Mahnı sözləri yazaraq Nobel alan ilk adam Bob Dilan deyilmiş

Mahnı sözləri yazaraq Nobel alan ilk adam Bob Dilan deyilmiş
2 noyabr 2016
# 10:20

Ədəbiyyat üzrə Nobel mükafatının mahnı sözləri yazan müğənniyə yəni Bob Dylana verilməsi dünya mediası tərəfindən həm emosional, həm də yoxlanılmamış iddialarla qarşılandı. Bir çox nüfuzlu dünya medialarında yazılar çıxmağa başladı ki, "ilk dəfədir, belə mötəbər mükafat "müğənni" və "mahnı sözləri yazan"a verilir.

Ancaq bu iddiaların doğru olmadığını qeyd etməkdə fayda var. Belə ki, ilk dəfə (və həm də Bob Dylana qədər sonuncu dəfə) ədəbiyyat üzrə Nobel mükafatı alan və həm də "mahnı sözü yazan" şəxs 1913-cü ildə bu mükafatı almış hind şairi Rabindranath Tagore olub. Bu haqda "Guardian" qəzetinin hind əsilli köşə yazarı Amit Chaudhuri öz köşə yazısında məlumat verir.

Mükafat Tagore-yə ona görə verilib ki, o "Kamil şairlik qabiliyyətiylə yaratdığı dərin hissiyyatlı, saf və gözəl şərqilərlə, ingilis kəlmələrinin köməyilə ifadə etdiyi poetik düşüncələri qərb ədəbiyyatına təsir edib". Bob Dylana isə "Amerika musiqi ənənəsi çərçivəsində yeni poetik ifadə tərzi yaratdığına görə" layiq görülüb. Ancaq Chaudhurinin sözlərinə görə Benqaliyanın sərhəddlərindən kənarda çox az adam bilir ki, Tagorenin öz dövründə Nobelə layiq görüldüyü şeirlər ("şərqilər") əslində Benqal dilindən ingiliscəyə çevrilmiş mahnılar idi.

Belə ki, Tagore Nobeli "Gitanjali" adlı kitabının "Qurbanlıq nəğməsi" adlı ingilscə tərcüməsinə görə almışdı. Bu kitab Benqal bölgəsində hələ də oxunan üç cildlik mahnılardan seçmələr əsasında yazılmışdı. Tagore-nin Dylandan bircə fərqi o idi ki, şeirlərini daha dolğun, təsirli və tam müasir bir dildə yazmışdı.

Benqal dilində "Gitanjali" gita - mahnı, anjali - isə dini mənada qurban anlamına gəlir. Kitabda ənənəvi benqal dini mahnıları stilində yazılmış Tanrıyla insan arasındakı münasibətlərdən ibarət şeirlər toplanmışdı. Tagorenin bu kitabına görə Nobel alması da tamamilə təsadüf nəticəsində mümkün olmuşdu. Belə ki, benqalca 153 mahnı sözündən ibarət kitabı müəllif ilk dəfə 1910-cu ildə çap etdirir. Bunun ardınca 1912-ci ildə müxtəlif məşhur sənət və ədəbiyyat adamları ilə görüşmək üçün İngiltərəyə yollanır. Gəmiylə səfər zamanı yolda xəstələnən şair 19-27 mart günləri arasında fürsətdən istifadə edib şeirlərini özü tərcümə etməyi qərara alır. Bu haqda o sonralar qardaşı oğlu İndire Debiyə məktubda (6 may 1913) yazırdı: "...Oturub nəsə yeni bir şey yazmağa taqətim qalmamışdı. Beləliklə "Gitanjali" kitabımı götürüb ordan bir-birinin ardıyca şeirlərimi tərcümə etməyə başladım".

Tagore Londona çatdıqdan sonra bir neçə dəftər dolusu şeirlərini müxtəlif məclislərdə oxumağa başlayır. Şeirlərin ilk dinləyiciləri irland rəssamı William Rothenstein və ingilis şairi William Yeats olurlar. Şeirləri çox bəyənən Yeats onları İngiltərədəki Hindistan cəmiyyətinin yardımı ilə çap etmək təklif edir və tezliklə Tagorenin şeirləri 750 tirajla İngiltərədə çapdan çıxır. Kitabın ilk çapı 1912-ci ildə işıq üzü görür. Bunun ardınca o oğlu Rothindranathın təklifi ilə ABŞ-ın İllinoys ştatına yollanır. Şair özü ABŞ-daykən şeirləri İngiltərədə təkrar-təkrar çap olunur və böyük maraqla qarşılanır. Şair artıq Hindistana qayıdanda noyabrın 13-ü 1913-cü il Ədəbiyyat üzrə Nobel mükafatı aldığını öyrənir./azadliq.org/

# 1156 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #