Şərq küləyi - Culian Barnsın hekayəsi

Culian Barns

Culian Barns

11 fevral 2023
# 13:00

Kulis.az Culian Barnsın “Şərq küləyi” adlı hekayəsini Kamran Nəzirlinin ingiliscədən tərcüməsində təqdim edir

CULİAN BARNS (Julian Patrick Barnes, 1946) tanınmış ingilis yazıçısı, tənqidçisi və esseistidir, 2011-ci ildə Buker mükafatı alıb. Postmodernist nasirlərdən sayılır. İngiltərənin Lester şəhərində doğulub. Oksford Universitetinin “Maqdalena” kollecini bitirib. Müasir Qərbi Avropa dilləri fakültəsində təhsil alıb. Onun “Metroland” adlı ilk romanı Somerset Moem mükafatına layiq görülüb. 1989-cu ildə antiutopiya janrında yazdığı dünyanın tarixiylə bağlı romanı ədəbiyyatda hadisə kimi qiymətləndirilib. İnsanın mahiyyətinə, onun keçmişinə, bu gününə və gələcəyinə dair maraqlı fəlsəfi fikirləri var. C. Barnsın SEVGİ VƏ SAİR ( Love, etc. 2004), LİMON STOLU ( The Lemon Table, 2004), ARTUR VƏ CORC (Arthur & George, 2005), NƏBZ (Pulse, 2011), ZAMANIN SƏSİ (The Noise of Time, 2016) və s. maraqlı romanları var. Hazırda Culian Londonun şimal rayonunda yaşayır.

Şərq Küləyi

Ötən noyabrda güclü şərq küləyi nəticəsində lopa-lopa suvaqları tökülmüş və rəngləri qopmuş taxta çimərlik daxmalar yanıb kül olmuşdu. Yanğınsöndürənlər iyirmi kilometr aralıdaydı, gəlib çatana kimi daxmalardan əsər-əlamət belə qalmamışdı, hər şey yanıb kül olmuşdu. Yanğını törədəni tapmasalar da, yerli qəzetlər yazdılar ki, bu, “xuliqanların işidir”. Dəniz qırağındakı daha mötəbər rayonda yaşayan memar region televiziyasına müsahibəsində demişdi ki, bu daxmalar şəhərin mədəni irsinin bir hissəsiydi, bərpa olunmalıdır. Şəhər rəhbərliyi də bildirmişdi ki, bütün təkliflər nəzərə alınacaq, lakin indiyə kimi heç kimdən səs çıxmamışdı.

Vernon şəhərə yanğından bir neçə ay əvvəl köçmüşdü, yanan çimərlik daxmalarına görə bir o qədər təəssüflənmirdi. Hər halda, bəzən nahara gəldiyi Right Place restoranından baxanda yanğından sonrakı mənzərə xeyli yaxşılaşmışdı. Vernon indi restoranın pəncərəsi önündəki mizin arxasından çölə, beton asfalt zolağından o tərəfdə görünən mənzərəyə tamaşa edirdi: nəmli çınqıl daşları, cansıxıcı səma və ölü dəniz. Bura Şərq sahilləriydi: nadir hallarda pis hava şəraiti olurdu, bəzən heç aylarla hava olmurdu. Bu da elə Vernonu qane edirdi; bura elə ondan ötrü köçmüşdü ki, həyatında baş verən hər cür havadan qurtulsun.

– Yığışdırmaq olar?

O heç gözlərini qaldırıb yaxınlaşan ofisiant qadına baxmadı, “Uraldan gələn yol” dedi və geniş, dümdüz dəniz səthini gözləriylə ölçməyə davam etdi.

– Bağışlayın, nə dediniz?

– Bizimlə Ural arasında heç nə yoxdu, boşluqdu, elə buna görə də külək gəlir ordan. Qabağını kəsmək də olmur. Bütün o ölkələrin hamısını külək tutur.

Ayrı bir situasiya olsaydı Vernon hətta əlavə də edərdi: “Elə soyuq külək gəlir ki, adamın işəməyi belə sırsıraya dönür!”

Ooralz, – qadın təkrar elədi. Ofisiantın aksentini eşidən kimi Vernon dənizdən gözünü çəkib qadına baxdı: qadının geniş sifəti, zolaqlı saçları, iri, möhkəm bədəni və yaxşı çay pulu almağa heç də həvəs göstərməyən duruşu vardı. “Görünür bu da Şərqi Avropadan gəlib, elə indi İngiltərədə daş atırsan onlara dəyir, hər yanı bürüyüblər; alver edirlər, barlar və restoranlar tikirlər, meyvə yığıb qablaşdırırlar. Yük maşınında, avtobuslarda gəlirlər, köç halında yaşayırlar, dolanışıq üçün çörək pulu qazanırlar. Kimsə qalıb yaşayır, kimsə çıxıb gedir evinə. Ya elə olsun, ya da belə, nə fərqi var! Vernon üçün fərqi yox idi. Son günlər o elə özü üçün də belə düşünürdü: heç nə vecimə deyil!

– Siz də o ölkələrdən gəlmisiz? – Vernon soruşdu.

– Hansı ölkələrdən?

– Həmin ölkələrdən, bizimlə Ural arasındakı ölkələri deyirəm.

– Oooralz? Hə, bəlkə də...

“Qəribə cavabdı” Vernon düşündü. Ya da görünür coğrafiyanı yaxşı bilmir.

– Deməli, üzürük, eləmi?

– Üzürük?

– Hə də, üzmək... Bilirsiz nə deməkdi? Şappıltıyla... üzmək... tullanmaq... suya...brass...

– Yox, üzmürəm...

– Çox gözəl, – Vernon dedi. Əlbəttə, o zarafat elədi – hesabı gətirin, zəhmət olmasa.

Vernon yenə beton asfaltın zolağından o yanda görünən nəmli çınqıl daşlarına baxmağa başladı. Bu yaxınlarda bir çimərlik daxmasını iyirmi minə satmışdılar. Ya da otuza, bəlkə? Burda yox, bir qədər Cənub sahillərində. “Evlərin qiymətlərinin qalxması daşınmaz əmlak bazarını silkələyir, bazar od tutub yanır” qəzetlər yazırdı. Lakin ölkənin bu hissəsində silkələnmə hiss olunmur. Yerli bazarda daşınmaz əmlak üstündə çoxdandı sakit yellər əsir, üfüqdəki xətlə paraleldir, qiymət qrafiki dəniz kimi dümdüzdü, nə qalxır, nə də enir. Qocalar ölür, sən də onların evlərini, mənzillərini adamlara satırsan, onlar da öz növbəsində həmin mənzillərdə qocalır, sonra da ölürlər. Onun alqı-satqı alverinin əsas hissəsi də buydu. Başqa alıcılar yox idi.

Şəhər sən deyən dəbdəbəli deyildi, bineyi-qədimdən elə belə olub. Londonlular bu şəhərə bir o qədər üstünlük vermirdilər, daha bahalı rayonlarda yaşayırdılar. Qoy olsun, Allah köməkləri olsun. Boşanmamışdan qabaq Vernon da Londonda yaşayırdı. İndi isə onun sakit bir işi var, mənzil kirayələyib, iki həftədən bir də uşaqlarını alıb gətirir yanına. Uşaqlar böyüyəndə yəqin bura onlar üçün darıxdırıcı olacaq, başlayacaqlar zadəganlıq ədalarını kor-koranə təqlid etməyə, Lakin indi hələ ki, dənizdən nəşələnirlər, suya çınqıl tullayırlar, cipslərini xırçıldadırlar.

Qadın hesabı gətirəndə Vernon dedi:

– Biz birlikdə burdan qaçıb gedə bilərik, çimərlik daxmalarından birində yaşayarıq.

– Düşünmürəm, – qadın cavab verdi, başını yellətdi, elə bil təklifin mənasını anladı. Bu qədim ingilis yumorudur, xaricilər çətin buna alışsın.

Onun icarəylə bağlı bir neçə işi olmuşdu – mənzillərin müştəriyə kirayəyə verilməsi, kosmetik təmir, rütubətlə bağlı problemlər – sonra da bir qədər şimal tərəfdə yerləşən sahilyanı evlərin satışıyla bağlı qeydiyyat məsələlərini həll etmək üçün getmişdi. Buna görə də bir neçə həftəydi ki, Right Plaice restoranına gəlmirdi. O kartof püresiylə qatı sıyığını yeyib qəzet oxumağa başladı. Linkolnşirdə hansısa şəhərciyin yarısı birdən-birə polyaklarla dolub, şəhərdə mühacir əlindən tərpənmək olmur. Məqalə müəllifi yazır ki, indi bazar günləri kilsələrdə daha çox katoliklər görünür, anqlikanlar az olur. Bu da Şərqi Avropalıların ucbatından baş verir. Hə, nə olsun? Vecinə də deyil. Əslində, Vernonun tanıdığı polyaklar ki vardı, yaxşıydılar, onun xoşuna gəlirdi – bənnalar, suvaqçılar, elektriklər. Çox bacarıqlı və savadlı işçilərdi, söz verdilərsə, yerinə yetirirdilər, onlara etibar etmək olar. “Bizim yerli ingilis inşaatçılarının dalından çoxdan bir təpik vurub atmaq lazımdır”, Vernon düşündü.

Günəş dənizin üstündən asılmışdı, göz deşirdi. Martın axırlarıydı, baharın nəfəsi hətta bu sahilboyu ərazilərdə də duyulurdu.

Qadın hesabı gətirib verəndə Vernon yenə soruşdu:

– Hə, deməli üzmək istəmirsiz?

– Oooo, yox, üzmürəm.

– Yəqin siz polyaksınız.

– Adım Andreadır, – qadın cavab verdi.

– Əslində, sizin polyak olub-olmadığınızın mənimçün fərqi yoxdur.

– Elə mənimçün də.

Məsələ burasındaydı ki, Vernon heç vaxt qadına girişməyi, flirt yapmağı bacarmamışdı; elə hər dəfə də yersiz söz deyir, ədəbsiz hərəkətə yol verirdi. Boşandıqdan sonra isə lap pis olmuşdu, hər şeyi yadırğamışdı; fürsət düşəndə də ürəksiz və şit zarafatlar edirdi. Ürəyi hara yox çıxmışdı axı? Bu sualın cavabını sonrakı günə saxlayaq. Bugünkü mövzu flirt məsələsidir. Axı o yaxşı bilirdi ki, əgər ədəbsizlik etsən, qadının gözlərindən od çıxacaq. Qadının baxışları da deyəcək :“Bəs sən özün haradan gəlibsən belə?”. Hər halda, flirt qarşılıqlı olmalıdı, burda hər iki tərəf oynamalıdı. Bəlkə də o belə işlər üçün daha yaşlaşıb. Otuz yeddi yaşı var, iki uşaq atasıdır. Harri səkkiz, Melani beş yaşındadır. Günlərin bir günü səhər onun meyidini dalğalar vurub sahilə atsa, yəqin ki, qəzetlər belə yazacaq.

– Mən daşınmaz əmlak agentiyəm, - Vernon dedi. Bir cümlə də desəydi adətən söhbəti flirtə çevirmək olardı.

– O nədir elə?

– Ev alqı-satqısı. Mənzilləri alıram və satıram. İcarə ilə də məşğul oluruq. Evləri, mənzilləri, otaqları icarəyə veririk.

– İşiniz maraqlıdı?

– Belə də, yaşamaq üçün dolanmaq lazımdı, ya yox?

– Hamıya lazımdı bu.

Birdən Vernon düşündü ki, axı qadın özü də qılığa girməyi, flirt eləməyi bacarmır. Bəlkə də öz dilində bacarar, amma ingiliscə bilmir, bunu edə bilməz. “Onda hesab bərabərdi ki! İkimiz də bacarmırıq.” Vernon həm də fikirləşdi ki, zahirən qadın çox möhkəm görünür. Bəlkə də mənə elə beləsi lazımdı. Yəqin biz onunla yaşıdıq. Nə isə, nə dəxli var e, neçə yaşı var. Yaltaqlanıb, yan-yörəsinə keçməyə, heç qılığına girməyə də hazırlaşmır.

Lakin o, yenə qadına girişməyə başladı. Bu şəhərdə gediləsi xüsusi bir yer də yox idi. Bir dənə kinoteatr və bir neçə bar və qadının işlədiyi restorandan savayı bir cüt restoran da vardı. Burada həmçinin öləndən sonra mənzillərini satası olacaq qocalar üçün binqo yeri vardı, bir dənə də klub vardı ki, orda yarıyuxulu qotlar qumar oynayırdılar. Yeniyetmə gənclər cümə günləri Kolçesterə gedirdilər, narkotik maddələr alırdılar ki, həftə sonlarına kimi onları görsün. Çimərlik daxmalarının elə onların yandıra biləcəyi də təəccüblü deyildi.

Əvvəlcə qadın onun xoşuna gəldi, işvəli deyildi; çox danışan deyildi, həyasızlığı da yox idi. Onun daşınmaz əmlak agenti olması da qadını heç təəccübləndirmədi, heç iki uşaqla boşanmasını da vecinə almadı. Başqa qadınlar vəziyyəti qiymətləndirib dərhal “yox” deyərdilər. Vernon bu qənaətəydi ki, qadınları ümumiyyətlə daha çox o kişilər cəzb edir ki, ailəli olsunlar, hətta evdə qırğın qopsa belə. Hər halda, bu, boşanıb gözü gəzən kişilərdən yaxşıdı. Ümumiyyətlə, burda təəccüblü heç nə yoxdu. Lakin Andreanı heç nə narahat etmədi. Qadın demək olar ki, heç nə soruşmadı. Doğrudur, suallara da çox cavab vermədi. Onunla birinci dəfə öpüşəndə Vernon düşündü ki, bəlkə ondan soruşsun: polyak deyil ki? Sonra necə oldusa, yadından çıxdı.

Vernon qadını evə dəvət elədi, lakin Andrea rədd cavabı verdi, dedi ki, gələn dəfə gələr. Vernon bir neçə gün həyəcanla vurnuxdu; düşünürdü ki, görəsən o, uzun müddətdən sonra təzə bir qadınla yatağa girə biləcəkmi. O qoruyucu rezin almaq üçün qonşu şəhərə on beş mil maşın sürdü, burda onu heç kim tanımırdı. Ona görə yox ki, utanırdı, ya da bunu ayıb sayırdı, sadəcə istəmirdi ki, şəxsi işi barədə nəsə bilsinlər.

– Yaxşı mənzildi.

– Daşınmaz əmlak agenti də özünə layiq mənzil kirayələməsə, onda heç nə.

Qadının çantasında gecələmək üçün pal-paltar vardı; Andrea vanna otağında soyundu, gecə köynəyində qayıtdı. Onlar yatağa girdilər, Vernon işığı söndürdü. Qadın ona çox sıxıntılı göründü, elə o özü də sıxılırdı.

– Gəl sadəcə qucaqlaşaq, hə? – Vernon təklif elədi.

– “Qucaqlaşaq” nə deməkdi?

Vernon əllə göstərdi.

– Deməli, “qucaqlaşaq” seks deyil, eləmi?

– Yox, bunlar ayrı-ayrı şeylərdi.

– Yaxşı, qucaqlaşaq.

Sonra hər ikisi boşalıb haldan düşdü, az sonra qadın yuxuya getdi.

Növbəti dəfə öpüşlərdən sonra Vernon sözəbaxmaz sürüşkən qoruyucu rezinlə əlləşdi. Bilirdi ki, rezini açmaq lazımdı, amma başladı corab kimi necə gəldi dartmağa, az qala çıracaqdı. Qaranlıqda bu işi görmək daha da çətin idi. Lakin qadın bir kəlmə söz demədi, onu səbirsiz öskürəkləri ilə tələsdirmədi, nəhayət, Vernon işin öhdəsindən gəldi. Andrea gecə köynəyini qaldırdı, Vernon onun üstünə çıxdı. Onu şəhvət bürüdü, beyni yarıya kimi şəhvət və ehtirasla yüklənmişdi, qalan yarısı isə bomboş idi, sanki baş verənlərin mənasını dərk eləmirdi. Vernon bu anlarda Andrea barədə demək olar ki, düşünmürdü; əvvəlcə yalnız özün barədə düşünürsən, sonra partnyorun yadına düşür.

– Sənə yaxşı oldu? – az sonra Vernon soruşdu.

– Hə, yaxşı oldu.

Vernon qaranlıqda güldü.

– Sən mənə gülürsən? Səninçün yaxşı olmadı?

– Andrea, – dedi, – hər şey yaxşıdı, heç kim sənə gülmür. Və mən heç kimi qoymaram ki, sənə gülsün.

Qadın yatarkən Vernon düşündü: ”O da, mən də, təzədən başlayırıq. Bilmirəm, keçmişdə onun payına nə düşüb, amma, görünür, biz hər ikimiz hər şeyi sıfırdan, lap aşağı nöqtədən başlayırıq və bu yaxşıdı. Hər şey yaxşıdı.”

Növbəti gecə qadın daha sərbəst və rahat oldu, onu ayaqlarıyla möhkəm sıxdı. Vernon qadının orqazm duyub-duymaması barədə soruşa bilmədi. Axırda Vernon dedi:

– Sən yaman güclüsən a!

– Güclü? Bu pisdi?

– Yox, yox. Əlbəttə, yox. Güclü yaxşıdı.

Növbəti dəfə Vernon gördü ki, qadın daha ayaqlarıyla onu möhkəm sıxmır. Qadın həm də döşlərinə onun toxunmasını xoşlamır, yox, sadəcə, heç bir reaksiya vermir, laqeyddir, yəni vecinə deyil – toxundun, ya toxunmadın, fərq eləmir. Hər halda, Vernon belə başa düşdü. Axı kim deyib ki, hər şeyi elə tezcənə danışıb yoluna qoyasan?

Vernon indi sevinirdi: deməli, onların hər ikisi flirt etməyi bacarmır. Qadınla çarpayıda oynamaq, ya da flirt eləmək yalanın bir növüdür. Lakin Andrea onu heç vaxt aldatmamışdı. Bir qədər azdanışan idi, amma danışanda da düzünü deyirdi. Vernon saat neçədə deyirdisə və hara deyirdisə qadın ora vaxtında gəlirdi, orda durub əlini alnına aparır, saçlarını dala atır, gözləriylə Vernonu arayır, çantasını da bərk-bərk tutub saxlayırdı, elə bil kimsə gəlib onun əlindən qapacaq.

Bir dəfə qadına dedi:

– Sən lap polyak bənnası kimisən, adamı aldatmırsan.

– Bu yaxşıdı?

– Çox yaxşıdı.

– İngilis ifadəsidi?

– İndi hə, əlbəttə.

Qadın xahiş elədi ki, ingiliscə danışarkən onun səhvlərini düzəltsin. Vernon da daim onun səhvini düzəldirdi, “düşünmürəm” əvəzinə “mən belə düşünmürəm” deməsini istəyirdi. Qalan səhvlərə bir elə fikir vermirdi. Mənası həmişə aydın idi, qadını başqalarından fərqləndirən də danışığında xırda səhvlərə yol verməsiydi. Görünür, Vernon da istəmirdi ki, o ingilis qadını kimi danışsın, qorxurdu ki, birdən özünü də ingilis qadını kimi aparar. Xüsusilə bir nəfər kimi, konkret o qadın kimi. Ümumiyyətlə, müəllim rolunu oynamağı istəmirdi.

Yataq da beləydi. “Necə var eləsən, elə belə də qəbul elə” öz-özünə deyirdi. Ay, gecə köynəyini niyə çıxartmır əynindən, ya əksinə, bəlkə elə katoliklərdə adətdi, belə qəbul olunub (Andrea bir dəfə də kilsəyə getdiyini deməmişdi). Vernon nə xahiş edirdisə, o da edirdi, özü də böyük məmnuniyyətlə edirdi, özü isə heç nə xahiş eləmirdi, hətta Vernonun əllərini aşağı nahiyyələrdə gəzdirməsinə də reaksiya vermirdi. Noolar, onunçün fərq eləməz, qoy necə var, elə də olsun.

Qadın öz evinə dəvət eləmirdi. Onu evinə aparanda, Vernon əyləci basmamış qadın tələsik maşının qapısını açır, özünü beton asfalta atırdı; onu evindən götürəndə də beləydi, əvvəlcədən çıxıb küçədə gözləyirdi. Vernon ilk vaxtlar bunu vecinə almırdı, sonradan başladı maraqlanmağa, xahiş elədi ki, heç olmasa bircə dəqiqəliyə gəlsin, görsün ki, qadın necə yaşayır, harda yaşayır. Beləliklə, onlar qadının evinə gəldilər (otuzuncu illərdə tikilmiş balaca çoxmənzilli bir ev, iki ayrıca girişi vardı, mənzilləri ortadan ümumi divar ayırırdı, çınqıl daşlardan hörülmüşdü; ayrı-ayrı mənzillər idi, hamısı da kirayəyə verilirdi, metal konstruksiyalı pəncərələri vardı. Andrea qapını açdı. Vernon peşəkar gözləriylə dərhal otağı ölçdü, şəraitə nəzər saldı, təxmini icarə haqqını da müəyyən elədi; onun məşuq gözləri isə ayrı şeyləri gördü; gördü ki, siyirtməli yeşiyin üstündə plastmas çərçivədə fotolar və Müqəddəs Məryəmin portreti var. Ensiz çarpayı, xırda əlüzyuyan, köhnə peç, balaca televizor, pal-paltarlar asılqanlarda şəkil asmaq üçün divarlara vurulan mismarlardan sallanıb, üfürsən yerə düşəcək. Bu mənzərəni görən kimi nəsə ürəyi yerindən oynadı, qadının həyatına acıdı. Onlar dərhal çölə çıxdılar. Qəfil oyanmış həyəcan hisslərini büruzə verməmək üçün Vernon dedi:

– Kirayə haqqı əlli beş funtdan artıq olmaz, üstəgəl kommunal xidmətlər. Bu qiymətə mən sənin üçün daha yaxşı ev taparam.

– Belə yaxşıdı.

Yaz gələndə onlar gəzintiyə çıxmağa başladılar. Saffolk qraflığına getdilər, tipik ingilis yerlərinə baxdılar; araları kərpiclə hörülmüş taxta və dəmir karkasdan ibarət hidroizolyasiyasız küləş talvarlı evlərə baxdılar; (bu evlərin sığorta qiymətləri çox bahaydı). Kəndin çəmənliyində gəzdilər, Vernon göl qırağındakı skamyada oturdu, qadın oturmadı, onu polyak katolik kilsəsinə dartdı. Vernon ümid edirdi ki, qadın ondan katoliklərlə anqlokanlar arasındakı fərqlərin nədən ibarət olduğunu soruşmayacaq, ya da nifaq və ikitirəliklə bağlı tarixçəylə maraqlanmayacaq; misal üçün, V111 Henrix barədə, onun növbəti dəfə evlənməsi, nə bilim, kralın yazışmaları, sevgi macəraları... Elə hara əl atırsan, axırda yenə seksə gəlib çıxır. Hər halda, qadın bunları soruşmadı.

Qadın yavaş-yavaş onun əlindən tutmağa, tez-tez gülümsəməyə başladı. Vernon öz mənzilinin bir açarını da ona verdi; qadın artıq mənzildə bəzi şeylərini saxlamağa başladı. Bazar günlərinin birində gecə Vernon təsadüfən gecə dolabının gözünü açdı, gördü ki, bir dənə də prezervativ qalmayıb. Bir qədər dodaqucu donquldandı, sonra başladı qadına nəsə izah eləməyə. Andrea dedi:

– Belə yaxşıdı.

– Yox, Andrea, belə yaxşı deyil. Bircə bu çatışmırdı. Birdən uşağa qalarsan.

– Mən belə düşünmürəm. Uşağa qalmaram. Belə yaxşıdı.

Vernon ona inandı. Amma bir qədər sonra, qadın yuxuya getdi, Vernon onun dediklərini beynində çək-çevir etməyə başladı. Yəni, uşaq doğa bilməz ki? Bəlkə, elə özü də qorunur? Özünə çox əmindi. Görəsən Müqəddəs Məryəm buna necə baxacaq? Məncə, qadın təqvim metodundan istifadə eləmir, qəflətən yenə düşündü. Onunla yatan qadınların hamısı daim uşağa qalır, Roma Papasını da Larri kimi[1] xoşbəxt edir.”

Vaxt keçdi. Vernon Andreanı uşaqları Harri və Melaniylə tanış elədi. Uşaqlar qadına bağlandılar. Qadın nə etmək lazım olduğunu uşaqlara demirdi, əksinə, uşaqlar ona öyrədirdi. Qadın da sözə baxırdı. Uşaqlar həm də suallar verirdilər, başqa vaxtı Vernon özü bu sualları verməyə cürət etməzdi.

– Andrea, ərdəsən?

– Olar biz televizora istədiyimiz qədər baxaq?

– Sən ərdə olmusan?

– Əgər üçünü yesəm, xəstələnərəm?

– Niyə ərdə deyilsən?

– Sənin neçə yaşın var?

– Hansı komandaya azərkeşlik edirsən?

– Uşaqların var?

– Məni tualetə apararsan?

– Siz atamla evlənəcəksiz?

Vernon bəzi sualların artıq cavabını bilirdi. Andrea bütün həssas qadınlar kimi öz yaşını demirdi. Bir dəfə Vernonun həmişəki kimi uşaqları evə göndərəndən sonra kefi olmadı, sekslə məşğul olmağa da həvəsi yox idi, gecə qəflətən soruşdu:

– Necə düşünürsən, məni sevə bilərsən?

– Hə, düşünürəm ki, sevərdim.

– Sevərdin, yoxsa sevə bilərdin?

– Nə fərqi var?

Vernon dərhal cavab vermədi.

– Heç bir fərqi yoxdur. Mən hər iki halda razıyam. Nə versən, onu da götürərəm.

Vernon bundan sonrakı hadisələrin necə başladığını bilmədi. Bəlkə, o sevməyə başlayırdı, ona görə? Ya da, bəlkə, elə o, heç bir sevgi-filan istəmirdi? Bəlkə də, istəyirdi, amma qorxurdu? Ya da bəlkə ürəyinin lap dərinliyində hər şeyi alt-üst edib korlamağa çalışırdı? Onun keçmiş arvadı da bir dəfə səhər yeməyi zamanı ona demişdi:

– Bura bax, Vernon, düzü, mən sənə nifrət etmirəm, həqiqi sözümdü, sənə nifrətim yoxdu. Sadəcə, səninlə yaşaya bilmirəm, çünki sən mütləq hər şeyi alt-üst edib korlayırsan, daim səhvlər edirsən, adamı incidirsən.

Arvadının bu bəyanatı tamam qəfil olmuşdu. Bəli, o xoruldayırdı, pal-paltarlarını hara gəldi tullayırdı, televizorda idman verilişlərinə baxırdı (əlbəttə, çox da yox!). Axı o evə vaxtında gəlirdi, uşaqlarını sevirdi, başqa qadınlara baxmırdı. Sən demə, bu bəzilərinin gözlərinə “alt-üst etmək, korlamaq” kimi görünürmüş.

– Səndən bir şey soruşa bilərəm?

– Əlbəttə.

– Yox, elə yox, “əlbəttə”ni amerikalılar işlədir, ingilislər sadəcə “hə” deyir.

Qadın ona baxdı, sanki soruşmaq istəyirdi: “Niyə indi birdən-birə mənə düzəliş edirsən?”

– Hə, – qadın təkrar elədi.

– Mən səninlə prezervativsiz olanda dedin ki, uşağa qalmazsan; bunu necə başa düşək, ümumiyyətlə uşağa qalmırsan, yoxsa...

– Ümumiyyətlə, uşağa qalmıram.

– Ay səni! Bilirsən bir qutu prezervativ neçəyədi?

Bax, bunu nahaq dedi, səhv elədi, sonra özü də səhvini başa düşdü. Axı hər şey ola bilər, bəlkə o uğursuz abort elətdirib, ya da elə zorlanıb, ya da bir başqa hadisə olub...

– Deməli, uşaq doğa bilməzsən, eləmi?

– Yox, doğa bilmərəm. Mənə nifrət edirsən?

– Andrea, Allah xətrinə, – deyə qadının əlindən tutdu, – mənim artıq iki uşağım var. Əsas məsələ budu ki, sən rahat olasan.

Andrea gözlərini yerə dikdi.

– Yox, rahat deyiləm. Mənim ən böyük bədbəxtliyim də elə budur.

– Axı biz... biz... bilmirəm e, həkimə gedək, göstərək ekspertlərə...

Nədənsə, Vernona elə gəlirdi ki, İngiltərədə ekspertlər daha çox şey bilirlər.

– Yox, ekspertlərə yox. Ekspertlərə getmək heç olmaz.

– Yaxşı. Ekspertləri yaddan çıxartdıq.

Vernon övladlığa uşaq götürmək barədə düşündü. “Axı mənim buna gücüm çatmaz? Hansı pulla saxlayacağıq?”

Vernon daha qoruyucu rezin almadı. O, suallar verməyə başlamışdı, var gücüylə çalışırdı ki, nəzakətli olsun, qadının xətrinə dəyməsin. Lakin nəzakət həm də flirt etməyi bacarmaq kimidi, ya var, ya da yoxdu. Ya bəlkə məsələ heç bunda da deyil? Sadəcə heç nəyi vecinə almasan, nəzakətli olmaq asandı, yox, əgər, hər şeyi bilmək istəyirsənsə - çətin.

– Niyə birdən-birə məni sorğu-suala tutursan?

– Sorğu-sual?

– Hə, mənə elə gəlir ki, sorğu-sualdı.

– Bağışla.

Qadın nəsə duyduğuna görə Vernon üzrxahlıq elədi; hə, Andrea nəsə duymuşdu, o sorğu-sualı kəsə də bilərdi, amma bacarmadı. Münasibətlər təzə-təzə yarananda qadın haqqında heç nə bilməməyi ona xoş gəlirdi; bu halda şeylər qeyri-adi olur, təzə-tər kimi görünür adama. Yavaş-yavaş qadın onu tanımağa başladı, amma qadın özündən danışmadı, özünü açmadı. Axı niyə hər şey elə beləcə qalmasın? Beləcə davam eləsələr pisdir məgər? “Yox, sən mütləq hər şeyi alt-üst edib korlamalısan!” keçmiş arvadı pıçıldadı. Yox, bu axmaqlıqdı, bunu qəbul edə bilməz. Əgər sevirsənsə, hər şeyi bilmək istəyirsən. Hər şeyi – yaxşını da, pisi də, lap elə boş mənasız şeyi də bilmək istəyirsən. Axı onun pis niyyəti yoxdur? Məgər ifşaedici dəlillər toplayır? “Bu elə eşqə düşmək deməkdi!” Vernon öz-özünə dedi. “Ya da bizim hesab etdiyimiz sevgi elə budur!” Andrea dürüst qadındır, buna şübhə ola bilməz. Lakin dürüst qadından xəbərsiz dalda bəzi şeyləri araşdırıb bilmək kimə zərər verər ki?

Right Plaice restoranında hamı onu tanıyırdı: restoran müdiri Missis Ricvell, o biri ofisiant qız Cill, restoranın sahibi qoca Herbert, düzü, bu qoca da havayı nahar eləmək istəyəndə peyda olurdu.

Vernon naharın qızğın vaxtının başlanmasını gözlədi, piştaxtanın yanından ötüb tualetə sarı getdi. Kişi tualeti restoran xidmətçilərinin pal-paltarları və çantaları saxlanılan və daha çox bufetə bənzəyən otağın düz qabağında yerləşirdi. Vernon otağa girib Andreanın çantasını tapdı və eşələməyə başladı, onun açarlarını götürüb çölə çıxdı, elə təsəvvür yatratdı ki, guya əllərini yuyub, indi də bir-birinə çırpıb donquldandı: ”Görürsüz də, bu elektrik peçi heç nəyə yaramır, əllərini quruda da bilmirsən.”

O Andreaya göz vurdu, dəmir məmulatları dükanına gedib müştərilərindən şikayətləndi: vallah, qəribə adamlardı, mənzillərinin həmişə bir dənə açarı olur... Bir qədər ətrafda dolaşıb yenidən dükana girdi və təzə açar nüsxəsini götürdü, sonra qayıdıb restorana gəldi; sidik kisəsi barədə bir lətifə danışmağa hazırlaşırdı, lazım olmadı, Andreanın açarını yerinə qoydu və gəlib özünə kapuçino sifariş verdi.

Qadının evinə birinci dəfə gedəndə yağış çisəyirdi, belə gün əlverişlidir, heç kim səni görmür. Əyninə plaş geyinmisən, beton asfalt evin şüşəli giriş qapısına doğru gedirsən. İçəri girən kimi o biri mənzilin qapısını açırsan, çarpayıda oturursan, qəflətən kəskin hərəkətlə yerindən durursan, qırışmış çarpayı örtüyünü düzəldirsən, dönüb ətrafa nəzər salırsan: budur, elektrik peçi, o qədər də köhnə deyilmiş; əlini balıncın altına salırsan, gecə köynəyi əlinə dəyir, paltarlara baxırsan - divardan asılan paltarlara; sonra şəkillərə baxırsan, qadının hələ əyninə geyinməmiş donuna əlini toxundurursan, siyirtmə yeşiyin üstündəki fotoları görürsən, amma baxmırsan, bayıra çıxıb qapını bağlayırsan. Hə, bax, bunun nəyi pis oldu ki? Kimə ziyan dəydi?

O ikinci dəfə gələndə Müqəddəs Məryəmin portretinə diqqətlə baxdı, sonra altı fotonun hər birini nəzərdən keçirtdi. Heç nəyə toxunmadı, sadəcə durdu, əyilib çərçivəyə salınmış fotolara baxdı. “Görünür anasıdı”, şəkildəki qadının iri eynəyinə baxıb düşündü. Bu da balaca Andreadır, yumrusifət və sarışın. Aha, bu da bəlkə qardaşıdı, ya da pərəstişkarı? Bu da kiminsə ad günüdü deyəsən, nə qədər adam var, bilmirsən hansı vacibdi, hansı yox. O yenə altı-yeddi yaşlı Andreanın şəklinə baxdı (burda Melanidən bir az böyükdü), onun uşaq siması yaddaşına əbədi hopdu.

Üçüncü dəfə gələndə siyirtmə yeşiyin üst gözünü açmağa çalışdı; üzüldü, anasının şəkli arxası üstə düşmüşdü. Yeşikdə əsasən qadın tumanları vardı, hamısı da demək olar ki, ona tanış gəlirdi. Sonra aşağı gözü axtardı (adətən sirlər məhz orada gizlədilir), yalnız sviter və bir neçə şərf gördü. Amma orta gözdə köynəklərdən başqa bir neçə predmet də gördü, onları astaca çıxarıb eyni qayda ilə çarpayıya düzdü. Sağda medal vardı, ortada metal çərçivədə foto, solda isə pasport idi. Fotoda iki cüt qız üzgüçülük hovuzunda idilər, hər biri öz cərgəsində durmuşdu, bir-birinin çiyinlərini qucaqlamışdılar. Cütlüklərin arasında ayırıca kanat vardı.

Dörd qızın hər biri kameraya gülümsəyirdi, onların ağ rezin şapkalarında büküklər vardı. Vernon çətinlik çəkmədən Andreanı tanıdı, soldan ikinciydi. Medalın üstündə hovuza tullanan üzgüçü təsviri vardı, arxa hissəsində isə alman dilində yazılmışdı: 1986. Görəsən o vaxt neçə yaşı olardı? On səkkiz? İyirmi? Pasportda anadan olduğu il göstərilmişdi: 1967. Deməli, indi qırx yaşı var. Anadan olduğu yer: Halle şəhəri. Deməli, qadın almandır.

Vəssalam. Nə bir gündəlik, nə bir məktub, nə də bir vibrator. Heç bir gizli sirr də yoxdu. O elə bir qadına vurulub ki, vaxtilə üzgüçülük yarışlarında medal qazanıb. (Yox: o düşünürdü ki, sevib). Məgər kimsəyə bir zərər vurdu? Bunları öyrənincə kimsə ziyan görmədi ki? Hə, bax, qadın daha üzmür. İndi aydın olur ki, uşaqlar onu suya dartanda Andrea nə üçün inad göstərirmiş. Görünür, hər hansı bir xatirə ona xoşagəlməz duyğular yaşadır. Bəlkə də peşəkar üzgüçü üçün dənizdə çimmək balerinanın diskotekada rəqs oynaması kimidir, adamda həqarətli hisslər oyadır.

Həmin gecə Vernon qadınla həmişəkindən daha çox oynadı, kefi kök idi, hətta sarsaqladı da, qadın bunu onun nəzərinə çatdıranda, dayandı. Sonra Vernonun ehtirası söndü, daha doğrusu, demək olar ki, ötüb keçdi. Hələ gənc çağlarında öyrənmişdi ki, qızlarla görüşəndə həmişə elə bir an gəlir ki, qəflətən anlayırsan:”Mən ümumiyyətlə heç nə başa düşmürəm”. Misal üçün, onun ikinci qız dostu Karenlə münasibətdə belə bir an yaşamışdı: səhər durub idman edəndə qaçış zamanı (çox da məmnun idilər, əylənirdilər), birdən qız ondan soruşdu:”Hə, di de görüm mən ha vaxta kimi gözləməliyəm?” Sanki yalnız iki seçim qalmışdı: eyham vururdu ki, ya başıma tac qoyub mənimlə evlənirsən, ya da məni tovlamağı dayandırırsan. Başqa qadınlarla bağlı situasiyalarda da Vernon təsadüfən ağzından bir söz, bir məsum ifadə qaçırdırdı, dərhal da onu dayayırdılar divara, vəssalam, bir də görürdü ki, quyunun dibindədi.

Onlar yataqda idilər; gecə köynəyinin ətəkləri qalın rulon kimi Andreanın qarnı üstündə bürmələnmişdi. Vernon elə istədi ki, işə girişsin, birdən qadın ayaqlarını uzadıb onu möhkəm sıxdı, sanki qozu kəlbətinlə sıxıb sındırmaq istəyirdilər.

– Hmmm, güclü üzgüçü ayaqları, – deyə Vernon mızıldadı.

Qadın reaksiya vermədi, lakin görünür eşitmişdi sözləri. Vernon dayanmadı, girişməyə başladı, amma hiss elədi ki, birtərəfli qaydadadı. Sonra onlar arxası üstə uzandılar, Vernon bir neçə dəfə söhbət etmək üçün araya körpü salmaq istədi, qadın isə susdu. “Neyləmək olar: sabah işə gedəcək” Vernon düşündü və yuxuya getdi.

Növbəti gün axşam Vernon qadının dalınca restorana gələndə Missis Ricvell dedi ki, Andrea xəstəliklə bağlı bülleten götürüb. Vernon qadının mobilinə zəng vurdu, Andrea cavab vermədi, Vernon SMS göndərdi, qadının evinə getdi, qapının zəngini basdı. İki saatdan sonra yenə mobilinə zəng vurdu, qapısını döydü. Cavab gəlmədi. Nəhayət, düzəltdirdiyi açarıyla qapını açıb içəri girdi.

Otaq səliqə-səhmana salınmışdı, boş idi. Divardan asılan pal-paltar, siyirtməli yeşiyin üstündəki fotolar yox idi. Nədənsə, elektrik sobasının qapağını açdı, içərisinə baxdı: girdə boşqablardan başqa heç nə görmədi. Çarpayının üstündə iki zərf vardı: biri mənzilin sahibinə yazılmışdı, ikincisi isə Missis Ricvell üçün idi. Vernona heç nə!

Missis Ricvell ondan dalaşıb-dalaşmadıqlarını soruşdu; Vernon “Yox!” dedi, onlar heç vaxt dalaşmayıblar.

– O çox yaxşı qadın idi, – restoran müdiri dedi. – Çox etibarlıydı...

– Polyak bənnası kimi.

– Məncə, siz bu sözləri onun üzünə deməmisiz. Hər halda, yaxşı kompliment deyil. Axı məncə, o polyak deyildi.

– Hə, polyak deyildi.

Vernon dənizə baxdı.

– Ooralz, – qeyri-ixtiyari olaraq bu sözü ağzından qaçırtdı.

– Bağışlayın, nə dediniz?

Budur, çıxıb vağzala gedirsən, itkin düşən qadının fotosunu kassirə göstərirsən, o da qadını yadına salır, hara bilet aldığını sənə deyir. Lap filmlərdəki kimi. Yaxın stansiyaya çatmaq üçün iyirmi beş kilometr var, orda kassir yoxdu: bir dəliyə pul salırsan, ya da kredit kartını, o biri dəlikdən bilet çıxır. Şəkli də yoxdu. Heç olmasa fotoavtomatda şəkil çəkdirəydilər, normal cütlüklər belə edirlər; qız oğlanın dizi üstündə oturur, hər ikisi gülüşür, kefləri kökdür. Eh, o bu işlər üçün qocadı, qoca.

Evdə “Google”dan Andrea Morqeni axtardı, dörd yüz doxsan yeddi min nəticəyə rast gəldi; sonra qadının adını işarələyib mötərizəyə aldı, sayını üç yüz doxsan üçə kimi azaltdı”. Siz “Andrea Morqan”ı axtarırsız?” Google soruşdu. Yox, başqa heç kimi axtarmır, yalnız onu. Səhifələrin əksəriyyəti alman dilindəydi, Vernon onları bir-bir diqqətlə səhifələdi. O məktəbdə heç vaxt dillərlə maraqlanmamışdı, o vaxtdan dillər ona lazım olmamışdı. Sonra başına bir ideya girdi. İnternetdə onlayn lüğət tapdı, baxdı, “üzgüçü” sözü alman dilində necə yazılır; söz cinsdən asılı olaraq iki variantdaydı. “Andrea Morqen” + “Schwimmerin” sözlərini yazıb axtarışa verdi.

Səkkiz nəfərin adı çıxdı, hamısı da almanca. İki nəticə elə bil qəzetdən götürülmüşdü, biri rəsmi hesabatdan çıxarış idi, burda onun fotosu da vardı. Siyirtməli yeşiyin gözündə gördüyü fotoydu: Andrea soldan ikinciydi, qolları komanda yoldaşlarının çiyinlərində, ağ çimərlik şapkasının büküşləri görünürdü. Əlini yavaşıtdı, sətirlərin üstünü kliklədi “Səhifəni tərcümə etmək”. Budur, tapdı, sonra o biri səhifələrə istinadları da tapdı, bu dəfə ingiliscəydi.

Hardan biləydi axı? Özü-özündən soruşdu. Elmdən başı çıxmırdı, siyasətlə də maraqlanmırdı. Lakin o şeylərlə maraqlanırdı və o şeyləri başa düşə bilərdi ki, onlar hətta Right Plaice restoranının pəncərəsindən dənizə baxan kimi qadının xatirələrini oyadıb dəyişdirməyə başlayırdı.

Halle şəhəri keçmiş Şərqi Almaniyanın ərazisində yerləşirdi. Orda idmançıları dövlət seçirdi, ordudakı kimi. Qızları az qala on bir yaşından götürürdülər. Vernon qadının təxmini həyatını gözünün qabağına gətirməyə çalışdı. Valideynləri yazılı razılıq formasını imzalayırlar (bəlkə də yaymamaq şərtiylə sənəd imzalayırlar). Andrea əvvəlcə uşaq-gənclər idman məktəbində məşğul olmuşdu, sonra Şərqi Berlindəki “Dinamo” idman klubuna keçib. Orda adi dərslər də keçilir, lakin əsasən üzgüçülük öyrədilirdi, yalnız üzgüçülük! “Dinamo” klubunun üzvü olmaq şərəfliydi, bax elə buna görə də Andrea evdə yaşamırdı. Ondan qan analizi götürdülər, yararlı olub-olmamasını yoxlayırdılar. Həblər verirdilər, çəhrayı, mavi həblər. Deyirdilər ki, vitamindi. Sonra iynə vururdular, yenə deyirdilər ki, vitamindi. Yalnız adları başqadır – anabolik steroidlər və testosteron. İmtina eləmək qadağan idi. Onların devizi beləydi: “Həbləri atmasan, öləcəksən”. Məşqçilər izləyirdilər ki, idmançılar həbləri udsunlar.

Andrea ölmədi. Başqa şeylər baş verdi. Əzələlər böyüdü, vətərlər isə böyümədi. Vətərlər dağılmağa başladı. Sızanaqlar əmələ gəldi, səsinin tembri azaldı, bədəndə və üzdə tüklər peyda oldu; bəzən qarın nahiyəsində, lap göbəyinin üstündə qasıq tükləri bitirdi. Cinsi inkişafın ləngiməsi sonsuzluğa gətirib çıxartdı. Bəzi terminləri başa düşmək üçün Vernon lüğətə baxdı (misal üçün, klitorun hipertrofiyası və s. ). Lüğətə baxıb peşman da oldu. Digər terminlərin mənasını lüğətsiz də başa düşürdü: ürək çatışmazlığı, böyrək çatışmazlığı, yumurtalıqlarda şiş, şikəst olmuş uşaqlar, kor olmuş uşaqlar.

Dopinq qəbul eləmək bir sistem halını almışdı, çünki nəticəyə təminat verirdi. Üzgüçülükdə, xüsusən qadın üzgüçülüyündə, Şərqi Almaniyanın idmançıları hər yerdə “qızıl medal” alırdılar. Doğrudur, Andrea, bu səviyyəyə qalxmadı. Berlin divarının yıxılmasından sonra qalmaqal baş verdi, məşqçilər, həkimlər və məmurlar (zəhərləyənlər) müttəhimlər kürsüsündə oturdular, onun adı bir dəfə də çəkilmədi. Andrea hətta həb atandan sonra da milli komandaya düşə bilmədi. Digər idmançılar isə hər şeyi danışdılar: onların bədən və qəlblərini şikəst ediblər, özü də necə! Onlar hər şeyi açıb tökdülər. Və heç olmasa qələbənin şirinliyini daddılar, qısa da olsa bir neçə il idman şöhrəti qazandılar. Andrea isə heç nə qazanmadı, heç nə; yeganə qəniməti daha mövcud olmayan bir ölkədə keçirilən köhnə yarışlarda qazandığı qələbə medalıydı.

Vernon beton asfaltın zolağına, çınqıllı çimərliyə, ordan da boz dənizə və boz səmaya baxdı. Yalançı mənzərəydi, sanki bu balaca restoranın pəncərəsindən baxıb zövq alan adamlar üçün həmişə elə belə görünmüşdü, halbuki, əvvəllər bu mənzərəyə çimərlik daxmalarının sırası maneçilik törədirdi. Sonra onları kimsə yandırdı.


[1] As happy as Larry idiomu Birinci Dünya müharibəsi başlayandan Avstraliya ingiliscəsində geniş işlədilir, məşhur Avstraliya boksçusu Larry Foleyin (1849-1917) adıyla bağlıdır, o heç vaxt rinqdə uduzmayıb, hətta bir dəfə 70 raundlu yarışda da qalib gəlib və qəzetlər sərlövhələrində yazıblar: Larry kimi xoşbəxt... boksçu olmayacaq bir daha. O zamandan bu ifadə dillərə düşüb.

# 2450 dəfə oxunub

Müəllifin son yazıları

# # #