Kulis.az Nuran Yaqubun yeni yazısını təqdim edir.
Ədəbiyyat çox vaxt insanın insanla münasibətini izah etməyə çalışır. Amma dərin ədəbi təhlillər göstərir ki, insanın təbiətlə münasibəti də ən az insanla münasibəti qədər əhəmiyyətlidir. Təbiət obrazı sadəcə fon kimi təqdim olunduqda, yəni çayın şırıltısı, ağacların xışıltısı bədii təsvir kimi istifadə olunduqda bu, estetik bir yanaşmadır. Amma eyni təbiət susmağa, sükuta çəkilməyə, tükənməyə başlayanda bu, artıq təkcə obraz yox, ədəbi həyəcan siqnalına çevrilir. Eko-tənqid məhz bu siqnalı ədəbi mətndə izləyən tənqid sahəsidir. Ədəbiyyatda təbiətə münasibəti, onun poetik və ya fəlsəfi yox, etik və ideoloji statusunu sorğulayan bu yanaşma dünya nəsrində də maraqlı izlər buraxır.
Eko-tənqid ədəbi mətndə təbiət obrazının necə təqdim olunduğunu, insanla münasibətinin hansı ideoloji məna daşıdığını sorğulayır. Bu yanaşma XX əsrin sonlarında elmə daxil olsa da, klassik və müasir əsərlərin çoxu bu baxışla yenidən oxunduqda daha dərin mənalar ortaya çıxır.
İngilis yazıçı Tomas Hardi XIX əsrin sonlarında yazdığı romanlarında kənd həyatının süqutunu, sənayeləşmənin və şəhərləşmənin təbiətə necə zərbə vurduğunu göstərirdi. Onun "Tess of the d’Urbervilles" əsərində təbiət təkcə fon kimi deyil qadın obrazı ilə birləşərək məhvə aparılan, zorakılığa məruz qalan bir sistemin hissəsinə çevrilir. Təbiətin qadın bədəni kimi istifadə olunması, onun təmizliyinin pozulması və nəticədə, təbiətin də, qadının da susdurulması bu əsərdə eko-tənqidlə feminizmi qovuşdurur. Hardi təbiəti gözəllik üçün yox, itirməkdən qorxduğu dəyərlər kimi yazırdı.
Amerika ədəbiyyatında isə Ernest Heminquey və Uilyam Folkner Faulkner kimi yazıçılarda təbiət əsasən insanın sınağa çəkildiyi müstəvidir. Heminqueyin "The Old Man and the Sea" əsərində dəniz təkcə təbiət yox, mübarizə fəlsəfəsi, səbir və təvazökarlıq rəmzidir. Amma burada təbiətə edilən müdaxilə - balıqçının həyat uğrunda etdiyi mübarizə – eyni zamanda onun içindəki vahidliyi də pozur. Təbiət ona qalib gəlməyə çalışan insana passiv şəkildə cavab verir. Eko-tənqid burada təbiətin səssizliyini analiz edir.
Folknerin "The Bear" (Ayı) adlı novellasında isə meşə yalnız fiziki məkan deyil mədəniyyətin doğulduğu, ancaq getdikcə məhv edilən bir dünyadır. Ayının ovlanması ilə başa çatan bu əsərdə təbiətin müqəddəsliyi və onun ticarət predmetinə çevrilməsi çox aydın görünür. Bu, eko-tənqidin əsas mövzusudur: insanın mədəniyyəti təbiət üzərində qurduğu andan etibarən həm onu, həm də özünü məhv etməsi.
Rus ədəbiyyatında Çexovun əsərləri çox vaxt təbiətə ehtiramla doludur. Lakin “Albalı bağı” pyesində təbiət( konkret olaraq albalı bağı) keçmişin yaddaşı, estetik və mənəvi dəyər daşıyıcısıdır. Bağın yox olması yalnız torpaq sahəsinin dəyişməsi deyil, mədəniyyətin transformasiyası, təbiətin iqtisadi maraqlara qurban getməsidir. Çexov burada eko-tənqidin əsas problemini illər öncə qoyur: təbiətin yox olması təkcə fiziki dəyişiklik deyil, bütün nəsillərin mənəvi çökməsidir.
Fransız ədəbiyyatında Alber Kamyunun “Çöküş”, “Yad”, “Taun” əsərlərində təbiət çox az görünür, amma bu yoxluq şüurlu bir seçimdir. Kamyunun ədəbiyyatında şəhər, insan, ölüm, soyuqluq və susqunluq təbiətin yoxluğunun nəticəsi kimi təqdim edilir. Onun şəhərləri rütubətli, havasız, dənizlər isə susqun və soyuqdur. Eko-tənqidi bu kontekstdə Kamyunun əsərlərindəki təbiət susqunluğu ilə insanın mənəvi tənəzzülü arasında əlaqədə görürük. Əsərlərdə təbiət yoxdur. Və insan da artıq “yad”dır.
Yapon ədəbiyyatında isə təbiət obrazı çox zaman minimalist, lakin fəlsəfi dərinliklə işlənir. Yasunari Kavabatanın “Qar ölkəsi” əsərində qar, soyuq, dağlar və təbiət hadisələri qəhrəmanların daxili vəziyyəti ilə harmoniya təşkil edir. Amma bu harmoniya artıq narahatedici bir səssizlik daşıyır. Eko-tənqid burada təbiətin gözəlliyi ilə onun insan tərəfindən emosional və sosial baxımdan istismarını analiz edir. Hətta Yapon nəsrindəki təbiət sakit görünürsə də, bu səssizlik bəzən gecikmiş bir qəzəbin fonu kimi bizə təqdim olunur.
Son dövrlərdə dünya ədəbiyyatında təbiət artıq romantik vasitə yox, əsas mövzuya çevrilir. Marqaret Etvud kimi yazıçılar distopik romanlarında təbiətin yoxluğunu bəşəriyyətin sonu ilə eyniləşdirir. Onun “Oryx and Crake” trilogiyasında təbiət məhv olmuş, genetik olaraq dəyişdirilmiş, süni şəkildə “yenidən yaradılmışdır”. Burada eko-tənqid artıq müasir texnologiya ilə təbiət arasında qarşıdurmanın sərt formalarını tənqid edir: insan artıq yalnız təbiəti yox etmir, onu əvəz etməyə də çalışır.
Nəticə etibarilə, dünya ədəbiyyatında təbiət obrazı zamanla passiv estetikadan çıxaraq daha fəal, ideoloji və etik bir mövqeyə keçmişdir. Eko-tənqid bu keçidi izləməyə, insanla təbiət arasındakı əlaqənin ədəbi ifadələrini araşdırmağa imkan yaradır.