Gecə gözəli - Səkinə Hüseynli

Səkinə Hüseynli

Səkinə Hüseynli

13 dekabr 2021
# 20:50

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Səkinə Hüseynlinin “Gecə gözəli” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

I

Qızıl payızın ilk ayının - sentyabrın birinci yarısı idi. Günəş hələ təzəcə görünməyə başlamışdı ki, zəngli saatın səsinə oyandım. Bir neçə saniyə sonra bu günün digər günlərdən dəfələrlə fərqli olacağı yadıma düşəndə bədənim yarpaq kimi əsdi. Görəsən, həqiqətən öhdəsindən gələ biləcəyəmmi?

Bu düşüncələrlə paltarımı geyinib otaqdan çıxanda yan çarpayıdakı bacımla bir-birimizə baxdıq, amma danışmadıq. Bacımın gözlərində bir az kədər, bir az da qürur gördüm. Əl-üzümü yuyub mətbəxə getdim. Valideynlərim masa ətrafında oturub səhər yeməyi yeyirdi.

“Sabahınız xeyir!” - gülümsəyərək dedim.

Onların cavabı həmişəkindən daha soyuq oldu. Əlbəttə, bu soyuqluğun səbəbini çox yaxşı bilirdim. Fəqət onlara heç cür haqq qazandıra bilmirdim. İnanıram ki, bir müddət sonra mənimlə qürur duyacaqlar. Necə ki, məndən bir yaş böyük olan bacım Banu məni dəstəkləyir və mənimlə qürur duyurdu. Səhər yeməyimi bitirib süfrədən qalxdım. Yola düşmək vaxtı gələndə çamadanımı götürdüm, valideynlərim və bacımla qucaqlaşıb sağollaşdım. Banu da, valideynlərim də getməyimi istəmirdilər. Amma bunların heç biri məni arzularımdan soyuda bilməzdi.

II

Yay öz yerini qızıl payıza verməyə hazırlaşdığından yarpaqlar ağacdakı son günlərini yaşayırdı. Mən isə yol boyu avtobusdan ağaclara, quşlara və çəmənliyə tamaşa edirdim. İlk dəfə idi ki, 21 illik ömrümdə ailəm yanımda olmadan səfərə çıxmışdım. Çünki budəfəki səfərim tam fərqli idi. Məqsədim ucqar kənddə dərs keçib orada inkişaf edə bilməyən istedadları üzə çıxarmaq idi.

Mən Bakı Dövlət Universitetinin kimya müəllimliyi fakültəsini bitirmişdim. Lakin çoxlarından fərqli olaraq yaşadığım “Küləklər şəhərində” işləmək istəmədim. Düşündüm ki, müəllimə ehtiyacı olan ucqar kənd məktəblərimiz var. Bu mənim ən böyük və ən çox mübarizə apardığım arzum idi. İndi isə avtomobil irəlilədikcə o gerçəyə çevrilirdi. Məni necə qarşılayacaqlar? Sinfimdə neçə qız olacaq? Bütün bunları düşünərək yuxuya getdim. Birdən çatmağımızı xəbər verən sürücünün səsinə oyandım.

Neçə ildir gəlmədiyim nənəmin evinin darvazasının önündə dayanıb burada keçən uşaqlığımı xatırlayanda bulud kimi doldum. Həyətə daxil olanda burnuma nənəmin təndirdə bişirdiyi çörəyin ətirli qoxusu gəldi. Onun yanına gedib görüşdüm. Bir az söhbətləşdik, nənəm süfrəyə çörək, yağ, pendir və mürəbbə qoyduqdan sonra birgə oturub yedik. Nənəm bura gəlməyimin səbəbini bilirdi və bu qərarımı çox bəyənmişdi. Üstəlik onunla qalacağımı bilib çox sevinmişdi. Yazıq qadın neçə ildir tək-tənha yaşayır. Nənəmdən kənddəki məktəbin vəziyyətini soruşdum.

Məktəbdir də, uşaqlar o qədər də oxumurlar, hətta bəzən çoxu dərsə getmir - cavabı qanımı qaraltdı.

Fəqət bütün bunlara baxmayaraq ümid edirdim ki, uşaqlara öz fənnimi sevdirə biləcəm. Bütün bunları düşünərkən birdə gördüm ki, artıq hava qaralıb və nənəm məni səsləyir:

- Gecdir bala, qalx gedək yataq.

Yatağımda belə bu fikirlərdən ayrıla bilmirdim. Dərsin başlamasını o qədər həyəcanla gözləyirdim ki. Amma yorğunluğum həyəcanıma qalib gəldi və yuxu məni öz ağuşuna aldı.

III

Nəhayət, gözlədiyim gün gəldi, ömrümdə ilk dəfə bir müəllimə kimi məktəbə yollandım. Direktorla salamlaşıb, özümü təqdim etdim və dərs deyəcəyim sinfin 10-cu sinif olduğunu öyrəndim.

Sinfə daxil olarkən qarşılaşdığım mənzərə illərdir xəyalımda canlandırdığımdan tamam fərqli idi. Sinifdə demək olar ki, qız yox idi, olanların isə gözlərindən təhsilə qarşı nə qədər həvəssiz olmaları bilinirdi. Salamlaşmadan sonra özümü onlara təqdim edib bir az kimya fənninin həyat kimi önəmli olmasından danışdım. Uşaqların böyük həvəslə qulaq asacağını gözləsəm də, bunun tam əksi oldu. Qısacası, ilk iş günüm xatırlayarkən məyusluq hissi keçirəcəyim xatirələrlə dolu idi.

Bir müddət bu minvalla davam etdi. Uşaqların nə davamiyyəti var idi, nə də oxumağa həvəsləri. Bütün bunlara baxmayaraq mən müəllimə kimi üzərimə düşən bütün vəzifələri yerinə yetirirdim.

Bir gün dərsimizə aid qaydaları vərəqə yazıb uşaqlara payladım. Dərsdən sonra Səbinə adlı şagird mənə yaxınlaşıb bir vərəq də verməyimi xahiş etdi. Mən isə:

- Əlbəttə, verə bilərəm - dedim. Sonra təəccüblə səbəbini soruşdum.

Azca tərəddüddən sonra:

- Mənim Leyla adlı dayımqızı var. Dayım deyir gərək qız uşağı oxumasın, yoxsa yolun azar. Amma onun oxumağa həvəsi çoxdur, gizli-gizli çalışır. Keçdiyimiz dərsləri ona deyirəm - dedi.

Mən ona heç nə hiss etdirməsəm də, bütün düşüncələrim bir-birinə qarışmışdı. Yəni hələ də belə cahil insanlar varmı? Təhsilə bu qədər marağı olan qıza necə qarşı çıxa bilərlər? Hamının, əsas da, qızların təhsil alması çox vacibdir. Qızlarımız mütləq təhsil almalıdır ki, hüquqlarını, özlərini müdafiə etməyi bacarsınlar. İstəmədikləri şeyə qarşı çıxaraq azad yaşasınlar. Çünki əsl azadlıq istədiyin hər şeyi etmək deyil, istəmədiyin heç nəyi etməməkdir.

Qərara aldım ki, dərsdən sonra mütləq Leylagilə getməliyəm. Səbinədən onların evinin yerini soruşdum. Leylagilin evi lap bizim qonşuluğumuzda imiş. Nənəmə zəng edib gec gələcəyimi xəbər verdim ki, narahat olmasın.

Evlərinə çatanda qapını döydüm, bir xeyli keçdikdən sonra təxminən 40 yaşlı qadın qapını açdı. Mən xoş təbəssüm göstərib salam verdikdən sonra adımın Ahu olduğunu, Bakıdan bura müəllim kimi işləməyə gəldiyimi dedim.

- Salam, bunları niyə mənə danışırsan ki? - dedi.

Üz ifadəsindən bilinirdi ki, bu qaraqabaq qadın gəlişimdən məmnun deyil. Mən ona nə deyəcəyimi bilməyib, yalan danışdım.

- Qonşuluqda yaşayıram, nənəm harasa gedib darvaza bağlıdı, evə gedə bilmirəm. Nənəm gələnə qədər burda gözləsəm olar? – soruşdum. Amma hiss etdim ki, lalə kimi qızardım.

- Keç – qadın ürəksiz söylədi.

İçəri girəndə otaqda 15-16 yaşlarında qaraşın qız gördüm və düşündüm ki, Leyladı. Məni görüb çəkinsə də, gülər üzlə salam verdi və tanış olduq. Təxminim doğru idi, o - təhsildən məhrum edilmiş qız idi. Anası bizi tək qoymurdu, oturub diqqətlə məni süzürdü.

- Leyla, səni məktəbdə görmürəm. Neçənci sinifdə oxuyursan? -soruşdum.

O, başını aşağı salıb dillənmədi.

- Biz oxutmuruq, qız uşağı gərək evdə oturub anasına kömək etsin - əsəbi şəkildə anası cavab verdi. Sanki imkanı olsa idi, məni boğardı.

Təmkinimi pozmadan:

- Səbinə adlı şagirdimin də Leyla adlı dayısı qızı var, ona da oxumağa icazə vermirlər. Amma o gizlincə hər gün çalışır. Olmaya sən o Leylasan? - dedim.

Anası çox əsəbiləşdi, amma o nəsə deməmiş Leyla kövrək səslə pıçıldadı:

- Bəli.

- Sənin həqiqətən oxumağa çox marağın var. Niyə valideynlər qız uşaqlarına oxumağa icazə vermir, bunu başa düşə bilmirəm. Leyla, heç vaxt məqsədindən əl çəkmə, daim mübarizə apar. Unutma, gerçək olmayan hər arzu “həyat oyunundakı” məğlubiyyətdir. - bunları dedikdən sonra anasına üzümü tutub dedim:

- Xahiş edirəm, övladınıza dəstək olun, axı qızınızın istəyi sözün əsl mənasında alqışa layiqdir.

- Sən bizim evə nənəni gözləməyə gəlmisən, yoxsa belə boş məsləhətlər verməyə? Mənim qızımdı, özüm bilərəm oxudum, ya oxutmayım. - qadın gözlərini bərəldərək üstümə qışqırdı.

Hiss etdim ki, bir az da qalsam vəziyyət gərginləşəcək. Çıxanda Leylaya dedim ki, yaxşı fikirləş, valideynlərini razı sal mən həmişə sənə dəstək olacam.

IV

Kəndimizə gələn müəllim oxumağa olan marağımı daha da artırdı. O getdikdən sonra valideynlərimi razı salmaq üçün dəridən-qabıqdan çıxsam da, faydası olmadı.

Səhəri gün pəncərədən baxanda Ahu müəllimənin məktəbdən gəldiyini gördüm. Evdə Səbinəgili bəhanə edib onlara getdim. Darvazalarına çatanda nə qədər qorxduğumun fərqinə vardım, amma qorxum təhsilə olan marağıma məğlub oldu. Qapını müəllimə özü açdı və məni təəccüblə qarşıladı. Elə qapıda dedim:

- Xahiş edirəm, kömək edin mənə, valideynlərimi yola gətirə bilmədim. Bəlkə siz nəsə edə bilərsiniz?

O məni içəri dəvət edib sanki tanıdığı yaxını kimi sakitləşdirdi və dedi:

- Oxumağın üçün əlimdən gələni edəcəm, amma indi valideynlərinə heç nə demə. Bir müddət sonra bir daha onlarla danışarıq.

Ona təşəkkür etdim, evə qayıdanda, Səbinənin dərslərin yerini demək üçün bizə gəldiyini gördüm. Onun gəlişi yalanımı ortaya çıxarmışdı. Anamın baxışları elə qorxunc idi ki, elə bil gözləri hədəqəsindən çıxacaqdı. Səbinəni evə yolladıqdan sonra anam üstümə qışqırdı:

- Yalan danışmağa da başlamısan. Harda idin?

Hər şeyi anama danışıb, reaksiyanı gözlədim.

- Atan gəlsin, olanları deyəcəm qoy o özü səninlə danışsın. Mən daha bacarmıram - dedi.

Atam işdən gələn kimi anam hər şeyi ona danışdı. Otağıma çəkilib atamın gəlişini həyəcanla gözləyirdim. Birdən qapı açıldı atam qışqıra-qışqıra üstümə gəldi:

- Bu qədər yolunu azmısan? Yalan bəhanələrlə evdən çıxmaq nədi, oxumaq nədi?

- Ata, vallah mən pis bir şey etmirəm axı. Niyə imkan vermirsən oxumağa? Sonralar bu etdiklərinə görə çox peşman olacaqsan - dedim.

- Sən mənim sözümü eşitmirsən? Dedim olmaz, bizi biabır eləmə camaatın içində - o, inadla fikrindən dönmürdü.

- Axı mənim arzularım... - cümləmi tamamlaya bilmədim.

- Rədd ol, evdən belə qız mənə lazım deyil - deyib qolumdan tutub həyətdə sürüyə-sürüyə darvazadan bayıra çıxartdı.

Doğrusu, lap belə qəddarcasına gözləmirdim, bəlkə, anam da atamın belə qarşılıq göstərəcəyini gözləmirdi. O qədər çarəsiz idim ki, göz yaşlarım istəmədən yanağıma süzülürdü. Bir anlıq özümü dünyanın ən yalnızı və əlacsızı hiss etdim. Tək çarəm Ahu müəlliməgilə getmək idi. Artıq mən özümü idarə edə bilmirdim, bir də gördüm ki, mən onun evində, sobanın yanında oturub hər şeyi danışıram.

- Leyla, sakitləş, ümidini də üzmə, istəyinə çatacaqsan. Düşünmüsən, hansı peşəni seçəcəksən? - o məni sakitləşdirirdi.

- Ən böyük arzum həkim olmaqdır - göz həkimi - dedim.

- Deməli, ey gecə gözəli, sən dünyası nurdan məhrum olmuş insanların gözlərini işıqlandıracaqsan - dedi.

- Gecə gözəli? - heç nə başa düşməmişdim.

- Adının mənasını bilmirsən? - soruşdu.

- İndiyə qədər bilmirdim - azca utandım.

- Yaxşı, sən indi yat, hər şey yaxşı olacaq - dedi.

V

Çox oxudum, gecələr yatmadım, həm dərslərimə, həm də valideynlərimlə üzləşməməyə görə evdən çıxmadım. Belə vəziyyət mənə çox çətin gəlirdi, hətta bəzən dözə bilməyib xısın-xısın ağlayırdım.

Əlbəttə, bunlar boşa getmədi, məqsədimə çatdım. Tibb Universitetində oxumağım üçün Ahu müəllimə məndən sarı çox əziyyət çəkdi, hətta ailəsi də mənə əl uzadırdı. O illərdə, həm mənəvi, həm maddi dəstəklərini əsirgəmədilər.

Artıq xəyalımdakı gerçəkliyə çataraq göz klinikasında həkim kimi çalışıram. Hər gün xəstələr qəbul edirəm, əməliyyatlara girirəm.

Bu günlərdə çox ağır əməliyyat etmişdim. Sonralar öyrəndim ki, xəstə bizim kənddən imiş, kimin qızı olduğuma da öyrənib, atamgilə təşəkkür edibmiş ki, cəmiyyət üçün belə savadlı əlləri qızıl olan qız böyütmüsünüz. Halbuki, onlar məqsədimə çatmağımda mənə mane olmağa çalışmışdılar. Bəzən onlar üçün çox darıxıram, gedib uzaqdan da olsa görmək istəyirəm. Görəsən, onlar da mənim üçün darıxır yoxsa tamam unudublar? Qapı döyüləndə fikirdən ayıldım, tibb bacısı kiminsə məni çağırdığını söylədi, yəqin hansısa xəstəm idi.

Amma, qapıda 14 il öncə məni evdən atan valideynlərim dayanmışdı.

# 2459 dəfə oxunub

Müəllifin son yazıları

# # #