Xudayar təsnifi - Rəna Həsənova

Rəna Həsənova

Rəna Həsənova

15 dekabr 2021
# 10:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəna Həsənovanın “Xudayar təsnifi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Atəş açıldı. Elə həmin dəqiqə onu kimsə çağırmağa başladı… Xudayar…Xudayar… Səs getdikcə həyəcanlı halda çağırmağa davam edirdi. Xudayar… Xudayar…

Səs həm doğma idi, həm də yad idi. Bu iki təzadlı fikirlər arasında ikən birdən sürətlə uçmağa başladı. Səsə doğru uçurdu. İndi bu səsin sahibini görəcəkdi. Hər tərəf yamyaşıl idi. Sürətlə eyni istiqamətdə uçduğu halda birdən səmtini dəyişdi və səmada buludları yararaq daha yüksəyə, daha yüksəyə uçmağa başladı: “Göyün yeddinci qatı buradır yəqin” - deyə düşündü.

Səs bu dəfə “Xudayar” - deyə sevinclə səsləndi.

- Xudayar, Xudayar, qalx. Nə olub sənə? Oyan!!!

Xudayar hövlnak oyandı. Gözlərini ovuşdurdu. Harada idi?

Hə… növbəti döyüşdən sonra dincəlmək üçün dağın ətəyində, yaşıl otlağa uzanmışdılar. Əsgər dostları ilə zarafatlaşır, sonra sakitlik çökmüşdü.

- İnildəyirdin. Yuxu görürdün?

- Çox qəribə yuxu gördüm. Məni vurdular və həmin dəqiqə də kimsə məni çağırmağa başladı. Yuxuda tanımadım, anlaya bilmədim çağıranın kim olduğunu.

Yalnız indi başa düşdüm ki, atam idi məni çağıran. Səs həm, doğma idi, həm də yad. İndi anlayıram. Axı atamı 24 günlük çağa ikən itirmişəm. Atasız böyümüşəm. Yuxuda atama tərəf uçurdum. Hər tərəf gözoxşayan yaşıllıq idi. Birdən səmtini dəyişib yüksəkliklərə, ənginliklərə tərəf uçmağa başladım.

Birdən nəsə mühüm bir şey anlamış kimi sözünü kəsdi:

- "Mən şəhid olacağam. Bu yuxunun mənası budur"- deyə ürəyində düşündü. “Şəhidlik" kimi yüksək bir mərtəbəyə yüksəlmək fikri onu həyəcanlandırdı. Bu mərtəbəyə qalxmaq hər kəsə nəsib olmaz. Polad Həşimov kimi…

Xudayar Tovuz döyüşlərində Polad Həşimov “Şəhidlik" zirvəsinə yüksələndən sonra, minlərlə igid oğullarımız kimi könüllü ordu sıralarına yazılır və Vətən müharibəsinin ilk günlərindən cəbhəyə yola düşür. İlk döyüşləri Murovdağ istiqamətində olur.

Anasının doğulduğu Ağdam şəhərini azad edib, babasına bu müjdəni vermək kimi sevinci dadmaq ən böyük arzularından idi. Şuşa isə onun uşaqlıq məhəbbəti idi.

Şuşanın dağları

Başı dumanlı

Qırmızı qoftalı,

Yaşıl tumanlı…

deyə 9 yaşlı məktəbli ikən oxuduğu nəğmə ömürlük hafizəsinə həkk olunmuşdu.

- Görəsən, Şuşaya qədər getmək mənə nəsib olar? - deyə elə hey düşünərdi.

Bir neçə gün keçdi. Çox ağır döyüşlərdən birini də arxada qoyub dincəlirdi. Xudayar öz əsgər dostları ilə 3 gün idi ki, ac idilər. Üzlərindən aclıq, yorğunluq yağırdı. Ancaq Vətənə məhəbbət hissi o qədər ali idi ki, heç nə olmamış kimi gülüb-danışır, zarafatlaşırdılar. Birdən məlahətli, həzin bir səs sakitliyi yardı, ürəklərin, qəlblərin dərinliklərinə işlədi.

Dumanlı dağların başında durdum,

Dumandan özümə bir xeymə qurdum.

Keçdi xəyalımdan öz gözəl yurdum

Dumanlar başında duman göründü.

Deyirlər, bülbülə çəmən yaxşıdır,

İnsançün laləzar Vətən yaxşıdır.

Şair, sorma nədən Vətən yaxşıdır?

Adı gəlcək könlüm dastana döndü.

İki gün keçdi. Ardı-arası kəsilməyən döyüşlərdən birinə gedirdilər. Zəngilan istiqamətində gedirdi döyüşlər.

Komandir:

- Xudayar, sən bu döyüşə getmə. Burnunun qanı dayanmır.

- Buna görə döyüşdən qala bilmərəm. Biz bura qan tökməyə gəlmişik, komandir.

Xudayarı vurdular. Ancaq yaralı halda döyüşə davam etdi. Var qüvvəsi ilə vuruşurdu. Bəzən tükənməkdə olan qüvvəsini səfərbər edərək döyüşməyə davam edirdi.

Ana südü ilə, ana laylası ilə hopmuşdu ürəyinə, qəlbinə Ana Vətənə məhəbbət.

“Öncə Vətən" - deyə son qanına qədər vuruşacağına özü-özlüyündə söz vermişdi.

Hər qarış torpaq uğrunda neçə-neçə Şəhid verirdi Ana Vətən. -“Vətən, başın sağ olsun” deyə vuruşmağa davam edirdi Xudayar.

Birdən sakitlik çökdü. Xudayara elə gəldi ki, düşmən gedib. Başını qaldırdı. Elə oradaca onu vurdular. Son anda gözəl yurdu, anası, ailəsi üçün tikdirmək arzusunda olduğu ev, nərgiz ətirli, nərgiz çiçəyini xatırladan, gələcəkdə uşaqlarının anası olacaq şirin qız gözlərinin qarşısından kino lenti kimi keçdi.

“Ağdama çata bilmədim. Nə olur olsun ruhum orda döyüşəcək.”

Bərdə Şəhidlər Xiyabanı bu qədər izdiham görməmişdi Xudayar dəfn olunduğu günə qədər.

Xudayar Yusifzadə.

15.07.1998

22.10.2020

22 yaşında “Şəhidlik" zirvəsinə yüksəldi Xudayar. Yuxusu Çin çıxdı Xudayarın.

Çökək yanaqları, sevimli gülüşü ilə dastana döndü.

Telefon zəng çaldı. Radə xanım dalmışdı. Xudayarın həzin səsinə qulaq asan ana, səsin ecazkar təsirinə düşmüşdü.

Zəng səsi susmurdu, israrla çalmaqda davam edirdi. Birdən ana xəyallardan ayıldı:

- Alo…Buyurun…

Zəng xaricdən idi. “Xudayar" təsnifi bütün dünyaya səs salmışdı. Hər kəs bu səsdən bir rahatlıq tapırdı.

- Xudayarın anasıdır?

- Bəli.

- Bilirsiz, mən “Xudayar təsnifi" ilə əlaqədar zəng vururam. Biz bu səsi çox araşdırırıq. Amma səsi, tembri heç cür müəyyən edə bilmirik. Siz bu barədə bir söz deyə bilərsiz?

- Mən düşünürəm ki, bu səs Dünya səsi olmadığı üçün, şəhid səsi olduğu üçün belədir. Məncə orada tək Xudayarın deyil, bütün şəhidlərin səsi birləşib. Bu səs Cənnətdən gəlir.

Şair, sorma nədən Vətən yaxşıdır?

Adı gəlcək könlüm dastana döndü.

# 2473 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #