Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi - Ernest Heminqueyin hekayəsi

Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi - Ernest Heminqueyin hekayəsi
21 dekabr 2022
# 15:00

Kulis.az Mahir N. Qarayev tərcüməsində amerikalı yazıçı Ernest Heminqueyin “Frensis Makomberin uzun sürməyən xoşbəxtliyi” adlı hekayəni təqdim edir.

Səhər yeməyinin vaxtıydı və onlar hamısı bir yerdə, ikiqat örtüklü yaşıl çardağın altında, nahar elədikləri çadırda əyləşmişdilər, özlərini də elə aparırdılar ki, guya heç nə baş verməyib.

– Siz limon şirəsi içəcəksiz, ya limonad? – Makomber soruşdu.

– Kokteyl içəcəm, – Robert Uilson cavab verdi.
– Mən də. Ürəyim nəsə tünd şey istəyir, – Makomberin arvadı dedi.

– Hə, elə ən yaxşısı bu olardı, – Makomber razılaşdı. –

Ona deyin, qoy üç dənə kokteyl hazırlasın.
Xidmətçi gədə artıq işə başlamışdı, çadırın qabaq tərəfinə kölgə salmış ağacların arasından əsən mehdən tərləmiş şüşələri buzlu kisədən çıxardırdı.

– Onlara nə qədər verim? – Makomber soruşdu.

– Bir funt bəsləridi, – Uilson cavab verdi. – Onları çox da qudurtmayın.

– Bəlkə böyüklərinə verim, özü bölüşdürsün?

– Bu daha düzgün olar.

Yarım saat əvvəl Frensis Makomber aşpazın, xidmətçilərin, qəssab və yükdaşıyanların əlləri üstündə düşərgənin o başından öz çadırına gətirilmişdi. Silahdaşıyanlar bu mərasimdə iştirak etməmişdilər. Yerlilər onu çadırın qənşərində yerə qoyarkən Makomber bir-bir hamının əlini sıxmışdı, təbrikləri qəbul eləmişdi, sonra çadıra keçib çarpayıda oturmuşdu və arvadı gələnəcən yerindən tərpənməmişdi. Arvadı ona heç nə deməmişdi, Makomber də dərhal bayıra çıxıb qatlama ləyəndə əl-üzünü yumuşdu və nahar elədikləri çadıra keçib meh tutan kölgəlikdə, rahat parusin kresloda əyləşmişdi.

– Axır ki siz şiri öldürdünüz, özü də necə qiyamət bir şiri, – Robert Uilson dedi.

Missis Makomber cəld Uilsona nəzər saldı.
Bu, naz-nemət içində bəslənmiş olduqca gözəl bir qadın idi; beş il qabaq gözəlliyi və cəmiyyətdəki mövqeyi ona beş min dollar qazandırmışdı – qadın bu haqqı kosmetik vasitələr barədə rəyinə (bura fotoşəklini də əlavə eləmişdi) görə almışdı, ancaq özü heç vaxt kosmetika işlətməzdi. Frensis Makomberə də on bir il qabaq ərə getmişdi.

– Doğrudanmı, şir yaxşı şir idi? – Makomber soruşdu. Arvadı indi də ona baxdı; kişilərin ikisinə də elə baxırdı ki, sanki onları ilk dəfəydi görürdü.

Onlardan birini – ağ ovçu Uilsonu, doğrudan da, ilk dəfə görürdü. Uilson ortaboylu və kürəndi, cod bığları, qırmızı sifəti vardı, gülümsəyəndə saya qırışları açılan gözləri həddən ziyadə soyuq və maviydi. İndi o, missis Makomberə baxıb gülümsünür, qadın da baxışlarını kişinin üzündən yayındırıb gah onun gen frençinin maili çiyninə bərkidilmiş iki cüt patrona (əslində, bu patronlar sol döşünün üstündəki cibdə olmalıydı), gah gündən qaralmış iri əllərinə, nimdaş bricisinə, çirkli ayaqqabılarına, sonra yenidən qırmızı sifətinə baxırdı. Kişinin gündən yanıb qızarmış boynuna indi çadırın küncündəki mıxdan asdığı enli şlyapası ağappaq zolaq salmışdı və bunların heç biri qadının nəzərindən qaçmadı.

– Gəlin, şirin şərəfinə içək, – Robert Uilson yenə qadına baxıb gülümsündü; qadınsa gülmədi, qəribə bir maraqla gözlərini ərinə zillədi.

Əgər uzundrazlığını nəzərə almasan, Frensis Makomber gözəl kişi sayılırdı; kifayət qədər ucaboy və qamətliydi, avarçəkənlər kimi qısa vurulmuş qara saçları, napnazik dodaqları, əynində Uilsonunkuna bənzər xüsusi ov geyimi vardı, ancaq onunku daha təzəydi. Otuz beş yaşında tarım bir kişiydi, əla tennis oynayırdı, balıqçılar arasında keçirilən yarışlarda dəfələrlə birinci yeri tutmuşdu, di gəl, lap elə indicə hamının gözündə özünü xalis ağciyər kimi göstərmişdi.

– İçək şirin şərəfinə, – o dedi. – Heç bilmirəm, bu elədiyinizə görə sizə necə təşəkkür bildirim.
Arvadı Marqaret nəzərlərini dolandırıb yenə Uilsonun üzərində saxladı.

– Gəlin bu şir söhbətini qurtaraq, – dedi.
Uilson bu dəfə qadının üzünə təbəssümsüz baxdı, amma indi də qadın ona gülümsündü.

– Bu gün çox qəribə gündü, – dedi. – Sizsə, yaxşı olardı ki, şlyapanızı başınıza qoyaydınız. Axı özünüz deyirdiniz ki, günorta vaxtı hətta talvarın altı da istidən od tutub yanır.

– Qoymaq da olar, – Uilson cavab verdi.

– Bilirsiz, mister Uilson, sizin sifətiniz çox qırmızıdır, – qadın yenə gülümsündü.

– Çox içirəm, – Uilson dedi.

– Yox, mən bilən bu, içməkdən deyil. Ona qalsa, elə Frensis də çox içir, ancaq onun üzü heç vaxt qızarmır.

– Bu gün qızardı, – Makomber zarafata keçmək istədi.

– Yox, – Marqaret dedi. – Bu gün qızaran mən oldum.

Mister Uilsonun sifəti isə həmişə qırmızıdır.

– Görünür, milli xüsusiyyətdir, – Uilson dedi. – Amma necə bilirsiz, bəlkə mənim gözəlliyimdən danışmaq daha kifayətdir?

– Mən hələ təzə başlamışam ki.

– Lap yaxşı, amma gəlin elə burda da qurtaraq, – Uilson dedi.

– Onda daha danışılası ayrı bir şey qalmır.

– Gicləmə, Marqo, – əri dedi.

– Necə yəni danışmalı şey yoxdur, – Uilson dedi, – bax bu gün biz əntiqə bir şir öldürmüşük.

Marqo onlara baxdı və kişilər gördü ki, qadın indicə ağlayacaq. Uilson bunu gözləyirdi və dərhal təşvişə düşdü, Makomber isə belə şeylərdən qorxmağı çoxdan yadırğamışdı.

– Axı bu niyə oldu, niyə oldu, niyə oldu axı? –

Marqaret söylənə-söylənə öz çadırına keçdi. Onlar qadının ağlamasını eşitmirdilər, amma çəhrayı rəngli kətan köynəyinin altında çiyinlərinin necə titrəməsi aydın görünürdü.
– Qadın hikkəsidir, – Uilson dedi. – Boş şeydi. Hamısı əsəbdən, bu kimi şeylərdəndi.

– Yox, – Makomber başını buladı. – Bu hərəkət mənə ta ölənəcən bağışlanası deyil.

– Boş şeydi. Yaxşısı budur, gəlin içək. – Uilson dedi. – Bu əhvalatı yerli-dibli unudun getsin. Danışılası çox şey var.

– Çalışaram unudum, – Makomber dedi. – Ancaq mənə elədiyiniz yaxşılığı heç vaxt unutmaram.

– Bəsdi görək. Bunlar hamısı boş şeylərdi.
Onlar çınqıllı çayın sahilinəcən uzanıb gedən daş-kəsək töküntüsü ilə yaşıl meşənin arasında qurduqları düşərgədə, qollu-budaqlı akasiyaların kölgəsində eləcə oturub ilıq limon şirəsi içir və çalışırdılar ki, gədələr masanı səhər yeməyi üçün hazırlayanacan bir-birinin üzünə baxmasınlar. Gədələrin hər şeyi bildiyinə Uilson artıq şübhə eləmirdi və xidmətçinin qabları masaya düzərkən öz ağasına hansı maraqla baxdığını görəndə onu suaxili dilində söydü. Geri qanrılan oğlanın üzündə etinasız bir ifadə vardı.

– Siz ona nə dediniz? – Makomber soruşdu.

– Heç nə. Dedim bir az zirək tərpənsin, yoxsa əmr edərəm, ona on beşini çəkib bədənini odlayarlar.

– Nə danışırsız? Şallaqla?

Düzünə qalsa, bu, qanuni deyil. Qanunla onları yalnız cərimələmək olar.

– Sizdə onları indi də döyürlər?

– Nə qədər kefindi. Hərgah ağılları çatıb şikayət eləsələr, əsl həngamə qopar. İntəhası şikayət eləmirlər. Cərimə olunmağı daha betər sayırlar.

– Çox qəribədir, – Makomber dedi.

– Elə də qəribə deyil. Şəxsən siz hansına üstünlük verərdiniz? Döyülmək yaxşıdır, yoxsa qazancı itirmək?

– Uilson soruşdu, amma belə sual verdiyinə peşman oldu və Makomberin cavabını gözləmədən dedi: – Belədir, ya belə deyil, bircə onu bilirəm ki, günü-gündən elə bizim hamımızı döyürlər.

Qaş düzəldən yerdə vurub gözünü də çıxartdım, o düşündü. Lənət şeytana, məndən diplomat çıxmaz.

– Hə, bizim hamımızı döyürlər, – Makomber hələ də ona baxmadan dilləndi. – Bu şir əhvalatı mənə dəhşətli dərəcədə ağır gəlir. Söz-söhbət burdan o yana çıxmayacaq, eləmi? Demək istəyirəm, bunu heç kəs bilməyəcək ki?

– Siz onu soruşmaq istəyirsiniz ki, mən bu əhvalatı “Matayqa” klubunda danışacam, ya yox?

Uilson ona soyuq nəzərlə baxdı. Bunu əsla gözləmirdi. Fikirləşdi ki, demək bu adam təkcə ağciyər yox, hələ üstəlik axmağın yekəsidir. Halbuki əvvəl Makomber hətta xoşuma da gəlmişdi. Amma neyləyəsən ki, bu amerikanlardan baş açmaq müşkül məsələdir.

– Yox, – Uilson davam elədi. – Mən peşəkaram. Müştərilərimiz barədə heç vaxt heç nə danışmırıq. Bundan arxayın ola bilərsiniz. Amma bunu bizdən xahiş eləmək də düzgün sayılmır.

İndi o qət elədi ki, əgər dalaşıb küsüşsəydilər, daha yaxşı olardı. Onda yeməyini tək yeyər, yeyə-yeyə də mütaliəsini edərdi. Elə onlar da yeməklərini ayrı yeyərdilər. Hə, ovun axırınacan onlarla qalacaq, ancaq münasibətlər sırf rəsmi olacaq. Fransızlar necə deyir – consideration distinguee?..

Bu onların sarsaq həyəcanlarına qoşulmaqdan min pay yaxşıdir: Makomberi təhqir edəcək, beləcə küsüşəcəklər. Onda yemək vaxtı arxayınca öz mütaliəsi ilə məşğul olar, onların viskisini də əvvəlki qaydada bala-bala gillədərdi. Ovda xoşagəlməz bir hadisə baş verəndə həmişə belə deyirlər. Başqa bir ağ ovçu ilə rastlaşanda soruşursan: “Sizdə işlər neçə gedir?” – cavab verəndə ki: “Belə də, hələ ki onların viskisini içirəm”, – onda əlüstü bilirsən ki, işləri fırıqdır.

– Üzr istəyirəm, – Makomber qocalanadək yeniyetmə oğlan üzü kimi təravətli qalacaq amerikan sifətini həmsöhbətinə tərəf çevirdi və Uilson onun qısa vurulmuş saçlarını, oynaq gözlərini, düz burnunu, nazik dodaqlarını, qəşəng çənəsini gördü. – Bağışlayın ki, bu mənim ağlıma gəlmədi. Axı mən hələ çox şeyi bilmirəm.

“Belə yerdə neyləyəsən?” – Uilson düşündü. O, mümkün qədər tez və biryolluq küsmək istəyirdi, lap indicə təhqir elədiyi bu qanmazsa üzr istəmək xəyalına düşmüşdü. Daha bir cəhd elədi.

– Narahat olmayın, mən boşboğazlıq eləyənlərdən deyiləm. Qazancımı heç də itirmək istəməzdim. Bilirsizmi, burda, Afrikada qadının şirə atdığı güllə heç vaxt boşa getmir, ağ kişi isə heç vaxt dabanına tüpürüb aradan çıxmır.

– Mən lap dovşansayağı qaçıb aradan çıxdım, – Makomber dedi.

“Tfu, bu cür şeyləri dilə gətirən kişiylə neyləmək olar?”

– Uilson hiddətlə düşündü.

O, eynən pulemyotçu gözünü andıran mavi, etinasız gözlərini Makomberə zilləyib diqqətlə baxdı və

Makomber onun üzünə gülümsündü. Gözlərindəki məyusluğa fikir verməsən, təbəssümü qiyamət idi.

– Bəlkə kəl ovunda əvəzini çıxa bildim, – o dedi. –

Deyəsən, növbədə vəhşi öküzlər olmalıdır, elə deyil?

– İstəsəniz, lap elə günü sabah ova çıxarıq, – Uilson cavab verdi. Düşündü ki, bəlkə nahaq yerə hirslənirəm? Bəlkə Makomber haqlıdır, adam özünü belə aparmalıdır? Yox, lap özünü həlak eləsən də, bu amerikanlardan dünyasında baş çıxartmazsan.
O, yenə ürəyində Makomberə bir rəğbət duydu. Bircə bu gün səhərkini unutmaq mümkün olsaydı. Amma necə unudasan? Elə bir səhər alındı ki, bundan betərini heç təsəvvürə gətirmək belə mümkün deyil.

– Budur, memsaib də gəlir, – Uilson dedi.
Qadın çadırdan çıxıb onlara yaxınlaşdı. Dincəlib toxtamışdı, əhvalı şən görünürdü və dedikcə cazibədar idi. Girdə çöhrəsi çox qəşəngdi, elə qəşəngdi ki, lap adama yelbeyin təsiri bağışlayırdı. Amma Uilson fikirləşdi ki, qadın əsla yelbeyin-filan deyil, yox, ona nə istəsən deyə bilərsən, bircə bundan başqa.

– Alyanaq gözəl mister Uilson özünü necə hiss edir? Bəs mənim qızıldan qiymətli Frensisim necə, yaxşıdırmı?

– Xeyli yaxşıyam, – Makomber dedi.

– Mən bu macəranı unutmaq istərdim, – qadın masa arxasına keçib sözünə davam elədi. – Axı, Frensisin şirləri yaxşı, ya pis ovlamasının nə dəxli var? Bu onun sənəti deyil. Bu, mister Uilsonun sənətidir. Bəli, mister Uilson öldürərkən çox maraqlı görünür. Mister Uilson, siz hər şeyi ovlayırsınız, elə deyil?

– Bəli, hər şeyi, – Uilson dedi. – Nə istəsəniz.

Uilson fikirləşdi ki, belələri dünyada ən hissiyyatsız adamlardı; ən qəddar, ən həris və ən füsunkar. Elə daşürəklidirlər ki, axırda ərləri əriyib muma dönür, yaxud sadəcə əsəbi olurlar. Ya bəlkə qəsdən bu cür kişiləri seçirlər ki, onlarla tez dil tapsınlar? Ancaq bunu hardan bilsinlər, axı çox tez ərə gedirlər. Yaxşı ki amerikan qadınları artıq onunçün təzə şey deyil; çünki bu qadının füsunkarlığı şübhəsizdir.

– Sabah biz kəl vurmağa gedirik, – Uilson qadına dedi.

– Mən də sizinlə gedəcəm.

– Siz getməyin.

– Yox, gedəcəm. Olmaz bəyəm?

– Bəlkə sənin düşərgədə qalmağın yaxşıdır? – Makomber dedi.

– Əsla! – qadın qətiyyətlə bildirdi. – Səhərkitək bir tamaşanı mən dünyasında əldən buraxmaram.

Bayaq ağlamağa gedəndə, Uilson düşündü, ürəyini boşaltmaqçün ağlamağa gedəndə mənə elə gəlmişdi ki, o misilsiz qadındır; elə bilmişdim düşünüb dərk edir, ürəyi yanır, ərinə görə də, özünə görə də əzab çəkir, məsələnin nə yerdə olduğunu aydınca görür. Amma buyur, iyirmicə dəqiqədən sonra əsl amerikan qadınlarına məxsus bir qəddarlıqla geri qayıtdı. Bu qadınlar dəhşətli məxluqlardır. Sadəcə, dəhşətdirlər.

– Sabah biz səninçün yenə tamaşa düzəldərik, –

Frensis Makomber dedi.

– Siz getməzsiz, – Uilson dedi.

– Yanılırsız, – qadın razılaşmadı. – Mən yenə sizə baxıb feyziyab olmaq istəyirəm. Bu səhər siz çox yaxşıydınız, əlbəttə, əgər başqasının kəlləsini əzəndə adam yaxşı ola bilərsə.

– Bu da səhər yeməyi, – Uilson dedi. – Deyəsən, kefiniz yaman kökdü?

– Niyə də olmasın? Mən bura heç də darıxmaq üçün gəlməmişəm.

– Elədir, hələ ki darıxmağa səbəb olmayıb, – Uilson çaydakı daşlara, aralıdakı hündür sahilə, səhərki həngamənin baş verdiyi ağaclığa baxdı və sübh çağını xatırladı.

– Bəs necə, – qadın dedi. – Qiyamət idi. Hələ gör sabah nələr olacaq. Sizin heç ağlınıza da gəlməz ki, sabahkı günü mən necə həsrətlə, necə intizarla gözləyirəm.

– Antilop ətindən hazırlanmış bifşteksin dadına baxın,

– Uilson dedi.

– Çox dadlı ətdir, – Makomber fikrini bildirdi.

– Bunlar inək kimi iri heyvanlardı, özləri də dovşan kimi atdanırlar, eləmi?

– Lap quşu gözündən vurdunuz, – Uilson dedi.

– Frensis, bu heyvanı sən ovlamışdın? – qadın soruşdu.

– Hə.

– Bəs onlar qorxulu deyil?
– Yox, qəfildən üstünə tökülüşməsələr, qorxusu yoxdur, – Uilson qadına cavab verdi.

– Şükür, ürəyim bir az yerinə gəldi.

– Marqo, bəd gətirməsən olmaz? – Makomber bifşteksdən kəsdiyi ət tikəsini çəngələ keçirib kökü, kartof püresini və sousu onun üstünə komaladı.

– Yaxşı, mənim əzizim, bir halda ki sən belə ürəkdən xahiş edirsən, onda demərəm.

– Axşamüstü şiri şampanla qeyd edərik, – Uilson dedi.

– İndi çox istidir.

– Hə, şir də var axı, – Marqo dedi. – Mən az qala şiri tamam unutmuşdum.

Bax budur, Uilson düşündü, indi qadın ərini aşkarca ələ salır, ya da elə zənn edir ki, can sıxıntısının öhdəsindən bu cür gəlmək olar. Biləndə ki kişi qorxağın yekəsidir, onda qadın nə etməlidir? Qəddar olmağına çox qəddardır, qadınların elə hamısı belədir. Axı onlar ağalıq edirlər, bu isə hərdən qəddar olmağı tələb edir. Amma qadın qəddarlığına baş sındırmağım yetər.

– Bozartmadan bir az da götürün, – qadına nəzakətlə müraciət elədi.

Axşama yaxın Uilsonla Makomber (yerli sürücü və hər iki silahdaşıyanla birgə) maşına minib getdilər. Missis Makomber düşərgədə qaldı. Dedi ki, çox istidir, gəzməyə həvəsi yoxdur, onsuz da sabah tezdən ova birlikdə gedəcəklər. Maşın tərpənəndə qadın çəhrayı-qəhvəyi rəngli kətan paltarda iri ağacın kölgəsində durmuşdu. İndi ona gözəl yox, yaraşıqlı demək düzgün çıxardı. Qara saçları alnı boyunca geriyə daranıb arxada düyünlənmişdi, üzü elə təravətliydi ki, deyərdin bu saat düşərgədə yox, İngiltərədəydi, – Uilson düşündü. Sonra qadın onlara əl yellədi və avtomobil hündür otları yaprıxdıra-yaprıxdıra balaca dərələri adlayıb keçdi, ağacların arasıyla əyri-üyrü izlər sala-sala gavalı kolluqları olan balaca təpəciklərə dırmaşdı.

Kolluqda su antiloplarının sürüsünü pərən-pərən saldılar, maşından çıxıb baxanda uzun, əyri buynuzlu qoca erkəyi gördülər və Makomber iki yüz yardlıq məsafədən sərrast atəşlə heyvanı yerə sərdi; qalanları təlaş içində var gücləriylə sıçrayıb bir-birinin üstündən aşıb keçməyə, hərdən yuxuda olduğu kimi, ayaqlarını ağlasığmaz tərzdə yumşaqcasına yığıb uzun sıçrayışla irəli tullanmağa başladılar.

– Yaxşı atəş idi, – Uilson dedi. – Onları vurmaq asan deyil.

– Hə, necədi, qiymətli başdı? – Makomber soruşdu.

– Gözəl başdı, – Uilson cavab verdi. – Həmişə belə atın, onda hər şey də yaxşı olar.

– Neçə bilirsiz, sabah kəl taparıq?

– Bütün ehtimallara görə tapmalıyıq. Sübh tezdən otlamağa çıxırlar, bəxtiniz gətirsə, talada başlarının üstünü kəsdirərik.

– Mən şirlə bağlı həngaməni necəsə ört-basdır etmək istərdim, – Makomber dedi. – Öz arvadının gözündə belə vəziyyətə düşmək o qədər də xoşagələn iş deyil.
Uilson düşündü ki, xoşagəlməz olan, əslində, məsələnin özüdür, arvadın görüb-görməməsinin dəxli yoxdur, bunu dilə gətirməksə ondan da betərdir; xalis axmaqlıqdır. Ancaq belə dedi:

– Bu barədə fikirləşməyi boşlayın. Rastına çıxan birinci şir lap kimi desən karıxdırıb pərt vəziyyətdə qoyar. Artıq hamısı keçib gedib.


Ancaq axşam yeməkdən və bir stəkan sodalı viskidən sonra Frensis Makomber tonqalın qırağında, mığmığalardan qorunmaqçün miçətkən çəkilmiş çarpayısında uzanıb gecənin səslərini dinləyəndə həngamə hələ sovuşmamışdı. Nə keçib getmişdi, nə də başlanmışdı. Hər şey nə cür baş vermişdisə, eləcə gözünün qabağında idi, bəzi təfərrüatlar isə bütün dəqiqliyi ilə apaydın canlanır və ona olmazın xəcalət verirdi. Xəcalətdən də betər, o, daxilində nəsə gəmirici, sümürücü bir qorxu hiss edirdi; bu qorxu soyuq, sürüşkən bir yarğantək nə vaxtsa içindəki inamın, arxayınçılığın doldurduğu həmin boşluğun yerini tutmuşdu və bu, Makomberə çox pis gəlirdi. Qorxu onun canındaydı, onu tərk etmirdi.

Hər şey ötən gecədən başlandı: o, yuxudan ayılanda şirin çayın yuxarısından gələn nəriltisini eşitmişdi. Pəsdən eşidilən nərilti-mırıltı axırda öskürəklə qurtarmışdı, buna görə də gecə beqəfil oyanıb həmin səsləri eşidəndə Frensis Makomberə elə gəlmişdi ki, şir çadırın lap böyründədi və diksinib qorxmuşdu. Aramla nəfəs alan arvadının hənirinə qulaq vermişdi; arvadı şirin yuxudaydı. Bir allah bəndəsi yox idi ki, qorxduğunu söyləyib, dərdini onunla bölüşsün. Beləcə, cınqırını çıxartmadan yerində tək-tənha uzanıb qalmışdı, “qoçaq ömründə üç yol şirdən qorxur: ilk dəfə ləpirini görəndə, ilk dəfə səsini eşidəndə, ilk dəfə rastına çıxanda” somali atalar sözündən də xəbərsiz idi. Sübh tezdən, hələ gün çıxmamış Uilsonla çadırda oturub fənər işığında qəlyanaltı edərkən şir yenə nərildəmişdi və Frensisə elə gəlmişdi ki, deyəsən o, düşərgənin lap yaxınlığındadır.

– Nə təhər öskürməsini eşidirsiz də, – Robert Uilson qarşısındakı qəhvə fincanının və qurudulmuş balığın üzərindən başını dikəldib demişdi. – Deyəsən, lap qocadı.

– Bəs onacan məsafə nə qədərdi, burdan çoxmu yaxındadır?

– Çay uzunu bir miləcən olar.

– Biz onu görəcəyik?

– Çalışarıq.

– Onun səsi həmişə belə uzağa gedir? Lap elə bil düşərgənin içində nərildəyir.

– Çox uzağa gedir, qəribə işdir, haracan desən çatır, – Robert Uilson belə demişdi. – Ümid edək ki, özünü güllə qabağına da verəcək. Yerli adamlar nə vaxtdı danışırdılar, deyirdilər burda bir natarazı peyda olub.

– Bəs harasından nişan almaq lazımdır ki, vuranda elə yerindəcə qalsın? – Makomber soruşmuşdu.

– Kürəyindən, – Uilson cavab vermişdi. – Bacarsanız, düz boynundan vurun. Sümüyünü nişan alalarsınız. Çalışın bir gülləyə işini bitirəsiniz.

– Yəqin ki vura bilərəm.

– Siz gözəl atırsınız. Tələsib eləməyin. Sərrast atın. Əsas birinci atəşdir.

– Hansı məsafədən atmaq yaxşıdır?

– Demək çətindir. Bu məsələdə şirin öz hesabı ola bilər. Çox uzaqda olsa atmayın, yaxına buraxın, vuracağınıza tam əmin olandan sonra atın.

– Yüz yarddan da yaxına buraxım? – Makomber soruşmuşdu.

Uilson tez üzünü döndərib ona baxmışdı.

– Yüz yaxşıdı elə. Bir az da yaxına buraxmaq olar. Bundan uzaqdısa, yaxşısı budur, heç atmayasan. Yüz yard – yaxşı məsafədir. Bu məsafədən seçim edib istənilən hədəfi vurmaq olar. Budur, memsaib də gəlib çıxdı.

– Sabahınız xeyir, – qadın gülümsər sifətlə salamlaşmışdı. – Hə, gedirik?

– Siz nahar edən kimi tərpənirik, – Uilson qadına cavab vermişdi. – Özünüzü yaxşı hiss edirsiz?

– Əla, mən çox həyəcanlanıram.

– Gedim görüm hər şey hazırdımı.
Uilson ayağa duranda şir yenə nərildəmişdi.

– Gör nə səs-küy salıb! Biz bu musiqini kəsərik, – Uilson irişmişdi.

– Sənə nolub belə, Frensis? – arvadı soruşmuşdu.

– Heç nə.

– Yox, düzünü de görüm, nolub sənə?

– Heç nə olmayıb.

– Di de görüm. – Qadın zəndlə ərinin üzünə baxmışdı.

– Özünü yaxşı hiss etmirsən?

– Lənətə gəlsin bu nəriltini, bütün gecə ara verməyib.

– Bəs məni niyə oyatmadın? Mən ona məmnuniyyətlə qulaq asardım.

– Hələ mən bu murdarı gəbərtməliyəm də, – Frensis yazıqcasına dillənmişdi.

– Bəyəm sən bura elə bu işdən ötrü gəlməmisən?

– Elədir. Amma nəsə əsəbiləşirəm. Bu nərilti məni yaman qıcıqlandırır.

– Onda çıx onun axırına, Uilson demiş, kəs bu musiqinin səsini.

– Yaxşı, mənim əzizim. Amma dildə demək çox asandır, elə deyil?

– Sən qorxub eləmirsən ki?

– Yox əşi, amma bütün gecə bu lənətə gəlmişin səsini eşitmişəm, indi də əsəblərim tarım çəkilib.

– Sən onun axırına çıxarsan, hər şey də düzələr, görərsən. Mən bilirəm. Sadəcə, bunun necə olacağını görməyə səbrim çatmır.

– Yeməyini ye, tərpənək.

– Belə ertədən hara? Hələ heç hava düz-əməlli işıqlanmayıb.

Bu vaxt şir yenə nərildəmişdi, özü də pəsdən eşidilən nərilti qəfil lərzələnib az qala havanı titrədən əcaib hayqırtıya çevrilmiş, sonra da zəif, boğuq mırıltıyla kəsilmişdi.

– Elə bil böyründədir, hardasa lap bu yaxınlıqdadır, – arvadı demişdi.

– Lənət şeytana, mən bu nəriltiyə dözəmmirəm.

– Təsirli səslənir.

– Təsirli nədi, bu, sadəcə, dəhşətdir.
Bu zaman Robert Uilson əlindəki 0,505 kalibrli gödək və yoğun lüləli yöndəmsiz Gibbs tüfəngi ilə qımışa-qımışa onların yanına qayıdıb:

– Gedək, – demişdi, – silahdaşıyan sizin sprinqfildi də, o biri tüfənginizi də götürüb. Artıq hamısı maşında gözləyir. Patronlar sizdədirmi?

– Hə.

– Mən hazır, – qadın cəld ayağa qalxmışdı.

– Onun səsini kəsmək lazımdır, – Uilson Makomberə demişdi. – Siz sürücünün yanında əyləşin. Memsaib arxada, mənim yanımda oturar.

Və hamısı maşına doluşub, səhərin alatoranında meşənin içiylə çay boyunca üzüyuxarı yollanmışdılar. Makomber çaxmağı açıb tüfəngin metal örtüklü güllə ilə doldurulduğunu görəndə bir qədər arxayınlaşmışdı, çaxmağı bağlayıb qoruyucunu çəkmişdi. Amma yadındadı ki, əlləri titrəyirdi. Cibindəki və döşünün üstünə bənd edilmiş patronları əliylə dübarə yoxlayıb arxada arvadının böyründə oturan Uilsona tərəf dönmüş, hər ikisinin həyəcanla gülümsədiklərini görmüşdü. Qapısız maşın təkərlər üstündə yırğalanan qutuya bənzəyirdi.

– Baxın, quşlar yerə qonur, – Uilson qabağa əyilib pıçıldamışdı. – Bu o deməkdir ki, bizim qoca aslanımız öz ovundan doyub çəkildi.

Makomber gördü ki, quşlar çayın o biri tayındakı ağacların üzərində dövrə vurub qəfildən aşağı şığıyırlar.

– Çox güman ki, yatmazdan qabaq o bura su içməyə gələcək, – Uilson pıçıltıyla bildirmişdi. – Sayıq olun.
Onlar dik sahil boyunca, daş-kəsəkli çay yatağının dərin iz saldığı yerdə lap yavaşdan gedirdilər; maşın əyri-üyrü yollarla, qollu-budaqlı qoca ağacların arasından çox ləng burulub keçirdi. Qarşı sahilə boylanarkən birdən Makomber Uilsonun arxa tərəfdən onun çiyinlərindən yapışdığını hiss etmiş, həmin an maşın da qəfil dayanmışdı.

– Odur ey, – Uilsonun pıçıltısını eşitmişdi. – İrəlidə, sağda. Düşün yerə və atın. Qiyamət şirdir.

Hə, nəhayət ki, Makomber də şiri gördü: yanpörtü dayanan şir iri başını dik qaldırıb onlara tərəf çevirmişdi. Üzlərinə vuran sərin sübh mehi şirin tünd rəngli yalını yellədir, səhərin alatoranında onun ağlasığmaz dərəcədə gen sinəsi, hamar və parlaq gövdəsi apaydın seçilirdi; qarşı sahilin yaxasında şir nəhəng, çox nəhəng görünürdü.

– Onacan məsafə nə qədər olar? – Makomber tüfəngi əlinə götürüb pıçıltıyla soruşmuşdu.

– Yetmiş beş yard. Çıxın, nəfəsini kəsin.

– Burdan atmaq olmaz?

– Şirə maşından atəş açmırlar, – qulağının dibində Uilsonun hənirini eşitmişdi. – Di tez olun, düşün yerə. O bütün günü beləcə dayanıb duran deyil.

Makomber bortun dəyirmi oyuğu üzərindən yekə bir addım atıb qabaq oturacağın böyründən ayağını pilləkənə, oradan da torpağın üstünə basmışdı. Şir hələ də durduğu yerdə məğrurcasına dayanıb gözünə hansısa nəhəng kərgədan kölgəsi kimi görünən bu yad əşyaya baxırdı. İnsan qoxusu hələ ona gəlib çatmamışdı, o da ağır başını sağa-sola çevirib tanımadığı əcaib cismi seyr edirdi. Heç bir qorxu-hürkü hiss etməsə də, nə qədər ki, “əşya” qarşı sahildə dayanıb durmuşdu, çaya enməkdən vaz keçdi, amma ondan bir insan fiqurunun ayrıldığını qəfil görəndə tez ağır başını döndərib, qorunmaq üçün özünü ağaclığa vermək istədi və həmin andaca qulaqbatırıcı gurultu eşitdi, 0,30-0,6 kalibrli iki yüz iyirmi qramlıq güllə zərbəsini böyründə hiss etdi. Dərhal da mədəsindən nəsə qaynar, yandırıcı, ürəkbulandırıcı bir şey axıb keçdi. Yaranın qəfil ağrısından və toxluqdan ağırlaşmış iri pəncəli şir yerindən götürülüb var gücüylə qaça-qaça özünü hündür otluğa, ağaclığa təpmək istəyəndə yenə şaqqıltı səslənib düz yanından keçdi. Sonra yenə şaqqıltı səsi gəldi və şir dübarə zərbə hiss elədi – bu dəfə güllə alt qabırğasını dəlib keçmişdi. Dilində öz isti, köpüklü qanının tamını duydu, yerə şöngüyüb gizlənmək və o şaqqıldayan andırı əlində tutmuş məxluqu məcburən yaxına gətirtmək, sonra qəfil sıçrayışla üstünə atılıb məhv etməkçün boyverməz otların arasına cumdu.

Makomber maşından enəndə şirin halını düşünmürdü, bircə onu bilirdi ki, əlləri əsir. Maşından aralananda ayaqları sözünə baxmırdı, əzələlərinin titrəyişini hiss eləsə də, baldırları sanki keyimişdi. Tüfəngi qaldırıb şirin düz kəlləsini nişan aldı, çaxmağı buraxıb tətiyi az qala barmağı qırılıncayadək sıxsa da, di gəl, atəş açılmadı. Yalnız bu vaxt yadına düşmüşdü ki, qoruyucunu çıxartmayıb, tez tüfəngi aşağı salıb daha bir inamsız addım atmışdı – bax elə şir də onun kölgəsinin avtomobilin kölgəsindən ayrıldığını bu zaman görmüş, dönüb əkilmək istəmişdi. Makomber atəş açmışdı, tanış “uonq” sədasını eşidəndə bilmişdi ki, gülləsi boşa getməyib, amma şir getdikcə qaçıb uzaqlaşırdı. Bir də atəş açmışdı və güllənin qaçan şirin düz qabağındaca palçığı fəvvarətək göyə necə sovurduğunu hamı görmüşdü. Makomber aşağını nişan almağın lazım olduğunu yada salıb daha bir atəş açmış və hədəfə dəyən güllənin çıxardığı səsi hamı eşitmişdi, ancaq o, tətiyin dəstəyini irəli itələməyə macal tapmamış şir qaçıb hündür otluğa təpilmişdi.
Makomber hərəkətsiz qalmışdı; onun ürəyi bulanır, hələ də tüfəngi aşağı endirməyən əlləri əməlli-başlı titrəyirdi. Arvadıyla Robert Uilson böyründəydi, yanını kəsdirən iki yerli adam dil-boğaza qoymadan öz dillərində nəsə üyüdüb-tökürdü.

– Mənim gülləm ona dəydi, özü də iki dəfə dəydi.

– Siz onun bağırsaqlarını yırtdınız, bir də, deyəsən, döşündən vurdunuz, – Uilson arxayın səslə rahatca bildirmişdi; qaşqabağı yer süpürən yerlilərin üzündə isə tutqun ifadə vardı və indi heç biri dinib-danışmırdı.

– Bəlkə də onu öldürmüsünüz, – Uilson sözünə davam eləmişdi. – Bir az gözləyək, sonra gedib baxarıq.

– Yəni necə?

– Kələyi kəsilib heydən düşəndə izi tutub ardınca gedərik.

– Hə-ə, – Makomber demişdi.

– Lənət şeytana, qiyamət şirdir, – Uilson şən halda demişdi. – Amma yaman pis yerdə gizləndi.

– Yerin nəyi pisdi ki?

– Lap yaxınına getməyincə onu görmək olmayacaq.

– Həə, – Makomber demişdi.

– Yaxşı, di getdik, – Uilson tərpənmişdi. – Yaxşısı budur, memsaib burda, maşında qalsın. Qanın izinə baxmaq lazımdır.

– Sən burda qal, Marqo, – arvadına üz tutan Makomberin ağzı qurumuşdu; çətinliklə danışır, dili söz tutmurdu.

– Niyə? – qadın təəccüblə çiyinlərini çəkmişdi.

– Uilson belə buyurub.

– Biz gedirik görək orda vəziyyət necədir, – Uilson izah eləmişdi. – Siz burda qalın, burdan əcəb yaxşı görünür.

– Yaxşı.

Uilson suaxili dilində sürücüyə nəsə demişdi, o da başını tərpətmişdi:

– Hə, bvana.

Sonra sıldırımlı sahildən çaya enmişdilər; daşların üstüylə keçib torpaqdan çıxan zoğlardan tuta-tuta o biri sahilə qalxmış, Makomber ilk atəşi açarkən şirin sahil boyunca qaçdığı yerə gəlmişdilər. Yerlilərin uzun küləşlə nişan verdikləri qalın otluğun topuğa çatan yerində tünd qan ləkələri vardı – bu izlər ağacların arxa tərəfinə aparırdı.

– İndi neyləməliyik?

– Başqa yolumuz yoxdur, – Uilson Makomberə demişdi. – Maşını bura gətirə bilməzsən, sahil də sıldırımdır. Qoy bir az gücdən düşsün, sonra biz bərabər gedib onu axtararıq.

– Otluğu yandırmaq olmaz?

– Təzə otdur, yanmaz.

– Bəs sürəkçiləri göndərmək necə, o da olmaz?

– Niyə olmur ki, olar, – Uilson onu sınayıcı nəzərlə təpədən dırnağacan süzmüşdü. – Ancaq bu, adamı dirigözlü ölümə göndərməkdir. Axı şirin yaralandığını biz bilirik. Yaralı olmasaydı, başqa məsələ, onu qovmaq mümkün idi, hay-küydən bezib gedərdi, amma yaralı şir hücum çəkir. Lap yaxınına gedib üstünə çıxmayınca onu görmək olmur, sürünə-sürünə elə yerdə şöngüyüb pusur ki, heç dovşan da orda gizlənə bilməz. Yerliləri belə cəncəl işə göndərməyə əlim gəlmir. Mütləq kimisə şil-küt eləyib şikəst qoyar.

– Bəs silahdaşıyanlar?

– Silahdaşıyanlar bizimlə gedəcək. Bu, onların “şauri”sidir. Müqavilə bağlayıblar axı. Amma belə görürəm ki, bu iş heç onların da ürəyincə deyil.

– Mən ora getmək istəmirəm, – söz Makomberin ağzından nə deyəcəyini düşünməyə macal tapmamış çıxmışdı.

– Elə mən özüm də, – Uilson gümrah səslə cavab vermişdi. – Ancaq çarə nədir.

Sonra Uilson sanki nəyisə yada salıb Makomberə baxmışdı, onun necə titrədiyini, sifətini necə bir bədbəxtlik sardığını qəfildən görmüşdü.

– Əlbəttə, istəsəniz siz getməyə də bilərsiz, – demişdi.

– Bəs məni elə buna görə günəmuzd tuturlar da. Mən elə buna görə belə dəyərliyəm.

– Başa düşmədim, siz ora tək getmək istəyirsiz? Bəlkə, şiri qoyaq elə qalsın orda?
Makomberin əsəbiləşdiyini sezsə də, bayaqdan bəri başı yalnız şirə qarışdığından Robert Uilson onun barəsində qətiyyən düşünmürdü, amma birdən özünü hoteldə qapını səhv salıb abırsız hərəkətin üstünə çıxan adamın vəziyyətində hiss elədi.

– Yəni necə?

– Sadəcə, gəlin onu dinc buraxaq, qurtarıb getsin.

– Özümüzü elə göstərək ki, guya gülləmiz ona dəyməyib?

– Yox. Sadəcə, çıxıb gedək.

– Belə eləmirlər.

– Niyə ki?

– Əvvəla, indi şir orda əzab çəkir. Sonrasına qalanda da, kimsə ona tuş gələ bilər.

– Başa düşürəm.

– Amma sizin bizimlə getməyiniz qətiyyən vacib deyil.

– Mən gedərdim. Amma... başa düşürsüz, mənimçün sadəcə dəhşətlidir.

– Mən qabaqda gedəcəm, Konqoni də izi axtaracaq. Siz məndən arxada, bir az böyürdən gələrsiz. Çox güman ki şir zarıyacaq, biz də səsi eşidəcəyik. Görən kimi ikimiz də tez atarıq. Qəti narahat olmayın, sizdən aralanmaram, bir addım da aralı durmaram. Amma yaxşısı budur, bəlkə, siz heç getməyəsiz? Düz sözümdü, belə daha yaxşı olar. Siz gedin, qayıdın memsaibin yanına, şirin işini mən özüm bitirərəm.

– Yox, mən gedəcəm.

– Necə xətrinizdi. Yox, əgər istəmirsizsə, onda getməyin. Axı bu mənim şaurimdir.

– Mən gedəcəm.

Ağacın altında oturub siqaret çəkmişdilər və Uilson demişdi:

– Bəlkə, hələlik gedib memsaiblə danışasız? Vaxtımız var, çatarsız.

– Yox.

– Onda qoy özüm gedim, gedim deyim ki, bir az səbrini bassın.

– Yaxşı, – Makomber razılaşmışdı.

Qan-tər içindəydi, dili-ağzı qurumuş, qorxudan bərk həyəcanlanmışdı və şirin işini onsuz bitirməyi Uilsona deməkçün canında təpər qalmamışdı. O bilmirdi ki, Uilson onun nə vəziyyətdə olduğunu qabaqcadan sezmədiyi üçün qəzəblənib və onu geriyə, arvadının yanına göndərməyib.

– Sizin ştuseri də gətirdim, – Uilsonun gedib-qayıtması çox çəkməmişdi. – Budur, götürün. Hə, biz ona kifayət qədər vaxt verdik. Di durun gedək. – Makomber ştuseri götürəndə isə əlavə eləmişdi: – Mənim dalımca gəlin, beş yard ara saxlayıb sağ tərəfimlə gəlin, nə desəm onu da eləyin.
Sonra Uilson qanı it qanına dönmüş yerlilərin hər ikisiylə suaxilicə danışıb axırda: – Haydı, getdik, – demişdi.

– Bircə qurtum su olsaydı...

Söz Makomberin ağzından çıxan kimi Uilson yaşlı silahdaşıyana nəsə pıçıldamışdı, o da kəmərindən asdığı suqabını çıxarmış, qapağını burub Makomberə uzatmışdı. Qabı əlinə alanda Makomber onun necə ağır, keçə üzlüyünün necə tüklü-xovlu olduğunu hiss etmiş, dodağına apararkən hündür otluğa, yastı çətirli ağaclara baxmışdı. Bu vaxt üzünə xəfif meh toxunmuş, bu mehdən otlar yüngülcə dalğalanmışdı; silahdaşıyana baxanda isə qorxunun onu da büsbütün üzdüyünü qocanın sifətindən oxumuşdu.
Yaralı şir onlardan otuz beş addım aralıda torpağa sərələnib məqam güdür, tərpənib eləmirdi; tam hərəkətsiz uzanıb qulaqlarını qısmışdı, təkcə uzun quyruğunun qara qotazı yellənirdi. Gizlənməyə yer tapan kimi dərhal yerə yatmışdı; tox qarnının bu tərəfindən girib o tərəfindən çıxan, ciyərini dəlib-keçən güllə yarasından ürəyi qalxırdı. Zəifləmişdi, hər nəfəs çəkəndə qan qarışıq duru, qırmızı köpük ağzına qalxırdı. Hər iki böyrü qan-tər içindəydi, güllədən dəlmə-deşik olmuş açıq-sarı dərisinin xırda oyuqlarına milçəklər yapışmışdı, əzab və nifrətdən qıyılmış iri, sarı gözləri isə düz qabağa baxırdı və hər nəfəs çəkdikcə dözülməz ağrıdan gözlərini qırparaq caynaqlarını yumşaq torpağa daha bərk batırırdı. Ondakı hər şey – ağrı, nifrət, ürəkbulanma və getdikcə tükənən qüvvə – axırıncı sıçrayışdan ötrü son həddə qədər hiddətlə sıxılıb gərilmişdi. O, səsləri eşidir və bütün varlığını yeganə bir istək naminə – adamlar hündür otluğa girəndə onlara hücum çəkməkçün toparlayıb gözləyirdi. Səslərin yaxınlaşdığını eşidəndə quyruğu da hərəkətdən qaldı, adamlar otluğa çatanda isə xırıltıyla yerindən sıçrayıb var gücüylə irəli atıldı.
Qoca Konqoni qan izinə baxa-baxa ən qabaqda gedirdi; ştuseri əlində hazır tutmuş Uilson otun hər tərpənişinə zəndlə göz qoyurdu; yerli adamlardan ikincisi isə irəliyə baxa-baxa hər şeyə diqqətlə qulaq kəsilmişdi. Çaxmağı çəkib Uilsonun dalınca gələn Makomber otluğa ayaq basmağa macal tapmamış ağzı qanla dolu şirin nəriltisini eşidib otların xışıltıyla aralandığını gördü və həmin andaca dəhşətli qorxu içində yerindən götürüldüyünü, pöhrəliyin böyründən çaya doğru dəlicəsinə qaçdığını dərk etdi.
Və ştuserin gurultusunu eşitdi: “ka-ra-uonq!”, bir də “ka-ra-uonq!” Qanrılıb baxanda isə kəlləsinin tən yarısını güllə aparmış əcaib, qorxunc şirin hündür otluğun qırağında Uilsona sarı nə təhər süründüyünü, qırmızısifət kişinin də yöndəmsiz tüfəngin çaxmağını çəkərək diqqətlə nişan aldığını gördü. Sonra yenə gödək lülədən alov saçıldı və “ka-ra-uonq!” gurultusu eşidildi, şirin nataraz sarı gövdəsi yerdə hərəkətsiz qaldı, eybəcər şəklə salınan iri kəllə qabağa düşdü. Bu vaxt Makomber əlindəki dolu tüfənglə bir cüt qaradərili yerlinin və bir ağ adamın nifrət dolu tənəli baxışları altında talanın ortasında tək-tənha dayanmışdı və şirin gəbərdiyi artıq ona çatmışdı. O, vücudundan lal bir məzəmmət yağan Uilsona yaxınlaşmışdı.

– Şəkil çəkəcəksiz? – Uilson ondan soruşmuşdu.

– Yox, – Makomber qısaca cavab vermişdi.
Maşınacan heç biri kəlmə kəsməmişdi; gəlib çatanda isə Uilson təkcə bunu demişdi:

– Qiyamət şirdi. İndi dərisini soyub çıxararlar. Bizsə hələlik burda, kölgədə oturub gözləyərik.

Arxa oturacaqda yanbayan əyləşsələr də, bir dəfə də olsun nə arvadı Makomberə, nə Makomber arvadına baxdı. Uilson qabaqda oturmuşdu. Cəmi bircə kərə Makomber sanki hərəkətə gəldi və arvadına baxmadan qadının əlindən yapışdı, ancaq Marqo tez əlini geri çəkdi. Çayın üstündən boylanıb yerlilərin dərini soyduqları yerə baxanda Makomber başa düşdü ki, arvadı hər şeyi necə lazımdısa görüb. Sonra qadın qabağa əyilib əlini Uilsonun çiyninə qoymuşdu, Uilson geri qanrılanda isə oturacağın ensiz söykənəcəyi arasından başını irəli verib kişinin dodaqlarından öpmüşdü.

– Di yaxşı, yaxşı, – deyən Uilsonun gündən yanıb qızarmış sifəti od tutub alışdıqca qadın bir neçə dəfə ləzzətlə təkrarlamışdı:

– Mister Robert Uilson. Alyanaq mister Robert Uilson. Ey gözəl mister Robert Uilson.

Makomberlə yanbayan oturan qadın sonra yenə üzünü yana çevirib çayın üzərindən şirin uzanıb qaldığı yerə baxmışdı; heyvanın təzə soyulmuş ağ əzələli pəncələri və tora bənzər vətəri yuxarı qaldırılmışdı, ağ qarnı sanki üfürülüb şişirdilmişdi və qara adamlar indi onun dərisini soyub çıxarırdılar.

Nəhayət, yerlilər işi başa çatdırıb yaş və ağır dərini götürüb gəldilər, onu səliqəylə bürmələyib qucaqlarına aldılar və arxa tərəfdən avtomobilə mindilər. Maşın yerindən tərpəndi. Düşərgəyə çatanacan kəlmə kəsən olmadı.

Şirlə bağlı əhvalat belə olmuşdu. Sıçrayışdan qabaq və sıçrayış anında şirin nələr keçirdiyini, iki tonluq gücə malik 0,505 kalibrli güllənin amansız zərbəsi əngini parçalayarkən əhvalının necə olduğunu, bundan sonra ikinci qulaqbatırıcı atəş qabırğasını sındırarkən ölümünə bais olan əşyaya doğru sürünməyə şiri hansı qüvvənin vadar etdiyini Makomber bilmirdi. Uilson isə bütün bunların barəsində nəsə bilirdi və bildiyini “qiyamət şir” sözləriylə ifadə edirdi, di gəl, onun özünün nələr keçirdiyindən də Makomber xəbərsiz idi.
O heç öz arvadının da hansı hisslər keçirdiyini, nələr yaşadığını doğru-dürüst bilmirdi; bildiyi təkcə o idi ki, arvadı onunla bütün əlaqələri kəsmək, ayrılmaq qərarına gəlib. İndiyəcən Marqo bir neçə dəfə ondan ayrılmağa cəhd göstərmişdi, amma hər dəfə də ayrılığın müddəti qısa olmuşdu. Makomber çox zəngin adam idi və daha artıq varlanacağı göz qabağında olduğundan bilirdi ki, qadın dünyasında onu atmaz.
Başqa şeylərə gəlincə, Makomber gerçəkdən hamısından agah idi: motosikli lap qabaq tanımışdı, avtomobili də çox gözəl bilirdi; ördək ovuna da bələd idi, hələ üstəlik balıqçılığa da – alabalığı, qızıl balığı, iri dəniz balığını bir-birindən seçməyi bacarırdı; cinsiyyət məsələsini, qadın-kişi münasibətlərini kitablardan öyrənmişdi, bu barədə çox, hədsiz çox oxumuşdu; tennisdən də xəbərdardı; itlərdən yaxşı baş çıxarırdı, bir az da atlara bələdçiliyi vardı; pulun dəyərini qəşəngcə anlayırdı, digər mətləblərdən də bixəbər deyildi, bir sözlə, yaşadığı dünyanın nə ilə nəfəs aldığını bilirdi və bir də onu bilirdi ki, arvadı heç zaman onu atmaz. Gəncliyində Marqo xalis gözəllər gözəliydi, Afrikada elə indiyəcən də gözəl sayılırdı, ancaq Ştatlarda həmin gözəlliklə o dərəcədə seçilmirdi ki, ərini atıb həyatını daha yaxşısıyla qura bilsin; burası qadının özünə də bəlliydi, ərinə də. Ayrılıb getmək məqamını vaxtilə əldən vermiş, necə deyərlər, fürsəti qaçırtmışdı və əri bunu bilirdi. Hərçənd Makomber qadınlara verə bildiyindən daha çox şey vermək iqtidarında olsaydı, güman ki, ərinin təzə bir gözəlçə tapıb evlənəcəyi fikri qadını narahat edə bilərdi; ancaq o da ərini çox yaxşı tanıdığından bu məsələdən qətiyyən nigaran deyildi. Üstəlik, əri ifrat dərəcədə səbrli adamdı, hər bir məsələyə həmişə olmazın təmkinlə yanaşırdı və bu onun ən xoşagələn, bəlkə də ən təhlükəli cəhəti idi.

Kübar cəmiyyətin ümumi rəyincə, bu cütlük – şayiələrə görə gündə yüz yol boşanan, di gəl, heç zaman boşanıb qurtarmayan cütlüklərdən nisbətən ən xoşbəxti idi və “kübar aləmindən xəbərlər” müxbirinin ifadə etdiyi kimi: “Neçə-neçə illəri yola salmış öz şairanə sevgilərinə macəra elementinin yeni ruh bəxş edəcəyi gümanı ilə bu cütlük keçmiş Qara Afrikaya, sonralar Martin Consonun minlərlə gümüşü ekranda canlandıracağı bir diyara səyahətə çıxaraq orda Qoca Simbo şirini, vəhşi öküzləri və Tembo filini ovlamış, eyni zamanda Təbiət Elmləri Muzeyi üçün material toplamışlar”.

Həmin müxbir bu vaxtacan camaata azından üç dəfə məlumat vermişdi ki, bəs “onların münasibəti artıq son həddədir” və əslində, belə də vardı. İntəhası, hər dəfə də cütlük barışırdı. Bu ittifaq möhkəm təməl üzərində qurulmuşdu: Marqonun gözəlliyi Makomberin heç vaxt ondan ayrılmayacağına, Makomberin sərvəti isə Marqonun onu heç vaxt atmayacağına girov idi.

Gecə saat üç tamamdı və Frensis Makomber şir barəsində düşünməyə ara verəndən sonra yüngülcə mürgüləyib tez də oyandı. Təzədən yuxuladı, amma bu dəfə yuxudan səksəkə içində, qəfilcən ayıldı – yuxuda görmüşdü ki, kəlləsi al qana bulaşmış şir onun başı üzərində dayanıb. Ürəyinin necə döyünməsinə qulaq kəsildi, sonra baxdı ki, arvadının yatağı boşdu. Bunu aşkar edəndən sonra yerində düz iki saat kirimişcə uzanıb gözünü yummadı.

Nəhayət, iki saatdan sonra arvadı çadıra girdi, miçətkəni qaldırıb rahatca öz yatağına uzandı.

– Hardaydın? – Makomber qaranlıqda soruşdu.

– Hello, – qadın dedi. – Sən yatmamısan?

– Hardaydın?

– Heç, çıxmışdım bir az hava alam.

– Yalan demə.

– Bəs mən nə deməliyəm, əzizim?

– Hardaydın?

– Çıxmışdım bir az hava alam.

– Bu nədi, təzə mahnıdı? Ləçər.

– Sən də qorxaq.

– Olsun. İndi nə demək istəyirsən?

– Mənə qalsa – heç nə. Amma gəl indi danışmayaq, əzizim, mən yamanca yatmaq istəyirəm.

– Elə düşünürsən ki, hər şeyə dözərəm.

– Mən bunu bilirəm, əzizim.

– İndi bil ki dözən deyiləm.

– Əzizim, gəl danışmayaq. Yuxum tökülür.

– Axı biz danışmışdıq ki, belə şey olmayacaq. Sən söz vermişdin ki, bir də belə şey olmayacaq.

– Bax indi belə şey var, – qadın nəvazişlə dilləndi.

– Sən demişdin ki, əgər biz bura gəlsək, belə şey olmayacaq. Sən söz vermişdin.

– Elədir, əzizim. Mən heç bunu eləməyə hazırlaşmırdım da. Amma dünənki gün səyahətimizi korladı. Bu barədə danışmağa dəyərmi?

– Əlinə kozır keçəndə sən fürsəti bada vermirsən, eləmi?

– Sən canln, gəl danışmayaq, yuxu gözümdən tökülür.

– Yox, mən danışacam.

– Elə isə, məni bağışla, mən yatıram.

Və yatdı.

Sübh tezdən, hələ heç səhərin gözü açılmamış onlar artıq hər üçü bir masa arxasında əyləşib səhər yeməyi yeyirdi və Frensis Makomber hiss edirdi ki, bu dünyada zəhləsi gedən xeyli adamın arasında ən betəri Robert Uilsondur.

– Necə yatdınız? – Robert Uilson qəlyanını doldura-doldura boğuq səslə soruşdu.

– Bəs siz?

– Əla!

“Alçaqdır, həyasız alçaq”, – Makomber düşündü. Uilson isə soyuq və etinasız nəzərləri ilə hər ikisini süzüb fikirləşdi ki, deməli, qadın gecə çadıra qayıdanda kişini oyadıb. Neynək, arvadını gözdən qoymayaydı. Elə bilir mən peyğəmbər övladıyam? Özü günahkardı, zəhmət çəkib, arvadının ipini çəkəydi.

– Necə düşünürsüz, kəl taparıq? – Marqo dolu qabı ərklə geri itələyib soruşdu.

– Yəqin ki taparıq, – Uilson qadına baxıb qımışdı. – Bəs siz düşərgədə qalmaq istəmirsiz?

– Əsla!

– Ona əmr edin ki, düşərgədə qalsın, – Uilson Makomberə baxdı, Makombersə soyuq tərzdə “Özünüz əmr edin!” deyib söz güləşdirdi.

– Yaxşısı budur, – Marqo sevincək dilləndi, – gəlin əmrsiz keçinək, özümüz də ağılsızlıq eləməyək, Frensis.

– Getmək olar? – Makomber soruşdu.

– Mən hazır, – Uilson dedi. – Siz memsaibin bizimlə getməsini istəyirsiz?

– İstədim, ya istəmədim – bir dəxli var?!
Lənət şeytana, Uilson fikirləşdi. Lənət şeytana, doğrudan da, lənət şeytana, başqa nə deyəsən?! Hə-ə, deməli, indi belə olacaq. Olsun, deməli, indi məhz bu cür olacaq.

– Qətiyyən dəxli yoxdur, – o dedi.

– Bəlkə, onunla birgə siz özünüz də düşərgədə qalasınız, mənə imkan yaradasınız ki, vəhşi öküzləri təkbaşına ovlayım? – Makomber soruşdu.

– İxtiyarım yoxdur, – Uilson dedi. – Gic-gic danışmağı da boşlayın getsin.

– Gic-gic danışmıram. Mənimçün iyrəncdir.

– İyrənc. Bu, yaxşı söz deyil.

– Frensis, zəhmət deyilsə, ağıllı sözlər danışmağa çalış, – Marqo dedi.

– Lənət şeytana, mən, onsuz da, ağıllı danışıram. Siz haçansa belə iyrənc şey yemisiz?

– Siz yeməkdən narazısız? – Uilson təmkinlə soruşdu.

– Heç qalan şeylər də ondan fərli deyil.

– Özünüzü ələ alın, dostum, – Uilson təmkinini pozmadı. – Gədələrdən biri ingiliscəni az-maz başa düşür.

– Gözüm aydın! Cəhənnəmə başa düşsün.

Uilson ayağa qalxdı, qəlyanını tüstülədə-tüstülədə onların böyründən ötüb bayaqdan gözlətdiyi silahdaşıyana yaxınlaşdı, suaxili dilində kişiyə bir neçə söz dedi. Makomberlə arvadı isə hələ də masa arxasından qalxmamışdı. Makomber gözlərini qarşısındakı fincana zilləyib susurdu.

– Bax ha, əzizim, əgər sən burda hay-küy salsan, mən səni atacam, – Marqo sakitcə dilləndi.

– Atmazsan.

– Hay-küy qopart, onda görərsən.

– Sən məni atmazsan.

– Hə, atmaram, sən də özünü ləyaqətli aparacaqsan.

– Ləyaqətli? Bu söz mənim xoşuma gəlir. Ləyaqətli.

– Hə, ləyaqətli.

– Kaş sən də özünü ləyaqətli aparmağa çalışaydın.

– Mən çox çalışmışam. Dedikcə çox.

– Bu qırmızısifət donuzdan zəhləm gedir. Təkcə elə görkəmindən ürəyim bulanır.

– Amma heç bilirsən o necə xoşxasiyyətdir?

– Kəs səsini! – Makomber qışqırdı.

Bu vaxt avtomobil yemək çadırına yaxınlaşdı, sürücü və hər iki silahdaşıyan yerə tullandılar. Uilson yaxınlaşıb masa arxasında oturmuş ər-arvada baxdı.

– Ova gedirik, ya yox? – soruşdu.

– Hə, – Makomber dedi, – gedirik.

– Yun köynəyinizi götürün, gedəndə soyuq olacaq.

– Gedim dəri gödəkcəmi götürüm, – Marqo dedi.

– Gödəkcə xidmətçinin yanındadır.

Uilson bunu deyəndən sonra qalxıb sürücünün yanında oturdu, Makomberlə arvadı kirimişcə keçib arxa oturacaqda əyləşdilər.

Bu qanmaz birdən tüfənglə boynumun dalını odlayar ha, Uilson fikirləşdi. Bilmirəm bunlar niyə bu qadınları özləri ilə dartıb ova aparırlar.

Avtomobil çayı daş-kəsəyin xırda olduğu ən dayaz yerindən kəsib keçdi, sonra obaşdanın bozumtul işığında əyri-üyrü yollarla dik sahilə dırmaşdı; burda seyrək ağaclı meşəyə və geniş talaya rahat getməkdən ötrü Uilson qabaqcadan maşın yolu açdırmışdı.

Düşündü ki, əcəb yaxşı səhərdi. Hər tərəf şeh içindəydi, avtomobil otları, yastı kolları basıb keçir, o da təkərlərin altında yaprıxan yarpaqların qoxusunu duyurdu. Yarpaqlardan göyərçinotunun ətri gəlirdi; heç bir yolu-yolağası olmayan bu cür parka bənzər seyrək meşəni maşınla gəzib-dolaşmaq, sübh şehinin əsrarəngiz qoxusunu duymaq, əzilmiş qıjıları, səhərin duman pərdəsi arxasından qara gövdəsi görsənən qollu-budaqlı ağacları seyr etmək Uilsona xüsusi sevinc bəxş edirdi. Arxada oturan iki nəfər artıq onu maraqlandırmırdı, indi o, vəhşi öküzləri düşünürdü. Onun görmək istədiyi kəllər gündüzlər kol-kos basmış bataqlıqda dincəlirdi və onların həmin yerdə ovlanması əsla mümkün deyildi; ancaq otlamaq üçün gecələr hamısı geniş talaya çıxırdılar, hərgah vaxtında yetişib avtomobillə bataqlığın yolunu kəssəydilər, güman ki, Makomber onları açıqlıqda vura bilərdi. O, Makomberə qoşulub vəhşi öküzləri heç də cəngəllikdə ovlamaq istəmirdi; ümumiyyətlə, Makomberlə nə kəlləri, nə də hər hansı başqa heyvanı ovlamaq həvəsində deyildi, ancaq o, peşəkar ovçuydu və qismətinə düşən bundan da betər tiplərin hər biriylə ova çıxmalı olmuşdu. Əgər bu gün kəl tapsaydılar, onda təkcə kərgədan ovu qalırdı və bununla da öz təhlükəli əyləncəsini başa çatdırar, bəlkə də hər şey ötüşərdi. Bu qadınla daha əlaqəyə girən deyil, dünənkini isə Makomber birtəhər sinirər. Çox güman ki, başına bu sayaq işin gəlməsi birinci dəfə deyil. Yazıq. Görünür, belə şeyləri sinirməyə adətkardır. Bədbəxt hərif. Özü günahkardı.
Bu adam, Robert Uilson, özüylə ova həmişə enli çarpayı götürərdi – nə biləsən hadisələr necə cərəyan edəcək. Öz müştərilərinə yaxşı bələd idi: cəmiyyətin əylənməyi xoşlayan yuxarı təbəqəsinin nümayəndələri, dünyanın hər tərəfindən axışıb gələn həvəskar idmançılar, ağ ovçuyla bu enli çarpayıda yatmayınca xərclədiyi pulun müqabilində nəyisə əldə etmədiyini düşünən gözəlçələr. Çıxıb gedəndən, buralardan uzaqlaşandan sonra Uilson onların hamısına nifrət edir, hamısından iyrənirdi, ancaq bir yerdə olduqları vaxt müştərilərin əksəriyyəti xoşuna gəlirdi. Hər necə olsa, bir parça çörəyi onlardan çıxırdı, həm də onu günəmuzd tutduqları müddətdə aradakı fərq ortadan qalxır, ölçülər tənləşirdi.

Bircə ov məsələsindən başqa. Ov işlərində Uolsonun öz ölçüsü vardı – bu adamlar ya ona tabe olmalı, ya da özlərinə ayrı ovçu tutmalıydılar. Bilirdi ki, müştərilərin hamısı buna görə onun hörmətini saxlayırlar. Amma bu Makomber nəsə qəribə tipdi. Həqiqətən, qəribə tipdi. Üstəlik də arvadı. Hə, arvadı. Arvad ha. Bəli, arvad. Olsun, amma bu məsələni qurtardıq. Dönüb ər-arvada baxdı. Makomber məyus və acıqlıydı. Marqonun üzü gülürdü. Bu gün o daha cavan, daha təravətli, daha məsum görünürdü və dünənki ləçərliyi az gözə çarpırdı. Bircə Allah bilir ağlında nə tutub, Uilson fikirləşdi. Gecə danışmağa çox da həvəsli deyildi. Amma hər halda ona baxmaq xoşdur.

Avtomobil elə də hündür olmayan yoxuşu qalxıb ağacların arasıyla, sonra ot basmış geniş talanın qırağıyla, iri budaqların kölgəliyi boyunca irəliləyirdi. Yavaş gedirdilər, Uilson gözlərini talanın bitdiyi uzaqlığa zilləyib hər şeyi diqqətlə izləyirdi. Sürücüyə əmr etdi ki, maşını saxlasın. Durbinlə bütün talanı gözdən keçirəndən sonra əlini yellətdi, sürücü də maşını ehmalca yerindən tərpədib hündür kolluqların böyrü ilə irəli sürdü; asta sürürdü ki, qaban ayaqlarının eşdiyi çalalara düşməsinlər. Talanın qurtaracağından hələ də göz çəkməyən Uilson qəfildən geri qanrılıb dedi:

– Bir baxın, odur ey!

Maşın irəli şığıdı, Uilson sürücüyə suaxilicə tələsik nəsə deməyə başladı. Makomber onun göstərdiyi yerə baxanda talanı çaparaq kəsib-keçən üç heyvan gördü – yepyekə, qapqara tanklara bənzəyən bu silindrşəkilli vəhşilərin üçü də çox uzun və nataraz idi; boyunları da, bədənləri də sıçrayış üçün gərilib dartılmış zırpıların sıçrayarkən qabağa uzatdıqları tamamilə hərəkətsiz başlarında o, bir-birindən xeyli aralı duran, dikinə yuxarı burulmuş qara buynuzları gördü.

– Üç qoca dişi, – Uilson dedi. – Biz onların bataqlığa gedən yolunu kəsməyə macal taparıq.

Maşın təpəciklərin üstüylə saatda qırx beş mil sürətlə şütüyür və kəllər Makomberin gözündə elə hey iriləşir, iriləşirdi. O artıq nəhənglərdən birinin qasnaq bağlamış tüksüz boz bədənini, boynunun kürəyinə bitişdiyi yeri və sıçrayarkən buynuzlarının qara parıltısını görürdü – bu kəl bütün ağırlığıyla qabaqda dördayaq qaçan o biri ikisindən azca geridəydi. Sonra avtomobil nəyinsə üstünə çıxıbmış kimi bərk yırğalandı; onlar lap yaxına gələndə Makomber kəllərin dərisində, seyrək tüklərin arasında ilişib qalan daş-çınqılı, heyvərə buynuzlarına, irəli çıxmış enli burun pərələrinə yapışan toz-torpağı aydınca gördü. Tüfəngi üzünə qaldırmışdı ki, Uilsonun çığırtısı eşidildi: “Maşından yox, ay axmaq!”

Onun üzündə qorxudan əsər-əlamət yoxdu, yalnız Uilsona nifrət vardı. Amma bu vaxt sürücü əyləci elə basdı ki, az qala təkərlər torpağa girib maşını yerə mıxladı və Uilson özünü o tərəfdən, Makombersə bu tərəfdən yerə atdı; ancaq Makomber tullananda ayağı sanki hələ də geri gedən torpağa toxunub büdrədi, sonra sürətlə uzaqlaşan kəli tuşlayıb atdı və güllənin kələ necə dəydiyini eşitdi. Güllələrin hamısını atıb tüfəngi boşaltsa da, heyvan qaçıb uzaqlaşırdı; nəhayət, yadına düşdü ki, peysərə yaxın yeri, çiyinləri nişan almaq lazımdır. Tüfəngi yenidən dolduranda heyvanın yıxıldığını, dizləri üstə yerə çökdüyünü, ağır başının yırğalandığını gördü. O biri iki kəlin qaçdığını görən kimi başçını tuşlayıb atdı və düz hədəfə dəydi. Bir də atdı, bu dəfə gülləsi boşa getdi, Uilsonun tüfəngindən qopan qulaqbatırıcı “ka-ra-yonq!” gurultusunu eşidəndə qabaqdakı kəlin burnu üstdə torpağa necə qaxıldığını gördü.

– İndi üçüncüyə keç, – Uilson dedi. – Bax, atış buna deyərəm!

Amma axırıncı kəl bayaqkı inadla çaparaq qaçıb uzaqlaşırdı. Makomberin gülləsi onu tutmadı, əvəzində toz-torpağı fəvvarətək göyə sıçratdı; Uilson da kəli vura bilmədi, yalnız toz dumanı qaldırdı, dərhal da qışqırdı: “Gedirik! Belə ələ keçməyəcək!” Cəld Makomberin əlindən yapışdı və hərəsi bir tərəfdən maşının pilləkəninə sıçrayıb təpəlik yerdə eyni sürətlə ağır-ağır irəli qaçan heyvanı maşınla qovmağa başladılar.

Kəli tez yordular. Makomber patronları əlindən sala-sala tüfəngi doldururdu; çaxmağın tutması tutmuşdu, amma onu tez düzəldə bildi. Az qala heyvanın tuşuna çatıb tənləşmişdilər ki, Uilson “Dayan!” qışqırdı. Maşın qəfil dayandı, elə yırğalandı ki, az qala müvazinəti itirib aşacaqdı, Makomberi də torpağın üstünə atdı. Ancaq bu dəfə Makomber büdrəmədi, çaxmağı irəli verib çaparaq qaçan kəlin girdə, qara kürəyinə atəş açdı, nişan alıb bir də atdı, sonra bir də, bir də, bir də atdı, di gəl, güllələr hamısı hədəfə dəysə də, kəlin vecinə deyildi və sanki heç bir zədə almamışdı. Sonra Uilson atəş açdı, gurultudan qulaqları tutulan

Makomber öküzün səntirlədiyini gördü; səylə nişan alıb tətiyi çəkdi və öküz dizlərini büküb yerə çökdü.

– Əhsən, – Uilson dedi. – Təmiz işdi. İndi üçü də hazırdı.

– Siz neçə dəfə atdınız? – vəcdə gəlmiş Makomber soruşdu; o, büsbütün başgicəlləndirici bir həyəcan içində idi.

– Cəmi üç dəfə, – Uilson dedi, – Birincini, ən yekəsini siz öldürdünüz. O biri ikisini gəbərtməkdə mən sadəcə kömək elədim. Qorxdum özlərini cəngəlliyə versinlər. Əslində, onlar da sizin ovunuzdu, mən bir balaca dəstək verdim. Əla atırdınız.

– Gedək maşına, mən içmək istəyirəm.

– Qabaqca bunun işini bitirmək lazımdır, – Uilson dedi.

Kəl dizləri üstdə yerə çökmüşdü; Makomberlə Uilson qabağa yeriyəndə başını qəzəblə dikəldib yırğalaya-yırğalaya, donuz gözlərini bərəldərək quduzcasına böyürdü.

– Baxın, birdən qalxıb durar ha, – Uilson bunu deyib əlavə elədi: – Bir az yana çəkilin, boynundan, qulağının dalından vurun.

Makomber öküzün qəzəbdən gərilmiş nataraz boynunun tən ortasını nişan alıb atdı; heyvanın başı qabağa düşdü.

– Əhsən, – Uilson dedi. – Düz fəqərə sümüyündən. Lənət şeytana, qorxunc şeydi, elə deyil?

– Gedək içək, – Makomberə ömründə heç vaxt bu cür yaxşı olmamışdı.

Avtomobildə onun rəngi ağappaq ağarmış arvadı oturmuşdu.

– Səni tanımaq olmurdu, əzizim, sən qiyamət idin, – Marqo ərinə dedi. – Amma əcəb qovhaqov idi ha!

– Bərk silkələdi? – Uilson soruşdu.

– Yaman qorxuluydu. İndiyəcən bu cür qorxduğum olmamışdı.

– Gəlin hamımız içək, – Makomber dedi.

– Hökmən içməliyik, – Uilson etiraz eləmədi. –

Memsaib birincidir.

Qadın üzünü yüngülcə turşudaraq viskini su qabından qurtum-qurtum içib sonra qabı ərinə, o da Uilsona ötürdü.

– Ömrümdə belə qorxu hissi keçirməmişdim. Bu, adamı elə həyəcanlandırır ki, – qadın dedi. –
Həyəcandan başım ağrıdı. Ancaq heç bilmirdim ki, kələ avtomobildən atəş açmağa icazə verilir.

– Heç kim avtomobildən atəş açmayıb, – Uilson dedi.

– Bəs onları maşınla qovmaq?

– Ümumiyyətlə götürəndə, yox, qəbul olunmayıb. Ancaq nəsə bu gün bu mənə əcəb xoş gəldi. Yolsuz-rizsiz dərə-təpədə, çala-çuxurda maşın mələtmək piyada ov eləməkdən daha risklidir. Kəlin kefinə düşsəydi, hər atəşdən sonra üstümüzə cuma bilərdi. Lap neçə dəfə istəsən. Amma hər halda, heç kəsə danışmayın. Əgər icazəni nəzərdə tutursunuzsa, bəli, bu iş qanuni deyil.

– Məncə, belə kök, müdafiəsiz heyvanları maşınla qovmaq düzgün deyil.

– Doğrudan?

– Əgər Nayrobidə bundan xəbər tutsalar, necə olardı?

– İlk növbədə mənim şəhadətnaməmi tutub əlimdən alardılar. Sonrasına qalanda da, bu qəbildən bir sürü xoşagəlməz şeylər ortaya çıxardı, – Uilson içə-içə sözünü tamamladı. – İşsiz qalardım.

– Doğrudan?

– Hə, doğrudan.

– Odu ha, – gün ərzində Makomberin ilk dəfə qırışığı açıldı. – Bax, qır-saqqız olub, o indi də sizin yaxanızdan qopan deyil.

– Əhsən, Frensis, gör necə də zərif ifadələr işlədirsən.
Uilson hər ikisinə baxıb fikirləşdi ki, əgər ər axmaq, arvad yaramazdırsa – belədə, bəs, görəsən, onların uşaqları necə olar? Ancaq dilinə başqa söz gətirdi:

– Heç sizin xəbəriniz var ki silahdaşıyanlardan birini itirmişik?

– Aman allah, yox, – Makomber təəccüblə dilləndi.

– Odur ey, gəlir, – Uilson qocanı göstərdi. – Yəqin, biz birinci kəldən aralanıb gedəndə maşından yıxılıb.

Qoca Konqoni başında toxunma papaq, əynində qoruyucu gödəkcə və qısa şalvar, ayağında rezin səndəl axsaya-axsaya onlara tərəf gəlirdi; sifəti acıqlıydı. Gəlib çatan kimi öz dilində Uilsona nəsə qışqırdı; ağ ovçunun üzündəki ifadənin necə dəyişdiyi heç kəsin gözündən qaçmadı.

– O nə deyir? – Marqo soruşdu.

– Deyir, birinci vurduğumuz öküz qalxıb, özünü meşənin cəngəlliyinə verib.

Uilsonun səsində heç bir ifadə sezilmirdi.

– Belə de, – Makomber dalğıncasına dilləndi.

– Hə, demək indi eynən şirlə baş verən kimi olacaq, – Marqonun üzü canlandı.

– Lənət şeytana, – Uilson dedi, – şirlə baş verən kimi yox, tamam ayrı cür olacaq. Makomber, yenə içəcəksiz?

– Hə, sağ ol, – Makomber bir gün əvvəl yaşadığı hissin geri qayıdacağını gözlədi, ancaq dünənki hiss geri qayıtmadı. O, ömründə ilk dəfə idi ki, zərrə qədər də qorxu hissi keçirmirdi; qorxunun yerini indi aşkar heyranlıq hissi tutmuşdu.

– Gedək ikinci kəlin vəziyyətinə baxaq, – Uilson dedi.

– Qoy sürücüyə deyim, maşını kölgəyə çəksin.

– Hara gedirsiz? – Marqo soruşdu.

– Kələ baxmağa, – Uilson dedi.

– Mən də gedirəm.

– Gedək.

Hər üçü ayağa qalxıb ağır buynuzlu iri başını qabağa uzadaraq qara qaya parçasıtək otun üstünə sərilmiş ikinci kəlin yanına getdi.

– Əcəb kəlləsi var, – Uilson qənimətə baxa-baxa dilləndi. – Buynuzların arası əlli düymdən az olmaz.
Makomber kələ heyranlıqla tamaşa edirdi, Marqo isə üz-gözünü turşutdu:

– İyrənc mənzərədir, bəlkə kölgəliyə gedək?

– Əlbəttə, gedək.

– O kolluğu görürsüz? – Uilson əlini irəli uzadıb
Makomberdən soruşdu.

– Görürəm.

– Birinci vurduğumuz öküz bax gedib ora girib. Konqoni deyir ki, maşından yıxılıb düşəndə kəl yerdə uzanmışdı. Qoca bizim kəlləri necə qovmağımıza, heyvanların necə qaçmasına tamaşa edirmiş, birdən başını qaldıranda görüb öküz ayaq üstədir, düz ona baxır. Yaxşı ki cəld tərpənib, tez aradan çıxıb, öküz də yavaş-yavaş kolluğa tərəf gedib.

– Onun dalınca indimi gedirik? – Makomber səbrsizliklə soruşdu. Uilson onu altdan yuxarı süzüb düşündü ki, çox qəribə tipdi, dünən qorxudan əsirdi, bu günsə cəngavər kimi döyüşə tələsir.

– Yox, bir az gözləyək.

– Siz allah, gəlin kölgəyə çəkilək, – Marqo yenə dedi; onun bənizi avazımışdı, görkəmindən xəstəyə oxşayırdı.

Qollu-budaqlı ağacın altında dayanmış maşının yanına gəldilər. Hər üçü əyləşəndən sonra Uilson dedi:

– Çox güman ki, artıq gəbərib. Bir az gözləyək, sonra gedib baxarıq.
Makomber heç zaman dadmadığı hansısa qənirsiz, nəhayətsiz bir xoşbəxtlik hiss edirdi.

– Bax buna deyərəm yarış, buna deyərəm qovhaqov! Mən ömrümdə buna bənzərini yaşamamışdım. Marqo, həqiqətən, qiyamət idi, düz deyil?

– İyrənclik idi.

– Nəyi iyrənclik idi ki?

– Hə, iyrənclik idi, – qadın acı-acı dilləndi, – xalis iyrənclik, alçaqlıq idi.

– Bilirsiz, – Makomber Uilsona üz tutdu, – indən belə mən yəqin ki, daha heç vaxt heç nədən qorxmaram. Biz kəlləri görəndə, onları qovanda mənim içimdə nəsə baş verdi. Sanki su bəndi yuyub apardı. Əcəb ləzzətli idi.

– Ciyərlərə xeyri var. Adamlar nələrdən keçmir ki.

– Məndə, həqiqətən, nəsə dəyişib, – Mokomberin üzü nur saçırdı. – Mən özümü tam başqa adam hiss eləyirəm.

Arvadı heç nə demir, ərinə qəribə tərzdə baxırdı. Kürəyini arxa oturacağın söykənəcəyinə qısmışdı, Makombersə irəli əyilmişdi və qabaq oturacaqda yanpörtü əyləşərək suallarına cavab verən Uilsonla danışırdı.

– Bilirsiz, mən şir ovuna bir də çıxardım, özü də böyük məmnuniyyətlə. İndi mənim şirdən bir tikə qorxum yoxdur. Axı onların nəyindən qorxasan, neyləyə bilərlər axı?!

– Düzdür. Bəd ayaqda sizi öldürərlər, vəssalam. Şekspirdə necə deyilir? Çox qiyamət yerdi, indi yadıma salaram. Hə, orda çox gözəl deyilib. Bir vaxtlar mən o yeri həmişə təkrarlayardım. Qoy görüm necəydi. “Vallah mənimçün heç fərqi yoxdur; onsuz da ölümdən yaxa qurtarmaq olmaz, ona borcunu verməlisən. Amma hər necə olsa, bu il ölən gələn ilki ölümdən yaxasını qurtarıb”. Yaxşıdır, yox?

Öz həyatında böyük əhəmiyyət kəsb edən bu sözləri söyləyərkən Uilson yamanca pərtləşdi. Ancaq gözü qarşısında insanların yetkinlik yaşına çatdığını birinci dəfə görmürdü, bu isə onu həmişə həyəcanlandırırdı. İş onda deyildi ki, iyirmi bir yaşları tamam olurdu. Ov vaxtı qəfildən hərəkətə keçməyin zərurətə çevrildiyi və qabaqcadan narahatlıq keçirməyə macal verməyən təsadüfi şərait – bax Makomberə lazım olan şey bu idi; amma necəliyindən asılı olmayaraq baş verən, onsuz da, baş vermiş, olan olmuşdu, buna şübhə yoxdu. Bir gör o necə dəyişib, Uilson düşündü. Məsələ orasındadır ki, bunların çoxu uzun müddət uşaq kimi qalırlar. Bəziləri ömür-billah yekəlmirlər, baxırsan yaşı əlliyə çatıb, di gəl, görkəmindən çocuqluq yağır. Totuqsifət bədnam amerikan kişiləri! Allaha and olsun ki, qəribə xalqdır. Ancaq indi bu Makomber onun xoşuna gəlir. Qəribə tip olmağına, əlbəttə ki, qəribədir. Və yəqin ki, arvadının bir də xəyanət etməsinə, ona buynuz qoşmasına yol verməz. Neynək, yaxşı işdi. Lənət şeytana, nəyi pisdi ki! Yəqin, ömrü boyu qorxub. Bu qorxunun nədən başlandığı bəlli deyil. Amma daha bitdi. Vəhşi öküzdən qorxmağa macal tapmadı, həm də bərk hirsliydi. Üstəlik də avtomobil. Hə, avtomobildə olanda hər şey asan görünür. İndi onu saxlamaq olmaz. Müharibədə də eynən belə olurdu. Bu, bəkarəti itirməkdən qat-qat ciddi hadisədir. Qorxu daha yoxdur, onu dibindən kəsib atıblar. İndi qorxunun yerində nəsə təzə şey peyda olub. Kişidəki ən vacib şey. Kişini kişi eləyən nəsnə. Və bunu qadınlar da duyur. Qorxu daha yoxdur.

Marqo avtomobilin küncünə qısılıb hər iki kişiyə diqqətlə göz qoyurdu. Uilson dəyişməmişdi, həminkiydi; qadın onu bir gün əvvəl görəndə, gücünün nədə olduğunu ilk dəfə anlayanda necə idisə, indi də eləydi. Ancaq Frensis dəyişmişdi və qadın bunu görürdü.

– Nəyinsə intizarında olarkən yaşanan səadət duyğusu sizə tanışdır? – Makomber özünün təzəlikcə yiyələndiyi mülkünü araşdırmağa davam edərək soruşdu.

– Bu barədə, adətən, danışmırlar, – Uilson Makomberin üzünə baxdı. – Yaxşı olar ki, siz qorxduğunuz şeylərdən danışasınız. Nəzərə alın ki, qorxu ilə hələ çox üzləşəcəksiz.

– Bəs hərəkətə keçmək ərəfəsində yaşanan xoşbəxtlik hissi necə, bu hiss sizə tanışdır?

– Hə, – Uilson dedi. – Və nöqtə. Bu barədə çox danışmağa lüzum yoxdur. Yoxsa, hər şey korlana bilər. Bir şeyi çox danışanda bütün ləzzəti qaçır.

– İkinizin də danışdığı boş şeydir, – Marqo söhbətə qarışdı. – Maşında oturub üç dənə dilsiz-ağızsız heyvanı qabağınıza qatıb qovmusunuz, hələ özünüzü qoçaq da sayırsız.

– Üzr istəyirəm, mən, həqiqətən də artıq-əskik danışdım, – Uilson dedi və fikirləşdi ki, qadın bərk təlaş içindədir, əməlli-başlı təşvişə düşüb.

– Axı bizim nədən danışdığımızı bilməyə-bilməyə, niyə söhbətə qarışırsan? – Makomber arvadına bozardı.

– Sən nəsə birdən-birə yaman qoçaqlaşmısan, – qadın nifrətlə dilləndi, ancaq bu nifrətdə qətiyyət yox idi. O, bərk qorxurdu.

– Təsəvvür elə ki, – Makomber özündən arxayın halda ürəkdən güldü, – təsəvvür elə ki, mən, doğrudan da, qoçaq olmuşam.

– Gec deyil ki? – Marqo acı-acı dilləndi; çünki hər şeyin yaxşı olmasına çox çalışmışdı, uzun illər çalışmışdı və onların indiki kimi yaşamasında heç kimi günahlandırmaq olmazdı.

– Mənimçün gec deyil, – Makomber dedi, Marqo isə maşının küncünə bir az da bərk qısılıb daha dillənmədi.

Makomber bu dəfə üzünü Uilsona tutub gümrah səslə soruşdu:

– Necə bilirsiz, vaxt deyil?

– Yoxlamaq olar, – Uilson dedi. – Sizdə patron qalıbmı?

– Silahdaşıyanda bir az var.
Uilson suaxili dilində nəsə qışqırdı, kəllərdən birinin baş dərisini soyan yerli qoca belini dikəldib cibindən bir qutu patron çıxartdı, gətirib Makomberə verdi; o da tüfəngini doldurub qalan patronları cibinə dürtdü.

– Siz sprinqfildlə atın, əliniz ona öyrəşib, – Uilson dedi.

– Maniliher qoy maşında, memsaibin yanında qalsın. Konqoni də ştuseri götürər. Mən öz topumu götürürəm. İndi qulağınız məndə olsun, görün sizə nə deyirəm. – Makomberi qorxutmamaq üçün Uilson bunu axıra saxlamışdı. – Kəl hücum edəndə başını aşağı sallamır, qabağa verir. Buynuzlarının kökü bütün alnını tutur, biləsiz ki, təpəsindən vurmağın qəti xeyri yoxdu. Yeganə əlacı odur ki, düz burnunun üstündən vurasan. Döşündən vurmaq da çətin olmaz, ya da əgər böyür tərəfdən dursanız, onda ya boynunu, ya da çiynini nişan alın. Yaralı kəli ələ keçirmək çox çətindir. Heç bir əllaməçilik eləməyin, rahat atın. Di yaxşı, kəlləni də soyub qurtardılar. Tərpənəkmi?
Bunu deyəndən sonra Uilson yerliləri yanına çağırdı, onlar da əllərini silə-silə yaxınlaşdılar, böyükləri arxa tərəfdən maşına mindi.

– Mən təkcə Konqonini götürürəm, – Uilson dedi. – Qoy o birisi burda qalıb quşları qovsun.

Avtomobil asta sürətlə yola düzəlib talanın kəsişdiyi qupquru çaylaq boyunca yaşıl dil kimi uzanan otun üstüylə, balaca ada kimi görünən meşəyə tərəf irəliləyəndə Makomber ürəyinin necə döyündüyünü və ağzının yenə də quruduğunu hiss elədi; ancaq bu, qorxu yox, həyəcan idi.

– Bax o, cəngəlliyə burdan girib, – Uilson silahdaşıyana suaxilicə əmr elədi ki, izi axtarıb tapsın.
Avtomobil yaşıl adacığın yanına çatıb dayandı; Makomber, Uilson və silahdaşıyan maşından yerə düşdü. Makomber arxaya boylanıb gördü ki, Marqo ona baxır, silah da böyründədir. Uzaqdan arvadına əl yellətdi, amma qadın ona cavab vermədi.

Cəngəllik yaman sıx idi, torpağı da qupquru; qoca büsbütün tər içindəydi, Uilson isə şlyapanı lap gözünün üstünə çəkmişdi və indi Makomber düz qənşərində onun qıpqırmızı boynunu görürdü. Birdən Konqoni nəsə deyib irəli qaçdı.

– Kəl orda gəbərib, – Uilson dedi. – Təmiz işdi.
Sonra çevrilib Makomberin əlindən yapışdı, dərhal da bir-birinin əlini sıxıb məmnunluqla gülümsündülər. Elə bu dəm qocanın tükürpədici çığırtısı eşidildi, baxanda gördülər ki, Konqoni cəngəllikdən yanakı çıxıb yengəc kimi bərkdən qaçır, qanı axa-axa nataraz başını qabağa uzadıb dodaqlarını bir-birinə pərçimləmiş, burun pərələri şişmiş kəl də eynən donuzunkuna oxşayan qan tutmuş xırda gözlərini düz onlara zilləyərək qocanın arxasınca cumur. Böyründəcə dayanmış Uilson dizinin üstündən atəş açdı, ştuserin gurultusundan Makomber özünün atdığı güllənin səsini eşitmədi, bircə onu gördü ki, buynuzların kök atdığı yerdən ətrafa şifer qırıntılarına oxşayan qəlpələr səpələndi və kəlin başı dala dartıldı. O, kəlin burun pərələrini nişan alıb bir də atəş açdı və yenə dikinə qalxan buynuzlardan qəlpələrin necə qopduğunu, ətrafa nə cür sıçradığını gördü. İndi Makomber Uilsonu görmürdü; səylə nişan alıb tətiyi yenidən çəkdi, az qala üstünə çıxmaqda olan kəlin irəli uzanmış buynuzlu kəlləsi təxminən onun tüfəngi bərabərindəydi və Makomber qəzəbdən alışıb-yanan xırda gözləri, aşağı enən iri kəlləni gördü və beynində parıltısı göz deşən qaynar, gözlənilməz bir partlayışın necə qopduğunu hiss etdi; bundan sonra daha heç zaman heç nə hiss eləmədi.

Uilson kəli çiynindən vurmaq üçün yenicə qırağa sıçramışdı; Makomber dayandığı yerdən kəlin burnuna atırdı, hər dəfə də lazımi nöqtədən azacıq yuxarıya dəyir, ağır buynuzlar şifer örtüyütək ovulub tökülürdü; missis Makomber isə ərini elə indicə buynuzuna keçirəcək öküzə 6,5 kalibrli maniliherlə avtomobildən atəş açdı və gülləsi bir az yan tərəfdən Frensisin başını, kəllə sümüyündən iki düyüm yuxarını tutdu.
Frensis Makomber böyrü üstə yıxılan öküzdən cəmi iki yard aralıda üzüqoylu uzanmışdı; arvadı onun baş tərəfində diz üstə çöküb qalmış, Uilson da qadının böyründə dayanmışdı.

– Onu çevirmək lazım deyil, – Uilson dedi.

Qadın əsəbindən çılğıncasına hönkürürdü.

– Gedin maşına, gedin orda oturun. Silah hardadı?

Qadın başını yellədi; onun donuq sifəti büzüşüb eybəcərləşmişdi. Yerlilərdən biri əyilib silahı yerdən qaldırdı.

– Qoy yerinə, – Uilson ona çəmkirib, sonra da əlavə elədi: – Abdullanın dalınca get, qoy gəlib bədbəxtliyin necə baş verdiyinə şahid olsun.

Sonra çöməlib cibindən dəsmal çıxartdı, saçları qısa vurulmuş Makomberin başını örtdü. Qan quru, yumşaq torpağa hopmuşdu.

Ayağa qalxıb böyrü üstə uzanmış kələ göz yetirdi. Ayaqlarını gen uzatmış heyvanın qarnındakı seyrək tüklərin arasında gənələr gəzişirdi.

“Lənətə gəlmiş pis deyil ha, əlli düyümdən az olmaz”,

Uilsonun beyni öz işində idi. Sürücüyə qışqırdı ki, meyitin üstünü şalla örtsün, özü də böyründən heç yana tərpənməsin. Sonra avtomobilin küncünə qısılıb ağlayan qadının yanına gəldi, tamamilə etinasız halda sözə başladı.

– Başınıza əcəb iş açdınız. Amma o sizi mütləq atacaqdı.

– Əl çəkin, – qadın dedi.

– Əlbəttə, bu bir bədbəxt hadisədir. Kim də bilməsə, mən bilirəm.

– Əl çəkin, – qadın dedi.

– Narahatlıq keçirməyin. Qarşıda bəzi xoşagəlməz şeylər gözlənilir, ancaq mən tapşıracam bir neçə şəkil çəksinlər, istintaq zamanı bu şəkillər çox kara gələcək. Silahdaşıyanlarla sürücü şahid kimi çıxış edərlər. Siz heç nədən qorxub eləməyin.

– Əl çəkin, – qadın dedi.

– Bunun başağrısı çox olacaq. Yük maşınını gölə göndərmək lazım gələcək ki, oradan radio ilə təyyarə çağırsınlar. Təyyarə üçümüzü də Nayrobiyə aparar. Siz nə əcəb vaxtında onu zəhərləməmisiz? Hə, İngiltərədə bu işi məhz belə görürlər.

– Əl çəkin! Əl çəkin! Əl çəkin! – qadın qışqırdı.

– Yaxşı, daha eləmərəm, – Uilson öz mavi gözlərini etinasızcasına qaldırıb qadına baxdı. – Bir az hirslənmişdim. Əriniz təzə-təzə başlamışdı xoşuma gəlməyə.

– Siz Allah, əl çəkin, – qadın dedi. – Allah xatirinə, Allah xatirinə əl çəkin.

– Hə, bu cür daha yaxşıdır, – Uilson dedi. – “Allah xatirinə”. Hə, bax bu xeyli yaxşıdır. İndi mən əl çəkərəm.


# 3917 dəfə oxunub

Müəllifin son yazıları

# # #