Keçid - Təranə Arifqızı

Təranə Arifqızı

Təranə Arifqızı

10 dekabr 2021
# 18:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Təranə Arifqızının “Keçid” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Onun əvvəl başını bədənindən ayırdılar. Sonra sağ qolunu, sonra sol qolunu, daha sonra qalan yerlərini hissə-hissə doğrayıb maşına yüklədilər. Harasa apardılar. Danışırdılar ki, hardasa xaricdə yaxşı pula satıblar. Deyirəm e, ay gidi dünya. Burda deyiblər, əvvəli əziz, axırı ucuz olan insan. Onu yarım əsr bundan qabaq nə təmtəraqla qaldırıb dağın başına qoymuşdular. Sanki açılan əli ilə bütün şəhəri bağrına basmış, mənimdi! - deyə başını çox dik tutmuşdu. Kim kimin atına minib düşəcəkdi, kimin düşəndə qolu-qıçı qırılacaqdı, onu Tanrı daha gözəl bilir.

***

Yanvar ayının ilk günləri idi. Hər il təmtəraqla qarşılanan təzə il özü ilə nələr gətirəcəkdi, heç kəs bilmirdi. Köhnələr dağıdılmış, yenilərin hazır olmasına uzun illər lazım idi. Şəhər suyu sovulmuş dəyirman kimi sanki yiyəsini itirmişdi. Ən gözəl illəri sərt döngəli yol ayrıcına düşən tələbələrə yaşadıqları, şahidi olduqları hər şey maraqlı görünürdü. On altıncı qrupun qızları da tələbəlik həyatlarını bacardıqları qədər gözəl yaşamağa çalışırdılar. Hər günləri həyacanlı, maraqlı xəbərlə açılan tələbə qızlar hər şeyə vaxt tapa bilirdilər.

Onlar min doqquz yüz doxsanıncı ilin sentyabrında... yox, oktyabrında bir qrupda dərsə başlamışdılar. Hərəsi bir rayondan gəlmiş, ilk dərs gününü, sentyabrın birini həsrətlə gözləyənlərin çoxusu o sevinci yaşamağa macal tapmamış evlərinə geri qayıtmışdı. Sovetin son pambıq yığımı sezonuna həmişəki kimi tələbələr də çağırılmışdı. Amma nədənsə çoxusu bu yığımda iştirak etmirdi. Kim-kiməydi. Hərə oz canının hayına qalmışdı... O günlər indi arxada qalmış, tələbələr tez bir zamanda qaynayıb qarışmışdılar.

***

Pəncərə önündə dayanmış Sədaqət bir gözü aşağıda, adəti üzrə qısa, oğlan saçı kimi kəsilmiş saçlarını barmaqları ilə darayıb, geriyə atdı:

- Samirənin dayısı yenə gəlib...

Qızlar bir-birinə baxdılar. Bəziləri inanmırmış kimi tez gəlib pəncərədən boylandı. Krupskayanın üç-dörd ay bundan qabaq götürülmüş büstünün yerində boyu az qala iki metrə çatan, iyirmi yeddi-iyirmi səkkiz yaşlarında bir oğlan heykəl kimi dayanmışdı. Nailə qaşlarını yuxarı dartıb, kinayə ilə gülümsündü:

- Belə bir dayımız da olmadı, gündə gələ, bacısı qızını yoxlaya.

Arzu əzbərlədiyi seminar dəftərini əlindən yerə qoymadan söhbətə qarışdı:

- Vallah, mən məəttəl qalmışam. Fikir vermisiz, qızlar? Dayı gələndə Samirə elə həyəcanlanır ki, elə bil sevgilisi gəlib. Gülüşdülər.

- Doğrudan e, Samirə hanı bəs?

- Deyəsən, büfetə getdi. Hicran xəbəri çatdırmaq üçün fürsəti fövtə vermədi. Tez qapıdan çıxdı. Az sonra təngənəfəs sinfə qayıtdı:

- Samirəni görüş yerinə ötürüb gəldim.

Onlar pəncərədən dayı-bacıqızı görüşünü izləməyə macal tapmamış, zəng içəri vuruldu. Rus ədəbiyyatını tədris edən Klara müəllimə asta addımlarla içəri girdi. Sinifdə hamı ağbəniz, daim gülümsər gözləri ilə tələbələri süzən bu qadını çox sevirdi. Gozəl şeir deməyi vardı. Puşkindən, Mayakovskidən, bir də ən çox sevdiyi Əli Kərimdən. Dərsin sonlarına yaxın tam anlamda poeziya dəqiqələri yaşanırdı. Müəllimə adları oxuya-oxuya eynəyin üstündən tələbələrinə nəzər yetirirdi. Bu gün onların nəsə bir çaxnaşmada olduqları diqqətindən yayınmadı.

- Qızlar, nə olub?

Hər sözə yetik olan Hicran əlüstü dilləndi:

- Müəllim, Samirənin..

Yoldaşı yanından ehmalca basdı:

- Dayını demə...

Çinədanı deşilən Hicranın hıçqırığı içində qaldı. Klara müəllimə qaşlarını çatdı:

- Nə olub Samirəyə?

- Bufetdədi, müəllimə, indi gələr... Su içməyə gedib..

Xısın-xısın gülüşdülər. Müəllim qələmlə stolu tıqqıldatdı:

- Yaxşı, sakit olun!

***

Artıq dərsin birinci saatı sona çatırdı. Aleksand Sergeyeviç Puşkinin maraqlı həyatından danışan müəllim onun əsərlərinin təhlilinə keçmişdi. Hamı səssizcə maraqlı və faciəli həyat hekəyəsini dinləyirdi. Şairin sevdiyi qadın, həyat yoldaşı üçün dueldə öldürülməsi qızları göz yaşına boğmuşdu. Həzin bir səsin sehrində bu deyilənlər nağıl kimi görünürdü... Gənc qızlar xəyallarında onlar üçün canından keçən qəhrəman obrazı düşünürdülər.

- Sənubər, Samirə gəlib çıxmadı. Bəlkə bir maraqlanasan.

Müəllimin səsi sinifdəki sükutu pozdu. Kimsə atmaca atdı:

- Dayısı yanındadı, nə olacaq ki?

Sənubər sinif nümayəndəsi idi. Narazı halda qalxıb sinifdən çıxmaq istərkən qapı açıldı. Samirəylə az qala kələ-kəlləyə gəlmişdi:

- Yavaş görək, hardasan sən? - Hikkəylə deyindi.

Samirə tutulmuş halda onun üzünə baxıb, astadan:

- Dayım gəlmişdi... - deyib, başını aşağı saldı. Müəllimə diqqətli baxışlarla onu süzdü:

- Əyləşin.

Bu gün hədəf Samirə olduğu üçün onun üzünün al-al olması qızların diqqətindən yayınmadı. Müəmmalı nəzərlərin müşayiəti ilə yerinə keçib, bura gələndən bir partada oturduğu Əfsanənin sual dolu gözlərinə nəsə pıçıldadı. Əfsanə, sonra danışarıq, deyib, işarə ilə müəllimi göstərdi. Müəllim Samirənin üzünə baxıb, bir anlığa fikrə getdi, üzü pəncərəyə sarı addımladı, birdən geri dönüb təkrar ona ani bir baxış atıb, üzünü auditoriyaya tutdu. Asta səslə Əli Kərimin ”İki sevgi” şeirini söyləməyə başladı:

- Gözəl qız, sən saf susan,

İki qəlb arzususan.

Mənsə səni sevirəm susuzluğun od vurub,

köz kimi yandırdığı dodaq su sevən kimi...

***

Səlimə bəstəboy, yumru-yumaq, ağbəniz qız idi. Fiqura cəhətdən çox kasıbdı. Hər tərəfi eyni idi, top kimi. Yeri oldu-olmadı hamıdan küsərdi. Hələ gözlərini doldurub ağlamağı qalsın bir yana. Qızların çoxusu onu bəyənməzdi. Hər kəsə qapalı, təkcə öz içinə açıq olan Əfsanə ilk gündən onunla bir stolu paylaşmışdı. Samirənin də ürəyi ancaq ona qızırdı. Sirri-sözü Əfsanənin çinədanında idi. Bir də ki, bu Samirə o qədər saf idi ki... Bəzən onun saflığından kimsə pis niyyətlə istifadə edəcək deyə, Əfsanənin ürəyi qopurdu.

Samirə dayısı dediyi cavanla birinci dəfə həyətdə durub qızara-bozara söhbət edəndə, qızlar :

- Samirə, bu yaraşıqlı kimdi? - deyə onu sorğu-suala tutmuşdular.

Qrup yoldaşlarının bu dəli marağı qarşısında nə deyəcəyini bilməyən Samirə, “Dayımdı” - deyib, canını qurtarmışdı. Onların da ağlına başqa şey gəlməmişdi. Hətta sinifdə hamıdan dikbaş, hazırcavab olan Hicran, “Sevdim e, dayını. Düzəlt də məni ona...” - yalvararaq, Samirənin yaxasına ilişmişdi. “Dayım nişanlıdı” kəlməsi Hicranı çox pərt eləsə də, inanmamışdı.

Bir dəfə bazar günü axşamüstü Əfsanə Şəhidlər xiyabanından uzaşağı sahilə enəndə Samirə ilə dayısını bağın içində, taxta skamyada yan-yana çox səmimi oturan gordü. Öz aləmlərində idilər. Şirin söhbət edirdilər. Yanlarından tələsik keçib gedən Əfsanəni görmədilər belə. Səhəri günü dərsdə yüngül bir işarə ilə onları gördüyünü eyham etdi. Samirə bir az nəm-nüm elədikdən sonra, onun dayısı yox, öz kəndlərindən, onunla evlənmək üçün maraqlanan uzaq bir qohumları olduğunu söylədi. İş ciddiyə minmədiyi üçün gizlətdiyini bildirdi:

- Qızları bilirsən də, bilsələr, hoydu-hoyduya götürəcəklər.

- Niyə elə danışırsan? Bəs indi dayı dediyin adamın səni sevən biri olduğunu biləndə səni rahat buraxacaqlarını düşünürsən? Əsil həngamə onda başlayacaq.

Samirə tutulmuş halda, yazıq-yazıq ona baxdı. Sanki, məni qızların cəngindən qurtar, deyə yalvarırdı.

- Bəs mən neyləyim?

- Nə vaxta kimi gizli görüşəcəksiz? Denən ki, mən rahat ola bilmirəm. Ad eləsinlər, nişan qoysunlar. Az qala bir ildi ki, tanışsınız, oturub –durursunuz. Halına-xasiyyətinə az-çox bələdçiliyin var. Kənardan yaxşı birinə bənzəyir.

- Hə, çox gözəl insandı. Özünü sevdiklərinə, torpağına qurban edəcək qədər gözəl insan... – o, bu sözləri deyib, dərin fikrə getdi.

***

Samirə qızları aldada bilməmişdi. Hicranın onları bir yerdə görməsi sirlərini aləmə faş etmişdi. Bir səhər həyəcanla sinifə girən Hicran:

- Qızlar, gözünüzü yumun, qulağınızı açın, sizə bomba xəbərim var.

Hamı maraqla qulağını şəklədi. Hicranın ən vecsiz xəbəri belə gurultu ilə partlatmağı vardı. Əfsanə fikirli halda üzünü ona döndərdi. Nailə ilə Sədaqət xısın-xısın danışmaqlarına ara verdilər. Sənubər sinif nümüyəndəsi olaraq ondan yeni xəbəri eşitməyə tələsib, yaxına gəldi. Arzu dözməyib səbirsizləndi:

- Ürəyimizi çəkmə görək, nə eşitmisən yenə?

Hicran geyindiyi genətəkli donu ilə ortada fırlanıb, gözlərinin içinə işləmiş şıltaq gülüşlə yeni bir tamaşa anonsu verirmiş kimi şirin Qarabağ ləhcəsi ilə xəbəri çatdırdı:

- Eşitməmişəm e, bax bu cin gözlərimlə görmüşəm. Bizim Samirə dayısı ilə öpüşürdü!!

Bir anlıq sanki qurbağa gölünə daş atdılar. Birdən Arzu müşahidəsində yanlmadığını təsdiq üçün:

- Gördünüz, mən demişdim axı... demək ki, yanılmamışam - deyə tez dilləndi.

- Demək sevgilisi imiş...

- Bizi gör necə tovlayıb bu qız? Sakit ilan kimi saman altdan su yeridirmiş.

- Bu, təzə xəbər deyil - Əfsanə onları sakitliyə səsləyən səsi ilə sözə qarşıdı.

- Demək, sən bilirdin?

- Hə, çoxdan bilirəm. Qızlar, nə olar, Samirə sinfə gələndə bildirməyin. Onsuz da utanır. Bir də ki, burda təəccüblü nə var ki? Sanki heç birinizin belə gizli sevdiyi olmayıb. Deyəcəkdi. Dedi, nişanlanaq sonra.

- Əlindən almayacaqdıq ki?- Hicran küskün-küskün başını aşağı saldı.

- Deyəsən axı, sənin elə bir fikrin vardı axı... - Nailə pıqqıldadı.

- Vallah, Samirə dayıya heç yaraşmır. Heyif...-Hicran təəssüfləndi. Gözü hələ də o yaraşıqlı cavanda qalmışdı.

Əfsanə onun bu sözlərinə qarşı biganə qala bilmədi. İnsanı xarici görünüşü ilə bəyənən bu qıza nə deyəcəyini bilmədi:

- Elə demə, Samirə çox yaxşı qızdı. Ürəyi təmizdi, uşaq kimi safdı. Bəzən sənin bu düşüncələrin mənə çatmır. Tanrı yaratdığı bəndəni bəyənməmək bir günahın, onun daxili aləmindəki zənginlikdən xəbərinin olmaması ikinci günahın.

- Yaxşı görək, mən nə dedim ki? Zarafat edirəm də..- Hicran səhv danışdığını başa düşərək, səsini qısdı.

Amma xəbərin gətirdiyi təəccüblü, bir az da yumoristik əhval-ruhiyyə ortamı tərk etmədi. Səs-küy qalxdı. Samirə və “ dayısı” ilə bağlı fikir yürütməyə, onu qınamağa, bəzən də haqq verməyə çalışanlar oldu. Sinif qapısının açılması və Samirənin gözləri qızarmış halda içəri girməsi qızları susmağa vadar etdi. Hamının birdən donmuş kimi ona baxdığını görən qız təəccüblə:

- Nə olub? - deyə qaşlarını çatdı.

Hicran kinayə ilə gülümsündü:

- Bizə heç nə, sənə nə olub? Elə bil ağlamısan? Yoxsa...

Hicranın sözünün arxasında nə deyəcəyini bilməyən Samirə onları qəmli baxışlarla süzüb, yerinə keçdi. Qızarmış gözləri birdən-birə doldu. Hıçqırıqla ağlamağa başladı. Əfsanə əlini onun saçlarına çəkdi:

- Səmoş, nə olub?

Samirə daha da ürəkləndi. Yanıqlı-yanıqlı hönkürdü. Qızlar çaşıb qaldılar. Hicran söz atmağından qalmadı:

- Ay qız, niyə ağlayırsan? Sevgilin əsgər gedib?

Samirə bir şey anlamadan:

- Dayım Qarabağa getmək istəyir - deyib, başını qollarının üstünə qoydu. Çiyni atılıb-düşməyə başladı. Bayaqdan dil qəfəsə qoymadan danışan, onu asıb-kəsən qızlar daha danışmadılar. Onsuz da aranın qarışıq vaxtı idi. İndi heç kim heç kimin ərizəsini oxumurdu. Bu qarışıqlıqda Qarabağa getmək doğrudan da təhlükəli idi. O günü səssizcə başa vuran tələbə qızlar dərs qurtaran kimi evlərinə, yataqxanaya dağılışdılar.

Daha bilmədilər ki, “dayı” ilə bağlı az əvvəl deməyə hazırladıqları sözləri bir də heç vaxt dillərinə gətirə bilməyəcəklər. Yadlarına düşəndə onların da Samirə kimi gözləri dolacaqdı...

***

Divarlar gurultudan titrəyirdi. Onlar sanki sinifdə olduqlarını unutmuşdular. Nə müəllimlərin, tələbələrin “ nə olub, nə səsdi, kimdi oxuyan?” - kimi suallarını eşidir, nə də onların maraq, təəccüb, heyrət dolu baxışlarını görürdülər. Əsgər marşını oxuyan qızlar, əllərini stola, ayaqlarını da döşəməyə ritmlə vuraraq, daha da əzmlə, coşqu ilə oxuyurdular:

Nə gözəldir, ölmək bizə

Sevgili vətən üçün.

Yanar ürək yurd eşqiylə

Daima için-için.

Marş irəli,

Azərbaycan əsgəri!!

Dərs dediyi bu iki ildə sakit, xəyalpərəst qızlar kimi tanıdığı tələbələrinin əsgər marşını canı-dildən oxumaqlarını görəndə Klara müəllimənin istər-istəməz gözləri yaşardı. “Canlarım mənim, necə də oxuyurlar”. Onların ayrı-ayrılıqda xasiyyətlərinə yaxşı bələd olmuşdu. Amma bu qızlar nə qədər yeri gələndə inciyib küssələr də dar macalda bir-birlərinə arxa durur, başqa qrupun tələbələrinə onların işinə, sözünə qarışmağa macal vermirdilər. Başqalarında qısqanclıq doğuran bu birliyi görməmək mümkün deyildi. Onlar heç kəsin cəsarət etmədiyini edirdilər. Yeni yaranmış, amma az müddət içərisində dillər əzbəri olmuş əsgər marşını auditorayada belə oxumaq da ancaq onların ağlına gələ bilərdi. Karidora toplaşmış müəllimlərin içində qorxu olsa da, hardasa sevinirdilər. Mahnı o qədər xoş təsir bağışlayırdı ki... onu yarıda kəsməyə heç kəs cürət eləmirdi...Qızlarla birğə marşı oxuyan Samirənin qaşları çatılmış,yanaqları həyəcandan qızarmış, gözləri çox uzaqlara zillənmişdi. Qulağına başqa bir mahnının sümüyə düşən qəmli sədası gəlirdi:

Şuşanın dağları başı dumanlı,

Qırmızı koftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdu gümanlı...

***

....- Ermənilər Şuşanı işğal ediblər, ay camaat, eşidirsiz? Şuşanı, gözəl Şuşanı... - ağlayan kişi səsi bu sözləri tez-tez təkrar edirdi...Hamı meydanlara axışır, nifrət, qəzəb dolu şüarlar səsləndirir, “Qarabağ! Qarabağ! - deyə qışqırırdılar...

***

Samirənin oğlu ön cəbhədə idi. Həftədə bir dəfə iki-üç kəlməlik telefon danışıqları olurdu. Gecə səhərə kimi gözünə yuxu getmirdi. Əlləri göydə, dili duada idi. “Allahım, itin-pişiyin hesab elə məni, qurban olum... Balamı namərd gülləsindən qoru... O mənə sevdiyimin yadığarıdı... Atasının qisasını almaq üçün balamın qoluna güc-qüvvət ver. Yolunu açıq elə... Haqq savaşlarında bütün əsgərlərimizə özün kömək ol, İlahi!” Cəbhədən hər gün yeni xəbərlər gəlirdi. Gözəl xəbərlər, Qələbə xəbərləri...Bir də ürək dağlayan şəhid xəbərləri vardı. On gündü gözü telefonun ekranında qalmışdı...

Səhəri dirigözlü pəncərə önündə açan Samirənin anidən içi keçmiş, uşaqların həyətdə oxuduğu mahnının səsinə dik atılmışdı. Tələbə yoldaşları ilə bu əsgər marşını oxuduğu vaxtdan iyirmi səkkiz idən çox vaxt keçmişdi. Qərib bir hiss bütün bədənini çuğladı. Sevdiyini yoldaşlarına “dayı” adıyla tanıtmağını xatırladı. Hər şey gözlərinin önündən sürətlə gəlib keçməyə başladı. Gözlərinin altındakı həsrət dolu qırışlar yaşla doldu. Birdən tələm-tələsik gözlərini silib, özünü danlamağa başladı. - “Balası güllə qabağında olan ana da ağlayar?” O göz yaşından qorxurdu. Pəncərənin bir tağını açıb fikrini uşaqların əsgər-əsgər oyunlarına verdi. Uşaqlar əllərində üçrəngli bayraq cərgə ilə addımlayır, “Əziz Şuşa, sən bizimsən, sən azadsan!, “Qarabağ bizimdir, bizim olacaq!” - sözlərini sevinclə qışqırırdılar. Payızın sərin küləyi pəncərədən içəri dolur, günəşin ilıq şüaları Samirənin həyəcandan titrəyən bədəninə yavaş-yavaş istilik gətirirdi.

# 2448 dəfə oxunub

Müəllifin son yazıları

# # #