Gecənin işığı - Rüstəm Dastanoğlu

Gecənin işığı - Rüstəm Dastanoğlu
13 fevral 2024
# 18:00

Kulis.az Rüstəm Dastanoğlunun "Gecənin işığı" adlı essesini təqdim edir.

...Yerimə uzanmışdım ki, yatım, digəl heç cür yuxuya gedə bilmədim, yuxum nədənsə tamam dağılmışdı.

...Hərdən belə hallar olur, divanda oturduğum yerdə yuxum gəlir, yuxuluyuram, hətta, əməlli başlı yuxuya da keçirəm, bir xeyli vaxtdan sonra, televizordan gələn səsəmi, uşaqların səsinəmi oyanıram, görürəm ki, divanda televizora baxa-baxa yuxuya getmişəm. Deyirəm, yaxşısı budur durum gedim girim yerimə, yerimdə yatım. Divanda başımı divanın hündür kürəkciyinə söykəyib yatacam, sonra neçə gün boynum dönməyəcək, özü də artıq neçə dəfə belə hallar başıma gəlib; tənbəllik edib yerimdə yatmağa getməmişəm, bir xeyli; bir- iki saat divanda yatmışam, neçə gün əziyyətini çəkmişəm; boynum bir tərəfə dönməyib. Neçə gün dava-dərmandan sonra bir təhər boynumun ağrısından canımı qurtara bilmişəm.

...Yerimdən qalxıb, təzədən zala keçdim, divana sərilib televizoru açdım, xəbərlərin axırı gedirdi, son vaxtlar vərdiş etdiyimiz qaydada, Ukrayna- Rusiya müharibəsindən; orda baş verən dağıntılardan, uşaq, qadın, əsgər ölümlərindən, Ukraynaya edilən silah-sursat yardımlarından, İsrail-Fələstin müharibəsindən; Qəzzada baş verən dağıntılardan uşaq, qadın ölümlərindən, İsrailə edilən siyasi, maddi yardımlardan, fələstinli yeniyetmələrin İsrail əsgərlərini daşa basmalarından danışılırdı.

Artıq bu müharibələrlə bağlı xəbərlərə, hava haqqında gedən məlumatlar kimi vərdiş etməyə başlamışdıq. Və bunu bizə elə vərdiş elətdirdilər ki, heç ruhumuz da incimədi

...Diktor xanım danışırdı ki, haralardasa müharibələr gedir, uşaqlar, qadınlar, böyüklər öldürülür, əlil olurlar, kəndlər, şəhərlər dağılır, milyonlarla insanlar yaşadıqları yerlərdən didərgin düşürlər... Kimlər isə, müharibələrin olması, hey uzanması, hər tərəfə yayılması üçün dəridən-qabıqdan çıxırlar...

...Kanalı dəyişdim, kanalların birində film gedirdi, diqqətimi özünə çəkdi; şlyapalı, tünd qara gözlüklü, uzun nimdaş plaş geyinmiş, yaşlı bir kişi səhnədə çıxış edirdi. Və bu səhnə, sirkin səhnəsinə oxşayırdı, ətrafda-zalda oturanlar diqqətlə onun danışdıqlarına qulaq asırdılar.

...Deyirdi ki, biz öz ruhumuzu Şeytana satmışıq, biz öz ruhumuzu internetə, telefonlara, televizyaya satmışıq,bizləri kimlərinsə hazırladığı hazır görüntülərə tamaşa etməyə vərdiş etdiriblər. Görünür ki, bizi onlar bizdən daha yaxşı tanıyırlar, nələrə meyilli olduğumuzu çox yaxşı öyrəniblər. Bizi istədikləri səmtə belə rahatca yönəldə bilirlər.

Bu fikirləri söyləyəndən sonra xeyli susdu, zalda oturanlar yerlərində donmuş vəziyyətdə, onun danışdıqlarına diqqət kəsilmişdilər.

...Filmin qəhrəmanı əllərini yuxarı qaldırıb, gözünə vurduğu tünd gözlüyü çıxardı, - tamaşaçılar yəqin ki, filmin əvvəlindən onun kor olduğunu bilirdilər, mənə isə indi aydın oldu ki, onun gözləri görmür, ancaq qulaqları eşidir, - elan etdi ki, hamınız əlinizlə gözlərinizi bağlayın.

Və özü də görməyən gözlərini əlləri ilə bağladı. Bütün zalda oturanlar və verliş televizya ilə canlı verildiyindən, televizya tamaşaçıları əlləri ilə gözlərini bərk-bərk bağladılar.

...Hər kəs gözlərini bağlayandan sonra, filmin qəhrəmanı bir xeyli fasilə verdi və sonra arın səslə danışmağa başladı:
-Mənim aləmimə xoş gəlmisiniz, elə təsəvvür edin ki, həmişəlik mənim kimi bu qaranlıq dünyada qalacaqsınız... Yerinizdə rahat oturun, nəfəsinizi dərindən alın, elə edin ki, ciyərləriniz hava ilə dolsun, get-gedə necə nəfəs almağınızı, ətrafınızı və hər şeyi unudun. Bir özünüz olun, bir də neçə ki, yaşayırsınız varlığınıza hakim olan ruhunuz, düşüncəniz. Hiss eliyirsinizmi, qalın buz qatı sanki varlığınıza hopa-hopa necə sərhədlərini genişləndirir. Siz yavaş-yavaş qaranlıqda düşüncənizi idarə etməyi öyrənəcəksiniz, zamanla qaranlıqla dostlaşacaqsınız. Və biz; - ruhumuzu Şeytana satanlar, qəlbimizi işıqlandırıb, onun sönməsinə imkan verməsək, ruhumuzu Şeytanın əlindən geri ala biləciyik, Şeytana bizim qəlbimizdə yer olmayacaq.

...amma, ... amma ... bir də var bizi idarə edənlər, istədikləri səmtə bizi yönəldənlər, dünyamızı, Dünyanı idarə edənlər, ancaq maddiyata bağlı olanlar. Onlar insani hisslərə, düşüncələrə, ədalətə, adətlərə qarşı gözləri çox yaxşı görsə də, qəlblərinin gözü kor olanlardı.

Onlar dünyaya elə gəliblər və onların ruhu həmişə Şeytana qulluq edib və edəcək. Düşüncələri, əməlləri həmişə o istiqamətdə olacaq.

Ona görə də onlar Dünyanı daim qarışdırırlar, müharibələr yaradırlar, bütün bu xüsusiyyətləri ilə göstərmək istəyirlər ki, mövcuddurlar; dünyamızın, Dünyanın sahibidirlər. O Dünyanı idarə edənlərin, Dünyaya gələndən canlarında insani doğal hisslər olmayıb, qəlbləri kor Dünyaya gəliblər.

Ona görə də bu cür insanlar ömürlərinin sonuna kimi əsil İnsan həyatının nədən ibarət olduğunu dərk eliyə bilmirlər; Dünyaya gəlirlər və Dünyanın gözəlliyini dərk etmədən rədd olub gedirlər.

...Mənim sizlərdən və həmin Dünyanı idarə edənlərdən fərqli üstün taleyim, fitri istedadım var; gözlərim görməsə də, sizin qaranlıq hesab etdiyiniz, amma mənim üçün düşüncələrimlə işıqlandırdığım çox işıqlı dünyam ilə həmişə baş-başayam. Və mənim qismətimə düşən qeyri- adi qabiliyyətimlə sizlərin də şahidi olduğu kimi, eşitdiyim səsə görə siz insanların rəsmlərini çəkə bilirəm.

Filmin o hissəsi də mənə indi məlim oldu ki,filmin qəhrəmanı eşitdiyi səsə görə, həmin adamın dəqiq rəsmini çəkmək fitri istedadına sahibdi.

...Burda, sizin aranızda, anasının yanında oturan, mənim də xeyli vaxtdı tanıdığım, 11-12 yaşlı qız uşağı bir dəfə məndən soruşdu ki, niyə Allahın şəkilini çəkmirsiniz?...

Bilin ki, ruhu tərtəmiz olan bir uşaq ancaq belə bir sualı verə bilərdi.

Mən isə ona cavab verdim ki, Allahın şəkilini çəkmək üçün gərək onun səsini eşidim.

...Uşaqlarınızın ruhlarını xilas edin, imkan verməyin ki, bu texnalogiyalar, internet onların ruhlarını udsunlar, məhv etsinlər, onlara şərait yaradın ki, çöllərdə, çəmənlərdə, dağlarda, dərələrdə gəzsinlər, ayaqlarının altında torpağı hiss etsinlər, bitkilərin, ağacların çiçəkləməsini görsünlər,onların qoxusunu duysunlar, təbiətin varlığından qopan musiqiyə qulaq assınlar, bilin ki, təbiətin hər bir küncü, sizi təəccüblədirəcək varlıqlarla, mənzərələrlə doludur... – deyirdi.

...Sonra zala müraciət etdi ki, indi gözlərinizi açın.

Zaldakılar, televizya qarşısında oturanlar gözlərini açdılar bir xeyli yerlərində donub qaldıqdan sonra, gözləri görməyən rəssama gurultulu əl çaldılar.

...Rəssam bir xeyli səhnədə tərpənmədən qaldı... sonra zala müraciət etdi ki, məni burdan çıxarıb aparacaq adam varmı?...

...Qolundan iki qadın tutub aparıb taksiyə oturtdular, xahiş etdi ki, onu tək qoysunlar.

Və O gedib tək evində, pərdələri açıq pəncərənin qabağında oturmuşdu; qarşısında ağ vərəq, karandaş qoyub, öz işıqlı dünyasına dalıb... inanırdı ki, Allah Taalanın səsini eşidəcək və O həyatının mənası hesab etdiyi şəkili çəkəcək...

***

...Deyəsən, yuxum təzədən gəlməyə başladı, durum gedim yatım.

...Yerimə girib yuxuya getmək istəyirdim və hey beynimdə bir fikir fırlanırdı ki, bəlkə yuxum ona görə qaçmışdı ki, durum bu filmə baxım?ǃ

# 1500 dəfə oxunub

Müəllifin son yazıları

# # #