Müharibə zamanı eşqə düşənlər

Müharibə zamanı eşqə düşənlər
9 yanvar 2015
# 13:23

Mübarizə meydanı olan həyatda ən böyük faciə ümidsizlikdir. Ümidsizlik təkcə gələcəyə qorxu ilə, inamsız baxışın adı deyil, həm də keçmişə tutuna bilməməyin çarəsizlik ünvanıdır. Əgər gələcəyə ümidlə baxa bilmiriksə, sabahımız naməlumdursa, o zaman qaranlıq gecəmizi keçmişlə bağlı xatirələrin işığı, hətta dadı, qoxusu, rəngi ilə canlandırmalı, sabahın aydın ümidinə sarılmalıyıq. Necə ki, Rasim Qaracanın “On bir gecə” əsərində tağım komandiri Çingiz mühasirəyə düşmüş tağımını ümidsizlik girdabından qurtarmaq üçün belə bir təklif edir: “Hər kəs ilk sevgisindən və ya qadınla ilk əlaqəsindən danışacaq”. (Rasim Qaraca “On bir gecə”,152 səh. “Alatoran” 2014, səh:8) Və beləcə, ümidlərin dalana dirəndiyi gecə də, on fərqli hekayət, on fərqli insanın dilindən nəql edilir...

Bu gün – post-sənaye çağında (Şərqin bu dövrü yaşayıb-yaşamaması müzakirə mövzusu olsa da...) ədəbiyyatdan, sənətdən söhbət açmaq o qədər də maraqla qarşılanmır. Bunun üçün fəlsəfə istehsalına da hacət yoxdur. Əgər bioloji ünsiyyət virtual əlaqə vasitələri ilə yer dəyişdiribsə, ədəbiyyat da ən azından bayağı seriallarla əvəz olunub. Bu isə, zamanın təbii axarı ilə bağlıdır və insanlıq bunu mənəvi ehtiyac kimi mənimsəyir. Zənnimizcə, belə bir dövrdə ədəbi tənqid vacib bədii mətnləri təhlil obyektinə çevirməli və alternativ mənəvi ehtiyac mənbələrini - ədəbi əsərləri oxucu ilə tanış etməlidir...

Rasim Qaracanın “On bir gecə” əsərinin təhlil obyektinə çevrilməsi də bu zərurətdən doğdu. Əvvəla, onu qeyd etməliyik ki, son illər Azərbaycan ədəbiyyatında həyat gerçəkliklərinə bu qədər sadiq, insanın daxili aləminə enməyi bacaran, sadə və oxunaqlı dil materialına sahib hekayələr olduqca azdır. (Şərif Ağayarın “Xanım T” və cənublu yazıçı Ruqəyyə Kəbirinin “Ürəyim ağrıyır” hekayələr toplusu istisnadır. “Xanım T” hekayələr toplusunda güclü bədii ümumiləşdirmə müşahidə olunur, “Ürəyim ağrıyır” kitabında isə, özündən – mənəviyyatından uzaqlaşan və ya buna məcbur edilən insanların faciəsi əks olunur)

Bəli, “On bir gecə” Rasim Qaracanın ümumi yaradıcılığının zirvəsidir. Daha əvvəl hörmətli ədibimizin istər şeir, istərsə də nəsr yaradıcılığında bu cür məziyyətlərə şahid olmamışdıq. Hətta, bir az da səmimi olsaq, həm “Əyri evin qadını” həm də “Siz ey, oradakılar” kitablarında ədəbi meyarlar baxımından ciddi nöqsanlarla qarşılaşmışdıq. Bəs, “On bir gecə” əsərini əsl sənət örnəyinə çevirən məziyyətlər hansılardır? Cavab?! Cavabımız bir az uzun olacaq, yaxın oturun, vaxtınız bu mətnlə dəyər qazansın, xanımlar və cənablar.

Keçmişə səyahət, zamanlar arasında paralel rabitənin ədəbi şərhi, yazıçı idealındakı səmimiyyət, Qarabağ müharibəsində insan taleyinə fərqli aspektdən yanaşma kimi keyfiyyətlər Qaraca nəsrində təzahür edir və yeni anlam qazanır. “On bir gecə” fərqli zaman dilimlərini bir ortaq məxrəcdə birləşdirir. Günümüz, müharibə dövrü və müharibədən öncəki dövrdə insan münasibətləri, eşq macəraları, qadınla ilkin ünsiyyət paradoksal ab-hava ilə təqdim edilir. Hekayələr zahirən müxtəlif insanların başına gələn hər hansı adi eşq macəraları təsiri bağışlayır. Ancaq əsərin ən böyük uğuru da bu sadəliyin bətnində gizlənir. Hər bir hekayə xəfif lirizmlə köklənən dərin psixologizmə əsaslanır.

Bütün bu nəzəri fikirlərimizi əyani olaraq sübut etmək üçün mətnin özünə nüfuz edək: Çingizin nəql etdiyi “Sarışın, bəyaz tənli bir qadındı...” hekayətində hər zaman üçün aktual olan psixoloji məqamlar əks olunur. Çingiz ilk dəfə ünsiyyətə girdiyi Nəzakət adlı qadından söhbət açır. Nəzakət ərindən boşanmış, tək yaşayan, kişilərlə sərbəst “ünsiyyət”ə girən bir qadındır. 19 yaşlı Çingiz qohumu Cəsarətin vasitəsi ilə Nəzakətlə tanış olur: “Maşının arxa oturacağında mənimlə yanaşı oturdu, aradabir söhbət əsnasında, heç nə olmamış kimi əlini dizlərimə toxundurur, eyni hərəkətləri Cəsarətin yanındakı adama da edirdi. Bu qadının fınış olduğunu başa düşürdüm. Ancaq bu məni o qədər də hirsləndirmirdi. Onun yanımda olmasından çox xoşbəxt idim... Görünür, Nəzakət də bunu hiss edirdi, lom udmuş kimi oturan bu cavan oğlanın, bütün varlığıyla onun təsiri altında olması qadına ləzzət eləyirdi”. (Rasim Qaraca “On bir gecə”,152 səh. “Alatoran” 2014, səh:11)

Çingiz Nəzakətin evindəki kef məclislərindən birinin sonunda qadınla ilk dəfə “tanış” olur. Daha sonra bu münasibət davam etsə də, bu iki insan arasındakı yaş fərqi, Çingizin Nəzakətin arzularına cavab verə bilməməsi və nəhayət, müharibənin başlaması onların ayrılmağına səbəb olur. İlk baxışda sadə, ucuz eşq hekayələrin xatırladır. Ancaq ağır müharibə şəraitində, mühasirədə olan bir gəncin ilk dəfə eşq yaşadığı qadınla bağlı xatirələrə bel bağlaması, gecənin zülmətində o qadınla yaşadığı aydın günlərin işığına sığınması və onunla bir də görüşəcəyini arzulaması olduqca düşündürücüdür.

Yəni, müharibənin verdiyi ağır, psixoloji məqamlarda insan ən kiçik xatirəyə belə ümid edir, onunla təsəlli tapır. Ağır savaş gecəsində Çingiz üçün ən böyük təsəlli mühasirədən qurtulub Nəzakətin yanına getmək arzusu olur. Yazıçı insanın keçmiş və gələcəklə bağlı əməl və arzuların girdabından xilas ola bilməyəcəyini bədii sözün ən dolğun və eyhamlı təsir dairəsi ilə rəsm edir.

Bəs, Nəzakət nə istəyir? Nəzakət, Nəzakət ona sahib çıxacaq, maddi və mənəvi ehtiyaclarını qarşılayacaq, bir sözlə, həyatına işıq tutacaq ömür yoldaşı arzulayır. Biz əsərdə bu istəkləri açıq şəkildə, feli olaraq görmürük. Lakin Nəzakətin əda və davranışlarında, simasında, üz cizgilərində, bunları duymamaq mümkün deyil. Bu keyfiyyətlər Qaraca nəsrinin miqyasını daha da genişləndirir və ona semantik çalarlar mündəricəsi qazandırır. Savaş öncəsi və sonrası Nəzakətlərin taleyi necə puç olur?! – sualına yazıçı, nə süni bəzək-düzəklə, nə də ki, publisistik diqtə yolu ilə cavab axtarmır. Xarakterlərin taleyi bütün çılpaqlığı ilə bizləri düşünməyə vadar edir. Mənəvi xaos və böhran dövründə “Sarışın, bəyaz tənli bir qadındı...” hekayəsi ədəbiyyatın imkan genişliyinə, bədii sözün təsir mexanizminin çoxşaxəliliyinə əyani sübutdur.

“On bir gecə” hekayələri içində ən ağrılı, sentimental duyumlarla yüklənmiş hekayət İlqarın danışdığı “Nasos stansiyasında işləyən adam” hekayəsidir. Bu hekayədə semantik mərkəz Adilə obrazıdır. “Eşitmə - danışma problemi” olan Adilə maddi imkansızlıqdan özündən 20 yaş böyük danışma qüsurlu Nəbi ilə ailə qurur. Nəbi gecə növbəsində işlədiyi günlər qonşu oğlu balaca İlqar Adiləyə “həyan” olmaq üçün onun yanında qalır. Gün keçdikcə Adilə ilə İlqar arasındakı münasibət daha da məhrəmləşir: “... artıq məni öz yanında yatızdırırdı... Qeyri-adi istilik idi bu. Sadəcə uzanıb xoşbəxtlik içərisində yuxuya gedirdik. Adilə anam deyildi, sevgilim də deyildi, adını bilmədiyim bir varlıq idi, həyatımda tanıdığım ilk və son qadın idi... Nəbini Adiləylə yatdığın düşünəndə içim sızıldayırdı... Ancaq 3 gündən bir, tam bir gecə bu qadın mənim olurdu. Üç gecə Nəbinin, yalnız bir gecə mənim...” (Rasim Qaraca “On bir gecə”,152 səh. “Alatoran” 2014, səh: 77, 78, 79)

Hekayədə dilsiz – ağızsız, fağır Adilə əri Nəbidən hər cür təhqir və şiddəti görür. Ata evinə çıxıb getsə də çarəsiz geri dönür. Nəbiylə heç bir mənəvi bağı olmayan Adilə bütün sevgisini balaca İlqara verir. Adilənin İlqara olan münasibəti həm bir ana şəfqəti ölçüsündə, həm də bir kişiyə, mənəvi ünsiyyətə olan zərurət ölçüsündə əks olunur. Ancaq bu münasibətdə nə Adilə, nə də ki, İlqar həddi aşmır: “Adilə yavaşca boynumun arxasından öpərdi, bu, “artıq yat” demək olardı və mən şirin yuxuya gedərdim. Nəbi işdən günorta saatları qayıdardı. O vaxtacan yataq yığışılmış olardı... Adilə üçün bizim birlikdə yatmağımız gizli bir hal idi, səhər açılan kimi birlikdəliyimizin mümkün olan bütün izlərini itirərdi, mənim aynabənddə yatmış olmağım təəssüratı yaradardı... “(Rasim Qaraca “On bir gecə”,152 səh. “Alatoran” 2014, səh: 83, 84)

İlqar böyüyüb 16 yaşına gələndə Adilədən şübhələnən Nəbi gecəyarısı işdən evə gəlir və yataqda Adiləni yad kişi ilə - İlqarla görür və onu öldürür. Məhkəmədə İlqar həqiqəti açıb desə də, artıq hər şey gec olur: “Məhkəmədə mən də iştirak edirdim, ifadələr verirdim... Adilə mənim ikinci anam idi, deyirdim. Adilənin cəsədini yaran ekspertlərin rəsmi rəyinə görə qadın ümumiyyətlə bakirə olmuşdu” (Rasim Qaraca “On bir gecə”,152 səh. “Alatoran” 2014, səh: 84, 85)

“Nasos stansiyasında işləyən adam” hekayəsi ərindən heç bir qayğı görməyən, nəvazişə, sevgiyə ehtiyacı olan qadınların faciəsini ekzistensial çıxılmazlıq fonunda bədii mətnin predmətinə çevirir. Hekayə bu janrın sərhədlərini aşır və roman janrının imkanları ölçüsündə bədii vüsət qazanır. Dolğun, lakonik həyat ştrixlərinin bədii inikası yazıçı təfəkkürünün geniş əhatə dairəsini göstərir.

Əlbəttə ki, “On bir gecə” kitabı 10 bir – birindən dəyərli hekayətlərlə zəngindir. Lakin digər hekayələrə qısa bir xülasə verməyimiz yetərli olacaq ki, bu kitabın ədəbi – estetik dəyər miqyası daha da aydınlaşsın: Həyat həmişə arzularımızın əksinə çıxır, (“Gecəyarı rəqqasəsi”) macəra axtarışının başa bəla olması, (“Gənclikdə belə səhvlər olur”) məhəbbət cəsarət istəyir, axı həyatın sürprizlərindən xəbərsizik (“Poxludərədə öpüşmə”), yalnızlıq və qadınla ilk təmasın unudulmazlığı (“Yol azmış iki nəfər”), ötəri, ani hisslərin ciddiyyətsizliyi ( “Başqa bir sevgili”), eşqin hüznlü sonluğu (“Film kimi həyat”), sevmədən ailə qurmanın aqibəti (“Sevginin nifrətə çevrilməsi”), təmas xəttində eşq yaşayanılar (“Çətini ölənəcəndi”) bütün sadaladığımız fikirlər adlarını çəkdiyimiz hekayələrin semantik estetikasını əks etdirir.

“On bir gecə” əsərində müəyyən kəsirləri də dilə gətirməyimiz vacibdir. Əsər dil baxımdan yetərincə cilalanmayıb və xarakterlərin fərdi cizgilərinin təsvirində dolğunluq və konkretlik əksikdir. Ümid edirik ki, Rasim Qaracanın növbəti əsərlərində yığcam, yatımlı ədəbi dilə, xarakterlərin, qələmə alınan həyatın koloritli təsvir və təhkiyə və daha yetkin yazıçı mövqeyinə şahid olacağıq.

Lakin ən son olaraq bildirməliyik ki, bu əsərdə obrazların eşq macəraları gözəllik duyumu və estetik zövq prinsipləri əsasında qələmə alınmışdır. Elə ədəbiyyat da hər şeydən öncə zövq sənəti deyilmi?!

# 1311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #