Hacı Qara - Azər Musaoğlu

Azər Musaoğlu

Azər Musaoğlu

2 dekabr 2021
# 14:20

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Azər Musaoğlunun “Hacı Qara” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Ayaqqabılarını geyinəndə yenə özünü danladı. İki il olardı ki, ayaqqabı mazı almırdı. Hər dəfə maz almaq üçün mağazaya girər, mazı əlinə alıb o tərəf-bu tərəfə fırlayıb qiymətinə baxar, beynini yeyən “alımmı-almayımmı” tərəddüdündən canını tez qurtarmaq üçün mazı yerinə qoyub tələsik mağazadan çıxardı. Bu dəfə də ayaqqabılarının sürtülmüş, dərisi ağarmış yerlərinə baxıb, ilk işinin mağazaya girib ayaqqabı mazı almaq olacağına özünə söz verdi.

Ayaqqabılarını geyindi, dünən bağda təmizlik işləri apararkən ağacların qurumuş budaqlarını yandırdığı ocaq yerini eşələyib iri bir kömür tapdı, kömürü ayaqqabılarının ağarmış yerlərinə sürtdü. Bu yeni kəşfinin ürəyincə olması üzündəki təbəssümdən bəlli idi. İndi ayaqqabı mazı almasa da olardı. “Kömür mazdan daha yaxşı qaraldır, həm də ki, heç bir ziyanı yoxdur, təbiidir”, - deyib dünəndən artıq bəlkə də yüzüncü dəfə yuyub zivədən asdığı saralmış, didilmiş maskasını da götürüb həyətdən çıxdı.

Xeyli yol getmişdi ki, otağın işığını söndürüb-söndürmədiyini yadına sala bilmədi. Tez qayıdıb darvazanın qıfılını açdı, evin qapısını açıb otaqların işığının yanıb-yanmadığını yoxladı. Yanmırdı. Bir anlıq nəfəs almağı dayandırıb səssiz qulaq asdı. Saatın çıqqıltısı eşidilirdi. Batareyanı çıxarmaq yadından çıxmışdı. Saatın batareyasını çıxarıb qarşısına qoydu.

Hər dəfə evdən çıxanda saatın batareyalarını çıxarır, evə girəndə geri taxırdı. Bir batareya bir il, bəzən bir ildən də çox işləyirdi. Yenidən evin qapısını bağlayıb, darvazanı qıfıllayıb yoluna düzəldi.

“Qan Bankı”na 6-7 kilometr olardı. Avtobusun işləməsinə baxmayaraq “yerimək sağlamlıqdır” deyib piyada gedərdi. Bəzən tanış-tunuş maşın əyləyirdi. Maşınını on il olardı satmışdı, qara dördgöz “Mersedes” idi. “Adam da təmiz havanı zəhərləmək üçün benzinə bu qədər pulmu verər” deyirdi.

Bu dəfə də qonşusu siqnal verərək maşınını saxladı.

– Salam, ay qonşu. Otur görək. Nə var, nə yox? Səhər-səhər hara belə, xeyir ola?

– Hospitala.

– Ağrıyıb eləmirsən inşallah.

– Yox, qonşu, ağrıyıb eləmirəm. Deyirlər koronavirusa görə peyvənd vurduranlar lotoreyaya qoşulacaqlar, kimin adı çıxdı yüz min qazanacaq.

– Sən də inandın?! Vurduracaqsanmı? Bu yaşda qorxmursanmı, a kişi?

– Sağolmuş, yaş deyəndə, ömrün yarıdan çoxu gedib, hayhayım gedib, vayvayım qalıb, nədən qorxasıyam.

– Qonşu, bəs deyirlər insanları izləmək üçün iynəylə çip vururlar adamın canına.

– Rəhmətliyin oğlu, mənim nəyimi izləyəcəklər. Əkində pamidor, xiyar əkdiyimimi? Biz kəndli babayıq, Bill Qeyisdi nədi, onun heç şeyinə də deyilik. İzləyirlər qoy prezidentləri-zadı izləsinlər. Bir də ki, yüz mini udum, istəyirlər lap hamama kamera qoysunlar, dalıma da çip soxsunlar.

Qonşusu gülərək maşını hospitalın yanında saxladı. Nə qədər alçaqdan desə də, “Hacı Qarasan ki, Hacı Qara” – sözlərini maşının motorunun səsi boğmadı.

Ona hamı Hacı Qara deyirdi. Pul xərcləməyi sevmirdi. Sevmirdi deyəndə, xərcləmirdi də. Bir qəpiyi çıxanda canı çıxırdı. Hər şeyi hesab-kitab edib elə xərcləyirdi.

Cavanlığında yaxşı vəzifələrdə işləmişdi, puldan korluq çəkməmişdi heç vaxt. Cavanlığında xərcləməyi də sevirdi və xərcləyirdi də. İllər ötdü, iki oğlu böyüdü, təhsil almaları üçün Avropaya göndərdi onları. Oğlanları elə getdikləri ölkədə işləyib, evlənib qaldılar. Buna görə ikisi ilə də əlaqəni kəsdi. Oğlanları bir neçə dəfə barışmaq üçün cəht etsələr də hər dəfə evdən qovdu onları. Arvadı xərçəngdən öldü, onun müalicəsinə xeyli pul xərcləsə də heç bir xeyiri olmadı. Başına gələnlərə sinirləri tab gətirmədi, bir müddət yataq xəstəsi oldu, işlərini buraxdı, pensiya yaşına kimi bağının meyvələrini sataraq birtəhər dolandı. Böyük bağı var idi. Dostları bir-bir uzaqlaşdılar ondan, qohumları qapısını yadırğadı. Bütün münasibətlərin, sevgilərin, dostluqların, qohumluqların pula görə olduğunu gec başa düşdüyünü deyib özünü qınayırdı. Daha kiməsə bir qəpik belə xərcləməyəcəyini özünə söz verdi. Elə o gündən də boş yerə bir qəpik də xərcləmədi.

İldə üç-dörd dəfə qanını satırdı. Həkimlər icazə versəydi bəlkə daha tez-tez qan verərdi. “Həm savab iş görürəm, qanım kiminsə həyatını xilas edir, həm də ki, o qanın əmələ gəlməsi üçün az yeyib-içmirəm, az pul getmir, niyə boşu-boşuna bədənimdə fırlansın ki, satıb yeməyə-içməyə xərclədiyimin mayasını çıxarıram heç olmasa” deyərdi.

Yolu keçib hospitalın yanındakı “Qan Bankı”nın binasına girdi. Tanış tibb bacısı onu salamlayıb qan götürülən otağa apardı, çəkisini ölçdü, təzyiqini yoxladı.

– Təzyiqiniz normaldı, bir az arıqlamısınız. Bu il neçənci dəfədir qan verirsiniz?

– Üçüncü.

– Yəqin ki, bu sonuncudur, çünki bu yaşda qan vermək daha məsləhət deyil.

– Amma özümü cavan oğlan kimi hiss edirəm.

Tibb bacısı gülümsəyərək qarşısındakı blanka donorun məlumatlarını yazıb qan götürmək üçün onu xüsusi kürsüyə uzatdı.

Yarım saat sonra masada oturub şokolad yeyə-yeyə “Kola” içirdi. Tibb bacısı bir necə sənədi imzalaması üçün onun oturduğu masanın üstünə qoydu.

– Zəhmət olmasa buraya, bir də buraya imza atın. Bu kağızı kassaya göstərib pulunuzu alacaqsınız. Özünüzü necə hiss edirsiniz?

– Cavan oğlan kimi.

Tibb bacısı dolu dodaqlarında təbəssüm sağollaşaraq başqa donorla məşğul olmağa başladı.

Verdiyi qana görə pulu kassadan alıb “Qan Bankı”nın binasından çıxdı. Yaxınlıqdakı hospitalı görəndə maşında qonşusu ilə elədiyi yüz min söhbəti yadına düşdü. Peyvənd vurdurmağa gəldiyini qonşusuna yalan demişdi, istəmirdi qanını satdığını bilsinlər. Onsuz da haqqında yaxşı şeylər danışmırdılar. “Bəlkə doğrudan da vaksin vurdurum, bəlkə elə yüz mini mən uduram... Udmasam da, ən azı koronavirusdan sığortalanmış olaram. Həm ziyatər, həm ticarət”, - deyib hospitala girdi.

Operatorlardan birinə yaxınlaşıb vaksin haqqında soruşmağa başladı.

– ...Əlbəttə, siz pensioner olduğunuza görə risk qrupuna daxilsiz. Buna görə də ilk olaraq siz peyvənd olunmalısınız.

– Bəs peyvəndin pis təsirləri ola bilərmi?

– Əgər tam sağlamsınızsa heç bir pis təsiri ola bilməz. Əgər hansısa ciddi xəstəliyiniz, trombunuz varsa, yaxın keçmişdə əməliyyat olunmusunuzsa və sair, bu haqda peyvənd olunmamışdan qabaq bildirməlisiniz.

– Aydındır... Bəs doğrudur ki, vaksin vurduranlar yüz min uda bilər?

Operator gülümsəyərək:

– Bəli, bu, əhalini peyvəndə təşviq etmək üçün dövlətin xüsusi kampaniyasıdır ki, peyvənd olunanlar hər gün yüz əlli nəfər yüz və on nəfər beş yüz lari, hər həftə bir nəfər on min, üç nəfər beş min, dörd nəfər min beş yüz və doqquz nəfər min lari, dekabrın 31-i isə bir nəfər yüz min lari qazanacaq.

“Dekabrın 31-nə az qalıb. İndi birinci dozanı vurdursam, ikinci doza yanvara düşür. Gecikdim...”, - deyə düşünərək operator qızdan soruşdu:

– Bəs bir dozalı vaksin varmı?

– Bəli, var. Amma ölkəyə bir həftədən sonra gətiriləcək. Qeydiyyatdan keçmədən istədiyiniz vaxt gəlib istədiyiniz vaksini vurdura bilərsiniz.

– Başa düşdüm. Çox sağ olun!

Bütün yolu başı fırlandı. Evə birtəhər gəlib çıxdı. Özünün becərdiyi pamidor, xiyardan salat düzəldib yedi. Başı hələ də fırlanırdı. Çarpayısına uzanıb yuxuya getdi.

İki həftədən sonra yenə hospitala yollandı. Özünü yaxşı hiss edirdi, başgicəllənməsi yox idi. Koronavirus əleyhinə peyvənd olunmaq qərarına gəlmişdi. Hospitalda bir dozalı vaksinin ölkəyə gətirilib-gətirilmədiyini soruşdu. “Johnson & Johnson” vaksini beş gün idi ki, ölkəyə gətirilmiş və bütün hospitallara göndərilmişdir.

Təzyiqini ölçüb, sağlamlığı ilə bağlı sorğu-sualdan sonra tibb bacısı sol çiynini spirtləyib iynəni batırdı. Yarım saatdan sonra özündə heç bir dəyişiklik hiss etmədiyini deyib fikrində yüz min lari hospitaldan çıxdı.

Yolu keçmək istəyirdi, yenə başı fırlandı, gözləri qaraldı. Fikirləşdi ki, qan verdiyinə görədir. Peyvənd olunmamışdan qabaq səhətti ilə bağlı suallar verən həkimə iki həftə əvvəl qan verdiyini deməmişdi. Peyvənd vurmayacaqlarından ehtiyat etmişdi. Asfaltın ortasına qədər korlar kimi yeridi. Son eşitdiyi səs maşının təkərlərinin asfalta sürtülərək çıxardığı səs oldu.

Kapotu batmış, ön şüşəsi çat-çat olub içərisinə əyilmiş köhnə “Jiquli”dən qonşusu özünü itirmiş halda çıxıb, eyni sözü qışqıra-qışqıra təkrarlayırdı, elə bil nəyisə satmaq üçün reklam edirdi:

– Evimi yıxdın, ay Hacı Qara. Evimi yıxdın, ay Hacı Qara. Evimi yıxdın...

Hacı Qaranı gec dəfn elədilər. Oğlanlarının xaricdən gəlməsini gözlədilər. Qonşusuna isə səkkiz il iş verdilər. Hacı Qaranı maşınla vuran zaman içkili imiş həm də.

Böyük oğlu atasını dəfn edən günün səhəri qayıtdı Almaniyaya, kiçik oğlu əmlak məsələlərini həll etmək üçün hələ bir neçə həftə qalmalı oldu. Gününü uşaqlığının keçdiyi bağı, həyəti, evi addım-addım gəzib xatirələrini canlandırmaqla keçirdi. Evdən axırıncı dəfə çıxanda hər şey necə idisə, indi də elə idi. Demək olar ki, heç bir mebelin yeri dəyişməmişdi, bütün əşyalar öz yerində idi, hətta köhnə qəzetlər də. Sanki bu evdə adam yaşamamışdı. İki həftə belə davam elədi. Üçüncü həftə evin və bağın bütün sənədləri hazır idi, bütün mülk indi böyük oğlun da razılığı ilə kiçik oğlun adına keçirilmişdir. O da sabah ailəsinin yanına qayıtmalı idi.

Evin hər tərəfini gözdən keçirmişdi, qalmışdı evin damı. Nərdivanı qoyub dama çıxdı. Burada da hər şey öz yerində idi. Nənəsinin cehizi olan böyük bəzəkli sandığı görüb yaxınlaşdı. Sandığın ağzında iri qıfıl var idi. “Əgər bu evdə hər şey öz yerindədirsə, deməli, bu qıfılın açarı da mətbəxtdə şkafdakı qapaqlı şüşə mavi qənd qabının içindədir”, - deyib mətbəxə endi. Açarı götürüb yenidən dama qalxdı, bu dəfə özüylə fənər də götürdü.

Sandığı açanda gördüyünə inanmadı. Doğurçu olub-olmadığını yoxlamaq üçün qalaq-qalaq yığılmış dollarları əlinə alıb fənərin işığında yaxından baxdı. Sandıq yüzlük dollarlarla dolu idi.

Axşam qardaşına vatsapla zəng edərək məsələni danışdı. Böyük qardaşının da ona sürprizi var idi. Kiçik qardaşını dinləyəndən sonra dedi:

– Mən Almaniyaya qayıtmamışdan bir gün əvvəl adıma vətəndən məktub gəlibmiş. Evdəkilər məktubu açmayıblar, məni gözləyiblər. Məktubu atamızın köhnə dostu göndərib. Yazır ki, atamız bu məktubu ölüm xəbərini eşidən kimi mənim adıma göndərməyi xahiş edib. Onun böyük bağı olan ikinci evi indi mənimdir, məktubla vəsiyyəti də göndərib. Sadəcə bir iki sənədə qol çəkmək üçün yenidən vətənə qayıtmalıyam. Atamız ikimizə də oxşar mülk qoyub getdi, başa düşürsən?.. Hamının ona Hacı Qara deməsini indi anlayıram, o bizə nəsə vermək üçün özünü çox şeydən məhrum edirmiş. Orada olanda mənə dedilər ki, atan qanını satır... bizə görə... Bizsə ondan üz döndərmişdik.

Qardaşlar ikisi də telefon əllərində ağlayaraq xeyli pauzadan sonra sağollaşdılar.

Hacı Qaranın oğlanları Yeni ili atalarının ömür sürdüyü evi boş qoymamaq, evin bütün işıqlarını yandırmaq qərarına gəldilər. Yeni ilə bir həftə qalmış arvad-uşaqları ilə birlikdə vətənə qayıtdılar. Evi səliqə-sahmana salıb atalarının adına ehsan süfrəsi təşkil edib, kasıblara ehsan payladılar, qohumlarını ziyarət etdilər, arvad-uşaqları ilə qohumları tanış etdilər.

Yeni il gecəsi hər iki qardaş arvad-uşaqlarını da başına yığıb öz uşaqlıqları, ata və anaları haqqında xatirələrini danışdılar, köhnə şəkillərə baxdılar. Bayırdakı atəşfəşanlıq, bayram əhval-ruhiyyəsi ilə otaqdakı hüzn iki dənizin suyu kimi bir-birinə qarışmırdı.

Səhər poçtdan təcili məktub gəldi. Məktubu kiçik qardaş açdı. Koronavirus əleyhinə vaksin olunduğuna görə atalarının yüz min lari udduğu yazılmışdı.

Saat 12-də atalarının məzarını ziyarətə getdilər. Hündür mərmər məzarlar arasından keçərək üstü torpaq, taxtadan başdaşı olan məzara yaxınlaşdılar. Böyük oğul, – “Nəvələrinlə tanış ol, ata”, – deyib hönkürdü.

Dollarlarla dolu sandığın içindən fayla qoyulmuş, üzərinə “Oğlanlarıma vəsiyyət” yazılmış səkkiz səhifəlik vəsiyyətnamə də çıxmışdı.

Vəsiyyətin sonunda yazılırdı: “...Xahiş edirəm, mənə zərrə qədər hörmətiniz qalıbsa məzarım üstünə beton, bahalı mərmər daş-duş döşəməyin. Onların burada mənə heç bir xeyiri yoxdur, pulu boş yerə xərcləməyin. Sinə daşı əvəzinə qəbrimin üstündə pamidor-xiyar əkin, ehtiyacı olan yesin. Başdaşı yerinə isə taxta parçasına sadəcə Hacı Qara yazın. Məni hamı belə tanıyır”.

20 noyabr 2021

# 3114 dəfə oxunub

Müəllifin son yazıları

# # #