Səhər Əhmədin plagiat iddiasına cavab: “Qorxuram deyə ki...”

Səhər Əhmədin plagiat iddiasına cavab: <span style="color:red;">“Qorxuram deyə ki...”
22 may 2019
# 17:20

Kulis.az şairə Səhər Əhmədin plagiat iddiaları ilə bağlı Gülayə Şınıxlının “Səhər Əhmədin “mənimdi” dediyi “səninəm” demir, yaxud Səhərin Şərif Ağayarın üzünə söylədiyi ağ yalanlar adlı yazısını təqdim edir.

Bu yazının adını “Səhərin qaranlığı” qoymaq istəyirdim. Ancaq heç bilməzdim ki, adı Səhər olan kəsin bunca qaranlığı olsun. İnanmağım gəlmir ki, Səhər xanım hər cür yalan qaranlıqlarının ani günəş işığına davamsızlığını bilməmiş olsun. Günəş işığı-deməli, hər cür yalan pərdəsini anidən yırtıb-dağıdan həqiqət!

İmam Əli (s.) “Əgər doğru danışırsansa, fakt gətir” – deyirdi.

Mətləbi uzatmadan Səhər Əhmədin son 4-5 gündə sosial şəbəkələrdə adımı hallandırıb “O, mənim “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm” misramı oğurlayıb” – deyə saldığı hay-küyə aydınlıq gətirmək, yəni Səhərin yalan qaranlığını aydınlığa, həqiqət işığına çıxarmaq istəyirəm.

İlk növbədə Səhər xanımın diqqətinə çatdırmaq istəyirəm ki, “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm” deyiminin bir çox görkəmli fikir babaları var. Yəni Səhər xanım nə qədər vay-şivən qoparıb “misramı oğurlayanlar, elə bil ki, balamı oğurlayıb” söyləsə də, bu balanın əslində çoxatalı olduğu həqiqətin ən böyüyüdü. Bu misranın məlum qaynaqları var. Təəssüf edirəm ki, bu qaynaqlar özü-özünü tanınmış şair elan etmiş Səhər Əhmədə tanış deyil. Mənim günahım deyil ki, o, böyük rus yazıçısı F.Dostoyevskinin “Netoçka Nezvanova” adlı əsərini oxumayıb. Əgər oxusaydı bilməmiş olmazdı ki, o əsərdə belə bir səhnə var;

İllərlə uydurduğu yalanın açılmaması üçün ögey qızından qaçan, ondan can qurtarmaq istəyən içki düşkünü skripkaçının ardınca düşən Netoçka güc-bəla ilə atalığına çatır və ona deyir: “Qaçma, özünü həlak etmə, gəlmişəm deyəm ki, mən sənin arxanca gəlməyəcəyəm...”

Bu səhnə və Netoçkanın sözləri mənim “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm” adlı şerimin yazılmasına vəsilə olan ilk qığılcım, ilk assosiasiyadır.

Səhər Əhmədin diqqətinə çatdırmaq istədiyim başqa bir qaynaq, assosiasiya daha var; Bizim məşhur filmimiz olan “Telefonçu qız”da belə bir səhnə təqdim edilir: Mehriban adlı gənc qız gizli duyğu bəslədiyi Zakirin iş otağının qapısını açıb həzin bir səslə “Gəlmişəm deyəm ki...” söyləyib susur...

Hər iki əsərdən yaddaşımda ilişib qalan bu deyimlər uzun illər boyunca fikrimdə dövr elədiyindən və həm də ilk növbədə mənim ürəyimin doğmaca səsi olduğundan bu fikirləri şeirə gətirdim. İllər boyu Netoçka Nezvanovanın, gənc və duyğulu Mehribanın o nisgilli durumları gözlərim önündən getmədiyi üçün mən o şeiri yazmaya bilmədim. Bəlkə də o şeiri yazanda mənim özüm də həmin məşhur əsərlərin qəhrəmanlarının durumunu yaşayırdım.

Görkəmli uşaq şairimiz İlyas Tapdıq tez-tez xatırlayırdı ki, bir dəfə böyük qəzəlxanımız Əliağa Vahid onu get-gələ salan nəşriyyat işçisinin qapısını açıb elə ayaq üstündəcə “Gəlmişəm ki, deyəm, bir də gəlməyəcəyəm” deyib və çıxıb gedib. Bu olay ədəbi söhbətlərdən sıx-sıx keçir, az qala eşitməyən yoxdur. Qorxuram Səhər xanım bu faktı da səsə-küyə salıb deyə ki, Əliağa Vahid məndən oğurlayıb.

Bu mövzuda şerimi yazdığım vaxtlar mən unudulmaz qələm dostum, mərhum telejurnalist Ağalar Mirzəylə fikrilərimi bölüşürdüm. İş elə gətirdi ki, bu söhbətlərdən təsirlənən Ağalar Mirzə də “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm” misrası ilə başlayan şeirini yazıb 2001-ci ildə “Təfəkkür” nəşriyyatında işıq üzü görən “Gecə zəngləri” adlı kitabının 38-ci səhifəsində çap etdirdi. Və o şeir belə başlayır:

Gəlmişəm ki, deyəm gəlməyəcəyəm,

Hələlik qəlbimdə yerimi saxla.

Bir ürəkdə gəzən iki can idik

Birini itirdin, birini saxla...

Və mən elə indinin özündə də Ağalar Mirzənin məhz bu misrayla başlayan bir şeir yazmasına təbii baxıram. Çünki bu, ilk növbədə bir fikir axınıdır. Yəqin Səhər xanım durub indi də deməyəcək ki, Ağalar Mirzə məndən oğurlayıb... Hər kəs bu misrada məhz öz dünyasını, yaşamını ifadə edə bilər. Bir kibrit çöpüylə yandırılan fərqli şamlar kimidir bu şeirlər. Necə ki, İ.Nəsiminin məşhur “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır” misrasına Ş.İ.Xətai eyniadlı qəzəlində belə istinad edirdi: “Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır”.

Mövlanə Cəlaləddin Ruminin “Bir qərib hala bu gün gəldim ki, sən mənmisən, bilmirəm mənmi sən” beytini M.Füzuli “Leyli və Məcnun”da Məcnunun dilindən “Sən sənsənsə bəs mən kiməm?” şəklində iqtibas edirdi. M.P.Vaqifin, M.V.Vidadinin, Q.B.Zakirin “Durnalar” adlı qoşmalarının bir çox beytləri demək olar ki, eynidir. Əhməd Cavad da, Səməd Vurğun da “Azərbaycan” adlı şeirlərində “Bir tərəfi bəhri-Xəzər” misrasını eynilə işlədiblər. Türküstan şairləri S.Cümənbülbül, Akif Bağır, Rauf Pərvi, Törə Mirzə də “Salam, dar ağacı” adlı şeirlərin müəllifləridir, Rüstəm Behrudi də eyniadlı şeir yazıb. Görkəmli türk şairi Bəhcət Kamal Çağlar da, Cahid Sidqi Tapançı da “Bir çiçək istəyirəm”, “Məmləkət istəyirəm” yazıblar. Bu, səsləşmədi. Heç bir halda barələrində oğurluq deyə bəhs olunmur.

Səhər xanım haray salır ki, bəs deməzsən, guya mən “Yuxunu sulara söylə” kitabımın adını Nüsrət Kəsəmənlidən götürmüşəm. Əcəba, bizim xalq ədəbiyyatımızdan, mifologiyamızdan gələn bir deyim haçandan bir nəfərin insiharında olub? Nüsrət Kəsəmənli gözəl şair idi. Gəncliyin sevimlisiydi. Ancaq onun da klassiklərdən gələn misraları olmamış deyil. Məsələn, “Biri vardı, biri yox...”

“Gələcək gün” romanında xalq yazıçısı Mirzə İbrahimova məxsus “Nə səndə məhəbbət qara pul deyil, nə də mən dilənçiyəm ki, sənə əl açım” fikrini N.Kəsəmənli olduğu kimi gəncliyin dil əzbəri olan məşhur şeirinə gətirib. Belə bəhrələnmələr, fikir səsləşmələri barədə kifayət qədər faktlar gətirmək olar.

Özünü ədəbi həyatın hər cür ənənələrinə vaqif olan birisi kimi təqdim edən Səhər xanım bu adi bəhrələnmə ənənəsindən də xəbərsiz olmamalıydı, məncə.

Səhər xanım bir bağışlanmaz yanlışı da özünə rəva bilir. Qızıl-qırmızı Şərif Ağayarın üzünə söyləyir ki, guya mən nakam şairimiz Əli Kərimin misralarını öz adıma çıxmışam. Şərif bəy ona anlatmaq istəsə də ki, bəlkə bu, bəhrələnmədi, ya iqtibasdı? Səhər xanım cavabında ciddi-cəhdlə “yox, oğurluqdu – deyir – bircə yerdə də Əli Kərimin adını çəkməyib”. Belə yerdə deyirlər, necəsən, qanmayım, atan yansın?.. Hörmətli Şərif bəydən xahiş edərdim, zəhmət olmasa, açsın mənim “Yuxunu sulara söylə...” adlı kitabımın 105-ci səhifəsini, görsün mən o şeirin əvvəlində “Əli Kərimin “Qaytar ana borcunu” şeirini oxuyarkən” sözlərini yazmışam, ya yox.

Söyləyir ki, guya mən məhz “Gəlmişəm deyəm ki, gəlməyəcəyəm” adlı şeirimə görə Türkiyədə ödüllərə layiq görülmüşəm. Türkiyədə hansı şeirlərimə görə mənə ödül verildiyini əks etdirən videolentlər var. Mən o lentləri əziz yadigarlar kimi qoruyuram. İstənilən vaxt hər kəs bu lent yazılarını izləyə bilər və görər ki, Səhər bilmədiyi şeylərdən danışır.

Sosial şəbəkələrdə Səhərin qarayaxmalarını həqiqət kimi qəbul edib fikir bildirənlərin heç birini qınamıram. Bilirəm ki, Səhərin qaranlığına düşüblər. Ancaq bir olayı xatırlatmaya bilmirəm: Yəzid İmam Hüseyni şəhadətə yetirtdikdən sonra əhalini inandırmaq istəyirmiş ki, guya o, əslində bu yolla İslam dinini xilas edib. Bir nəfər kor kişi özündə cəsarət tapıb Yəzidin yalan pərdəsini cıran sözlər söyləyir. Təbii ki, Yəzidin adamları həmin andaca kor kişini qətlə yetirirlər. Ancaq artıq onun sözləri camaatın gözündən qəflət pərdəsini qaldırıb, həqiqət üzə çıxıb.

İnanıram ki, bu yazını oxuyanlar da kimin doğru, kimin yalan danışdığını apaydın görəcək. Hələlik bu qədər...

# 2633 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #