Unudulmuşların nağılı- Qoşqar Əhmədin hekayəsi

Unudulmuşların nağılı- Qoşqar Əhmədin hekayəsi
16 iyul 2022
# 15:00

Kulis.az Qoşqar Əhmədin hekayəsini təqdim edir.

Uzun müddət sonra xatirələrin nostalgiyası altında kəndimizə gedən avtobusda yerimi tutdum. O vaxtlar belə uzun səfərlərdə sevimli məşğuliyyətim ağacları saymaq, ya da bizim maşının neçə maşını ötə bildiyini hesablamaq olurdu Adətən bu statiska dəqiq olmurdu, çünki göz qapaqlarım məni yarı yolda qoyur, bir də adım səslənəndə dik atılıb, çatdığımızı hiss edirdim . Bu dəfə yol boyunca kənd xatirələri ağac kimi sıralanıb, beynimdə dolanırdı. Film lentinin hər kəsiyində bir səhnə axıb gedirdi.

O vaxtlar müharibədən yeni çıxmış, 1 milyon qaçqını olduğu televiziyada bar-bar bağırılan, qalan 5-6 milyonun da qaçqından tək fərqinin başını soxa bildiyi evi olmasının üstündən sükutla keçilən bir ölkənin vətəndaşları idik. Neftin pulları hələ gəlməmiş, Səddam Hüseyn asılmamışdı. Çayxanalardakı qızğın "debat"larda bu unudulmuş insanların bir qismi "kopoğlunun" sovetinin şanlı günlərinin xiffətini çəkir, digərləri yeni çəkilən neft kəməri ilə ölkənin bir anda Dubaya çevriləcəyindən gözləri işıldaya-işıldaya danışırdı. Hamı bu utopik xəyallarla həmfikir olandan sonra domino şaqqıltısı, kişi söyüşlərinin səsi otağı cənginə götürürdü. Hərdən maqnitofonda meyxanaçılar bir-birinə yağlı söz deyəndə kişilər möhtəşəm nənə zarafatından alınan estetik həzzin təsiri ilə anidən qışqırışır, dərhal başlarını oyunlarına çevirib sakitləşirdilər.

O zamanlar insanların rəsmi maaşları ancaq bir tay una yetirdi. Bəzi unsatanlar kisəni iynə ilə deşib, əlavə qazanc da yaradırdılar. Kəndlilər də tarlada hər kartof cərgəsinin arasına qarğıdalı əkir, üyüdüb, türfə nemət olan buğda unu ilə qarışdırırdılar. Sapsarı qızıl külçəsinə bənzəyən çörəyin arasına pendir, yağ qoyub, rezin çəkmələrimizlə dağda-daşda veyillənərdik. Xatirələrin qoxusu da olarmış...

İndi o çörəyin qoxusu bütün dünyanın ən gözəl parfümü kimi burnumdan getmir. Sensorlu telefon olmadığı üçün, başqalarının xəyal gücündən asılı deyildik, öz xəyal gücümüzlə istənilən əşyanı oyuncağa çevirə bilirdik. Köhnə radio qırıqları, kasetler, altına təkər qoyub, üst hissəsini kəsdiyimiz metal yağ qutuları əvəzsiz əyləncə mənbəyimiz idi. Hə, bir də futbol. Hərəmiz özümüzə bir futbolçu adını ləqəb seçmişdik, hətta bəzən eyni ləqəb üstündə davalarımız da olurdu. Məktəbdə də tənəffüslərdə futbol oynayırdıq.

Ən sevdiyimiz dərs, sözsüz, riyaziyyat idi. Müəllimimiz sınıq-salxaq "Jiquli"si ilə 'xaltura" ilə məşğul olur, biz də futbol ilə boş dərsi səmərəli keçirirdik. Bir də görürdün dərsin ortasında zəng gəlir, bizə bir-iki tapşırıq verib, dərsin ortasından müştərilərinin sifarişinə gedirdi. Biz də veteran topumuzu götürüb, qışqırışaraq futbolumuz oynayırdıq. Ən hörmətli uşaq, əlbəttə, topun yiyəsi idi. Bu toppuş uşağın xətrinə dəyməmək üçün hətta hücumda oynamasına icazə verir, etdiyi "faul"ları görməzdən gəlirdik. Topun özü də ayrı komediya idi. Qaba yamaqları ilə xam dərzinin əl işlərini xatırladırdı. Bəzən iki topun salamat hisslərindən yeni top əldə edirdik.

Müəllimlər otağımız əməllicə kolxoz bazarını xatırladırdı. Təhsil xadimlərimiz stolun üstünə gətirdikləri süd-qatığı, mələfələri, yorğan-döşək üzlərini sərir, "piştaxta" ətrafında qızğın ticarət başlanırdı. Arif müəllimin satmağa gətirdiyi toyuqlar "bazarın" ən ekzotik inqrediyenti sayılırdı. Hərdən qurtulub qaçan bivec cücələri koridorda teyləyir, əvvəl-axır döşəmədəki deşiklərin birində ilişib qalan cücələri aparıb təhvil verirdik. Mina tarlasını xatırladan döşəmələr xəritəni 100% dəqiqliklə əzbər bildiyimiz üçün bizi toyuqlardan avantajlı edirdi. Sanki müəllimlər dövlətin onlara verdiyi qəpik-quruşun intiqamını məktəbi toyuq hininə çevirməklə alırdılar. Ara yerdə isə, təəssüf ki, biz məsum uşaqlar savad baxımından "toyuqlaşırdıq". Sonralar şəhər məktəbində (daha səliqəli bazar) oxuyanda əhəng, toyuq və odun hisi iylənən məktəbdən ötrü hərdən darıxırdım.

Məktəbin ən zəngin uşağı Əhməd sayılırdı. Geyim-kecimi ilə bizdən fərqlənməsə də, gətirdiyi şirniyyatlar ilə qızların qəlbini fəth edə bilmişdi. Hamımız onun sərvətinə həsəd aparır, paxıllıqdan doğan nifrət hissi ilə heyif almaq üçün etdiyi dələduzluqları müəllimə çatdırırdıq. Biz isə yalnız Novruz bayramında onun zənginliyinə çata bilirdik..

Məncə, hər uşaq həyatın cılız mahiyyətini ilk dəfə qəbiristanlığa ayaq basanda dərk edir. Babamın vəfatı ilə bu məşum yerə ilk dəfə güzarım düşdü. Sonralar, deyəsən, daha çox bir-birimizə isinişdik, bizi sonda əbədi doğmalıq hissi ilə ağuşuna alacaq bu yerdə uşaq ağlımın imkan verdiyi fəlsəfi dayazlıqda varlığı və heçliyi saf-çürük edirdim. Nəticədə, ölümlü olmaq insanın ən müsbət keyfiyyətidir.

Həmin il bayramımız qara gəlmişdi, qadınların üzlərində dırnaq izi, kişilərin gözlərində ölüm sükutu vardı. Bütün ailə suyu qurumuş bulaq çuxuru kimi durğun və qəhərli idi. Nənəm əlinə keçən şirniyyatları, konfetləri, şamları, səmənini götürüb, mənim də köməyimlə qəbiristanlığa yollandıq. Bizim kəndin qəribə adətlərindən biri də bu idi. Bayramlarda qəbiristanlığa müxtəlif təamlar aparıb, şaman ədası ilə məzar daşlarının üstünə düzürdülər. Bu sonsuz 'ölüm süfrəsi" seli bayramın son günlərinə qədər uzayıb gedirdi. Nənəm də sanki bayram süfrəmizi bir neçə yüz metr uzaqlıqdakı qəbir daşının üzərinə köçürmüşdü. Qəbir daşlarının arasında vurnuxan molla bizi görüb dərhal şikarına tələsən yırtıcı heyvan çevikliyi ilə özünü yetirdi. İki "Məmməd" pulun verdiyi ehsasla kiril əlifbası ilə ərəbcə Quran yazılan kiçik kitabçasını çıxardı, şirin kənd ləhçəsi ilə "Yasin"ə başladı. Niyəsə mənasını bilmədiyim bu qafiyəli yad sözlər ab-havasına görə içimdə təlatümlər, səbəbsiz ürpərti və qorxu yaradırdı.

O an Adəmə alma yedirməkdən tutmuş, Xirosimaya bomba atmağa qədər bütün günahların yükünü kiçik çiyinlərimdə hiss edirdim. Baş daşları arasından səbirsizliklə bizim getməyimiz gözləyən uşaqlar gözə dəyməyə başladı. "Qənimət"lərə gözlərini zilləyib, aralarında xısın-xısın xəyali pay bölgüsü aparırdılar. Qəfildən gözüm bir tanış simaya sataşdı. Bu ki bizim "zəngin" Əhməddir. Yalnız o an mənə onun sərvətinin mənbəyinin comərd qəbir daşları olduğu aydın oldu. Göz-gözə gəldik, gözlərini qaçırıb, pörtüb qızarmış üzünü yana çevirdi. Bu mövzunu heç vaxt məktəbdə açmadım, sanki aramızda elan etmədiyimiz sirr idi. O da artıq gətirdiklərini uşaqlarla bölüşürdü. Təkcə mən o konfetləri yeyə bilmirdim. Hər dəfə o şirniyyatlara baxanda üz-gözünü cıran nənəm, ağlaşma, məzarlıq, baş daşları, molla, "Yasin" gəlib gözümün önündə dururdu. Sanki o gündən şirin şeylər şüuraltımda matəm libasında həkk olunub, bəlkə, buna görə şirniyyatdan bu gün də zəhləm gedir.

Sonradan nənəmdən öyrəndim ki, molla Əhmədin əmisi imiş. Məzarlığın yeganə yaşayan qonşuları onlar olduğu üçün, Əhmədgilin çörəyi ölülərdən çıxırmış. Atası qəbir qazmaqla bir çətən külfət dolandırır, anası isə kəndin ən "populyar" xeyir-şər aşpazı idi. Həmin ilin yayında biz şəhərə köçdük, bununla da Əhmədi bir daha görmədim. Yay tətillərində hərdən kəndə getsək də, onda da atasına məlum işində kömək etdiyi üçün onu görə bilmirdim. Artıq bizim də evimiz kənddəki qapısında ot bitən evlərin cərgəsinə qoşulacaqdı. Qəribədir, elə bil Yaradan bütün kəndə qarğamışdı. Hamının həyət-bacasını, hətta pilləkənlərini ot-ələf cənginə almışdı.

Bu dəfə isə uzun müddət sonra kəndə ilk gəlişim idi və səyahətimi hərbi komissarlığa borclu idim. Universitet bitən kimi, Vətənin yadına düşdüm ki, borcum varmış və yalnız əldə silahla bu borcu ödəyə bilərəm. Hərçənd bu borcun nə vaxt yarandığını və ya ən son dövlətin məni xoş səbəbdən nə vaxt yada saldığını xatırlamıram. Yeri gəlsə qarğıdalı şaxlarına daha çox borcum vardı, amma hər-halda cinayət məcəlləsi bu fikirlərimlə qətiyyən razılaşmır.

Bu xəyalların ağ-qara canlanması fonunda kəndimizi asfalt yolla birləşdirən torpaq yola çatdım və irəlidə təxminən 15 dəqiqəlik piyada yolum qalırdı. Mənə elə gəldi ki, bütün kənd, hətta bu kələ-kötür yol da mən böyüdükcə balacalaşmışdı. Bütün kəndi sanki büzüb, bir yerə yığmışdılar. Təkcə başında alat-alat qar görünən uzaqlardakı uca dağlar öz əzəmətini qoruyub saxlamışdı. Kəndin körpüsünə çatanda sanki başımdan qaynar su töküldü. Göz yaşı kimi dupduru sudan əsər əlamət qalmamışdı. Çayın ətrafını zibillik bürümüş, körpünün dirəklərində isə çirkli uşaq bezləri ilişib qalmışdı. Bu postmodern təbiət tablosu ürəyimi bulandırdı. İndi kəndlə bağlı bütün xoş xatirələrimi keçmiş zamanlarda ifadə etməli oluram.

Nənəm üçün gəlişim mötəbər bir bayrama çevrilmişdi. Məni duz kimi yalayıb, başıma üzərlik çevirəndən sonra ənənəvi brifinqinə başladı- sinfin dələduzu Sadıqı inəkləri satıb, polisə düzəldiblər, Tural işsiz-gücsüz kənddə veyillənir, Zakir mal-qara ticarətinə girişib, pulunu balta kəsmir. Bütün bunlar bir anlıq beynimdə boğuq uğultuya çevrildi, ürəyimə nəsə dammış kimi sözünü kəsib, Əhmədi soruşdum. Duruxdu, rəngi birdən dəyişdi, köksünü ötürdü, udqunub danışmağa başladı. Məktəbi bitirdikdən sonra dörd bacının bir qardaşı olan Əhmədi 3 il əsgərlikdən saxladıblar. Kişinin ömürlük saxlatmağa pulu çatmayıb, növbəti çağırışda yola salıblar. 4 ay sonra qara kağızı gəlib. Ölülərin illərlə saxladığı adama dirilər cəmi 4 ay baxa bilmişdilər.

# 2705 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #