Doqquz yaşında üç qardaşını itirən şair: "Dövrün haqsızlığı titrədir məni... "

Doqquz yaşında üç qardaşını itirən şair: "Dövrün haqsızlığı titrədir məni... "
15 yanvar 2024
# 12:00

Bu gün Xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist Nəbi Xəzrinin anım günüdür.

Kulis.az xatırladır ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Xırdalan kəndində, tacir ailəsində anadan olub.

Atası kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib. Həmin il özü də dünyasını dəyişib. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942-1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.

20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul edir. Onun “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.

O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə, 1958-ci ildə “Xəzri” təxəllüsü götürüb.

1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub.

O, 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilib.

Qızım, laylay


Dağın dumanı gəlsin,
Çayın ümmanı gəlsin.
Gül qızımın yuxusu,
Bəs hanı, hanı, gəlsin!
Laylay, qızım, a laylay,
Körpə quzum, a laylay.
Qapımızdan çay axır,
Salıb bir haray axır.
Sanki enib sulara
Təzə çıxmış ay axır.
Laylay, qızım, a laylay,
Körpə quzum, a laylay!
Oxur uzaqda bülbül,
Zərif budaqda bülbül.
Yatsam, mənim nəğməmi
Sən oxu bağda, bülbül.
Laylay, qızım, a laylay,
Körpə quzum, a laylay!
Nur çilənib bağlara,
Səs düşüb uzaqlara.
Yuxun göyərçin olub
Bəlkə qonub dağlara,
Laylay, qızım, a laylay,
Körpə quzum, a laylay!
Mürgülədi dağ, qaya,
Yarpaq düşdü saf suya.
Əsmə, külək, dayan, çay,
Qızım getdi yuxuya,
Laylay, qızım, a laylay,
Körpə quzum, a laylay.


Qadınsız ev

Çiyinlərdə yerin-göyün qəmidir,
Ah çəkirsən asimana yetişir.
Qadınsız ev —
tufandakı gəmidir,
O nə batır, nə limana yetişir.

Ağır dərdlər faciənin gücüdür,
Nə sevinib, nə də gülə bilirsən.
Qadınsız ev —
xəstəxana küncüdür,
Nə dirilir, nə də ölə bilirsən.

Fəlakətdə neçə-neçə sirr yatır,
Səni yıxır, polad kimi o sınmır.
Qadınsız ev —
günəşsiz bir dünyadır,
Nə od yansa, qızınmır ki, qızınmır.

Sən bir quşsan, ruhun sınmış qanaddır,
Heç baxma ki, külək sərin, meh ilıq...
Qadınsız ev —
ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq.

Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən —
ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

Şəklinə baxıram

(Mərhum ömür yoldaşım Gülarə üçün)

Sən getdin cahanın
Dərdli çağında.
Bir çaya döndüm ki, sısqa axıram.
...Sənsiz bir otağın tənhalığında
Şəklinə baxıram...
Yenə baxıram.

Əsir pəncərədən
Yel incə-incə,
Sanki isti nəfəs üzümə dəyir.
— Gecən xeyrə qalsın — söylərəm gecə,
Səhər də söylərəm: sabahın xeyir!

Ürəyim narahat,
Qulağım səsdə
Dövrün haqsızlığı titrədir məni.
Çevrilib mələyə başımın üstdə,
Ruhun gecə-gündüz hifz edir məni.

Axı, səninlədir hər anım mənim,
Sən mənim nisgilim, pərişanımsan.
Gündüz şəkillərdə susanım mənim,
Gecə yuxularda danışanımsan;
— Ay Nəbi, özündən muğayat ol sən,
Bil, daha dünənki cavan deyilsən.
— Əlbəttə, mən səni itirən gündən,
Həyatım dəyişdi tamam kökündən.

Qar əskik olmayır doğma dağımdan
Bir gündə asılıb hər ayağımdan.
Bəzən yersiz düşdük haya, haraya,
Axı pis də gedir, yaxşı da qalmır.
Sən məni qısqandın bütün dünyaya,

İndi dünya məni heç saya salmır.
Tanrım bağışlasın,
Günah varsa da,
Günah xoşbəxtlikdən pay alan deyil.
— Gənclik günahları yuyularsa da,
Qocalıq günahı yuyulan deyil!

Gec duydum həyatın
Mən sirlərini,
Zaman pərişandır, ömür pərişan.
Mən öz günahımın zəncirlərini
Çoxdan parçalayıb, çoxdan qırmışam.

Səni yana-yana səsləyirəm ki,
Eşitsin sözümü sevdiyim mələk.
Dünyada o günü gözləyirəm ki,
Gülarə adında nəvəm gələcək.

Şəklinə baxıram,
Baxıram yenə,
Sanıram çiynimə yumşaq əl dəyir.
— Gecən xeyrə qalsın — deyirəm sənə
Səhər deyəcəyəm:
— Sabahın xeyir!

# 1713 dəfə oxunub

Müəllifin son yazıları

# # #