşməyə,
dərdləşib yüngülləşməyə
yoxdu həvəsim.
yoxdu həvəsim
sərxoşluq etməyə də.

***


Solum biyan otları
Ağaclıqlar sağ yanım,
Uçur göydə tükləri
Təzə ölmüş quşların.

Əllərini aç göyə,
Qorxma, həsrət sənindir.
Günəş olan “zirvədə”
Demə bulud neçindir?

Dağların səsi gəlir,
Ağaclarla dərdləşir.
Cəsarət bizdən uzaq,
Vicdan bizə əl edir.

Heç vaxt yoruldum demə,
Bizim deyil yorulan.
Diri at yüyənidir,
əllərimdən yapışan.

***


unutmalar,
xatırlamalar başlayanda
oyanar içimdəki davalar.
belə vaxtlarda
yaşamaq çox əcayib görünər
ümüdlərlə yaşayan adama.
Gözlərimə,
ağlıma enər gecə.
Dünya can verəmməyənin
iniltisinə bənzəyər.
Ağlayana baxmağa utanar
ümidlərlə yaşayan adam.
Utanar ümidlərin
düyməsini asanca açan
quduzlaşan ölümdən...

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər