Sənin oğlun... - Fərhad Kərimli

Fərhad Kərimli

Fərhad Kərimli

11 dekabr 2021
# 10:50

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Fərhad Kərimlinin “Sənin oğlun...” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.


Yatmaq istəyirəm...

Yata bilmirəm...

Döşəyimdə o yana-bu yana çevrilirəm...

Ayağa qalxıb mətbəxə keçdim. Qabların arasından stəkan götürüb su süzməyə ərindim, birbaşa qrafinkanı başıma çəkib doqquz qurtum içdim. Əlimin arxasıyla ağzımın suyun silib yerimə qayıtdım.

Yenə də gözlərimə yuxu getmir...

...Səhər anam elə silkələyib oyatdı ki məni, elə bil nehrə çalxalayırdı. Gözlərimi açıb özümə gələn kimi qışqırdı:

- Tənbəl, ölkədə müharibə başlayıb, sən hələ yatmısan?!

MÜHARİBƏ... Sanki ruhum bədənimdən ayrılıb anamın məni oyatmağa çalışması kimi məni silkələyib özümə gətirdi.

Ölkədə müharibə başlamışdı. Mağazada, avtobusda, bazarda, taksidə, yolda, məhəllədə, çayxanada, liftdə hamı müharibədən danışırdı. Amma heç kimin cəbhədə tam olaraq nə baş verdiyindən xəbəri yox idi. İnternet kəsildiyi üçün heç yerdən məlumat ala bilmirdik. Sanki bütün ölkə əhalisini böyük bir quyuya atmışdılar. Quyudakılara quyunun başındakılar müharibə getdiyini deyirdilər. Amma quyudakılar bunu görə bilmirdilər, ona görə də quyunun başındakılara – televiziya işçilərinə inanmaq məcburiyyətində idilər.

İnternetin kəsilməyilə ölkədəki bütün sahələr iflic vəziyyətinə düşdü. Koronavirus səbəbindən dərsləri distant formada keçirdiksə, internet kəsiləndən sonra heç belə də keçə bilmədik. Onsuz da bir gün sonra dərslərin bağlanması haqda qərar da çıxdı.

Müharibənin gedişatını ancaq televiziya kanallarından öyrənmək mümkün idi. Müdafiə Nazirliyi məlumat yaymışdı ki, düşmən Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçib, biz də cavab atəşilə susdurmuşuq, hələ bir əks-hücuma da keçmişik. Məhlədə səhərdən axşama qədər nərd oynayıb bütün dövlət qurumlarını, gəncləri, qadınları tənqid eləyən dayılar deyirdilər ki, boş söhbətdir. Bu sözləri çox eşitmişik, yenə də bir-iki atışma olacaq, dayanacaq.

Bir-iki atışmaya internet kəsərlər?

İnanmaq nə qədər çətin, qulaqlardan uzaq olsa da, ölkədə müharibə başlamışdı. Və bu müharibənin dünya hərb tarixindəki digər müharibələrdən fərqi odur ki, biz yalnız qalib gəlməliyik. Məğlubiyyətimiz nəticəsində ölkədə yaranacaq vəziyyəti ağlıma gətirdikcə ətim ürpəşirdi. Yalnız bir çıxış yolumuz var – qalib gəlmək!

Mənim də nə edə biləcəyimi düşünməyə başladım. Könüllü şəkildə müharibəyə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə yaza bilərdim, amma tələbə olduğum üçün qəbul edilməyəcəkdi.

İkinci variant kimi ərizə yazıb universitetdən çıxıb yenə də çağırış xidmətinə müraciət edə bilərəm. Amma elə ərizə yazan kimi kimdi məni müharibəyə aparan, təlim keçməmiş, silah tutmağı öyrətməmiş. Havayı yerə tələbəliyim yanacaqdı.

Geriyə qalır bircə variant – cəbhəyə fəhlə kimi getmək.

Fəhlə kimi deyəndə ki, gedib əsgərlərin paltarını, qablarını yuya, yemək hazırlaya bilərdim. Bu yolla həm əsgərlərimizə, həm də elə vətən üçün nəsə etmək şansım olacaqdı.

Əsas iş cəbhəyə getməkdir. Orda istənilən işin qulpundan yapışmaq olar. Amma getmək üçün də evdəkilərdən icazə almalı, onları razı salmalı idim.

Mən cəbhəyə getmək fikrini götür-qoy edincə ordumuz artıq Murov zirvəsini və Füzulinin Aşağı Abdurrəhmanlı kəndini də işğalçılardan azad eləmişdi. İşğaldan azad olunma xəbərlərini eşitdikcə sanki bədənimdəki hüceyrələr daha da çoxalır, damarlarımdakı qan tam sürətlə dövr eləyir, nəticədə içim qızınırdı.

Televiziyada prezident, Müdafiə Nazirliyi, Hikmət Hacıyev bar-bar bağırır, düşmənə qan udduracağımızı, qalib gələcəyimizi dönə-dönə söyləyir və xalqdan möhkəm olmağı arzu edirdilər. Daha nə qədər möhkəm olaq? Soyuq havaya nazik paltarla çıxanda adamı soyuq alır, bir tədbir görməyəndə boynu ağrıyır və möhkəmlənir. Biz otuz ildir ki, soyuq havaya çıxmışdıq, bir tədbir görməmişdik və möhkəmlənmişdik, otuz il!

Axşam yeməyində söhbətə hansı sözlə, necə başlayacağımı düşünə-düşünə sən demə yemək yemirdim, qaşığı qayıq kimi mərci supunun içində “üzdürürdüm”. Xəbərim yox idi, anam qolumdan ehmalca silkələyib niyə yemirsən deyəndə ayıldım və qəfil söhbətə başladım:

- Ata, ana, mən... – qəfil telefonuma gələn zəng cümləmi yarımçıq qoydu.

Zəng eləyən əmim oğlu Həsənqulu idi.

- Alo, hə, Mehdi? – Əmim oğlunun adı Həsənqulu olsa da, biz Mehdi deyirdik. Niyəsini heç birimiz bilmirik. Elə hamı elə deyib, biz də elə deyirik.

Salam-sağ oldan, hal-əhvaldan sonra, Mehdi mətləbə keçdi:

- Qaqa, Qoşqar var e, bizim qohum...

- Hansı qohum?

- Yeznə Azərin əmisi oğlu...

- Hə, hə.

- Bilirsən də yəqin, o əsgərdir. Müharibədə təmas xəttini yaranlardan biri də odur. Yaralıdır, gətiriblər Bakıya. Sabah mən, Elçin, Sevincək gedəcəyik yanına. Getmirsən, gedək?

Lənətə gəlsin... Sabah rayona yola çıxmaq istəyirdim, amma bu görüşü də təxirə sala bilmərəm. Bir dəqiqə... Bu ki fürsətdir!
- Hə, qaqa, gəlmək istəyirəm, saat neçədə harda olum?

Cəbhəyə getməmişdən əvvəl Qoşqarın yanına getməyim yaxşı oldu. Cəbhədəki vəziyyəti ən yaxşı ondan öyrənə bilərəm elə. Bilim ki, hazırlıqlı gedim.

Xəstəxananın giriş qapısının önündə dayanıb bağlı qapıda görsənən əksimizi seyr edir, boylarımızı müqayisə edir, üst-başımızı səliqəyə salırdıq. Əslində isə bizi içəri buraxmayan qapıçını cırnadırdıq. Qapıçı bir də çıxıb əsəblə “Özünüzü öldürsəniz də, sizi içəri buraxan deyiləm” dedi.

Əslində haqlı idi. Təxmin edirdik ki, içəridə yaralı çoxdur, həkimlərin başı qarışıqdır, maneçilik törətməmək üçün bizi buraxmırlar. Amma bizim xəstəmizin halı yaxşıdır axı, onun yanına keçə bilərdik.

İçimizdə ən böyük Mehdi olduğu üçün qapıçıya bir cavab verməyib sözü ona verdik.

- Buraxmayacaqsan ki? –Mehdi yarı təhdidkar, yarı məzəli tərzdə soruşdu.

- Nç, – qapıçı nə təhdiddən qorxdu, nə də məzədən hirsləndi.

Mehdi telefonu açıb kiməsə zəng vurdu. Nömrəni yığıb telefonu qulağına tutandan sonra 4-cü mərtəbədə Qoşqarın olduğu pəncərəyə baxışından anladım ki, elə Qoşqara zəng eləyir.

Mehdi və Elçin qardaşdırlar. Qoşqar Mehdinin yeznəsi Azərin əmisi oğludur. O, aprel döyüşlərində də iştirak eləyib. Onda da yaralanmışdı. Bəxtindən indi də yaralanıb.

Mehdi zəng eləyib Qoşqara qapıçının bizi içəri buraxmadığını dedi. Qoşqar da nəsə cavab verdi. Mehdi telefonu aparıb qapıçıya verdi.

Pilləkənləri qalxanda Mehdi Qoşqarın qapıçıya ya bizi içəri buraxmağını, ya da aşağı düşsə, qapıçını qapı əvəzi rəzələrdən asacağını dediyini danışdıqca gülməkdən uğunurduq.

Qapını yavaşca döyüb içəri keçdik. Palata 2 nəfərlik olsa da, geniş idi. Yatağın birində qohumumuz, həm də kəndçimiz Qoşqar, o birində isə orta yaşlı, amma saçına vaxtsız dən düşmüş bir kişi uzanmışdı. Kişinin yanında ilk baxışdan arvadı olacağı qənaətinə gəldiyimiz bir xanım əyləşmişdi.

Qoşqarı dövrəyə alıb maraqla baxmağa başladıq. Heç birimiz danışmağa söz tapa bilmirdik. Qoşqarın ayaqları sarğılı idi. Mehdi deyirdi ki, ayaqlarından yaralanıb, dabanları, demək olar ki, yoxdur.

- Ayə, dörd boylu-buxunlu oğlansınız, bir qapıçıya gücünüz çatmır... – Qoşqar elə zarafat eləyirdi ki, sanki müharibə üzü görən bu deyildi, özü də xəstə yanına gəlmişdi.

- Ayə, boysuz-buxunsuz, – Mehdi Qoşqarın yaşına görə boyunun qısa olmağına söz vurdu, – De görək, nətər oldu?

Qoşqarın üzündəki zarafatlaşmadan doğan təbəssüm bir andaca yox oldu. Bir az dikəlmək istəsə də, bacarmadı. Sanki yaşadıqları, gördükləri, hiss etdikləri ağırlıq elədi. Gözləri dabanında idi. Görəsən nə hisslər keçirirdi? Görəsən hər hansısa orqanını itirmək nə demək idi?

– 2015-ci il yanvarın 1-dən xidmət eləyirəm. Mən xidmətimdən çox razıyam. Vətənimə, torpağıma, millətimə, dövlətimə xidmət eləməkdən qürur duyuram. Şərəfli ordu sıralarında şərəfimlə xidmət eləməkdən yorulmuram. Hələ müharibə başlamamışdan çox əvvəl bizə məlumat verildi, biz təlimlərə başladıq. Artıq təlimlərin gedişatından anlayırdıq ki, biz torpaqlarımızı azad etmək üçün vuruşacağıq. 4-5 ay xüsusi təlimlər keçdik, hər cür sınaqdan çıxdıq. Artıq biz özümüzə inanırdıq ki, hər cür müharibəyə, hər cür savaşa, hər çətinliyə hazırıq və dözümlüyük. Müharibəyə az qalmış II korpus komandiri general Mais Bərxudarov gəldi, döyüşə hazırlığımızı yoxladı.

Sentyabrın 26-sı N saylı hərbi hissəyə gəldik. Bizi qruplara böldülər. Taqım-taqım, manqa-manqa. Mən I keçid qrupunda idim. Gecə tapşırığa əsasən düşmənlə təmasa gəldik. Əbdürrəhmanlıdan döyüşə başladıq.

Çəkinmirdik! Qorxmurduq! Döyüş yoldaşlarımla birgə 2016-cı il Aprel döyüşlərində iştirak etmişdik. Bu yoldaşlıq bizi daha da yaxınlaşdırmışdı. Ölümdən döndüyümüz üçün artıq ölümə getmək bizimçün təhlükəli, qorxulu görsənmirdi. Hamıda döyüş ruhu, döyüş əhvalı yüksək dərəcədə idi.

Müharibə başladı. Öhdəmizdə düşmənin 14 postunu məhv etmək vardı. Döyüşə necə girdiksə, düşmən lərzəyə gəldi. Artileriya atəşi altında irəlilədikcə düşmənin bağrı çartlayırdı. Onlar başlarını tutub qaçır, biz marş oxuya-oxuya irəliləyirdik.

Posta az qalmış ilk atəş açıldı. Düşmən bizi tuşlamamış onları cəhənnəmə vasil etdik. Bizə verilən vaxtdan 4 dəfə daha tez 14 postu ələ keçirdik. Məruzə elədik, istirahət etməyimizə belə vaxt verilmədi. Əmr gəldi, bayrağımızı sancıb postlardan çıxdıq.

BMP II-yə minib Kürdlər kəndinə doğru irəliləməyə başladıq. Kürdlər kəndinə çatmağa az qalmış əmr gəldi ki, maşınlardan düşək. Planda belə bir şey yox idi. Postlara çatana qədər maşınla getməli idik. Təəccüb içində niyə belə əmr gəldiyini düşünməyə vaxt tapmamış səbəbini başa düşdük. Düşmən minaatanla atəşə keçdi. Kaş daha tez başa düşə biləydik.

Hər yer qara dumana büründü. Bir neçə saniyə heç nə hiss etmədim, heç nə görmədim, heç nə eşitmədim. Elə bil ölmüşdüm, meyitimə qıraqdan baxırdım. Yavaş-yavaş özümə gəldim. Gözümü açanda harda olduğumu, nə etdiyimi başa düşmədim. Bir neçə saniyə də belə keçdi. Özümə gəlib ayağa qalxmaq istədim, bacarmadım. Ayağımda ağrılar vardı. Dikəlib ayaqlarıma baxanda topuqdan aşağı hissəmin qan içində olduğunu gördüm. Amma özümü itirmədim. Aprel döyüşlərində də ayaqlarımdan yaralanmışdım. O zaman özümü itirsəm də, yaram yüngül idi. Həmin döyüşlər, Aprel döyüşlərindən sonra keçdiyimiz təlimlər mənə təcrübə qazandırmışdı.

Qan axır, canımdan can gedirdi. Tez botinkalarımın ipini açıb dizdən yuxarı bağladım. Ətrafa baxdım. Aprel döyüşlərində çiyin-çiyinə vuruşduğum əsgərlərin təcrübəsi olduğu üçün özlərinə gəlir, özlərini tez ilkin tibbi müayinə edə bilirdilər. Amma yeni əsgərlər özlərini itirmişdilər.

Həmin əsgərlərdən biri özünə gəlib nə olduğunu dərk eləyənə qədər ətrafa təəccüblə, keyimiş kimi baxdı. Özünə gələndə artıq ağrını hiss elədiyi üçün haradan yaralandığını tapmağa çalışdı. Dikəlib ayaqlarına baxanda sol ayağının dizdən aşağıdan qopduğunu gördü. Gözlərini yumub təzədən açdı. Sonra daha bərk yumub açdı. Sonra bacara bildiyi qədər bərk yumdu, əlləri ilə qulaqlarını tutub başını göyə qaldırdı. Ciyərləri elə indi partlayacaqmış kimi dərindən nəfəs alıb gözlərini açdı. Gözlərini necə bərk sıxmışdısa, gözünün ağı qıpqırmızı idi. Burnunu çəkib son dəfə ayağına baxdı. Dəyişən bir şey yox idi. Ayağı kəsilmişdi. Qışqırmağa başladı, qışqırdı, çığırdı, bağırdı, hönkürdü, nərilədi, son dəfə var gücü ilə bağırdı. Özündən getdi. Anladıq ki, ürəyi partladı.

...Danışdıqları sanki film kadrları kimi gözlərinin önündən keçirdi. Daha heç nə danışmadı. Gözlərini yumub arxaya söykəndi. Azca aşağı sürüşüb yerini rahatladı.

Bir müddət heç kim danışmadı. Mehdi bir stəkan su süzüb Qoşqara verdi. Daha sonra yavaş-yavaş söhbət eləməyə başladılar. Mənim ağlım isə Qoşqarın danışdıqlarında qalmışdı.

Birdən palatadakı digər yaralı bizə səsləndi:

– Bala, o sudan bir stəkan da mənə ver, mənimki qurtarıb, – deyib başı ilə yatağının yanındakı “tumbuçka”nın üstündəki içi boş su qabını göstərdi.

Suyu kişiyə uzadıb necə aramla qurtumlamasına baxdım.

– Su qədər ömrün olsun, oğlum. – deyib stəkanı mənə uzatdı.

– Çox sağ ol, əmi, – stəkanı aldım. Həyat yoldaşı yenidən ağlamağa başladı. Ona doğru baxanda gözlərinin ağlamaqdan şişdiyini, qızardığını gördüm. Ürəyimdə fikirləşdim ki, yəqin kişi arvadını döyür.

– Ay arvad, sənə demədim, ağlama? – arvadına əsəbləşməyi ehtimalımı doğruldurdu deyəsən. – Elə ağlayırsan, elə bil, ölənin var.

Kişinin vəziyyəti yaxşı idi, bəs arvadı niyə belə ağlayırdı?

Kişi sanki ürəyimdən keçəni oxuyub cavab verdi:

– Səfərbərlik elan olunanda oğlumu da çağırdılar. Mən də götürüb getdim “vayonkamat”a. Onlara dedim ki, məni aparın, oğlum qalsın. Razı olmadılar. Dedilər, qocasan. A kişi, mən 91-93–ün dəhşətini görən adamam. Qoca olsam da, müharibə görmüşəm. Erməniyə güllə atmışam, ac qalmışam, susuz yatmışam. Qan görmüşəm. Aparın məni, onsuz da yaşadığımı yaşamışam. Özümü güllənin qabağına atıb bir uşağı qurtararam. Uşaqdı mənim oğlum. O nə bilir nədi döyüşmək?! Nə isə, dedilər uşaq getməlidir. Dedim, onda ikimizi də aparın, gözümün qabağında olsun. Yenə razı olmadılar. Axırda girdim oğlumun qoluna, dedim, buraxan deyiləm, ya ikimizi bir aparırsınız, ya da qandallayıb qollarımızı açarı da udacam, apara bilmyəcəksiniz onu. Çox başını ağrıtmayım, başqa şeylər də oldu, başqa söhbətlər, oğlumu apardılar. Mən də döyüşçü kimi yox, işçi kimi getdim... – kişi birdən dayandı, gözləri yol çəkirdi. Ardını danışmadı, arvadı ağlayırdı, məni isə maraq bürümüşdü.

Elə bu vaxt içəri həkim daxil olub bizə yaxınlaşdı:

– Mirzə bəy...

– Həkim, “bəy”ləməyib! – Qoşqarın xəstə yoldaşı həkimin sözünü kəsdi.

– Mənə sənin nəzakətin yox, oğlumu xilas eləməyin lazımdır!

Həkim dörbucaqlı eynəyini çıxarıb dərindən nəfəs aldı. Mirzə kişi vəziyyətin ciddiliyini duyub dikəldi. Arvadı isə gözlərinin yaşını silib içində ağlamağa davam eləyirdi.

– Əlimizdən gələni edirik. İndi əməliyyata girəcək. Onu deməyə gəldim ki, oğlunuzu çox ağır və uzun əməliyyat gözləyir. Hər şey onun canının nə qədər möhkəm olmasından asılıdır. 10% şansı var. Dözsə, yaşayacaq. – həkim eynəyini tez gözünə taxdı, geriyə dönüb sürətlə palatadan çıxdı.

Mirzə kişinin arvadı hönkürtü ilə ağlamağa başladı. Kişinin üzü isə elə ifadə aldı ki, mən bu ifadəni yalnız filmlərdə görmüşdüm. Hə, filmlərdə. Hansısa adamı ailəsiylə təhdid edirlər, amma həmin adam yenə də dediyindən dönmür. Gözünün önündə ailəsini öldürürlər, amma həmin adamın heç gözündən yaş da gəlmir. Mirzə kişi bu baxışlarla əlimə, daha doğrusu, əlimdəki stəkana baxırdı. Tez bir stəkana su süzüb kişiyə uzatdım. Kişi əli titrəyə-titrəyə stəkanı alıb başına çəkdi. Mənə tərəf uzatdı, əlimi atıb stəkanı ondan almaq istəyirdim ki, birdən kişinin əlinin titrəyişi artdı və qəfil stəkan qırıldı. Tez qırıq stəkanı kişidən aldım, yerə düşən parçanı da götürüb qırıq stəkanın içinə atdım.

Bu hadisələr baş verən müddətdə Mirzə kişinin arvadı hələ də ağlayırdı. Mirzə kişi qanlı əliylə arvadının qolundan tutub onu silkələməyə başladı. Arvadı silkələndikcə daha çox hönkürtü ilə ağlayır, arvadı ağladıqca kişi daha çox silkələyirdi. Birdən Mirzə kişi silkələməyi dayandırıb, arvadının qolunu bərk sıxdı. Arvad qolu ağrıyanda özünə gəlməyə başladı.

– Sevda! – Mirzə kişi necə qışqırdısa, arvad xırp səsini kəsdi. ¬¬– Sevda, ağlama! Oğlun hələ ölməyib. Öləcəksə də, kişi kimi öləcək! – Qışqırıq gurultuya çevrilirdi – Sənin oğlun qəzaya düşüb ölmür, sənin oğlun narkotikdən ölmür, sənin oğlunu bıçaqlamayıblar... Sənin oğlun Vətən uğrunda ölür! Sənin oğlun şəhid olur! Sənin oğlun şərəfi ilə, qeyrəti ilə, namusu ilə ölür. Sənin oğlun kişi kimi...

– Mənim oğlum ölür, bəs sənin oğlun?! – Sevda arvad birdən necə qışqırdısa, Mirzə kişinin sözü ağzında qaldı. Əynindən çıxarılıb yanındakı stulun başına atılan koftasını götürüb cırdı. Əski ilə əlini sarıdı. Göz yaşları qanına qarışırdı...

Xəstəxanadan çıxıb dayanacağa çatana qədər bir az söhbətləşdik. Ağlım Mirzə kişinin oğlunda qalmışdı. Görəsən, sağ qalacaqdımı?

- Ata, ana, mən cəbhəyə gedirəm! – ciddi məsələlərdə qısa və konkret danışmağa üstünlük verirəm.

Söz ağzımdan çıxan kimi anam əvvəlcə atama, sonra yenə mənə baxı, nəsə demək istəyirdi ki, dayandı, yenidən atama baxıb sanki deyiləcək söz varsa, o desin deyə yerini ona verdi.

- Yeməyini ye, sonra gedərsən. – atam elə etinasız cavab verdi ki, sanki mağazaya getməyə icazə alırdım. Həmişəki xasiyyətidir – ciddi məsələlərə yumorla cavab verib qarşısındakının hiss-həyəcanını yatırdar, sonra öz sözünü deyərdi.

- Yeməyimi yeyim, yatım, sabah gedəcəm.

- Nə deməkdir, cəbhəyə gedirəm?

- Cəbhəyə də, müharibəyə...

- Sənə də gəlib çağırış?

- Yox, mən heç əsgərlikdə olmamışam, qaldı ki, çağırış gələ...

- Ay sağ ol, nə vaxt gələr, onda gedərsən!

- Sabah tezdən yola çıxacağıq. – deyib gözümü boşqabıma dikdim.

- Heç yerə getmirsən. – atam qəti və kəskin şəkildə dedi.

- Niyə axı? – əlavə sual verməyə, fikrimi daha çox sözlərlə ifadə etməyə ehtiyac duymadan atamın gözünün içinə baxdım. Sanki danışmadan bütün fikrlərimi ona ötürmüşdüm, o da məni anlamışdı.

- Nəyə gedirsən, nə işin var sənin orda? – salfetlə ağzını silib hər iki əlini stolun üstünə qoydu.

- Ölkədə müharibə gedir, bu saat hamımızın orda – cəbhədə işi olmalıdır, evlərimizdə yox.

- Hərənin öz işi var. Həkimin işi yaralını sağaltmaq, çörəkçinin işi əsgərlərin yeməyini təmin eləmək, prezidentin işi müharibəni idarə eləmək, əsgərin işi vuruşmaqdır. Sən isə tələbəsən. Özü də nəylə gedəcəksən, necə gedəcəksən?

- Xəstəxanadan evə qayıdanda dostum Rəşid zəng elədi, dedi, əsgərlərə pay aparırlar Füzuliyə, yolu yaxşı tanımırlar. Dedilər gedərsən, dedim gedərəm! Əsgərlərə payı paylayandan sonra Rəşidgil qayıdar, mən də əsgərlərə qoşularam, gedərəm.

- Uşaq-uşaq danışma! Kimdir səni müharibəyə buraxan?

- Bilirəm, buraxmayacaqlar, amma bir yolun tapıb keçə bilərəm qabağa. Döyüşməsəm də, bir işin qulpundan yapışaram. Yemək bişirərəm, qab yuyaram, güllə daşıyaram. Qabağa gedə bilməsəm də, arxa cəbhədə nəsə edərəm. Bilmirəm, axır ki, nəsə etmək istəyirəm. Lap gedərəm, gördüklərimdən, bir kitab yazaram.

- Fuad, sən hara, kitab yazmaq hara, otur oturduğun yerdə, məni əsəbləşdirmə.

- Ata, o qədər şey saydım, sən kitabda ilişdin? Deyirəm, şorbada mənim də duzum olsun. Bu saat vuruşanlar məndən balaca əsgərlərdi, onlar can verəndə, mən nətər yatım evdə? Həm sən demirdin, Vətənə borcumuzu yerinə yetirməliyik? Mən də borcumu yerinə yetirmək istəyirəm!

- Sənin Vətənə borcunu vaxtında mən yerinə yetirmişəm, narahat olma!

- Bəhlul Danəndə deyir, qoyunu qoyun ayağından, keçini keçi ayağından asarlar...

- Qoyun dədəndi, keçi də papan...

- Ata, mən gedirəm sabah.

- Getmirsən! Getməyəcəksən!

- Gedəcəm!

- Görərik!!!

- Neyləyəcəksən? Əlimi-ayağımı bağlayacaqsan?

Əl-ayağımı bağlamadı, amma qapını bağladı. Axşam yeməyindəki mübahisəmizdən sonra öz otağıma keçdim. Balaca bel çantama bir-iki paltar yığıb hazırladım. Yerimə uzanıb özümü yatmışlığa vurdum. Yatsaydım, səhər beşdə oyana bilməyəcəkdim. Amma hərdən mürgüləyirdim, sonra qəfil oyanırdım.

Saat dörddə daha mürgüləyə bilməyəcəyimi anlayıb evdən çıxmaq istədim. Amma atam qapını kilidləmişdi. Onsuz da həmişə yatmazdan əvvəl qapını kilidləyirik, amma açar qapının üstündə olurdu, indi açar yox idi. Atam belə eləyib məni fikrimdən daşındıra biləcəyini sanırdı. Lakin görəsən ağlına gəlməmişdi ki, qapıdan çıxa bilməsəm də, pəncərədən çıxa bilərəm?

Bir saat vaxtım vardı. Rəşidgil məni saat yeddinin yarısında Lökbatan dairəsindən götürəcəkdilər. Saat altıda evdən çıxıb taksi ilə gedəsiydim. İndi isə bir az piyada gəzib daha sonra taksiyə minəcəm.

Səhər-səhər gəzmək o qədər gözəldir ki. İnsan yaşadığını hiss eləyir. Torpağın üstündə yeridikcə düşünürdüm ki, indi bu torpağın çox uzaq yerində mən yaşda biri də yeriyir. Amma həyatlarımız tamam fərqlidir: mən gəzirəm, o düşmən üstünə hücuma keçib. Mən istədiyim vaxt evə qayıda, istədiyim yerə gedə bilərəm. Ona isə verilmiş döyüş tapşırığı var və o bu tapşırığı layiqincə yerinə yetirməlidir. Mənim diqqətsizliyim ucbatından uzaqbaşı məni maşın vuracaq. Onun bircə diqqətsizliyi ilə o ölə, özüylə bərabər əsgər yoldaşlarını da təhlükəyə ata, döyüş planını poza, düşmənə üstünlük qazandıra bilər.

Ayaq basdığım torpağın çox uzaq yerinə ayaq basan əsgəri düşündükcə yadıma xəstəxanada Mirzə kişinin oğlu düşdü. Qoşqarın nömrəsini Mehdidən almışdım. Amma bu vaxt zəng eləyə bilmərəm, çox güman ki, yatmış olar.

Mən də ona belə bir mesaj yazdım:

– “Sabahın xeyir, əsgər! Mehdinin əmisi oğlu Fuaddır. Üzrlü say, vaxtsız narahat eləyirəm səni. Zəng eləmədim ki, yatmış olarsan. Mirzə kişinin oğlundan nə xəbər?”

Mesajı göndərib telefonu cibimə atdım. Taksi saxlatdırıb mindim.

Taksidən düşüb Rəşidgili gözləməyə başladım. Çox gecikmədilər. Yeddinin yarısı Lökbatan dairəsindən Füzuli istiqamətinə yola çıxdıq. Qoşqardan mesaj gəldi: “Şəhid oldu”.

# 2902 dəfə oxunub

Müəllifin son yazıları

# # #