Özbək dramaturqun kitabı Azərbaycan dilində

Özbək dramaturqun kitabı Azərbaycan dilində
21 iyun 2019
# 17:01

Müasir özbək ədəbiyyatının tanınmış ədəbi simalarından biri, publisist, yazıçı, şair, dramaturq, Özbəkistan Yazıçılar Birliyinin üzvü Qoşqar Narqabilin “Xoşbəxtliyin bazarı varmı?...” adlı kitabı Azərbaycan dilində nəşr olunub.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında işıq üzü görən kitabı nəşrə hazırlayan, redaktor və “Ön söz” müəllifi filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr” şöbəsinin müdiri Almaz Ülvi Binnətova, rəyçisi isə şair, publisist Əkbər Qoşalıdır.

Kitab filologiya elmlər doktoru Almaz Ülvinin “Qoşqar Narqabilin həyat və yaradıcılığına dair etüdlərim” adlı giriş məqalə ilə açılır. Daha sonra müəllifin “Xoşbəxtliyin bazarı varmı, yaxud beş dul və bir rəis” adlı komediyası Azərbaycan dilində oxuculara təqdim olunur. Komediyanın məzmunu ilə tanış olduqda oradadakı personajları, bəlkə də hamımız tanıyırıq. Əslində dramaturq elə bir mövzu seçib ki, istənilən ölkədə, istənilən idarədə belə tiplərə rast gəlmək olar. Bəlkə də, bu səbəbdən dramaturqun əsərləri ölkədən kənara çıxaraq özünə tamaşaçı məhəbbəti qazandırıb.

Qoşqar Narqabil yaradıcılıq aləminə ötən sərin 80-ci illərin sonlarında gəlib. O elə ilk qələm təcrübələri “İntiqam”, “Əsir”, “Qan”, “Çayın arxasınca ağı” hekayələri ilə tez bir zamanda məşhurlaşıb. O, 40-a yaxın kitab müəllifidir. “Taleyin sınaqları”, “Günəşi sən oyadırsan”, “İşıq kölgədə qalmaz”, “Uğur biz tərəfdədir”, “Suyu görmədən arxı keçmə”, “Yerindən uzağa getmə” adlı dram əsərləri paytaxt və vilayət, hətta xarici ölkə teatrlarında səhnələşdirilib. /azertag.az/

# 2664 dəfə oxunub

Müəllifin son yazıları

# # #