İntihar edən akademikin Quran yanlışı

İntihar edən akademikin Quran yanlışı
29 may 2018
# 17:09

Bir yanlışın iziylə

110 illik yubileyi qeyd edilən akademik Heydər Hüseynova həsr edilərək, demək olar ki, bu barədə özündən əvvəlki yazıları ümumiləşdirməklə kifayətlənməyib dəyərli münasibətinin də əks olunduğu professor, dosent, f.e.d. Arzu Hacıyevanın olduqca sanballı “Akademik Heydər Hüseynov” monoqrafiyası XX əsrdə Sovet dönəmi ilə maraqlananların və xüsusən də fəlsəfə tarixi sahəsində çalışan mütəxəssislərin, bütövlükdə isə hər bir alim - tədqiqatçının diqqətini özünə çəkməyə bilməz. Sözügedən əsərin təsir dairəsinə düşmüş tədqiqatçıtək, biz də, vaxtilə Bakı Dövlət Universitetinin Fəlsəfə ixtisasında təhsil alarkən “Heydər Hüseynov adına” təqaüdçü kimi və çox maraqlıdır ki, elə bu kitabdan unudulmaz müəllimimiz, görkəmli filosof, elmi rəhbərim olmuş professor Cəmil Əhmədlinin də vaxtilə akademikin tələbələrindən biri olduğunu nəzərə alıb birinci məqaləmizi bütövlükdə monoqrafiyada qaldırılmış məsələlərə həsr etdiyimiz təqdirdə, bu mövzudan qaynaqlanan sayca ikinci məqaləmiz isə prof. dos. A.Hacıyevanın akademik Heydər Hüseynovun irsindən aşkarladığı və həqiqətən də yanlışlığı danılmaz olan bir məsələyə həsr edilmişdir.

Akademik Heydər Hüseynovun faciəli aqibətinə səbəb olmuş “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabına obyektiv meyarlar əsasında yanaşmağa nail olmuş A.Hacıyeva onun dahi şairimiz Məhəmməd Füzulidən bəhs edərkən yazır ki, “Rast gəldiyim daha bir, bu dəfə ciddi yanlışlıq alimin “Mətləül-etiqad”dan seçdiyi, qədim yunan filosofu miletli Falesin aləmin mənşəyi haqqında baxışları ilə tanış edən iqtibasıdır”. Oxucuları bu iqtibasla tanış etmək üçün tədqiqatçı akademik Heydər Hüseynovun sözügedən əsərinin həm rus dilindəki, həm də Azərbaycan dilinə edilmiş tərcüməsinə istinad edərək yazır: “Burada deyilir: “Miletli Fales üçün ilk ünsür sudur, çünki o, hər cür şəklə düşə bilir. Onun sıxılmasından torpaq, saflaşmasından od və hava, odun tüstüsündən göy əmələ gəlmişdir... Onun (Falesin – H.H.) taxtı suyun üzərində idi”. Daha sonra bu parçaya münasibət bildirən A.Hacıyeva qeyd edir ki, “Doğrusu, müəllifin mötərizədəki izahı ilə “Onun” sözünü Falesə aid etməsi xeyli anlaşılmazlıq yaradır. Düşünürsən ki, filosof Fales hər halda adi insan olmuşdur, bəs elə isə nə üçün onun taxtı varmış və bu necə taxt imiş ki, suyun üzərində dururmuş və buna səbəb nə idi?!” Məsələni araşdırmış tədqiqatçı müəyyənləşdirir ki, “Həmin iqtibas Zərinəzadənin tərcüməsində belə səslənir: “Rəvayətə görə, Fales demişdir: “İlk ünsür sudan ibarətdir, suyun hər bir şəklə düşmək qabiliyyəti olduğuna görə, onun sıxlaşıb bərkiməsindən yer, durulmasından (incələşməsindən) od və hava əmələ gəlmişdir. Göy isə odun tüstüsündən törəmişdir”. Bu (fikir) isə Tanrının dediyi “Onun (Allahın – R.M.) ərşi su üzərində idi” sözünə uyğundur”. Bundan sonra A.Hacıyeva əminliklə bildirir ki, “İndi tamamilə aydın olur ki, “Onun” sözü Falesə yox, Allaha aiddir. Belə ki, “Onun ərşi su üzərində idi (kursiv bizimdir – R.M.)” sözləri Quranın Hud surəsinin 7-ci ayəsindəndir. Görürük ki, yuxarıdakı iqtibasda Füzuli dünyanın başlanğıcının su olduğunu deyən Falesin görüşləri barədə rəvayəti danışdıqdan sonra öz şəxsi mülahizəsini bildirib, Falesin bu görüşləri ilə Allahın Sözü arasında uyğunluğu nəzərə çarpdırır”. Yeri gəlmişkən bunu “...çox məntiqli analogiya...” hesab edən A.Hacıyeva Qurani-Kərimin mərhum akademik Z.Bünyadovun və akademik V.Məmmədəliyevin Bakıda Azərnəşrdə 1991-ci ildə çap edilmiş nüsxəsinə istinad edib, hətta iki yerdə kursiv verərək ayəni təqdim edir: “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağınızı sınayıb bilmək üçün göyləri və yeri yaradan Odur...”

Daha sonra bu ayəyə bir növ təfsirini əlavə etmiş tədqiqatçıya görə, “Yəni su Allahın altı günə yaratdığı göylərdən və yerdən əvvəl mövcud olmuşdur, çünki Allahın ərşi, yəni taxtı suyun üzərində idi”. Yenidən akademikin istinadına diqqət yetirən A.Hacıyeva soruşur ki, “Bəs Heydər Hüseynovun səhvinin səbəbi nədə idi?”. Göründüyütək tədqiqatçı akademikin yanlışlığını deyil, bütövlükdə əsər boyu etdiyi tək bu səhvi törədə biləcək səbəbi axtarır. Bu isə demək olar ki, Azərbaycan fəlsəfə tarixini ilk dəfə olaraq sistemli şəkildə tədqiq etmiş və beləliklə də ölkəmizdə Fəlsəfənin inkişafına böyük tövhələr vermiş, hətta davamçısı olduğum akademiyanın müxbir üzvü mərhum Zakir Məmmədovun qeyd etdiyi tək “...sırf elmi-fəlsəfi irsimizin varlığını elan etmiş və nəhayət Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən də Fəlsəfə institutunun qurucularından biri kimi akademik Heydər Hüseynovun əziz xatirəsinə ən gözəl bir jest kimi qəbul edilməlidir.

Bu məntiqlə fikrini davam etdirmiş A.Hacıyeva izah edir ki, “Əlbəttə, ərəb mətnlərində durğu işarələrinin (iki nöqtə, dırnaq və i.a.) yoxluğu ucbatından tərcüməçinin ayrı-ayrı şəxslərin sözlərini bir-birinə qarışdırması mümkündür. Amma mənə elə gəlir ki, o (akademik Heydər Hüseynov – R.M.), qəsdən bu addımı atmışdı, çünki kortəbii materialist, Aristotelin “bütün mövcudatın ilkin maddi başlanğıcı problemini ilk dəfə dürüst ifadə edə bilən birinci “filosof” adlandırdığı Falesin fikirlərinin Quran ayəsi ilə təsdiq edilməsi dinlə daim mübarizə aparan ateist dövlətində yolverilməz idi və Fizülinin özünə şərəf gətirməyəcəkdi”. Bu məqama akademik Heydər Hüseynovun Fizülinin “Mətləül-etiqad” əsərindən gətirdiyi digər iqtibaslarda da rast gəlindiyini izah edən tədqiqatçı ümumiləşdirir ki, “Əslində o (Heydər Hüseynov – R.M.) yaşadığı Stalin dövrünə güzəştə gedir...”. Doğrudan da yaşadığı dövrün ideoloji sərtlikləri çərçivəsində bu cür yanlışlığa yol vermiş akademikin mövqeyi anlaşılan olduğu təqdirdə vaxtilə Platonun Parmenid dialoqunda təsvir etdiyitək Zenonun gənc Sokrata aid edərək əslində onun fitri istedadını dəyərləndirmiş “lakon tulaları kimi” ifadəsi anlamında sözügedən yanlışlıq göz önündə ikən biz bu izə düşməyə bilməzdik. Çünki, bu təhrifdə söhbətin həmişə elmi maraq dairəmizdə saxlamağa çalışdığımız müsəlman sivilizasiyasının başlıca mənbəyi olan Quran ayəsindən getdiyini və həmin yerdə də açıq – aşkar həm antropomorfik – sifati, həm də qədim dövr mifoloji təsəvvürlərlə (məsələn, qədim Misir tanrısı Ptah su üzərində taxtda oturmuş tanrı kimi) birbaşa səsləşən məqamlar olduğunu nəzərə alıb məsələyə münasibət bildirmək istərdik.

Öncədən vurğulayaq ki, A.Hacıyevanın bu məsələdə istinad etdiyi Quran tərcüməsindəki mənaya yaxın, amma demək olar ki, hamısında “kürsüsü su üzərində ikən (olan)” ifadəsi işlədilmişdir. Halbuki, bu cür tərcümə təkcə Azərbaycan dilində deyil, başqa dillərdə də təkrarlanmaqdadır. Üstəlik, Quranın müxtəlif dövrlərə aid təfsirlərinə müraciət edərkən də burada ərşin “taxt”, “kürsü” anlamına üstünlük verilərək ayənin yuxarıda təqdim edilən mənada izah edildiyinin, lakin bəzilərində bu sözün fərqli tərcüməsinə də rast gəlindiyi kimi, ümumiyyətlə nə “ərş”, nə də ki, “su” anlayışlarının aydın olmadığını və İlahi bir sirr – transsendent olduğunu qeyd edənlərin də şahidi ola bilərik. Biz bütün bunları tədqiq edərək münasibətimizin əks olunduğu Quran mətnində hərfi və məcazi məna probleminə həsr edilmiş geniş həcmli məqaləni gələcəkdə nəşr edəcəyimiz təqdirdə, burada yalnız bəzi qənaətlərimizi ifadə etmək niyyətindəyik. Odur ki, fikrimizcə, yuxarıda ötəri olaraq xatırladığımız qədim dövr Misir tanrısı Ptah haqqında dinşünas alim, fəlsəfə tarixçisi, dosent, fəlsəfə elmləri doktoru Aydın Əlizadə bəhs edərkən bununla Qurandakı Taha sürəsindəki ayənin səsləşdiyini qeyd etməklə heç də yanılmır. Həqiqətən də, qədim dövr mədəniyyətlərinə aid sanballı yazıların müəllifi olan tədqiqatçının məntiqinə görə bir tərəfdən bu cür təsəvvür əvvəla qədim Misirdə monoteistlik elementlərinin olduğunu aşkarladığı kimi, eyni zamanda da Quran mətninin də İlahi tərəfindən endirilməsinə baxmayaraq bu cür elementlərdən təsirləndiyini iddia etməyə əsas verir. Belə ki, A.Əlizadə qədim Misir ilahiyyatına həsr etdiyi məqalədə yazır ki, “Şabakanın mətnində Ptahın həm də taxtının (kürsüsünün) üzərində olduğu haqqında deyilir ki: “Böyük taxtın üzərində olan Ptah...”. Oxşar məqamın xristianlıq və İslamda da rastlandığına işarə edən müəllif davam edir ki, “Bu məqama ... sonralar monoteist dinlərində rast gəlinir. Məsələn, Quranda bir neçə dəfə Allahın ərşinin (taxtı, kürsüsü) olduğu haqqında deyilir: “Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir)”. Halbuki, elə A.Hacıyeva kimi A.Əlizadənin də etibar edib istinad etdiyi bu Quran ayəsinin tərcüməsi də ərəb orjinalından kəskin şəkildə fərqlənməkdədir. Belə ki, nəinki Taha sürəsində, Quranın heç bir yerində (tərcümələr, məallar, təfsir və hədislər istisna olunmaqla), “ərşin yaradılması” və ya başqa sözlə deyilərsə, “ərşin xəlqi” ilə rastlaşmaq mümkün deyildir. Üstəlik, sözügedən Taha sürəsinin 5-ci ayəsində yeralmış “istəva” sözünün hərfi “oturmaq” mənasına üstünlük verməyən əksər müəlliflər əslində bu ayənin özündən əvvəlki 4-cü ayə ilə əlaqəsiz bir şəkildə haradansa “yaradıb” sözünü istifadə edərək “ərşi...hökmü altına almışdır (ərşə hakimdir)” ifadəsini seçməkdədirlər. Dildə metonomiya kimi dəyərləndirilən bu halın izahına münasibət bildirmək niyyətində olmasaq da, biz də bir çoxları kimi bütövlükdə Quranda məcazın mümkünlüyünü əldə rəhbər tutub yenidən Hud sürəsinin 7-ci ayəsinə müraciət etsək, bu və digər məqamlarla əlaqədar yuxarıda söhbət açdığımız Quran tərcümələrinində və bütövlükdə dini ənənədə Allahın antropomorfist – sifati anlamından fərqli mövqe sərgilənməsini mümkün hesab edirik. Bu baxımdan da biz, ən azından Quranın mümkün tərcümələrindən biri kimi doğru hesab edilə biləcək və elmi, fəlsəfi əsaslandırılmasına hazır olduğumuz münasibətimizi oxucuların müzakirəsinə təqdim edirik.

Əvvəlcə vurğulayaq ki, Quranın qələmə alındığı ərəb dilində Raşidi xəlifələr dönəminə aid edilən və birbaşa müqəddəs mətnlə əlaqədar olan hərəkə sistemi, o cümlədən də xüsusi anlamı olan işarələr mövcuddur. Üstəlik mövzumuzun aid olduğu Quranın Hud sürəsində 7-ci ayənin ərəb orijinalına baxdıqda “ərşi (taxtı, kürsüsü) su üzərində ikən (olan)” ifadəsinin birgə deyil, aralarında vergüləbənzər bir işarənin qoyulduğu diqqətimizi çəkməyə bilməz. Bu və digər səbəblərdən fikrimizcə, ayənin ilk vəqf (durma, dayanma) yerinə qədər olan hissələrinin birgə deyil, ayrı-ayrı parçalar kimi nəzərdən keçirilməsi daha doğru olardı. Beləliklə də, 1) heç də sözügedən ifadə birgə deyil, ən doğrusu ayrı-ayrılıqda, amma bir-birinə həmcins üzvlər kimi tərcümə edilməlidir. Həmçinin, 2) ərəb dilinə aid lüğətlərə diqqət edərkən yuxarıda adları qeyd edilmiş sürələrin məlum ayələrində qeyd edilmiş “ərş” sözünün, xüsusən də, Hud sürəsinin 7-ci ayəsində təkcə “taxt”, “kürsü” anlamını vermədiyinin şahidi ola bilərik. Belə ki, bu söz istifadə edildiyi mətnin tələblərindən irəli gələrək “örtük”, “dam”, “qübbə” anlayışlarını da ifadə edə bilər. O cümlədən də, 3) “alə” sözünün də “üzərində” tərcüməsi ilə yanaşı, burada “suyun üzərində” şəklində tərcümə edildiyitək, bəzi ifadələrdə “kimi”tək, yəni “su kimi”, “saf”, “açıq - aydın” mənalarını verən şəkildə də tərcümə edilməsi mümkündür. Və nəhayət, 4) ayədə yeralmış “liyəbluvakum” ifadəsinin kök olaraq “bələun” sözündən əmələ gəldiyini nəzərə alıb yenə də lüğətdə bu sözün təkcə “imtahan”, “sınamaq” mənasını deyil, o cümlədən də “aşkarlamaq”, “ortalığa çıxartmaq” anlamı ilə də qarşılaşa bilərik. Bütün bu deyilənləri nəzərə alıb, hələ üstəlik ayədə yeralmış hər iki ifadənin: həm “ərşi”, həm də “su üzərində ikən (olan)” məcazi mənada işlədildiyini güman edib, onların hər ikisini doğru hesab etdiyimiz ekvivalentlərlə əvəzləsək, xüsusən də Qurandakı üslübu saxlamaqla aşağıdakı tərcüməmizi təqdim edə bilərik: “Və O (Allah) xəlq edəndir səmaları və yeri altı gündə [sanki onların] qübbəsitək, su kimi (saf, açıq - aydın) aşkarlayandır hansı birinizin daha gözəl əməl sahibi olduğunuzu...”.

Bu tərcümədən göründüyütək, ayədə Allah altı günə xəlq etdiyi göylərin və yerin məcazi mənasında “qübbəsitək”, yəni başqa bir deyimlə, “örtüyü”, onları “əhatələyən”, başqa bir deyimlə onları “idarə edən”, “himayə edən” kimi adlandırılıb insanlardan hansı birinin daha çox gözəl əməl və ya itaət, bir sözlə təqva sahibi olduğunu sanki “su kimi” “saf”, “açıq - aydın”, bir başqa deyimlə ifadə etsək, “doğru - dürüst” aşkarladığını anlamış oluruq.

Belə bir tərcümə əlbəttə ilk baxışdan müəyyən qədər əvvəlki sələflərinin birbaşa gözə çarpdırdıqları antropomorfist – sifati təsəvvürləri xatırlatsa da, mətndə verilən məcazlarla ayə tamamilə anlaşıqlı və ən başlıcası ardıcıl monoteist bir anlamı daşımış olur. Bu isə Quranın ümumi ruhu ilə vəhdət təşkil edib onun yenə də bəşər sözü olmadığına, Tanrı kəlamıtək müqəddəsliyinə bir daha dəlalət etmiş olur. Üstəlik, fəlsəfi dünyagörüşün də imkan verdiyi məsələyə hermenevtik yanaşma metodu özünü burada bir daha doğruldaraq elmi dünyagörüşün həmişə nail olmağa can atdığı obyektivliyin təntənəsini təmin edir. Bütövlükdə biz, bu məqamın akademik Heydər Hüseynovun irsini mükəmməl bir şəkildə tədqiq etmiş A.Hacıyevanın eyni adlı əsəri ilə əlaqədar ortalığa çıxdığı kimi, elə kitabda xatırlanmış Aristotelin formal məntiqində iki yanlışlıqdan doğru hökmün hasil olduğu həqiqətinə də istinad edib mövqeyimizin daha məqbul olduğuna böyük ümidlər bəsləməkdəyik.

AMEA Fəlsəfə İnstitutu Multikulturalizm və tolerantlığın fəlsəfəsi şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Radif Heybət oğlu Mustafayev

# 1728 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #