Çəhrayı fəsil qayıtdı – Çağdaş özbək şeiri

Çəhrayı fəsil qayıtdı – Çağdaş özbək şeiri
26 oktyabr 2021
# 16:45

Kulis.az özbək şair Gulzira Şaripovanın şeirlərini təqdim edir.

Gulzira Şaripova 1957-ci ildə Qırğızıstan Respublikasının Oş vilayətində anadan olub. Milliyyətcə özbəkdir, ali təhsillidir. 1983-cü ildə Daşkənd Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Ədliyyə, prokurorluq və bələdiyyənin ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Birinci dərəcəli hüquqşünasdır. Hal-hazırda "Demokratiya və İnsan Haqları" qeyri-kommersiya təşkilatının Daşkənd bölgəsindəki regional şöbənin müdiri, Bekabad şəhərində "Adalət" partiyasının sədri vəzifələrində çalışır. Şair və tərcüməçidir. "Rusiyanın Qızıl Qələmi - 2020" beynəlxalq müsabiqəsinin laureatıdır.

Payız yarpağı

Çəhrayı fəsil qayıtdı,
Göz oxşayan naxışıyla.
Səssizcə sardı hər yanı,
Duruşuyla, baxışıyla.

Sarı donlu ağacların,
Nəfəsindən buz yağırdı.
Şaxta vuran bir yarpağın,
Üzünə baxmaq ağırdı.

Dünən yaşıl libasından,
Xoşbəxt gözləri baxırdı.
Bu gün solmuş baxışından,
Sınıq bir həsrət axırdı.

Ancaq həyat arzusunu
Payız oyum-oyum oyur.
Küləklər qovur havada,
Payız ömrünə son qoyur.

Yarpaqlar ayaq altına,
Sanki vedrədən tökülür.
Bunu izləmək çətindir
Yarpaq torpağa bükülür.

Bax, bu saralmış yarpaqla
Yenə həyat iç-içədir.
Bu dərdli xəzandan sonra.
Həyat yenə davam edir.

Azərbaycan türkcəsinə çevirən: Nazim Əhmədli

Yağış ver, səhranın çilləsi dönsün

Guruldadı birdən göydə ildırım,
Səmə da göstərdi öz qaş-qabağın.
Nədənsə, narazı qalanlar kimi,
Şimşək də tələsib çəkdi çaxmağın.

Bu nə hərəkətdir, yay çilləsində,
Su aldı, sel gəldi, artdı vahimən.
Rəhmini yedinmi, yaradan Əcəm,
Sel yox, narın-narın yağış göndər Sən...

Günəşi gizlətdin, mən də tutuldum,
O günlər sıxıldım, yığıldım cana.
Xətərdən dərd tapmış bəndələrinin
Könül əzabların bir az yusana.

Yağış ver, səhranın çilləsi dönsün,
Bu xar kainat da dincəlsin bir an.
Bu günlər yağışa deyib dərdimi,
Sənə yaxınlaşdım, böyük Yaradan...

Azərbaycan türkcəsinə çevirən: Şahməmməd Dağlaroğlu

Mən bir söyüd ağacı…

Seyhunun sahilində
Mən bir söyüd ağacı.
Səhər-axşam daranır
Sularda salxım saçım.

Hər səhər Günəş öpür
Yaşıl yarpaqlarımı.
Yırğalayır küləklər
Kövrək budaqlarımı.

Baxıb güzgülənirəm
Hər gün mavi sulara.
İsti yuva olaram
Baharda qumrulara.

Ötür başımın üstdən
Yazda durna qatarı.
Əyilərək öpürəm
Gizlicə dalğaları.

Danışıram dərdimi
Gecə xəlvətcə Aya.
Yaşıl hörüklərimlə
Adını yazdım çaya...

Könlümdə eşq atəşi,
Nə vaxtdır kipriyim nəm...
Dayanmışam sahildə
Tək səni gözləyirəm...

Azərbaycan türkcəsinə çevirən: Saqif Qaratorpaq


Gulzira Şaripova

# 7437 dəfə oxunub

Müəllifin son yazıları

# # #