Gənc şair utandığından arxa cərgədə durdu - Bir şəklin tarixçəsi

Gənc şair utandığından arxa cərgədə durdu - Bir şəklin tarixçəsi
14 avqust 2019
# 15:20

Kulis.az Rəhman Orxanın tanınmış yazıçı Əlfi Qasımovla bağlı yazdığı “Bir şəklin tarixçəsi” yazısını təqdim edir.

1970-ci ilin qış günü idi. "Adilənin taleyi" romanı ilə respublikada böyüklü-kiçikli bütün oxucuların sevimlisinə, kumirinə çevrilmiş yazıçı Əlfi Qasımovla Sumqayıtın S.Vurğun adına Mərkəzi Kitabxanasında görüş nəzərdə tutulmuşdu. Əsərləri ən uzağı 10-15 gün ərzində satılıb qurtaran Əlfi müəllimlə görüş o vaxt yenicə yaradılmış Əli Kərim adına Sumqayıt Poeziya Klubunun sədri, unudulmaz şair Vaqif İbrahimin təşəbbüsü ilə keçirilirdi. Bir neçə maraqlı oçerk kitabından sonra "Məni qınamayın" povestlər və hekayələr kitabı ilə oxucuların rəğbətini qazanmış yazıçının "Qızburunda tək məzar" sənədli povesti də böyük diqqətə səbəb olmuşdu. Məşhur bir yazıçı kimi tanınan Əlfi Qasımovu yaxından görmək, onu dinləmək arzusu o qədər güclü idi ki, kitabxananın böyük qiraət zalında tam basırıqlıq idi. Axı, hamının çox sevdiyi yazıçı ilə Sumqayıtda görüş ilk dəfə idi ki təşkil olunmuşdu.

Hələ də "Adilənin taleyi"nin, "Məni qınamayın" əsərlərinin təsiri altında olanlar Əlfi müəllimə onları düşündürən suallar verməyə, həmin əsərlərlə bağlı bəzi məqamları özləri üçün aydınlaşdırmağa, mülahizələrini bildirməyə hazırlaşırdılar. Zalda bir sevinc, bayram əhval-ruhiyyəsi vardı. Əlfi müəllimin də xoş ovqatda olduğu açıq-aydın hiss edilirdi. O, görüşə tanınmış şair dostları Nəriman Həsənzadə, Tofiq Mütəllibov və Hikmət Ziya ilə yanaşı sevimli övladlarını da gətirmişdi.

Hamı sevincli və həyəcanlı idi. Ən çox həyəcan keçirən isə yəqin ki mən idim. Çünki əsas missiya - yazıçının yeni əsəri barədə məruzə etmək, fikir söyləmək mənim öhdəmə düşmüşdü. Bunu mənə - 20 yaşı təzəcə tamam olmuş bir tələbəyə, ilk şeirləri yenicə çap olunmağa başlayan bir gəncə Vaqif İbrahim məsləhət görmüşdü. Belə bir işin mənim üçün asan olmayacağını bilsəm də, özümə böyük qardaş, ustad bildiyim Vaqif müəllimə "yox, bacarmaram" deyə bilməmişdim. Bir də ki o cür tədbirin məsuliyyətini məndən də artıq bilən Vaqif İbrahim Əli Kərim adına Poeziya klubunun üzvü kimi mənə göstərdiyi etimadın qarşısında nəsə demək olardımı?

Povesti tapıb oxuduqdan, təkrar-təkrar vərəqləyib, özüm üçün bəzi araşdırmalar apardıqdan sonra məruzəni hazırlamağa başladım (o dövrdə belə görüşlər yazılı çıxışla başlayırdı).

1941-45-ci illər müharibəsi zamanı Kabardin-Balqar torpağındakı Qızburun kəndinin müdafiəsində iştirak edərək, böyük şücaətlər göstərmiş 19 yaşlı gənc Azərbaycan döyüşçüsü Kamil Zülfüqarovun qısa, lakin igidliklə başa vurduğu həyatından bəhs edən povest sənədli olmaqla həqiqətən çox ustalıqla qələmə alındığından yazıçının yaradıcılığı üçün xarakterik olan əsas məqamları, əsərin məziyyətlərini qabartmaqla, xüsusi olaraq diqqətə çatdırmağa çalışmışdım.

Tədbir başlayarkən söz mənə veriləndə Əlfi müəllimin povest haqqında nə söyləyəcəyimi maraqla gözləməsini duyaraq və çox gənc olduğuma görə onun qələm dostlarının, həmçinin oxucuların sınayıcı nəzərlərini üzərimdə hiss edərək, məruzəni bir qədər həyəcanla, lakin Əlfi Qasımov yaradıcılığına vurğunluqla, gələcək ədəbi uğurlarına böyük inam hissi ilə (yəqin ki həm də yüksək pafosla!) başa vurdum.

Məruzəni qurtarsam da, povestlə bağlı suallara cavab da verməli idim. Sual vermək, fikir bildirmək, çıxış etmək istəyənlər çox idi. Bir-iki oxucu söz alıb danışdıqdan sonra birdən sağ tərəfdə, arxa cərgədə əyləşmiş bir nəfər - uşaq şairi kimi yenicə tanınmağa başlayan, dostu Tofiq Məmmədlə yanaşı əyləşmiş Məmməd Namaz ayağa qalxıb, sanki çox cavan olduğum halda "cəsarət" edib çıxış etdiyimə görə məni "qaralayaraq", povestlə bağlı məni "sınağa" çəkib, "dolaşdırıcı" suallar verməyə başladı. İlk sualına bacardığım şəkildə cavab versəm də, Əlfi müəllim tanımadığı oxucunun qərəzli olduğunu, sadəcə irad tutmağa çalışaraq sual verdiyini hiss edib, onun növbəti sualına özü cavab verdi. Lakin Məmməd Namaz qərəzli münasibətilə povestdəki bəzi məqamlarla razılaşmadığını bildirərək, təzadlı, mübahisəli fikirlər söyləməklə suallarını davam etdirirdi. Hamının, xüsusilə də Vaqif İbrahimin və kitabxana işçilərinin, eləcə də Əlfi Qasımov yaradıcılığını sevən oxucuların hamısının ovqatı pozulmuşdu. Hiss olunurdu ki, Məmməd Namaz yazıçıya və onun yeni povestinə öz qərəzli iradlarını əvvəlcədən hazırlamışdı. Bu, Sumqayıtın qonaqpərvər ruhuna uyğun olmayıb, hamının narazılığına səbəb olsa da, Əlfi müəllim təmkinini pozmayaraq, "dava-dava" deyən adamın suallarına təfsilatı ilə, tam aydınlıqla cavab verib, ona əsəri bir də diqqətlə oxumağı məsləhət gördü.

Qayıdıb yerimdə - oxucular arasında əyləşmək istəyərkən Əlfi müəllim məni yanına çağırıb, təşəkkürünü bildirdi və məruzəni ona verməyimi xahiş etdi. Əlyazmanı o qədər də aydın və səliqəli yazmadığımdan bir qədər tərəddüd etsəm də, Vaqif müəllimin işarəsi ilə əlimdəki vərəqləri yazıçıya təqdim etməli oldum.

Görüşdə şairin dostları Nəriman Həsənzadə, Hikmət Ziya, Tofiq Mütəllibov, Xıdır Alovlu, Vahid Əziz və oxucular Əlfi müəllimin yaradıcılığı haqqında xoş fikirlər söyləyib, onu yeni, uğurlu əsərinə görə təbrik etdilər.

Tədbirdən sonra həyətə düşüb, Vaqif İbrahimin təklifi ilə kitabxananın qarşısında, o vaxtlar "Orbita" adlanan kafenin yanında kollektiv şəkil çəkdirdik (peşəkar olmayan bir fotoqraf tərəfindən çəkildiyindən şəkil keyfiyyətli alınmayıb, ancaq hər halda tarixi bir şəkildir). Tədbir zamanı iradlar bildirərək, narazılıqla danışan Məmməd Namaz, deyəsən, xoş təəssürat yaratmadığını bildiyindən bir az utanaraq özünü ön cərgəyə verməmiş, arxa cərgədə dayanmışdı.

Şair-yazıçı qonaqlarla xudahafizləşəndə Məmməd Namaz öz növbəti hərəkəti ilə hamını yenə təəccübləndirdi. O, Əlfi müəllimə yanaşaraq, ona səliqə ilə qəzetə bükülmüş nəsə uzatdı. Çoxumuz elə başa düşdük ki, o, yazıçıya tədbir zamanı deyib-demədiyi, lakin əvvəlcədən yazıb, hazırladığı qeydləri təqdim edir. Onun bu hərəkəti heç kəsin xoşuna gəlmədi.

Sabahısı məlum oldu ki, Məmməd Namaz Əlfi müəllimə sadəcə öz şeirlərini verib və onları qəzetlərdən birinə təqdim etməyi ondan xahiş edib. Bu, onun məşhur yazıçıya qarşı şahmat gedişi - əsərinə irad tutduğu, onu sevən oxucular yanında tənqid etməyə çalışdığı görkəmli yazıçını qəsdən, bilərəkdən dilemma qarşısında qoymaq idi. Yəni, mən səni tənqid etdim, ancaq sən buna görə məndən qisas almayıb, öz böyüklüyünü göstərə biləcəksənmi?. (Həm də qəribə idi ki, o, öz şeirlərini ordakı tanınmış şairlərə yox, məhz yazıçıya - Əlfi müəllimə təqdim etmişdi. O, bunu əvvəlcədən planlaşdırıbmış, "hesabı" düzgün qurubmuş. Bir də ki, yəqin o, Əlfi müəllimin görüşə şair dostları ilə gələcəyindən xəbərsiz olduğundan, xahişini yazıçıya ünvanlayıbmış.

Yəqin, Əlfi müəllimin yerinə bir başqası olsaydı, əsərinə haqlı-haqsız irad bildirən gənc şeir həvəskarının yazdıqlarına heç bir məhəl qoymayıb, onu məyus edərdi. Ancaq müdrik bir adam, əsl psixoloq olan görkəmli yazıçı belə edə bilməzdi. Onu başa düşmək çətin deyildi ki, Məmməd Namaz bu psixoloji ssenarini, "rebus"u əvvəlcədən, düşünülmüş şəkildə qurmuşdu. Onun xahişinə əməl edilmədiyi halda gənc şairin bunu "qisas" kimi qəbul etməməsi üçün yeganə yol qalırdı - xoşa gəldi-gəlmədi, bəyənildi-bəyənilmədi, şeirlərdən bir neçəsini seçib, respublika oxucularına təqdim etmək!

Məmməd Namazın qərəzli münasibətinə baxmayaraq, gənc şair kimi onun şeirlərinə "Azərbaycan gəncləri"ndə "Uğurlu yol" yazmağı isə ancaq Əlfi Qasımov kimi alicənab, görkəmli bir yazıçı bacarardı və o, bunu heç bir minnət qoymadan, kişi kimi etdi!

Həqiqət naminə deməliyəm ki, Məmməd Namaz uşaqlar üçün çox gözəl şeirlərin müəllifidir, sonrakı poetik yaradıcılığı da diqqətəlayiqdir.

Görüş zamanı "dəli-doluluq” etməsinə baxmayaraq "Uğurlu yol"dan sonra o, Bakıya gedərək, Əlfi müəllimlə görüşmüş, təşəkkür etmiş, narazılığa səbəb olan qərəzli fikirlərinə görə görkəmli yazıçıdan üzr istəmişdi. Və sonradan tale elə gətirmişdi ki, Məmməd Namaz "Gənclik" nəşriyyatında redaktor vəzifəsində çalışanda Əlfi Qasımov onun müdiri - respublika Dövlət Poliqrafiya, Nəşriyyat və Kitab Ticarəti İşləri Komitəsində nəşriyyatlar idarəsinin rəisi olmuşdu. Ancaq heç vaxt "ötən söhbətlər"i Məmməd Namazın üzünə vurmamışdı. Çünki, yamanlığa yaxşılıq, nər kişinin işidir!

# 4044 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #