Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - İkinci hissə

Xeyrat - Azad Qaradərəlinin uzun hekayəsi - İkinci hissə
3 iyun 2023
# 10:45

Kulis.az Azad Qaradərəlinin "Xeyrat" adlı uzun hekayəsinin ikinci hissəsini təqdim edir. (Birinci hissə)


-2-

“İrəhməttiy nənəm deyərdi ki, o qana qurban olum ki, üstünnən bir saat vaxt keçsin…
Eeeeeehhhh… Neynim, nejeliyim ki var…

Doğrudan, mən kopolu neyniyim, başıma haranın daşın salım? Ömrümü bununçün çürütdüm, axırı da belə… Biz gör neçə illərdi bıra – Xızıya qaşqın gəlmişik, amma bının ağlı geder, gəler… Hərdən elə biler ki, genə öz rayonumuzda, öz kəndimizdəyik… İşə bax, o vaxt maa tapşırmışdı ki, gedersən Xızıya, orda bir İstatiska idarəsi müdrü var Mahir adında, o mənim partşkoladan tələbə yoldaşımdı, maa on sot torpax alıb… Belə baxerəm ki, bizim irayonu da ermənilər tutajıxlar, sən get, eynən bu villa kimi orda da birin tihdir ki, qaşqın olup çöllərə düşəndə, genə başımızı təpməyə yerimiz olsun… Nə yaxş da məni göndərdi, gəldim bu Xızıda tihdidim bu əvi… Yoxsa çöllərdə qalesiydih…

Nənəmin o misalı bıra üçünmüş…

İndi genə elə biler ki, Armutdudayıx… Qızıltəpədəyiy… He-he… Sən allah, hələ bir saçını hörməyinə-zada bax! Soruşanda da deyer ki, Gülcamal hörüb… Mən bunu day balam kimi, anam-bacım kimi isterəm vallah!.. O sevgi-zad dellər ha, bax onnan da ötə… Mən indi kitap-zad oxumamışam dana, ama bu Masuma xanımın oxuduxlarının hamsın əzbərdən bilerəm… (Deyirəm, o vədə, 93-də nə yaxşı gejiynən ev-eşiyi, kitab-dəftərqarışıq yığdım Kamaza, daşıyıb töhdüm bu Xızıdakı iramontsuz villaya... Bırdakı zal otax da, yatax otağı da, qonax otağı da, bağ-bağat da, kuxna-muxna, kitab irəfləri eynən ordakı kimidi. Yazıx əlini sürter, elə biler ki, Armutdudakı əvdədi… İndi ağlıyajam vallah…) Düzdü, mənə kitab oxudanda gözüm sulaner, ama day öyrəncəli olmuşam, höccələyə-höccələyə də olsa, oxuyuram… Özü də necə oxuyuramsa, elə heyləjə yadımda qaler… Bax, o Nazımın kitabının yanındakı kitabı yazanın adı nəydi? Qoy baxım, hə Palbo Noreda… Nerida… Ne-ru-da… Hə, Neruda… Onun bir şeirini oxutdu maa, imam haqqı oxuyannan beş dəqya sohra şeiri əzbərdən dedim ona… Deyirəm, o zaman Qara Əhbər məni oxumağa qoysaydı, indi vallah beş kişidən biriydim.

Azınnan Masuma kimi iraykom olardım… Neçə vaxtdı ayağın dirəyib ki, məni apar Giləziyə, İrahman orda opşijiteldə qaler, ona baş çəkim… Day deyəmmirəm ki, ay evi yıxılanın qızı, İrəhman iki ildi ölüp… O yazıx da bir gün görmədi bu düynada… marif müdürü olasan, Bakıda baş təpməyə bir evin olmuya, gəlib Giləzidə obşijiteyə qısılasan… Axırı da Giləzi qəbiristanında beş-altı qaşqın səni basıra… Mən də mersedesi minib, sürdüm ora, getdim yasına, dedim ayıbdı axı, salam-kalamımız vardı… İnsafən, yaxşı da oğlan idi… Taleyi gətimədi… Bir yannan bu Masuma xanımın ədazıllığı, bir yannan Qara Əhbərin hirsi-hikkəsi, bir yannan da bacısının Türkiyədə pox qaynatması… Onu da maa bu Xızıdakı İstatiskanın müdiri danışdı, yoxsa mən nə bilerəm Gülcamalın qızı Türkiyədə nə qayırır…”

- Əpiş, nə fikrə getmisən, səsin çıxmır? – Məsumə xanım onun saçlarının pırtlaşığını çözən Əpişi dürtmələdi.

- Eeee, ay Masuma xanım, sən allah, qoy görüm nə qayırerem… Cin düyünü salmısan e!..Kişi qadının saçını çözə-çözə yenə huş-kuşla öz aləminə qapıldı…

“İndi öz-özümə deyerem ki, ay Əpiş, sənin də ağlın çönür, dəəsən? Niyə? Ona görə ki, bir gün bağda işdeyirdim, gördüm uzun boylu bir arvad bizim darvazanı açıb içəri girdi. İstədim çıxam qabağına ki, nədi, nə istersən, arvad zonnı keçib girdi əvə. Mən də özümü işəri salanda nə gördüm? Gülcamal oturub Masuma xanımın dizinin dibində, bına lay-lay çaler, sohra da saşdarını hörer… Başıma hava gəldi sandım. Axı bı Gülcamal arvadı mən bı əllərimlə qəbirə qoymuşdum?.. Özü də harda, harda, Armutduda. Ay kişi, lap tutalım, Gülcamal arvad dirildi, bəs bıra nəynən gəldi? Nə təhər gəldi? Axı ora ermənidədi?..
Ən çox məni dəli eliyən şey ayrıydı: Gülcamal öləndə əlliyəcən yaşı olardı. O vaxtdan iyirmi ildən çox vaxt keçib. Gərək bu arvadın indi azınnan yetmiş səkkiz, yetmiş doqquz yaşı ola. Amma hanı, bı Məsumənin dizinin dibində oturub lay-lay çalan Gülcamalın elə genə əlli yaşı olar, ya olmaz…

Cin vırdı təpəmə. Gəlib Gülcamalın qolunnan tutdum ki, atam çölə. Masuma bir zarıdı, bir qışqırdı, ağlım başımnan çıxdı:

-Ay Əprayıl, nağayrırsan, qolumu qırdın ki?

Gördüm Gülcamal nəqayrır, Masumanın biləyinnən bərk-bərk yapışmışam…O günnən özümnən şüpələndim… Dedim, ay Əpiş, sən də zayılladın?..”

***
“Atamın ölüm ayağında sayıqlayırmış kimi dediyi sözlər sümüyümü sürmə elədi. Dedi ki, o kəhrizdə məni şeşə vurdu. Biz nəsilləmə vurğuntuluyuq… Mənnən sonra doğulan qardaşımı da axşam su üstündə şeşə vurmuşdu… Qulun kimi kişnədi, çərlədi, qan qusub öldü… Mən də su üstündə vuruldum. O kəhrizin suyunda illət var… Nəbadə, o səmtə üz çevirəsən… Orda dərd var… Nənəm deyərdi, su aydınlıxdı, amma həm də xatadı su… Axund Molla Ağa söylüyürmüş ki, bir dəfə yer üzünü su alıb, canlılar məhv olub… Bu dəfə tək məni apardı su. Amandı, sudan qorun… Kitab oxu… Kitab oxu… Elm öyrən… Çıx, get bu xarabadan… O kəhriz səmtə getmə…

Atamın ölümünnən az sonra kəhrizin suyunu Əkbər əmim aparıb laboratoriyada analizə verdi. Elə o analiz söhbətinnən bir ay sonra bir dəstə geoloq gəlib tökülüşdü kəhriz səmtdəki Qızıltəpə dağının ətəyinə, vaqon evciklər qurub, qazma alətləri ilə yeri qazmağa başladılar. Üstünnən heç bir neçə gün keçməmiş, xəbər çıxdı ki, bizim kənddən xeyli yuxarıda, Ermənistanın ərazisində də qazıntı işləri başlayıb. Hər iki tərəfdən qazdılar, qazdılar, sonra qazdıqları torpağı maşınlara doldurub harasa apardılar…

Şayiə yayıldı ki, bəs bizim kəhrizdən yuxarı səmtdəki dağda qızıl yataqları varmış.
İşə bax ki, insanlarımız bu dağa min illər əvvəl Qızıltəpə adını qoymuşdular…
Sovet hökümətinə qızıl bəxş edən o dağ məni atasız qoydu…

Nənəm bir də deyərdi ki, xəzinə üstdə ilanlar yatır. Qızıl heç kimə xoşbəxtlik gətirməyib…

O qızıl mənə bədbəxtlik gətirdi – atamı aldı əlimnən. Amma üstünnən heç otuz il keçmədi ki, Sovet hökümətini də dağıtdı o qızıl yatağı… Nənəmin bir sözü də vardı axı: “Xalqın malı ilan sümüyüdü” deyərdi… Onu xeyrat kimi göyə sovurarsan, keçər boğazına…
Keçdi elə. Bütün Sovet rəhbərlərinin axırı puç oldu, bizimkilər qarışıq… Elə mənim axırım kimi… Allah bunnan betərinnən saxlasın…O qazıntı işlərindən sonra kəhrizimiz qurudu. Təpəgözün tökülmüş gözü kimi kalafası qaldı. Allahın qarğışına keçmişdik…”

Əpiş qadının qısa, amma zənci saçı kimi özündən buruq-buruq olan saçlarının pırtlaşmış-qarışmış məktəbli hörüyünə oxşayan əcaib hörgüsünü aça-aça dərindən nəfəs alıb azaylandı:
-A Masuma xanım, nolar, bir də belə eləmə… Həmi saçın yorer məni, həmi də çox kökəlmisən e, qaldırayilmirem, özün də yorersen, məni…

Məsumə xanımın yadına illər əvvəl tələbə vaxtı Rəhmanla “Senyor Robinzon” filminə baxarkən Rəhmanın onun saçlarını sığallayaraq dediyi sözlər düşdü: “Camaatın qızları pul tökür, vaxt itirib bərbərə gedir ki, saşını burdursun, mən bəxtəvərin sevgilisi isə anadagəlmə buruqsaçdır. İndidən xeyli qabağa düşmüşəm.”

Bunları deyə-deyə Qaraçuxurdakı parkda oturub öpüşmüş, gələcəklərini müzakirə etmişdilər. Bir balaca şairliyi də olan oğlan onda bu arıq-uruq qızı sinəsinə basaraq bədahətən demişdi:

Saçları buruq yarım,
Döşləri quyruq yarım.
Yeddi oğul istərəm,
Bircə qız, arıq yarım…

Arıq sözünə o ki var gülmüşdülər.
Məsumə, doğrudan, o qədər arıq idi ki, nənəsi demişkən, beli üskükdən keçərdi.
İndi isə telli-toqqalı sevgilisi Rəhmanı itirib, bu pəzəvəng adamın umuduna qalıb. Həm də o qədər kökəlib ki, bu pəzəvəngin də gücü çatmır…Həkim demişdi ki, köklük ürəyinizə ziyandır. İşemiya xəstəliyinin əlamətlərini görürəm. Həkimdən qayıdanda Əpiş maşını sürə-sürə beynini didən suala cavab tapa bilməyib soruşmuşdu: “A Masuma xanım, sən allah, bağışda e, o həkim nə dedi? İşəməy xəstəliyi?”

Qadın son zamanlar ilk dəfə ürəkdən gülmüş, sonra gülməyi ağlamaqla əvəz olunmuş və elə ağlaya-ağlaya demişdi:

“Hə, Əpiş, işəmək xəstəliyi… Daha bu ürək mənim nəyimə lazımdı, ay Əpiş?! Bir ürək ki, üstünə işəməyə da layiq deyil…”

Məsumə xanım bütün günü ağlamış, Əpiş ha çalışsa da, onu kiridə bilməmiş, əlacı kəsildiyindən bu pəzəvəng adam da ona qoşulub uşaq kimi zulum-zulum ağlamışdı…

***

“Qara Əkbər təkcə kəndimizin, familiyamızın, nəsil-kökümüzün başbiləni, yol göstərəni, ağıl verəni deyildi, həm də ailələrin daxili işinə belə qarışır, acığ edən gəlini əri ilə barışdırır, arvadını döyən kişini təhər-töhmət edir, atasının üzünə ağ olan oğula qulaqburması verərdi. Hə, axı bu evliliklərin bir çoxunun da müəllifi, binagüzarlıq edəni o idi. Bir də görərdin, zat-kökdən gələn bir amiranəliklə qardaşı nəvəsini bacısı nəvəsi ilə evlənməyə məcbur edir, yaxud əksinə, əminəvəsini dayınəvəsinə məsləhət görürdü. Ailələr də, cütlüklər də, adətən, bu məsləhətdən çıxmazdılar… Üstəlik, bu kişi yeni doğulan uşaqlara da ad qoyar, hətta zəng eləyib kənd sovetinin katibinə qoyduğu adı yazdıradı da ki, çaşıb ayrı ad verməsinlər. Hələ onun qoyduğu adı dəyişən olmamışdı…

(Axı ailələr, lap elə cavanlar özləri niyə etiraz eləsinlər ki? Rayona gələn ən yaxşı mebel dəstini əmim o cütlüyün toyuna hədiyyə edərdi, oğlan, yaxud qız işsizdisə, hökmən bir idarədə işə düzəldərdi. Hələ o vaxtlar tapılmayan xarici malın rayona gələn hissəsindən onlara mütləq nələrsə düşərdi. Daha belə yerdə kim etiraz edər ki?)

Amma bir dəfə oldu bu iş. Əkbər əmimə qarşı ilk üsyün bayrağını on üç yaşlı bir uşaq qaldırdı. Bu, qonşu rayonda ərdə olan bibimizin oğlu Dayandur idi. Dayandur komsomola keçərkən etiraz etmiş, ailəsinin qoyduğu adı daşımaqdan imtina etmiş, bu işdə komsomolun ona yardımçı olmasını istəmişdi. Əks-təqdirdə, komsomola keçməyəcəyini elan etmişdi…

Xəbər Əkbər əmimizə çatanda maşınını minib, sonbeşik bacısı Teyfənin ərdə olduğu rayona sürmüş, nə qədər çalışsa da, on üç yaşlıdan çox, iyirmi üç yaşlılar kimi danışan tərs bacıoğlunu yola gətirə bilməmişdi. Kişi hirslənmiş, usagı hədələmiş, bu baş tutmayanda cibinə pul basmaq istəmiş, amma heç nəyin faydası olmamışdı. Uşaq ayağını dirəmişdi ki, mənim adımı dəyişin, vəssalam!

Buna qəti yol vermək olmazdı. Əgər Dayandurun adı dəyişilsə, kişinin reputasiyası zədələnər, bir Dədə Qorqud kimi illərdən gələn ailə gələnəyinin çat verməsinə səbəb olardı.

Dayandur isə ayağını dirəmiş, qışqıra-qışqıra demişdi ki, əgər adımı dəyişməsələr, nə məktəbə gedəcəm, nə də komsomola keçəcəm!

Əmim işin çillədən çıxdığını, ad-sanının təhlükə qarşısında olduğunu duyub, qərarını verir: bu gündən Dayandurun adı Dursun olur.

Oğlan bir aşağı baxır, bir yuxarı, deyir, mən razı!

Hətta əmim rayon Qeydiyat şöbəsinə de gedərək məsələni çevik həll edir. Dayandur bircə günün içində Dursuna çevrilir…

İşə baxın ki, forma dəyişsə də, yeni ad qulağa xoş gəlsə də, mahiyət qalır: hər iki adda bir durğunluq, ətalət var. İnsan oğlunun irəliyə şütüyən ağlı bizim ailə gələnəyimizə qəti təsir etməmişdir…”

Sonuncu cümləni içindən keçirəndə Məsumə xanım acı-acı güldü. Onun gödərək saçlarını pırtlaşıqlıqdan azad etməyə çalışan Əpiş sallaq bığlarını çeynəyib, qarşısında qalaqlanmış bir topa tükə baxa-baxa dedi:

-Nəə güleysn, a Masuma xanım? Mənim hörüyüu necə əziyyətlə açmağımamı?.. Bura bax, bir topa tük tökülüb, saçıı bir də belə eləmə, tökülər, keçəl qalarsan…

-Əpiş, Dursun* yadındadı?

-Hankı Dursun?

-Bibim nəvəsi Dursun… Xalq Cəbhəsinə-zada da qoşulmuşdu e…?

-Hə, yaxşı yadımdadı… İyid oğlandı… Əhbər əmimiz onun da başını yeyəcəhdi, ama olmadı, partiya dağıldı, Xalx Cəbəsi quruldu… Gədə erməniynən döyüşürdü dana…

-Bilmirəm, sən eşitmişdin, ya yox, onun ilk adı Dayandur idi, əmim qoymuşdu. Sonra oğlanın dava-dalaşınnan sonra dəyişib Dursun qoymuşdu… Onun axırı nə oldu?

-Bilmerəm ki… Dəən, bir ara hərbidə MAXE oldu… Sohrasını bilmerəm… Niyə soruşdun?

-Heç…
***
Pandemiya millətin üstündən bir qarayel kimi əsib keçdi – zədəli adamları, içində dərd gizləyənləri, qəlbinin aynasına çat düşənləri boğub-boğmalayıb apardı. Lap canavar kimi. İllah da canavarın yalquzağı sürüyə girəndə ilk yaxaladığı sürünün gözü sayılan heyvan olsa da, sonra tez ələ keçən arıq-axsağı, içini döyüb öskürənləri, ayağını çəkənləri, qarnında quzusu olanları və qoca heyvanları tezbazar boğub üst-üstı yığar, sonra o sürünün gözü bildiyi siftə boğduğunu ağızlayıb kürəyinə atar və aradan çıxar…

Korona virusun şüdd elədiyi vaxtlarda eşitdim ki, Məsumə xanım dünyasını dəyişib. Özüm də bu zibil xəstəliyə yoluxduğum üçün və üstəlik də risk qrupna aid olduğum üçün yasa gedə bilmədim. Rayonlarımız qonşu olduğundan bizim yerli qəzetdə işləyərkən iki rayonun birgə layihəsi olan bir məsələ ilə bağlı bizim rayonun ideoloji katibinin tövsiyəsi ilə Məsumə xanımdan müsahibə almışdım və o müsahibə həm bizim yerli qəzetdə, həm də o vaxtlar Mərkəzi Komitənin orqanı olan “Sovet kəndi”ndə dərc olunandan sonra aramızda xətir-hörmət yaranmışdı. Hətta bir gün işdə əyləşib hansısa yazımı köhnə makinamın dillərinə döyəcləyərkən iş telefonuma zəng gəldi və dəstəyi qaldıranda bizim telefonçu qızlardan biri dedi ki, müəllim Dəvəçiyə cavab verin.

O başdakı adamın həlim, bir qədər də nazik səslə “salam, jurnalist dost” deməsi məni silkələdi. Bu səsi mən haçansa eşitmişdim. Mərkəzi Komitənin plenumunda çıxışı zamanı heç vaxt dəyişməyən səsi ilə elə gözəl danışmışdı ki, qəlbimi fəth etmişdi. (O səsdə bir az həlimlik, bir az doğmalıq, bir az da intimlik vardı… Amma o səsdə mən daha çox heç bir birinci katibin səsində olmayan çəkingənlik, ümidsizlik, nəyinsə həsrətini çəkən nigarançılıq da hiss etmişdim. O vaxtın birinci katiblərinə xas hökm, hikkə, asaram-kəsərəm ədası yaddı o səsə. Bəlkə, buna görə o adama qarşı həmişə bir yaxınlıq, mərhəmlik duyğusu olub məndə…) Əcaba, həqiqətənmi o səsin sahibi idi?! Mən hara, o hara?! Yəqin bu sadəcə bir səs bənzəyişidir?..

-Salam, kiminlə danışıram?

-Çingiz Fərəcov sizi narahat edir… Dəvəçi rayon partiya komitəsinin birinci katibi…

O idi! Həqiqətən, o idi!
Amma bilmədim, sevinəm, yoxsa kədərlənəm. Sevinmək istəyirdim, ona görə ki, həyatını və fəaliyyətini yaxşı bildiyim, yetimxana uşağından birinci katibəcən yol keçmiş, respublikada təmiz ad qazanan azlardan olan görkəmli bir şəxsiyyət mənə, adi bir jurnalistə, cəmi bir hekayələr kitabı çıxan gənc yazıçıya zəng etmişdi, həm də kədərlənir, daha doğrusu qorxurdum – belə adamların zənginin iki başı olur: görəsən, bizim yerli qəzetdə, yaxud müntəzəm çıxış etdiyim respublika mətbuatında nə səhv buraxmışam ki, bu adam özü şəxsən mənə zəng edib?..

*Müəllifin “Kuma-Manıç çökəkliyi” romanının əsas qəhrəmanlarından biri. Sonralar adı “Cəbrayıl əfsanəsi” romanında da keçir.
(Yanlış anlaşılmasın, qətiyyən qorxaq biri olmamışam. Yaşadığım rayonun bütün əhalisi bilir ki, dəfələrlə öz rayonumuzun və qonşu rayonların mədəniyyət, təhsil sahələri, habelə insanların güzaranının pisləşməsinə səbəb olan vəzifəli şəxslərin əməlləri barədə respublika mətbuatında yazılar yazmış, kimlərinsə qəzəbinə gəlməkdən çəkinməmişəm. Amma Çingiz Fərəcov mənim kumirim olan şəxs idi. Xüsusilə, onun həyatında Nazim Hikmət kimi sevdiyim bir şairin də olması bu adama heyranlığımı artırmışdı. İndi birdən-birə bunun qəfil zəngi…)

-Mən bu günlərdə sizin”Sovet kəndi” qəzetindəki müsahibənizi oxuyub xeyli mütəəsir olmuşam. Əvvala, ona görə ki, artıq sizin imzanızı yaxşı tanıyıram. “Ədəbiyyat və incəsənət”, “Sovet kəndi” qəzetlərində, xüsusilə “Ulduz” jurnalındakı yazılarınız imzanızı mənə sevdirmişdi… Və bu müsahibə də səviyyəli idi… Həm də mənim hörmət bəslədiyim, mənəvi qızım sandığım Məsumə xanımla olması da ayrıca bir məsələdir… Çox xahiş edirəm, yolunuz Dəvəçiyə düşsə, hökmən mənimlə görüşməyə gəlin… Məsumə xanıma da zəng etdim, belə səviyyəli müsahib üçün təbrikimi çatdırdım… Mənə bir xahişiniz varmı?

Nitqim tutulmuşdu. 33 yaşında bir gənc qələm adamının respublikada tanınan ziyalı, bir rayonun ağsaqqalı ilə bu səpkidə telefon söhbəti o zaman üçün ağılasığmaz məsələ idi. Heç indinin icra başçıları nədi, adi polis rəisləri də adamla belə danışmazlar…

Çingiz müəllimə təşəkkürümü bildirdim. O isə daha nələrsə deyib, sağollaşdı.

(Çingiz müəllimlə üzbəüz görüşüm isə bir dövlət komitəsində çalışdığım zaman baş tutdu. Lap sonalar Çingiz müəllim vəfat etdi və mənim onunla Nazim Hikmətin münasibətlərindən bəhs edən yazım Türkiyənin “ Bahar – Bərfin” dərgisində çap olundu.)

Və üstündən bir neçə saat keçən kimi Məsumə xanım zəng etdi. O Çingiz müəllim kimi deyil, əsil birinci katiblərə xas quru səslə təşəkkür etdi, mənə bir şey lazım olsa, mütləq ona zəng etməyimi dedi və dəstəyi asdı. Amma onun təxminən bir il sonra hansı məqsədləsə bizim rayona gəlməsi, birinci katiblə görüş zamanı məni də çağırtdırması, katibə məni xeyli tərifləməsi aramızda isti münasibət yaranmasına səbəb olmuşdu. Bir neçə dəfə onların rayonuna yolum düşəndə qəbulunda olmuş, söhbət etmişdik. Hətta bir dəfə onların rayonunda yaşayan tələbəlik dostumun qardaşının haqsız yerə şərlənib həbs edilməsinə dözməyib ora getmiş, məsələyə qarışıb, işin vicdanla həll olunmasına yardımçı olmasını xahiş etmişdim. Sonradan tələbə yoldaşım danışırdı ki, hakim o biri tərəfdən külli miqdarda rüşvət alsa da, Məsumə xanımın işi diqqətdə saxlamasına görə qardaşı qanunsuz həbsdən qurtula bilmişdi…

İndi məcburi köçkün həyatı yaşayan bizləri pandemiya boğmağa başlayan zaman bir yandan da ordumuz sürətlə rayonlarımızı azad edir. Mənə təsir edən o idi ki, Məsumə xanımın vəfatından iki gün sonra onların rayonu işğaldan azad olundu. Bu vətənpərvər xanım o xoşbəxt günü görə bilmədi. Üstəlik, mən də onun dəfnində iştirak edə bilmədim…

Özümə söz vermişəm, inşallah, bu pandemiya bitsin, bir gün gedəcəm Xızıya, Məsumə xanımın məzarını ziyarət edəcəm, məzarı üstünə qərənfillər qoyacam, molla çağırıb Yasin oxudacam…

***


Allah heç kimə sevdiyi insana “siz” deyə müraciət edəcəyi günü göstərməsin.

Düzdür, aristokrat adamlar olub ki, kişi ilə xanım bir-birinə ömrü boyu “siz” deyib, bu ayrı şey. Amma… Bunun - mənim dediyimin adı yoxdur…

Hə. Bu yazının üstündə işləyərkən əlimə bir qovluq keçdi. Onu mənə Əpiş vermişdi. Məsumə xanımın yeganə varisi olan Əpiş. Mənim xahişimlə o qovluğu yalnız bir neçə saatlığa, elə onun özünün yanındaca tanış olmağa icazə verdi. Qovluqda şəkillər, bəzi əlyazmaları və indi oxuyacağınız məktub vardı….

Budur o məktub…

Gənc müəllim, rayon maarif şöbəsinin inspektoru Rəhman Namaozvun “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunduğu “Bilik” günündə sevgilisi, raykomun üçüncü katibi Məsumə Rəhimovaya yazdığı məktub:

“Hörmətli məktub!

Əziz və möhtərəm Məsumə xanım!

Hər axşam sizə olan eşqimi sübut etmək üçün işdən sonra gəlib raykomun qarşısında gözləyir, əvvəl birinci katibin, sonra iknici katibin, ən sonda sizin otağın işığının söndüyünü gördükdə çəkilib bir küncdə dayanır, sizin incə yerişlə sarı rəngli Villis maşınınızın arxa tərəfində əyləşdikdən sonra maşının tərpəndiyini görüb, yorğun yerişlərlə Dolayı məhlədəki evimə yollanıram. Bu, neçə illərdir ki, belədir.

Bir neçə dəfə qəbulunuza gəlməyə çalışsam da, oradakı tünlükdən çəkinmiş, onsuz da gərgin olan iş rejiminizi daha da gərginləşdirmək istəməyib, çəkib getmişəm.

Bizim maarif sahəsi sizin kurasiyanızda olduğundan iclaslarda ani göz-gözə gəlməyimizi nəzərə almasaq, gör neçə müddətdir ki, görüşmürük. Mənim sizə o qədər deyiləsi sözlərim var ki!

İşə baxın, mən sizə “siz” deyə yazıram?!

Bizim taylarımızın çoxdan toyu olub, hətta oğul-uşaq sahibi olanlar da var. Biz isə yerimizdə sayırıq.

Sizə şad xəbərim var! Bu gün Maarif Nazirliyindəki dostum zəng edərək mənim “Qabaqcıl maarif xadimi” döş nişanı ilə təltif olunduğumu bildirib. O zəngdən sonra poçt gəldi və “Azərbaycan müəllimi” qəzetində təltif olunanlar arasında adımı görüncə sevincimin həddi-hüdudu olmadı!

Əziz Məsumə xanım!

Mən bu şad günümdə sizinlə bir yerdə olmaq, bu hadisəni qeyd etmək üçün plan qurmuşam. Əlbəttə, bizim rayonda deyil, qonşu rayonun “Çinarlı” restoranına zəng edib, təbiət qoynunda yerləşən domiklərin birini bir günlüyə ikimizçün sifariş etmişəm.

Nə olar, Bakıdakı şad günlərimizin xatirinə, sabahkı bazar gününüzü mənimlə birlikdə keçirməyə razılıq verin. Həm də mənim sizə artıq bir ildir aldığım, amma heç cür verə bilmədiyim bir hədiyyəm də var. Onu da sizə təqdim etməyimə şərait yaradın.
Hörmət və ehtiramla: Rəhman Namazov.
01. 09.1978-ci il.”
Siqaretdən saralmış sallaq bığlarını əlinin dalı ilə hərdən yuxarı itələyən Əpişə baxdım. Adam əməllicə sınıxmış, yüz ilin qocası kimi əllərinin, sifətinin dərisi qırışımış, onsuz da balaca olan gözləri çuxura düşmüş, damdar alnı daha da daralmış, aldığı nəfəsi bayıra buraxmaqda zorlandığından can verən adam kimi hıqqıltılı hala düşmüşdü…

Ayrılanda siqaret istədi. Çəkmədiyimi bilincə “Masuma xanım demişdi ki, tərgidim bu mirəti, amma hanı, onun yoxluğunnan sohra mən siqretmi tərgidə billəm?” deyib yenə hıqqıldadı və qovluğu bir qadın kimi köksünə sıxaraq çıxıb getdi…

***

Sənubər xanımın ölümündən sonra çantasından tapılan o zamanlar adına “bloknot” deyilən cib dəftərindən qeydlər: “Anam mənə müəllimi Xosrov Cavanşir haqqında ağlaya-ağlaya danışardı. Deyirdi ki, o Zəngilandan olsa da, bir müddət təyinatla bizim rayonda dərs dedi. Onda mən yeddillik məktəbin son sinfində idim. Bizə Nizamidən, Füzulidən, Vaqifdən, babası, məşhur şair Məhəmməd bəy Aşiq Zəngilanidən, onun oğlu şair Əbdüssəməd bəy Aşiq Zəngilanidən danışar, şeirlərini bəlağətli bir səslə söyləyərdi. O şeir söyləyəndə biz şagirdləri, illah da qızlar özümüzü unudar, onun əsirinə çevrilərdik. Cavan və son dərəcə yaraşıqlı bu adamdan allah heç nə əsirgəməmişdi. Kişi gözəlliyinin bütün detallarını onda tapa bilərdin… Bir dəfə Xosrov müəllim babası şair Məhəmməd bəy Aşiqlə Aşıq Pərinin məktublaşmasından, onların arasında olan platonik eşqdən şövqlə danışıdı və axırda qayıtdı ki, bir gün Pərinin əri ovdan qayıdanda qadın oğlu Mustafa qucağında ərinin pişvazına çıxır və əri görür ki, sevgili xanımının üzü cızılıb, hətta qan izi görünməkdədir. Kişi bədahətən soruşur:

Mahi ruxundəki ləkə tək xətt nədir, ya Pəri?!

Az əvvəl oğlu Mustafanın dırnağının cızdığı yerə işarəylə Pəri belə cavab verir:

Mustafa barmağıdır, şaqqalayıbdır qəməri…
Burada həm Aşıq Pərinin hazırcavablığı, həm də Qurandakı məşhur “Şəqqül-Qəmər”ə işarəsi onun necə hazırlıqlı bir qələm sahibi olduğunu göstərir… (Mustafa adı Məhəmməd peyqəmbərin adalrından biridir həm də.)

Anam deyərdi ki, Xosrov Cavanşir* bizə həm də bir zamanlar müstəqil dövlətimizin olduğunu, onun sarıqulaqların əli ilə süquta uğradıldığını, üçrəngli bayrağımızı da işarələrlə, al-dillə başa salmağa çalışardı. Anamın atası da məşhur Müsavat firqəsinin üzvü, M.Ə.Rəsulzadənin silahdaşı imiş. Bizim zonanın, bütün Zəngəzurun qazısı olan Bəhlul Behcət Əfəndi* anamgilin nəslinin ağsaqqalı imiş. İstanbulda təhsil almış bu böyük alimi Rəsuzadə höküməti Zəngəzura qazı təyin edibmiş… Onu da Sovet höküməti həbs edib on il sürgünə göndərmiş, sürgündən qayıdandan sonra da güllələmişdir…

Mən anamın bu kimi söhbətləri ilə tərbiyə olunaraq bir antisovet kimi böyüdüm və bir gün ərimin işi ilə əlaqədar Türkiyəyə gəldikdə ilk işim buradakı əski müsavatçıları, Cümhuriyyət sevdalılarını aramaq oldu. Rəsulzadə vəfat etsə də, onun ardıcılları ideyalarını uğurla davam etdirir, həm mühacir hökümətimizi, həm Müsavat firqəsini orada yaşadırdılar. Mənim ilk tanış olduğum adamlardan biri zəngilanlı Məhəmməd Azər Aran oldu. Məhəmməd Aran yazıçı İlyas Əfəndiyevlə birgə Qaryagindəki (indiki Füzuli rayonundakı ) pedoqoji məktəbdə oxuyarkən tanış olmuşdular. Müstəqil hökümətin süqutundan sonra Türkiyəyə qaçmağı qərarlaşdırsalar da, Məhəmməd Aranla danışdıqları yerə dostu İlyas gəlməyincə, o təkbaşına Arazı adlayıb, İrana, oradan da Türkiyəyə keçə bilmişdi.

Məhəmməd Aran burada ali təhsil almış, Müsavatın başqanı vəzifəsinəcən yüksəlmişdi. Onunla ilk söhbətimizdə danışdığım məsələ adamı elə həyəcanlandırdı ki, hönkür-hönkür ağladı. Mənim onu ağladan söhbətim belə idi.

Bizim bir mahnımız var, “Lalələr” adlanır. Onu dünya şöhrətli müğənnimiz Rəşid Behbudov oxuyur. Manhıda belə misralar var: “Nə vaxtdır Bakının gözü yoldadır / Bir qonaq gələsiz bizə lalələr”.
Bildiyiniz kimi, lalə qırmızı gül adıdır. Ləçəyi ağırlaşanda başını əyir və Anadolu türklərinin başına qoyduğu fəsə bənzəyir. Elə, əslində, bu mahnının sözləri də 1918-19-cu illərdə naməlum bir şair tərəfindən qoşularkən söhbət lalədən deyil, başında qırmızı kalpak Qafqaza, Azərbaycana yürüyən türk əsgərindən gedir. Düzdür, sonralar başqa bir şair bu mahnının sözlərini dəyişdirmişdir, zira əsas fikir qalmışdır: “Nə vaxtdır Bakının gözü yoldadır” və “Bir qonaq gələsiz bizə lalalələr…”

Sonra mən anamın Xosrov Cavanşirdən eşitdiyi misalı da söylədim. O deyərmiş: “Əzəl Rum, axır Rum!” Rum dedikdə Türkiyə nəzərdə tutulur. Yəni əzəlimiz də Türkiyə ilə olub, axırımız da Türkiyə ilə olacaq… İstəyirəm siz türkiyəli qardaşlarımıza çatdırasınız ki, biz Azərbaycan türkləri Sovetin bütün baskılarına rəğmən, Türkiyəni qardaş bilirik, nicatımızın bu qardaşlıqda olduğunu düşünürük. Xahiş edirəm ki, məni ölkənin lazimi adamları ilə görüşdürün. Sovet höküməti əleyhinə hansı məlumatlar lazımdırsa, Türkiyə istiqbaratına ötürrməyə hazıram. Baxmayaraq ki, bununla ərimi, ailəmi və özümü təhlükə altında qoyuram, amma mən bunu sevə-sevə edəcəyəm. Mən bütün əzab-əziyyətlərə baxmayaraq cümhuriyyət qurmuş, müsavatçılıq ideyalarına, Rəsulzadə yoluna sadiq qalmış insanların xatirəsi üçün bunu etməliyəm…

Məhəmməd Aran məni adını burada yazmağı caiz bilmədiyim bir neçə istiqbaratçı ilə görüşdürdü və mən artıq anamın, onun müəllimi Xosrov Cavanşirin, nəslimizin böyük nümayəndəsi cümhuriyyətçi qazı Bəhlul Əfəndinin xatirəsinə ehtiramla əməli fəaliyyətə başladım…

-----------------------------------------------------------------
*Xosrov Cavanşir – Əslən şuşalı Məhəmməd bəy Cavanşir Aşiq Zəngilani adlı 19-cu əsr Azərbaycan şairi və bəyi, Zəngilanda mülk sahibinin nəvəsi idi. Atası Əbdüssəməd bəy Aşiq də şair olub. Qarabağ xanı İbrahim xanla əmioğlu idilər. Qacar Şuşaya hücum edəndən sonra xan, bəzi tarixi səbəblərdən bu nəsli Şuşadan Zəngilana sürgün etmişdi. (Bu barədə bax: Azad Qaradərəli “Aşiqlər”, Bakı, Şirvannəşr, 2008)
*Bəhlul Behcət Əfəndi – Zəngəzurun qazısı. İstanbulda universitetin fiqh fakültəsini bitirmişdi. Sovet hökümətinə qarşı silahlı üsyünın təşkilatçısı olmuş, hətta bir müddət Xanlıqda yerli höküməti devirmiş, hakimiyyəti ələ keçirmişdi. O təkcə din xadimi deyil, həm də böyük alim idi. Qaçaq Nəbi haqqında kitabın, Sarı Aşıq haqqında tədqiqatın müəllifi olub. Bəhlul Əfəndi hətta izoterika elmindən xəbərdar olmuş, Bayıl həbsxanasında əlinin güclü enerjisi ilə müstəntiqlər tərəfindən işgəncə verilən dustaqları müalicə etm işdir. (Bu barədə bax: Azad Qaradərəli “Zəngəzur qazisi Bəhlul Behcət”, Bakı, Şirvannəşr, 2009.


Əgər mən bu yolda həlak olsam, yəqin ki, ilk olaraq nəslimə, kökümə ziyan dəyəcək, bir “vətən xaini” damğası vuracaqlar adıma. Zira mən bilirəm ki, bu müvəqqətidir. Er-gec, gün gələcək, Azərbaycan rus işğalından azad olunacaq, bağımsız bir dövlətimiz olacaq. Bax, onda Sənubər adlı bir “vətən xaini”nin adının üstündən o ləkə götürüləcək, qəhrəman olmasam da, bir vətənpərvər kimi anılacam…”

Məhəmməd Azər Aran və dostları Ankarada bir beşmərtəbəli binda gizləndiyi mənzildə DTK-nın əli ilə öldürülən Sənubər xanımın çantasından tapdıqları o “bloknot”u Müsavatın arxivinə təhvil vermiş və gələcəkdə partiya və Mühacir Hökümət Azərbaycana köçərsə, Sənubər xanıma aid olan sənədlərin də mühafizə olunmasını tapşırmışdılar.

***

Əli Aranın “Tanıdığım Nazim Hikmət” kitabının müəllifi jurnalist Orhan Karaveliyə* söylədiklərindən:

“Mən Məhəmməd Azər Aranla birgə Türkiyəyə qaçanda ikimiz də eyni soyadı – Aran soyadını götürmüşdük və buna görə bir çoxları bizi qardaş zənn edirdi. Əslində, elə qardaş kimi idik. Eyni soyadı qəbul etməmiz də gələcəkdə yaxşı tanımadığımız bu qardaş məmləkətdə bir-birimizə həyan olmağa hesablanmışdı. Axı birinci cəhddə Məhəmməd Azər Aranın xəyalları suya düşmüş, yaxın dostu, sonralar Sovet Azərbaycanında tanınmış yazıçı olan İlyas Əfəndiyevlə birgə Türkiyəyə qaçmaq cəhdi uğursuz alınmışdı. Nədən ki, İlyas sözləşdikləri yerə gəlməmiş, onu tək qoymuşdu. Məhəmməd xeyli pərişan idi və buna görə mənimlə əhd bağladı. Ki, hər kim bu əhdi pozsa, taleyin qara əlləri ona qənim olsun…

Allahın köməyi ilə sonacan bu yolu gəlmişik, lap sonacan da gedəcəyik…

Nə isə, ayrı şey danışırdım axı. Demək, biz artıq Ankarada yaşayır və işləyirdik. Məhəmməd qardaşım çox tanınmış qələm sahibi və Müsavatın başqanı olmuşdu. Bir gün mənə dedi ki, bəs Vətəndən bir xanım gəlib bura, əri səfarətxanada ikinci katibdir və Sovetlər əleyhinə Türkiyə üçün casusluq etməyk istəyir. Özü də bunu ondan heç kim nə xahiş edib, nə də tələb edib, sadəcə ürəyinin istəyi ilə edir bu işi. Və Məhəmməd mənə dedi ki, bu gün o qadınla görüşəcək. Məni də o görüşə dəvət etdi. Beləliklə, axşam üstü, saat səkkiz radələrində bir kafe küncündə adı Sənubər olan qadınla görüşdük.

Qadın bizimçün çox kədərli olan olaylardan bəhs etdi. Xüsusilə, 37-ci ildən bəri çoxlu sayda düşünən insanımızın, yazıçı və şairlərimizin qətl edildiyini, Sibirə, Solovikiyə, Maqadana sürgün olunduğunu acı göz yaşları ilə danışdı. Hüseyn Cavid əfəndinin başına gətirilənlənlərdən söz açanda üçümüz də hönkürüb ağlaşdıq. Sonra qadın bizə məşhur qazax şairi və tədqiqatçısı Oljas Süleymenovun “Az i Ya” kitabından bəhs etdi. “Az” sözünün qədim türkçədə “mən”, “ya”nın da ruscada “mən” anlamını verdiyini dedi. Yəni bu kitab “Mən” (türk) və “mən” (rus) anlamına gəlir – bu mən, bu sən! Ən maraqlısı o idi ki, bu məlumatlı xanım danışdıqca gözlərindən od çıxırdı sanki. Hiss olunurdu ki, onda Sovet rejiminə qarşı bir nifrət var. Oljasın kitabından danışan xanım dedi ki, yalançı Sovet tarixçilərinə cavab kimi yazılan bu əsərlə Oljas Süleymenov əldə tək bir nüsxəsi belə olmayan İqor Polku haqqında dastanın (Napolenun Moskvanı işğal etdiyi zaman o dastan yandırılmışdı), əslində “Uğur polku haqqında türk dastanı” olduğunu və yandırılan eposun sonradan Musin və Puşkin adlı müəlliflərin çar qadın Yekatrina üçün saxtalaşdırılaraq yazıldığını sübut etdiyindəndir ki, 1976-cı ildə “Az i Ya” SSRİ-də qadağan edilmişdir.

Oljas Süleymenev kitabında həmçinin qədim “ist”, “yest”, “iz” sözlərindən bəhs edərək bunların “olmaq” anlamını verdiyini, daha əskilərə getsək, “istera” - qadın cinsiyyət orqanının adı, ikinci anlamının isə “istoriya” – tarix mənasını verdiyini açıqlamışdır… (Qadın bu cümləni söyləyərkən bir qədər qızardı. Görünür, bu ağır yola qədəm qoyarkən qadınlıq ləyaqətinin haçansa onun casusluğuna üstün gələcəyini heç ağlına gətirməmişdi.)

----------------------------------------------------------------------
*Orhan Karaveli – tanınmış türkiyəli jurnalis, “Tanıdığım Nazim Hikmət” kitabının müəllifi. Kitab 2016-cı ildə Xan nəşriyyatında A.Qaradərəlinin tərcüməsində nəşr olunub. Müəllif Bakıda kitabının təqdimatında iştirak edib.
Üstündən bir az keçəndən sonra Ankarada çıxan “Azərbaycan” dərgisində “Sovet tarixçiləri və qadın cinsiyyət orqanı” adlı yazı çap olundu və xeyli mübahisələrə səbəb oldu. Məqalədə mənbələrin “Az i Ya”dan alındığı və müəllifin (yazının altında M.A. adlı şərti bir imza qoyulsa da, bir çoxları bunun Məhəmməd Aran olduğunu düşünürdü) bu kitabı necə əldə etməsi barədə sol ideologiyalı qəzetlər uydurma yazılar yazır, xüsusən bir qələm adamına belə bir namünasib adda (guya ədəbdən kənar) yazı yayımlamasını qınayırdılar.

Orxan Karaveli danışırdı ki, mən bu barədə moskvalı dostlardan soruşanda Oljas Süleymenovun kitabının, həqiqətən, qadağan olunduğunu, məqalədəki faktların doğruluğunu təsdiq etdilər. Görünən o idi ki, Aranın məxvi mənbəsi vardı, yoxsa Sovet DTK-sının ciddi surətdə qoruduğu bu tipli sirlərin ölkə dışına sızması ağlabatan məsələ deyildi.”

***

...”Elə o büro iclasından sonra mənim kitabım bağlandı. Başa düşdüm ki, daha heç kimlə ailə qura bilmərəm... Öz qismətimi öz əllərimlə qaçırdım... İndi qaldım bu günə... Sənubəri heç unuda bilmirəm. O qız bizdən iki sinif aşağı oxuyurdu. Əlaçı idi. Məktəbimizin müəllimi olan anası kimi gözəl, biçimli siması vardı. Məktəbdə oxuduğu müddətdə bircə dəfə də olsun haqqında pis söz eşitmədik. Əksinə, bütün tədbirlərdə iştirak edər, yaxşı deklamasiya ilə şeir söyləyərdi. İngilis dilini də məktəbimizdə onun kimi bilən yox idi… Nə bilim, bu dili də, bəlkə, gələcək məqsədi üçün öyrənmişdi?.. Amma hər nə isə, mən gərək bacısının acığını Rəhmannan çıxmazdım. Yazıq adamın nə günahı vardı?.. Əmim Əkbərin sözünə gedib, büroda çıxartdığım həşir evimi yıxmadımı?! Rəhan zəlil oldu… Adım dilə-dişə düşdü… Yoldan ötənlərin ağzında söz oldum… Hələ o juurnalist?! Həftə səkkiz, mən doqquz kameramanı da qatır qabağına, gəlir bizim rayona. Hər tədbirimizi televiziyada işıqlandırır, geniş çıxışımı da verir. Düzdür e, mən onun cibinə yaxşı pul basıram, amma yenə… Sonra işin astarı üzə çıxdı. Axırıncı dəfə gələndə Bakıdan bir buket gül bağlatdırıb gətirmişdi ki, hələ o boyda buket görməmişdim… Üstündə də belə bir yazı:

Məsumdu, Məsumədi,
Ürəyimi fəth edəndi.
Sevgisi yandırdı məni,
Görəsən rəhm edəndi?

Güllər də xoşuma gəldi, şeir də. Di gəl k, bir az araşdırdım, gördüm ki, iki dəfə evil olub, hərəsindən də bir usagı var. Bu babniki iti qovan kimi rayondan qovdum. Amma əclaf çox yaraşıqlı idi…

Nə bilim ki, köpək oğlu gedib Namazovu tapacaq, onunla söhbət edib, mənə cələ hörməyə çalışacaq.

“Kommunist” qəzetindən bir müxbir zəng vurdu ki, bəs televiziyanın zona müxbiri sizin haqqınızda uydurma bir yazı yazıb, bizim qəzetə təqdim etdi, amma baş redaktorumuz dedi ki, biz katib haqqında belə bir əxlaqsız yazını verə bilmərik… Eşitdiyimə görə, adam gedib o uzundraz xalq yazıçısının yanına, ona nə deyib, nə deməyib, indi sizin haqqınızda olan o məqaləni böyüdüb, sənədli povest kimi çapa hazırlayırlar. Ehtiyatlı olun, bu işdən qan iyi gəlir…”

***

Bir neçə ay sonra “Azərbaycan” dərgisində sənədli povest kimi təqdim olunan bir yazı çıxdı. Yazıda Məsumə Rəhimovanı ağ yuyub qara sərmişdilər. Onun yarıtmaz idarəçilik sistemi tənqid olunur, özünün ağlı ilə işləmədiyi, əslində, rayonu “Qara Əkbər” ləqəbli əmisinin idarə etdiyi, rayonun mal-qarasının, qoyun sürülərinin, maşın və tarktorlarının satıldığı, Məsumənin rayonu dəllalara təhvil verdiyi qeyd edilir, sonda isə keçmiş maarif müdiri, büro iclasında bağrı çatladılan Rəhman Namazovla kiçik müsahibə ilə yazı başa çatırdı. Povest-müsahibə həmin Uzundraz xalq yazıçısı və o Telejurnalistin imzası ilə verilmişdi. Amma belə bir alverçi müxbirin yazısına o xalq yazıçısının şərik çıxması, o cür nüfuzlu bir dərgidə belə səviyyəsiz bir “əsər”in getməsi əsil müəmmaya bənzəyirdi. Burada da xoruzun quyruğu görünürdü: o xalq yazıçısının bu işdə marağı varmış demiyəsən…

Yazıda ailə qurmayan Məsumə Rəhimovanın qeyri-etik davranışları, xoşu gələn yaraşıqlı kişiləri ovlayıb toruna saldığı da üstüörtülü vurğulanırdı. Yazıda daha bir önəmli detalsa “Məsumənin baldızının İstanbulda çıxmadığı oyunun qalmadığı, şanlı Sovet vətənimizin adına ləkə salmaq cəhdi, qohumları olan xalq düşməni Bəhlul Əfəndinin bir zamanlar antisovet fəaliyyətini indi onun davam etdirmək istəyinə də eyhamla işarə vurulurdu… O da qəribə idi ki, heç vaxt ailə həyatı qurmayan Məsumə xanımın baldızının haradan çıxdığını soruşan yox idi.

(Namazov müsahibədə deyirdi ki, düzdür, mən Məsumə xanımı istəmişəm, hətta az qala nişanlanacaqdıq da. Sadəcə buna onun vaxtı olmadı. O, partiyaya, böyük Sovet Vətəninə ürəkdən bağlı adamdır. O ki qaldı mənim ürəyimin partladılmağına, bunu bütün rayon bilir…

Müxbirin “Siz həqiqətənmi birinci katibə hər ay hesab verirdiniz və nə qədər verirdiniz” sualına isə o belə cavab vermişdi:”Biz kommunistik. Mən də, Məsumə xanım da fanat adamlarıq. Nə deyirsiniz deyin, amma bu rüşvət məsələsini bizə heç kim yapışdıra bilməz…”)

Lap sonda isə Məsumənin kənddə tikdirdiyi villanın şəkli verilmişdi. Qəribədir ki, bu həmin villa olsa da, onu elə pozada vermişdilər ki, əsl qəsrə oxşayırdı.

(davamı olacaq)



# 2152 dəfə oxunub

Müəllifin son yazıları

# # #