Bir qış günü və ya qu-quşu - Təranə Musayeva

Təranə Musayeva

Təranə Musayeva

24 noyabr 2021
# 20:00

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Təranə Musayeva “Bir qış günü və ya qu-quşu” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Adi günlərdən biri idi. O günün ötən günlərdən elə də fərqi yox idi. Bazar günü olduğundan hamı evdə idi. Pəncərədən içəri süzülən işıq selinə günlərdir dayanmadan yağan qarın bəyazlığı, göy üzünü bürümüş qatı çiskinliyin arxasında qalsa da, şəfəqlərinin birini yer üzünə göndərə bilən Günəşin sarımtıl rəngi qarışmışdı. Pəncərə şüşələrinə əsrarəngiz naxışlar çizən şaxta o qədər təmiz idi ki, insan ağzını geniş açıb onu udmaq istəyirdi. Həm də elə udmaq istəyirdi ki, içindəki bütün üzvlər bu təmizlikdən nəsibini alsın. Qar dənələri sakit-sakit, bir-biri ilə oynaşaraq göydən yerə ələnirdi. Pəncərənin qarşısında oturub uzaqda, aşağılarda görünən bəmbəyaz örtüyə bürünmüş şəhərə baxmaq insanda gözəl duyğular yaradırdı. Seyr etdiyim mənzərə gözəl bir rəsmə bənzəyirdi. Sübh tezdən olduğundan şəhərə sakitlik, səssizlik hakimdi. Ara-sıra küçələrdən keçən maşınlar, evlərin bacalarından yüksələn, gözlə görünən tüstü ilğım təəssüratı yaradırdı. Günün sakitliyini pozan tək səs şəhərdə yalnız qalan, qışda da doğma şəhərini tərk etməyən etibarlı sərçələrin səsi idi. Qonduqları tut ağacının çılpaq budaqlarında cikkildəşir, yerlərində dura bilməyərək bir budaqdan o biri budağa qonur, sonra yenə də əvvəlki yerlərinə qayıdır, beləcə oynaqlaşırdılar.

Mənzərə gözəl olduğundan nəzərlərim dəqiqələrlə bir nöqtəyə dikilib qalırdı. Fikrim bəzən gözlərimlə gördüklərimlə deyil, beynimlə “gördüklərimlə” məşğul olur, qəlbimin arzuladıqlarının rəsmini xəyali şəkildə çəkirdi. Daldığım xəyallardan məni anamın səsi ayırdı:

- Ay bala, düş aşağı, yolu süpür, qar basıb, hər tərəfi bağlayıb.

- Mən də... Mən də... – deyə kiçik qardaşım balaca otağa qaçıb əlində papaqla geri qayıtdı. – Mən də süpürəcəm. Papağımı da geydim, bax ana!

Dönüb atama baxdım. Anamın verdiyi qərarlara atam qol qoymasaydı, həyata keçməzdi ki... Buna qışın tən ortasında həyətə düşmək də daxil idi. Atam son qərar üçün gözlərini yummaqla verəcəyi razılığı gözlədiyimizi bildiyi üçün baxışlarını oxuduğu kitabdan ayırıb əvvəlcə oturduğu yerdən pəncərədən görünən bir hissəyə, daha sonra qardaşımla mənə baxıb sərt səslə:

- Qalın geyinin! – deyib kitabın səhifəsini dəyişdi.

Atam kitab oxuya-oxuya siqaret çəkməyi sevərdi. Ona görə stolumuzun üstündən alüminium külqabı əskik olmazdı. Oxuduğu kitabdan ayrılmadan çəkdiyi siqaretin külünü külqabına tökmək istərkən köz qarışıq kül bəzən kənara düşər, stolumuzun üstündəki müşəmbə örtükdə açılmış mavi, sarı rəngli çiçəkləri yandırardı.

Anamın tapşırığını yerinə yetirmək üçün əlimdəki çay fincanını və beynimdəki xəyalları – hərəsini öz yerinə qoyduqdan sonra oturduğum yerdən qalxdım. Yataq otağına keçib keçən qış hördüyüm qalın köynəyimi geyinib başıma nənəmin şalını bağladım. Qəhvəyi rəngli bu şalı nənəm öldükdən sonra anam yanında yaşıl rəngli bir jaket və xırda güllü çit paltarı ilə birlikdə evimizə gətirmişdi. İlk aylar nənəmin ətrini özündə yaşadan bu geyimlərin qoxusu burnumuza necə hopmuşdusa, illər sonra da onları qoxulayanda eyni ətri alırdıq. O qoxu yayda istidən, qışda soyuqdan qoruyurdu bizi. Bu fikrə o qədər inanmışdıq ki, şaxtalı günlərdə kim bayıra çıxardısa, nənəmin Dərbənddən alıb gətirdiyi qəhvəyi şalına bürünüb çıxardı. Anamın həmişə olduğu kimi nəzərləri ilə dediyi, – ehtiyatlı olun, şalı qoruyun, – cümləsini qulağımda sırğa edib başıma bağladığım şalla qulaqlarımı da yaxşıca bürüdüm.

İlqarın təbəssüm yuvası gözləri sevinclə parlayırdı. Əyninə geyindiyi atamın köhnə paltosunun qolları əllərindən xeyli aşağı sallanmışdı. Həyətdə paltonun qollarını çətinliklə çırmalayıb təzə süpürgəyə əlini atanda onu tez alıb kötüyü qalmış köhnə süpürgəni əlinə dürtüşdürdüm. Ağzını açıb etiraz etmək istəyəndə:

- Sən həyət süpürənsən? Al bunu, başını qat, yoxsa deyəcəm, səni evə çağırsınlar, – dedim.

İlqar sözəbaxan, üzüyola uşaqdı, mübahisə, cığallıq etməz, deyilən sözə sakitcə əməl edər, qarşısındakını incitmək istəməzdi. Bu kim olur-olsun, fərq etməzdi. Mən isə incidiyim insanı nəinki incitmək, onu darmadağın etmək istəyərdim. Eyni ata, eyni ana, eyni nəsihət, eyni məsləhət, öyüd, tərbiyə və müxtəlif cür qəbul etmələr! Bunun bariz nümunəsi İlqarla məndə görünürdü.

***

Dünən günorta biz dərsdən, atam işdən gələndən sonra evimizin qapısından həyət qapısına qədər kimsə ayaq basmadığından qar yolu tamam bağlamışdı. Gündə neçə dəfə anamla söhbətə gələn qonşumuz Ulduz xala da dünəndən kənddə yaşayan qardaşıgilə getdiyindən yolumuza bir iz düşməmişdi. “Yolu-izi bağlanan yerin insanları unudulmağa məhkum olmuşlar” fikri beynimdə şimşək kimi necə çaxdısa, tez-tez mübahisə etdiyim Ulduz xala üçün çox darıxdım. Onun evlərinə tez qayıtmasını və qayıdan kimi də bizə gəlib dəfələrlə təklif olunsa da, oturmadan, bir küncdə ayaq üstə dayanaraq əllərini şişman qarnının üstünə qoyub söhbətə girişməsini arzuladım.

Anamın keçən bazar aldığı təzə həyət süpürgəsini hardan qara batıracağımı bilmədim. Evin qarşısındakı damaltında dayanıb ətrafa göz gəzdirdim. Üç addımlıqda evin divarına söykədilmiş beli görəndə əlimdəki süpürgəni kənara qoyub ayaqlarım qara bata-bata gedib onu götürdüm və necə gəldi ətrafımdakı qarları təmizləməyə başladım. Qarın hündürlüyü dizlərimdən yuxarı idi. Dənələr bir-birinin üzərinə elə səliqə ilə yığılmışdı ki, adamın bu səliqəni pozmağa heyfi gəlirdi. Ancaq bellə yoldan kənara atdığım qar dənələri də zərblə atılmaqlarına baxmayaraq yenə eyni səliqə ilə “yıxıldıqları” yerdə özlərini düzəldib əzilmədən, sınmadan yenidən üst-üstə qalaqlanırdılar. İçlərində olan şaxta, soyuq onları belə qürurlu etmiş, sınmağa, başqa qar dənələrinə qarışmağa imkan verməmişdi.

***

Anamın göstərişi yerinə yetirilmiş, evin qapısından həyət qapısına qədər olan yol əvvəl bellə təmizlənib açılmış, daha sonra İlqarın təzə rezin uzunboğaz çəkmələri ilə tapdanmışdı. Yumşaq olduğu qədər də sürüşkən olan qarın üzərində istədiyimiz qədər sürüşmüş, bu müddət ərzində pəncərədən arada-sırada bizə baxan anamın gözündən yayınaraq həyət qapısından küçəyə çıxıb anam eşitməsin deyə səssiz filmlərdəki kimi sakitcə qartopu da oynamışdıq. Gülüşümüz içimizdə qəhqəhə çəkərək oynadığımız zaman ikimizə də eyni anda dəyən zərbədən özümüzə gəlməmiş eşitdiyimiz gülüş səsi yeri-göyü titrətdi. Bazarlıqdan evlərinə qayıdan üzbəüz qonşumuz Nəhayət əlindəkiləri yerə qoyub bizi qartopu atəşinə tutmuşdu. Biz bir-birimizi unudub onun yanına qaçdıq. Son dərəcə mehriban və səmimi olan bu qadın uşaqla uşaq, böyüklə böyük idi. Ona sarılıb bugünkü qar sərgüzəştlərimizdən bir-birimizin sözünü kəsə-kəsə danışmağa başladıq.

***

Evə gəlib isti otağa girəndə İlqarın yanaqları “Qızıləhmədi” almasına bənzəyirdi.

Sobanın yanında oturmuşdum. Əlimdəki dərs kitabı bir kənara, özüm də Rübabə Muradovanın səsinin sehrinə düşmüşdüm. “Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var...”

***

O illərdə havanın təmizliyindənmiydi, insanların sağlamlığından və ya içlərinin saflığındanmıydı, bilmirəm, şaxta, soyuq, əsən külək insanlarda əlacsız xəstəliklərə səbəb olmurdu. O illərin xəstəliyi də sağlam xəstəlik idi. Həyətdə çox qalmağımız nəticəsini göstərmişdi – hərarətim yüksəlmiş, oturduğum yerdə divara söykədiyim alnımın hərarəti az qala yanımdakı sobanın hərarəti qədər olmuşdu. Atam məni qucağına götürüb qonşu otaqdakı yatağıma aparıb qoyanda dodaqlarımda “Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var” pıçıltısının, gözümün qarşısında İlqarın “Qızıləhməd” almasına bənzər yanaqlarının, qulaqlarımda tut ağacımızdakı sərçələrin cikkiltisinin olduğunu hiss edirdim.

***

Uzaqlardan qulağıma gələn səs dayımın səsi idi – anamın ən əziz qardaşının! Ən əziz? Əslində, bu ifadəni dayılarımın üçü üçün də deyə bilərəm. Anamım canından çox sevdiyi üç qardaşı üçün. Səsini eşitdiyim isə bizimlə bir şəhərdə yaşayan ortancıl dayım idi.

Eşitdiyim qədəri ilə dayım birdən-birə anamın evlərinin divarındakı Qu-qu quşu olan saatı çox sevdiyini xatırlamış, gecə ilə, – bunu bacım çox istəyir, niyə bunu ona verməmişik bu günə qədər? – deyib saatı qoltuğuna, arvadını isə yanına alıb gecənin bəyaz qaranlığında yola düzəlib bizə gəlmişdi. Dayım evlərindən bizə qədər olan yolu hirsindən ağzını açmayan arvadına, – paxıllıq edir, saatı bacım üçün gətirdiyimə görə əsəbindən zəncir gəmirir, – deyib ona sataşırdı.

Keyfi kök olan dayıma anam minnətdarlıq edib çay tədarükü görməyə girişəndə, o, – lazım deyil çay, sən bir mismar gətir, bunu divara vuraq, – deyəndə İlqarla mən yatağımızdan qalxıb qapının kənarından qonaq otağına baxmağa başladıq. Qızdırmadan ayaq üstə güclə dayanırdım. Amma nə vaxtsa babamın aldığı, dayımgildəki divardan hər saatbaşı boylanan bu Qu-qu quşulu divar saatı o qədər maraqlı idi ki, bu möcüzənin indi bizim divarımıza qonacağını gözlərimlə görmək istəyirdim.

Atam divardakı mənzərə şəklini çıxarıb saatı ora asdı. Kəfkiri yellədi, saat işləmədi. Dayım atamı kənara çəkib, – səni tanımır, bacım gəlsin, yelləsin, işləyəcək, – deyəndə anam irəli gəlib saata əl gəzdirdi, kəfkiri ehmalca yellədi, saat işləmədi.

- Sən bilərsən, sən dur bax, niyə işləmədi bu saat? – deyib dayım üzünü arvadına tutanda, – o saat bir də cəhənnəmdə işləyəcək! – cavabını verən arvadı saatın dəfələrlə qoltuğundan düşdüyünü söylədi. Yuxulu-yuxulu bacısı üçün Qu-qu quşulu saatı gətirən dayımın ayağı qarın üzərində hər dəfə sürüşəndə Qu-qu quşu da qoltuğundan sürüşüb neçə addım irəli gedib və yuvasından bayıra çıxaraq oxuyurmuş. Bu, dəfələrlə təkrar olunanda artıq Qu-qu quşu aldandığını anlayıb, küsüb, bir daha yuvasından bayıra çıxmayıb və oxumayıb.

***

Evimizin pəncərəsindən dördümüz də aşağıdakı ağappaq yolla kor-peşman gedən iki qaraltıya baxırdıq. Bəmbəyaz qış gecəsi onları udana qədər baxdıq. Anamın könlündə bir daha taxt quran qardaşının və onun ömür-gün yoldaşının ardınca... Sonralar anam o Qu-qu quşunun – saatın başına pərvanə kimi dolansa da, aldanmış Qu-qu quşu bir daha oxumadı.

***

O gecə mən səhərə qədər qızdırma içində qovrularaq “Ayrılıq var, itkinlik var, ölüm var” deyib qəhərlənmiş, “İlqarın yanaqları “Qızıləhmədə” oxşayır”, – deyib gülmüş, “Pərdədəki kuklalar mənə gülür”, – deyib qəhqəhə çəkmiş, “Qu-qu quşu oxusaydı, sərçələr tək qalmazdılar”, – deyib ağlamsınaraq səhərədək sayıqlamışammış.

Bunu isə çox sonralar Qu-qu quşunun yuvasına çəkilərək bir daha bayıra çıxmayıb susmasından, həyətimizdəki tut ağacı kəsiləndən sonra sərçələr pərən-pərən düşəndən, Rübabə Muradova cismən yür üzündən ayrılandan və İlqarın yanaqlarındakı “Qızıləhməd” almasının rənginin torpağın rənginə qarışmasından sonra anam dedi...

“Bilməz idim, ayrılıq var, itkinlik var, ölüm var”...

# 2128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #