Ölkə başçısı yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Yazıçılar Birliyinə 800 min manat ayrılıb.
Azərbaycan Yazıçılar İttifaqının sədri Anar Rzayev deyib ki, sərəncam yeni verilib, hələ müzakirə aparmamışıq, yəqin vəsaitin hamısı yazıçılara xərclənəcək, ayrı heç yerə xərclənməyəcək.
Kulis.az məsələ ilə bağlı yazarların müraciətini öyrənib. Cavabları təqdim edirik:
Aqşin Yenisey
Şair
“Mən Yazıçılar İttifaqının üzvü deyiləm, heç vaxt da olmayacağam. Ona görə orada nə baş verdiyi ilə heç vaxt maraqlanmıram. Mənə görə ədəbiyyatımız bu ittifaqdan həmişə xeyirdən çox ziyan görüb. Çoxdan ləğv olunmalı və yerində şəxslərə deyil, əsərlərə kömək edəcək yeni bir ədəbi struktur yaradılmalı idi”.
Rasim Qaraca
Şair
“Ədəbiyyata maddi dəstək verilməsi müsbət hadisədir. Lakin bu pullar necə xərclənəcək, ədalətli bölgü olacaqmı? Məsələnin bu tərəfi mübahisəlidir. Bildiyiniz kimi, hal-hazırda Yazıçılar Birliyindən kənarda da ciddi ədəbi qüvvələr var. Hətta demək olar ki, müasir Azərbaycan ədəbiyyatı hadisələri Yazıçılar Birliyindən kənarda baş verir. Bəs bu kənardakı yazıçıların sosial müdafiəsi necə olsun? Yazıçılar Birliyinin ədəbiyyat kriteriyaları ən az 30-40 il köhnəlib. Müstəqillik dövrünün ədəbi dəyərləri fərqlidir. Nə zamansa 5 mərtəbəli evlər Bakıda ən yüksək sayılırdı. insanlar 6-cı mərtəbəni xəyal edirdi, indi isə Bakıda göydələnlər ucaldılıb. Dövr dəyişib və estetik dəyərlər də dəyişib.”
Əsəd Cahangir
Tənqidçi
“Anar müəllim deyibsə ki, yazıçılar üçün xərclənəcək, demək elə də olacaq. İndi Anar pul üçün durub yalan informasiya verməz ki... Bu pulu Anar müəllim ehtiyacı olan yazıçılara xərcləyəcək. Məsələn, birinin kitab çıxarmağa ehtiyacı var, birinin müalicəyə, biri kirayə pulunu verə bilmir, biri oğlunu evləndirə bilmir və sair və ilaxir. Anar müəllimin bu pulu yazarlar arasında ədalətlə bölüşdürəcəyinə inanırıq”.
Zahir Əzəmət
şair
“Ora 8 milyon da ayrılsa heç nə dəyişməyəcək. Çünki strukturun özü, təşkilatın mahiyyəti, fəaliyyət prinsipləri yanlışdır”.
Günel Natiq
Yazar
“Səhhətində problem olan yazarların müalicəsinə sərf olunsa böyük xidmət olar. Səhiyyəmizdəki vəziyyət göz önündədir. Adi maaşla xəstəxanalara yaxın düşmək mümkün deyil. O ki, qaldı qələm sahibləri ola. Məncə pulun bir qismi bu işə ayrılmalıdır”.