Unudulan Azərbaycan əsəri haqqında...

Unudulan Azərbaycan əsəri haqqında...
5 iyul 2019
# 16:03

Yol. Yol haqqında bir çox dahilər, düşüncə sahibləri müxtəlif sözlər deyib, müxtəlif fikirlər səsləndiriblər. Yolla bağlı yazılmış, çəkilmiş, bəstələnmiş, oxunulmuş o qədər sənət nümunələri, sənət əsərləri var ki, saymaqla qurtaran deyil. Məktəbli olanda əzbərlədiyimiz şerlərdən birinin iki misrası belə idi:

“Yollar dünyada çoxdur,

Sayı-hesabı yoxdur.”

Bəli, yollar çoxdur. Həm də bir-birindən fərqli, müxtəlif. Bu yolların içində bir Yol da var. Hansı ki, o yolda addımladıqca o qədər yollar keçirsən, o qədər yollardan keçməli olursan ki…

Bu ömür yoludur. İnsan övladının ömür yolu. Bu dəfə yoldan yazacağam. Amma fərqli bir yoldan - yazıçı Dilsuzun “Yol”undan. Unudulmuş “Yol”undan.

Azərbaycan nəsrinin ən gözəl nümunələrindən olan “Yol” povesti həcminə görə o qədər də böyük deyil. Amma dolğunluğuna, içində daşıdığı mənaya görə çox böyükdür.

Əsəri oxuduqca sevinirsən ki, nə yaxşı ki, Azərbaycan ədəbiyyatında belə əsər də varmış. Əsərin dili axıcıdır, oxucunu yormur. İlk cümləsindən son cümləsinədək artıq, lazımsız əlavələrə rast gəlmirsən. Oxuduqca insanın ruhuna toxunur, düşüncələrini silkələyir. Əsər səni vadar edir ki, həyatının bəzi məqamlarına dönüb bir də baxasan, amma bu dəfə fərqli baxışla. İllərdir içində səslənən, cavabını tapa bilmədiyin - Mən düzmü etdim? Mən düz yollamı addımlayıram? sualına bu əsərdə cavab tapmaq mümkündür. Həm də dolğun cavab, qarışıq düşüncələrini aydınlaşdıran, tərəddüdlərinə son verən bir cavab.

Əsərdə qəhrəmanın adı çəkilmir. Yazı boyu onu atasının adı ilə adlandıracağam: Yunisoğlu.

Əsərin məzmunu belədir. Kənddən şəhərə bir günlüyə gələn Yunisoğlu nahar etdiyi kafedə Hümbət adlı keçmiş müəllimi ilə qarşılaşır. Və illərdir içində gəzdirdiyi, özündən gizlətdiyi ağrısı yadına düşür, yenidən onu incitməyə başlayır, bu ağrıya səbəb olan acı xatirələri onun yadına salır. Onu oxuduğu ali məktəbdən məhz bu müəlliminə görə, bu müəllimə dediyi sözlər ucbatından qovmuşdular. Hansı ki, o, həqiqəti söyləmişdi. Belə ki, Yunisoğlu Hümbət müəllimi yazdığı yazılara görə auditoriyanın qarşısında kəskin tənqid edir, onu “itdən alıb itə verir”, bu yazıların mənasız, əhəmiyyətsiz olduğunu deyir. Və bu da onun məktəbdən qovulmasına səbəb olur. Üstündən bir müddət keçəndən sonra qəribə əhvalat baş verir: Hümbət müəllim tələbələrdən Yunisoğlunu soruşur. Eşidəndə ki, onu qovublar təəccüblənir, sarsılır, hətta halı da pisləşir. Hümbət müəllim onun qovulmasının düz addım olmadığını qeyd edir, hətta Yunisoğlunu tərifləyib haqqında xoş sözlər də deyir.

Bunu eşidən tələbə yoldaşları Yunisoğlunun qaldığı evə gəlir, əhvəlatı ona danışırlar. Yunisoğlu bunu eşidib bərk təəccüblənir. Dostları ona Hümbət müəllimdən üzr istəməyi məsləhət görürlər. Yunisoğlu da onlarla razılaşır və üzr istəmək üçün Hümbət müəllimin evinə yollanır. Yolboyu müəlliminin etdiyi hərəkətini, onun necə mərd bir insan olduğunu düşünən Yunisoğlu Hümbət müəllimin evinə çatanda bərk yanıldığını, aldandığını başa düşür və bundan sarsılır. O, Hümbət müəllimi görən kimi məsələnin nə yerdə olduğunu anlayır. Anlayır ki, Hümbət müəllim özünü tələbələrə müqəddəs göstərmək üçün bu cür oyun qurub. Hümbət müəllimin sarsılması, halının pisləşməsi, sən demə, hiylə imiş, o bununla tələbələrə özünü sevdirmək, onu isə gözdən salmaq istəyirmiş. Yunisoğlu yanıldığına bir daha əmin olur — Hümbət müəllim onu təhqir edərək qapıdan qovur.

Bundan sonra Yunisoğlunun öz-özüylə mübarizəsi başlayır, tərəddüdləri baş qaldırır. O, uzun müddət etdiyi hərəkətin doğru olub-olmadığı haqda düşünür. Görəsən, o, Hümbət müəllimi yazdığı yazılara görə tənqid etməkdə haqlıydımı? Axı o, bunu ədəbiyyatı sevdiyi üçün etmişdi. Ədəbiyyat bu cür yazılarla murdarlanmasın deyə etmişdi. Amma bunun üçün başqa yol, ikinci yol da vardı axı - o, gözləyə bilərdi, ali məktəbi bitirər, akademiyada işə düzələr, nüfuz sahibi olardı. Və məhz bundan sonra Hümbət müəllimlə görüşər, ya da zəng edib yumşaq şəkildə iradlarını bildirərdi. O zaman onun məktəbdən qovulma təhlükəsi də olmayacaqdı, həmin vaxt o, nüfuzlu bir şəxs olacaqdı. Bunları düşünə-düşünə Yunisoğlu anlayır ki, o düz edib. Anlayır ki, onun kimi insanlar heç vaxt ikinci yolu gedə bilməz. O, bu yolu “biclik” adlandırır. Yunisoğlu başa düşür ki, namuslu hərəkət edib, bicliyi özünə yaxın buraxmayıb. Əgər ikinci yola əl atmış olsaydı, biclik namusunu üstələyəcəkdi və o, bu cür bic həyata öyrəşəcəkdi. Həmişəlik öyrəşəcəkdi.

Yazıçı əsərin bu yerini o qədər canlı, o qədər dolğun təsvir edir ki, oxuduqca ləzzət alırsan və bu ləzzətin ömrünü uzatmaq üçün təkrar bir də oxuyursan. Oxuduqca Yunisoğlu ilə birgə bu tərəddüdləri sən də yaşayırsan.

Bəli, Yunisoğlunun getdiyi yol hər kəsin seçəcəyi, gedəcəyi bir yol deyil. Bu yolun öz yolçuları var.

Haqlı olduğuna əmin olan Yunisoğlu bir müddətdən sonra doğulduğu kəndə qayıtmalı olur. İlk vaxtlar kəndə öyrəşir, rahatlıq tapır. Amma bu da uzun çəkmir, şəhər üçün qəribsəməyə, şəhər həyatı üçün darıxmağa başlayır. Eyni zamanda bunu da başa düşür ki, o, nə şəhərdə, nə də kənddə yaşaya biləcək. Anlayır ki, hər iki mühit onu sıxacaq. Kənd camaatının ona yazığı gəldiyini hiss edən Yunisoğlu kənddə daha da sıxılmağa başlayır. Bu sıxıntıların onu yorduğunu, ümidsiz etdiyini görən Yunisoğlu kəndin yoluna üz tutur. O yola ki, onu şəhərə aparacaq, bu sıxıntılardan xilas edəcəkdi. O yola ki, şəhərdə sıxılanda yenə bu yol onun dadına çatacaq, onu şəhərin darıxdırıcı mühitindən azad edib kəndə qaytaracaqdı. Beləliklə, Yunisoğlunun yol ömrü başlayır. Kənddən şəhərə, şəhərdən kəndə yol.

Əsərdə maraqlı məqamlar, fikirlər çoxdur. Hətta, boldur desəm, yanılmaram. Məsələn, kənd mağazasına siqaret almağa gedən Yunisoğluna kənd camaatı qəribə sual verir. Soruşurlar ki, necə olur ki, əvvəllər kənddə həkim yox idi, xəstə də olmazdı. Amma indi bir neçə həkim ola-ola xəstəliyimiz də artır. Sualdan təəccüblənən Yunisoğlu anlayır ki, bu cür sualların cavabı olmur. Camaat bu cür sualları başını qatmaq, qarşısındakını çıxılmaz vəziyyətdə qoymaq və bununla da özlərinə haqq qazandırmaq üçün verir. O, bütün bunlara rəğmən başa düşür ki, bu sualları cavabsız qoymaq da olmaz. Amma elə bir cavab vermək lazımdır ki, sonradan bu cavaba görə onu ələ salmasınlar, lağa qoyub dolamasınlar. Və Yunisoğlu bu suala cavab tapır: “Qabaqlar hərənin qapısında bir arı yeşiyi vardı, bu da elə on həkimə dəyərdi.”

Yunisoğlunun 4 ildən sonra şəhərdə əvvəllər kirayə yaşadığı evə gəlməsi, ev sahibi Aslanla görüşməsi və Aslanın ona danışdığı sarsıdıcı əhvalat əsərin ən təsirli səhnəsidir, məncə. Məhz Aslanın Polina ilə bağlı danışdığı bu qeyri-adi və dəhşətli əhvalat Yunisoğlunu həyatında dəyişiklik etməyə vadar edir. Və o, bu əhvalatdan roman yazmaq qərarına gəlir. Əhvalatın sonunda Aslanın ona dediyi sözlər də ibrətamizdir:

“Düşməndən küsə-küsə özünü məhv elədin. Mən bunu başa düşə bilmirəm: axı, düşməndən nə cür küsərlər, nə cür umarlar? Adam gərək öz dərdinə hörmət eləsin.”

Əsərin sonluğu da gözlənilməz hadisə ilə bitir. Və oxucu istər-istəməz bu cür sonluğa görə yazıçını qınamır, əksinə, ona haqq da qazandırır. Çünki bu, belə də olmalıydı.

Comərd Qaya

# 2911 dəfə oxunub

Müəllifin son yazıları

# # #