Və aşıq çalır, “Ruhani” çalır... – Vurğun Əyyubun vida mərasimindən reportaj - Fotolar

Və aşıq çalır, “Ruhani” çalır... – Vurğun Əyyubun vida mərasimindən reportaj - Fotolar
24 sentyabr 2019
# 19:44

Kulis.az tanınmış jurnalist Səbuhi Sədəfin sabiq komitə sədri, tənqidçi-ədəbiyyatşünas Vurğun Əyyubun vida mərasimindən reportajını təqdim edir.

- Burda “probka” olmurdu, nə olub?

- Adam ölüb.

- Yəqin böyük adamdı ki bu qədər camaat yığılıb.

Səkinin kənarında iki nəfərin söhbətinə qulaq yoldaşı oldum.

Haqlı idi söhbətə ilk başlayan...

Çox, çox böyük Adam idi dünyadan köçən. Yadımda deyil, müdriklərdən hansısa deyib: “O, arxasınca örtülən qapıya “Mən bu dünyada yaşadım” sözlərini yazmağı bacardı. Eynən Vurğun Əyyub kimi. Dualarımız çatmadı, yəqin o gözəgörünməzə.

Son iki gündə milyonların duasını haqq etmişdi. Bu qədər sevginin də bir səbəbi vardı. Çünki O, milyonların həyatını dəyişmişdi.

Bu gün dünyasını dəyişdi...

***

Yaşadığı binanın həyətində iynə atsan, yerə düşməzdi. Millət vəkilləri, müxtəlif partiya sədrləri, ictimaiyyət nümayəndələri, jurnalistlər, onu sevən hər kəs son borcunu verməyə gəlmişdi, Bakının ucqarına, İlqar Zülfüqarov küçəsinə.

Hə, bir də tələbələri.

Bir də yaxın dostu, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı. Təsəvvür edin, yas mərasimi bitib, hamı dəfnə tələsir, Hamlet müəllim yolun qırağında, əlləri qoynunda, gözlərini bir nöqtəyə dikərək dayanıb. Nə baş verdiyini bəlkə də anlamır hələ.

***

Nəşini Azərbaycan bayrağına büküblər. Başının üstündə aşıq dayanıb. Vəsiyyəti belə imiş.

Keçmiş təhsil naziri Firudin Cəlilovun gözləri bir nöqtəyə dikəlib. 40 ildir deyir, bir-birimizi tanıyırdıq.

- Mən Vurğundan səmimiyyət və düzlükdən başqa bir şey görmədim. O, halal adam idi. Bütün ömrünü də halallıqla yaşadı.

Xalq yazıçısı Sabir Rüstəmxanlı vida mərasimini açır.

- Burda Vurğunla qan qohumu olanlar da var. Olmayanlar da. Amma bəzən mənə elə gəlir ki, bütün Azərbaycan onunla qan qohumudur. Bakıda yox idim, amma sosial şəbəkələrdən izləyirdim. Son iki gündə bütün millət Vurğuna dua edirdi. Bu gün isə yana-yana yola salırıq. Türkiyədə müalicə olunanda orda çalışan azərbaycanlı həkimlər ziyarətinə gəlmişdilər. Onlar türk həkimlərə deyirdilər ki, lütfən, diqqətli olun, bu adam bizi Türkiyəyə oxumağa göndərmişdi.

Hə, haqlıydı həmin tələbələr. Amma dünən onun buradakı tələbələri də bir gül dəstəsi gətirmişdilər müəllimlərinin evinə. Və bir açıqca da qoymuşdular çələngin içinə. Orda belə yazılmışdı:. “Siz bizə inanmağı öyrətdiniz. Biz isə sizin tez sağalacağınıza inanırıq”. Amma sağalmadı, bir dostumuz demişkən, mələklər sənə yaxşı baxar, biz baxa bilmədik.

Söz Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə verildi. Qısa danışdı Vurğun bəyin keçmiş partiyadaşı. “Danışmaq çətindi”, - dedi.

- Biz eyni ildə anadan olmuşuq. Bir yerdə hərəkata gəlmişik. Və indi məlum olur ki, nəslimizin yarpaq tökümü başladı.

Müsavat başqanı Arif Hacılı Vurğun bəyi “tarixi şəxsiyyət” adlandırdı. Test imtahanlarının tətbiqini isə “tarixi inqilab”.

Hə, son mənzilə gedən elə bu inqilabın banisi idi. Milyonların borclu olduğu şəxs. Və hamı əmin idi, gedəcəyi yer artıq nura boyanmışdı bu İşıq adamın.

Xalq Partiyasının sədri Pənah Hüseyn onu “tarix yaradan adam” adlandırdı. Prinsipial, əqidəsinə xəyanət etməyən bir KİŞİ olduğunu qeyd etdi.

...Və aşıq çalır, “Ruhani” çalır, yanğıyla çalır. Qos-qoca kişilər göz yaşlarını saxlaya bilmir. Ardınca da alqışlar. Alqışlarla yola salınır BÖYÜK KİŞİ, son mənzilinə.

***

Görüşəndə zarafatla Axundovun "Şərq poeması"ndan bu misraları deyərdi

- Ey Səbuhi, qoca Qafqazda bitən gülləri dər...

...Dərəcəm, BÖYÜK İNSAN, gətirəcəm sənə, söz!!!

Lent.az

# 4528 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #