“Yox”a “hə” demək - Simran Qədim

“Yox”a “hə” demək - Simran Qədim
15 avqust 2023
# 10:00

Kulis.az Simran Qədimin yeni essesini təqdim edir.


Başqalarına "yox" deyəndə özümüzə "hə" deyirik. Bəs başqalarına "hə" deyəndə özümüzə "yox" demiş olmuruqmu? "Xeyr"in xeyirindən xəbərimiz varmı?
Tarix boyu istər elmdə, istərsə də fəlsəfədə, ümumiyyətlə, bütün sahələrdə baş verən irəliləyişlər "yox" deyən insanların hesabına olub. Heç kəsə etiraz etməyəndə, heç bir fikrə “yox” deməyib tutuquşu kimi daim özündən əvvəlkiləri təkrarlayanda yenilik, dəyişiklik olmur. Alimlər yeni ixtiralar etməyə, filosoflar fərqli fəlsəfi mühakimələr yürütməyə məhz köhnəyə "yox" deməkdən başlayıblar.
Bu yol antik yunan alimi, filosofu Faleslə start götürüb, Heraklitlə, Sokratla davam edib. Orta əsrlərin qaranlıq çağında diqqətçəkən dəyişikliklər olmasa da, İntibah dövründə və davamında bir çox yeniliklər yaşanıb. Elm dünyasında Kopernik, Bruno, Qaliley, Kepler, Nyuton, Darvin, Freyd... Fəlsəfə aləmində Spinoza, Kant, Şopenhauer, Marks, Nitsşe, Sartr, Kamyu, Fuko, Derrida... Onların hər biri ayrı-ayrılıqda nələrəsə, kimlərəsə "yox", özlərinə “hə” deyən şəxsiyyətlərdir. Qorxmadan, çəkinmədən fikirlərinə azadlıq verib öz sahələrində yeni-yeni cığırlar açan şəxsiyyətlər.


Əslində, bir çox hallarda "hə" demək “yox”a baxanda daha asandır, rahatdır. Çünki çoxluğa qarışıb digərlərini təkrarlamaq elə bir zəhmət tələb etmir. Baş işlətməyə, düşünməyə ehtiyac duymadan “hə” deməyə nə var ki? Qrup psixologiyasının hökmü ilə digərlərini təkrarlamaq “komfort zonası”nda qalmaqdır. Bu halda heç bir öhdəlik götürməyib asanlıqla məsuliyyətdən yayınarıq. Kiməsə, nəyəsə etiraz edəndə isə fikirlərimizi əsaslandırmaq məcburiyyətində qalırıq. Gərək niyə razılaşmadığımızı, nəyə görə etiraz etdiyimizi yaxşıca aydınlaşdıraq, tutarlı arqumentlər, faktlar ortaya qoyub mövqeyimizi müdafiə edək.


Qlobal miqyaslı, tarixi-fəlsəfi yanaşmanı bir kənara qoysaq, “yox” sözünün sadə məişət zəminində də, gündəlik iş həyatında da çox böyük önəmi var. Əgər çevrəmizdəkilərin eqoistcəsinə özlərinə dəyər verib bizim vaxtımıza və enerjimizə hörmətsiz yanaşmasının qarşısını almaq istəyiriksə, sözün müxtəlif anlamlarında istismardan qorunmağa çalışırıqsa, vicdan əzabı çəkmədən, qətiyyətlə "yox" deməyi öyrənməliyik. Əlbəttə, açıq-aydın imtina etmək yalandan söz verməkdən yaxşıdır. Bu, əslində, saflıqdır, dürüstlükdür, məsuliyyətdir.
Bir şeyi də nəzərə almalıyıq ki, cəmiyyətdə “yox”a qarşı duyulan aqressiya və ya mənfi münasibət onu “hə”yə çevirmir. Əksər dillərdə iki-üç hərflə ifadə edilən, yəni son dərəcə işlək bir söz olan “yox”dan qorxmağa, ondan qaçmağa ehtiyac yoxdur. Bununla biz, sadəcə, başqalarını manipulyasiya edib aldatmış oluruq. Belə deyək, əgər öhdəlik götürmədən, məsuliyyət hissi keçirmədən, dürüstlükdən uzaq şəkildə çıxış yolunu saxta bir “hə” deyib insanları aldatmaqda, yola verməkdə tapırıqsa, bunun səbəbkarı bir az da cəmiyyətdir. “Yox”u sevməyən, ondan nifrət edən cəmiyyət.


Bu məqamı azca genişləndirək. Bir çoxumuz rədd cavabı alanda bərk inciyib “yox”la heç cür razılaşmır, onu qəbul etmək istəmirik. Əvəzində, şirin yalanlar, reallıqdan uzaq vədlər bizə xoş gəlir. Sanki aldanılmaqdan məmnun qalıb, qarşımızdakına dərhal inanırıq. Halbuki yalan-gerçək "hə" demək də, ona dərhal inanmaq da mahiyyətcə sözlə reallıq arasındakı əlaqəyə dəyər verməmək, yalanın nəfəs tapmasından narahatlıq keçirməməkdir. Nəticədə, “yox”u sevməyən, ondan nifrət edən cəmiyyət öz içində – insanlar arasında sözdə “hə”, əməldə “yox” refleksini yaradır.


Belə baxanda, başqalarına daim müsbət cavab vermək arzusu həm insanpərvərlikdən, həm də eqoizmdən qaynaqlana bilər. Burada məqsədə, niyyətə diqqət yetirsək, gizli məqamları üzə çıxararıq. Biz niyə “hə” deyirik? Kiməsə yaxşılıq etmək üçün, yoxsa hansısa formada təmənna güddüyümüzə görə? Axı təmənnanın bir çox variantları var: tərif eşitmək, qarşıdakını borclandırıb müəyyən mənada özümüzdən asılı salmaq, ad-san, nüfuz qazanmaq...


Bəzən də, sadəcə, iradəsizlik, zəiflik göstərdiyimizə görə “hə” deyirik. Başqalarının “güc”ü qarşısında duruş gətirə bilməyib özümüzə zərər vurur, əzilir, nələrisə qurban verir, amma yenə də “yox” deyə bilmirik. Reallıq ondan ibarətdir ki, hər zaman, hər kəsə “hə” demək nə fiziki cəhətdən mümkündür, nə də mənəvi. Bütün insanların gözləntilərini qarşılayıb, istəklərini yerinə yetirə bilən möcüzə insan – superqəhrəman olmaq arzusu xam xəyaldan başqa bir şey deyil.


Əslində, həyatımız sonsuz “yox”lardan və bir sıra “hə”lərdən ibarətdir. İstəsək də, istəməsək də, xəbərimiz olsa da, olmasa da, ondan hər addımbaşı istifadə edirik: yutubdakı onlarla videoya “yox” deyib birinə baxanda, spotifaydakı yüzlərlə musiqiyə “yox” deyib birini dinləyəndə, amazondakı minlərlə kitaba “yox” deyib birini alanda. Siqaretə yox, şiddətə yox, ayrı-seçkiliyə yox!..
Əsas məsələ budur ki, müsbət anlam daşıyan “hə”yə sevgi, mənfi məna kəsb edən “yox”a nifrət hər zaman, hər situasiyada, hər kəsin qarşısında özünü doğrultmur. Bəzən yerlər dəyişir, “yox” xeyiri təmsil edir, “hə” şəri. Uşaqlıqdan beynimizə yeridilən “İstəyənin bir üzü qara, verməyənin iki üzü” prinsipinin “hə” cavabı qoparmağa hesablanan tələ olduğunu nəzərə alsaq, qərar verməzdən öncə iki dəfə düşünməliyik. Daha da vacibi “Niyə “yox”?” və ya “Niyə “hə”?” suallarına cavab tapmalıyıq. Əlbəttə, yuxarıda yazılanlara nəzərən, tərs məntiq də var: özümüz həmişə “yox” deyib başqalarından daim “hə” gözləyiriksə, bu, eqoizmdir, narsisizmdir.


Yox, bu yazı təkcə başqalarına “yox” demək barədə deyil. Həm qlobal miqyaslı, tarixi-fəlsəfi yanaşmanı, həm də sadə məişət zəminindəki, gündəlik iş həyatındakı baxışı bir kənara qoysaq, bu yazı, eyni zamanda, hər kəsdən qabaq özümüzə, içimizdəki bir çox “mən”lərə “yox” demək barədədir. Beynimizdəki “mən”lər bizi yanlış yollara çəkməyə çalışanda, ağılsız hərəkətlər etməyə, istəklərimizin köləsi olmağa səsləyəndə də, başqaları ilə münasibətdə olduğu kimi, vicdan əzabı çəkmədən, qətiyyətlə “yox” deməyi öyrənməliyik.

# 1430 dəfə oxunub

Müəllifin son yazıları

# # #