Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı

Özünü pəncərədən aşağı atacaqdı – Buker qalmaqalı
16 oktyabr 2019
# 10:35

Builki "Buker” mükafatının qalibləri açıqlanmamışdan qabaq əvvəllər qalib olmuş Marqaret Etvudun yenidən qazanıb-qazanmayacağı ən böyük müzakirə mövzusu idi. Qalibin açıqlandığı gecə səhnə arxasında gözlənilməz şeylər baş verdi.

Qaydaları görməzdən gələn jüri mükafatı iki romanın, yəni Etvudun "Əhdlər” və Bernardin Evaristonun "Qız, qadın, başqaları” əsərləri arasında bölmək qərarı verdi.

Jürinin rəhbəri Piter Florens dirəndi ki, qaydalarda mükafatın bir nəfərə verilməysiylə bağlı bənd yoxdur. Florens qalibləri elan edərkən "Buker”in ədəbiyyat direktoru Qabi Vud gərgin idi. Vud məsələylə bağlı belə dedi: "Aktiv şəkildə qaydaları pozurlar. Jüriyə ev sahibliyi etmədik, jüri qaydaları rədd etməyi seçdi. Qərar otağında effektiv bir aksiya təşkil etdilər.” Bazar ertəsi günü Vud və jüri üzvləri arasındakı müazkirə beş saatdan artıq çəkdi. Axırda jüri qazandı. Vudun fikrincə, qalibin müəyyənləşməsində rolu olan jürilər mükafatı bir namizədə verməyi düşünsələr də, qaydalarla razılaşmalı olmuşdular.

Bu, "Buker” mükafatının tarixində 1976-cı ildən bəri ən dramatik hadisədir. Belə ki, 1976-cı ildə jürinin rəhbəri şair Filip Larkin bəyan etmişdi ki, əgər onun ən bəyəndiyi kitab mükafatı qazanmasa, özünü pəncərədən aşağı atacaq və axırda onun dediyi kitab qalib olmuşdu.

"Hay Festivalı”nın direktoru Florens açıqlamasında dedi: "Qudhola yaxın küçələrdə toplanan "Nəsli Tükənir Üsyan”larındakı etirazçılar bizə ilham verdi. Bu gün havada üsyanın hiss edildiyi gündə, bəlkə də, biz də bu havaya düşdük. "Buker” mükafatının direktoru ilə qaydalarla bağlı mübahisə etdik və bizə deyildi ki, yalnız bir nəfər qalib ola bilər. Münsif kimi prinsipimiz uzlaşma olduğu üçün qaydaları pozmağa və bu ilin iki qalibi üçün mükafatı bölməyə qərar verdik.”

Florens bəzi jüri üzvlərinin Etvudun kitabını, bəzilərinin isə Evaristonun əsərini daha çox bəyəndiklərini, ancaq söhbət hər iki müəllifə mükafat verməkdən gedəndə hamı bu fikri dəstəklədi: "Romanlar haqqında danışdıqca ikisinə də daha çox dəyər verməyə başladıq və ikisinin də qazanmasını istədik. Məncə, qaydaları bu ilki şərtlərə uyğunlaşdırmaq olar. Bu vəziyyət bizi o nəticəyə gətirdi ki, iki əsərin də mükafatı almasına həqiqətən çox sevinəcəyik.”

Mükafat əvvəllər də iki dəfə iki yerə bölünmüşdü: 1974-cü ildə Nadin Qordimer və Stenli Midlton, 1992-ci ildə isə Maykl Ondatje və Berri Ansvors arasında. Ancaq bölünmüş mükafat fikri "bir kitab o birindən həmişə daha yaxşı olacaq” düşüncəsi doğurduğu üçün 1993-cü ildə qaydalar yenidən bir qalibin seçilməsi şəklində dəyişdirildi.

Etvudun romanı uzun müddət gözlənirdi. 2019-cü ilin ən çox satılan kitabların biri oldu, ötən aydan çap olunan kitab bir ay içində təxminən180 min nüsxə satılıb. Etvudun romanı "Əlaltının əhvalatı” əsərindəki hadisələrdən on beş il sonrası haqqındadır və sujet üç qadın ətrafında qurulub. "Guardian”ın müəllifi Enn Enraytın fikrincə, bu roman Etvudun ən yaxşı əsəridir. İfadə tərzi hadisələri birbaşa təsvir edir. Etvud təhkiyəçi kimi qırmızı əbalıları seçə bilərdi, ancaq bu dəfə mənfəətləri üçün işləyən qadınlara fokuslanıb. Evaristonun romanı isə cəmi 3976 nüsxə satılıb. Evariston "Buker” mükafatını qazanan ilk zənci ingilis qadındır. 1959-cu ildə Londonda doğulub, anası ingilis, atası Nigeriyalıdır. O, Afrika diasporasına daxil olan insanların həyatlarını araşdırır. "Qız, qadın, başqaları” romanında müxtəlif nəsillərimənsub zənci qadınlarla bağlı iç-içə keçən on iki hekayə var. Roman Evaristonun "fusion fiction” adlandırdığı tərzdə yazılıb, şeir, esse, proza bir yerdədir.

("Fusion” sözün ingilis dilində çox vaxt müxtəlif mətbəxtlərin sinteziylə yaradılmış yemək qrupunu ifadə etmək üçün istifadə edilir, "Fusion fiction” ifadəsiylə müəllif janrların sintezinə işarə vurur – tərcüməçidən)

Evaristo "Time” jurnalına verdiyi müsahibədə deyib ki, əsərin ideyası yazmaq istədiyi personajların ingilis ədəbiyyatında kifayət qədər təsvir edilməməsinə olan qəzəbdən yaranıb: "Altı il qabaq kitabı yazmağa başlayanda zənci ingilis qadınların ingilis ədəbiyyatında olmamağından bezmişdim. Beləcə, romanın içinə necə personaj sala biləcəyimi və işin öhdəsindən necə gələcəyimi görmək istədim.

Mənbə: Telegraph və NY Times

Tərcümə: Qismət

# 1847 dəfə oxunub

Müəllifin son yazıları

# # #