Siyavuş Kərimi: “Senzura çox gözəl şeydir” – Müsahibə

Siyavuş Kərimi, musiqiçi

Siyavuş Kərimi, musiqiçi

28 oktyabr 2021
# 16:56

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kəriminin APA-ya müsahibəsi

- Bəstəkar Siyavuş, yoxsa məmur Siyavuş?

- Musiqiçi Siyavuş. Ümumiyyətlə, məmurluğa yaradıcı münasibət olarsa, məmurluq özü də bir yaradıcılıqdır. Yaradıcı adam adını daşımaq üçün mütləq yazıçı, şair olmağa ehtiyac yoxdur. Həkim də yaradıcı ola bilər. Müəllim də yaradıcıdır, çünki o da insan yaradır. Bunları kateqoriyalara bölmək düzgün deyil. Ancaq ən vacibi insan olmaqdır.

- Necə gedir həyatınız?

- Həm sənədlərlə işləyirəm, həm uşaqlarla işləyirəm, həm də notlarla... Yaradıcılıq da öz yerində.

- Görünür, pis yaşamırsınız.

- Mən çox yaxşı yaşayıram. Hər səhər duranda Allaha şükür edirəm ki, “Ay Allah minnətdaram ki, bu günü mənə bəxş elədin”. Hər günümə sevinirəm. Təbii ki, mənim də həyatımda çatışmayan nələrsə ola bilər. Amma bu gün bitir, sabah yeni gün başlayır. Düşünürəm ki, insan hər gününə şükür etməlidir. Bəlkə mənimlə razı deyilsiniz?

Siyavuş Kərimi

- Yox. Mən sizin kimi universitet rektoru deyiləm, axı. Sabahımdan narahat olmağa kifayət qədər səbəbim var.

- Görünür, bizim həyata baxışlarımız fərqlidir. Heç vaxt sabah haqqında düşünməyin. Sabah olacaq, yoxsa olmayacaq, bunu bilə bilməzsiniz. Bugünkü gün sizin ən gözəl gününüzdür. Dünənki gün getdi.

- Konservatoriyada işlər necə gedir?

- İşlər çox yaxşı gedir. Ancaq mən yenə də razı deyiləm. Çünki mən həmişə daha çox inkişaf istəyirəm. Bu, təbii haldır, belə də olmalıdır. Ümumilikdə götürəndə isə bugünkü vəziyyətimiz yaxşıdır. Yaxşı binamız, dərs otaqlarımız, alətlərimiz, yaxşı tələbələrimiz, populyar müəllimlərimiz var. Mən deyərdim ki, Azərbaycanda mövcud olan ali məktəblər arasında Milli Konservatoriya həcmcə kiçikdir, amma müəllimləri baxımından ən populyar ali təhsil müəssisəsidir. Çünki Azərbaycanın ən tanınmış insanları, Xalq artistləri, Əməkdar artistləri, televiziyada səhərdən-axşama gördüyümüz insanlar burada müəllimdir.

- O Xalq artistləri ilə işləmək özü də yüksək idarəçilik qabiliyyəti istəyir. Çünki yaradıcı adamların kaprizləri çox olur. Sizə çətin deyil?

- Razıyam, yaradıcı adamların kaprizi çox olur, burda olanların da demək olar ki, hamısı yaradıcı adamlardır. Hərəsinin öz dili var. Mən konservatoriyada işləyən müəllimlərin xətrini çox istəyirəm. Çox sağ olsunlar, onların da mənə münasibəti yaxşıdır. Tez-tez deyirlər, sən dahi adamsan ki, bu adamlarla dil tapa bilirsən, onlar səninlə yola gedir.

- Bəzən konservatoriyadan ayrılan ya da ayrılmalı olan müəllimlərin etirazlarını da görürük. Həmin etirazlara münasibətiniz necə olur?

- İşləmək lazımdır. Bu iş müqəddəs işdir. Bura gənc musiqiçi gəlir ki, bu sənəti öyrənsin. Eləsi var, ödənişli oxuyur, dövlətə pul keçirir ki, onu öyrədəsən. O tələbə üçün dərs deyilməlidir, özü də yüksək səviyyədə. Xalq artisti, digər adlar ölkə mədəniyyəti üçün görülən işlərin qiymətidir, onun təhsilə heç bir aidiyyəti yoxdur. Burda elə müəllimlərimiz var ki, onların fəxri adı yoxdur, amma yetişdirdikləri tələbələr bu gün Xalq artistidir.

Əslində, bu yerdə növbəti sualım başqa istiqamətdə olacaqdı. Amma birdən məni bu adamı yaşından xeyli cavan göstərən şuxluğu, gözündəki həyat eşqi maraqlandırır. Siyavuş Kəriminin baxışlarında anidən sezdiyim bu məqam məni bu sualı verməyə vadar edir. Çünki bilirəm ki, onun gözlərində gördüyüm işartının səbəb olsa-olsa, bu sualın cavabındadır.

- Siyavuş müəllim adam aşiq olanda necə olur?

- Dəli. (gülür) Əlbəttə, bunu zarafatca deyirəm. Bu, çox gözəl hisslərdir. Tanrı bu hissləri hər bəndəsinə qismət etmir. Elə bəndələr var ki, bilmir aşiq olmaq nədir. Elə bəndələr var ki, dəfələrlə aşiq olur. Belə adamlar xoşbəxt adamlardır. Aşiq olmaq, sevmək, sevilmək gözəldir.

- Xanımınız gözəldir. Gözəl zövqünüz var.

- Bilirəm. (gülür) Təşəkkür edirəm.

- Necə qərar verdiniz ki, məhz, bu qadın?

- Oldu da… Gözəllik yaxşı şeydir, amma düşünürəm ki, insanın daxili gözəlliyi daha vacibdir, bu da onda var.

- Birinci evliliyinizlə ikinci evliliyiniz arasında uzun məsafə var. Bir kişi üçün bu qədər uzun müddət tək olmaq çətin olmadı?

- Nə danışırsınız? Mən təkliyi çox sevirəm. Mən indi də təkliyə qaçıram. Mənim xoşum gəlir özümlə qalım, özümə irad tutum, özümə hesabat verim.

- Amma bir qadına həmişə ehtiyac var.

- Ona görə ikinci dəfə evləndim də.

- Amma gec evləndiniz...

- Olsun. İlhamə demişkən, yaşın nə fərqi var ki.

- Ailə dəyərlərinə bağlı adamsınız?

- Azərbaycan tərbiyəsinə görə, Allahdan sonra valideynlər gəlir, onlara peyğəmbər kimi baxılır. Məncə, valideynlərə o cür də münasibət bəsləmək lazımdır. Mən dünyanın bir çox ölkəsində, müxtəlif qitələrdə olmuşam. Valideynlərə qarşı müxtəlif münasibətlər görmüşəm. Məsələn, bəzi ölkələrdə övladlar valideynləri ahıl yaşda qocalar evinə qoyurlar. Düzdür, qocalar evində onların rahat yaşaması üçün hər cür təminat olur. Bir tərəfdən baxanda bu normaldır. Amma Azərbaycanda nə qədər yüksək səviyyəli qocalar evi olsa da, bu, normal qəbul olunmur. Övlad deyir ki, niyə mən ola-ola valideynim qocalar evində olmalıdır?

Şəxsən mən də o cür düşünürəm. Valideyn mənə həyat verib, mən onları on beş dəqiqə görməyəndə ürəyim partlayırdı. Mən onu necə başqasının himayəsinə buraxa bilərdim ki... Bu, heç vaxt ola bilməzdi, olmadı da. Ümumiyyətlə, mənim valideynim niyə məndən qıraqda olmalıdır ki?

- Amma bu gün sizin oğlunuz Emin sizdən xeyli uzaqda - Amerikadadır.

- Bilirsiniz, burda artıq vəziyyət dəyişir. Mən ona yaxşı baxmıram ki, övlad 40-50 yaşına qədər atanın yanında olsun, onun problemlərini ata həll etsin. Mən bunu düzgün hesab etmirəm. O yaşda övlad artıq özü atanı himayə etməlidir. Bu gün mənim övladım məndən uzaqdadırsa, mən onu görə bilmirəmsə, ancaq o xoşbəxtdirsə, bu, mənə bəsdir. Eminin Amerikada ailəsi, öz işi, bir sözlə, bir həyatı var. Əgər o mənim yanımda qalıb, kefsiz olacaqsa, bu, mənim üçün dərd olardı. Bilirəm ki, o, orda yaxşıdır, orda xoşbəxtdir. O xoşbəxtdirsə, mən də xoşbəxtəm.

- Siz 70-ci illərdə “Aşıqlar” qrupunda çıxış etmisiniz. Özünüz də saz çala bilirsiniz.

- Mən, əslində, tar çalırdım, amma tara yaxın olan bütün alətləri də ifa edə bilmişəm. Saz da həmçinin.

- Bu gün sazı daha çox “palatka toylarında” görürük. Saz yanlış adamların əlinə düşüb, yoxsa biz ona qiymət verməyi bacarmırıq? Səbəb nədir?

- Azərbaycan musiqi mədəniyyəti iki böyük sütun üzərində qurulub: bunların biri aşıq-ozan, digəri muğam mədəniyyətidir. Aşıq-ozan mədəniyyəti muğam mədəniyyətindən daha öncə yaranıb. Aşıq musiqisi çox böyük mədəniyyətdir. Bizim öz mədəniyyətimizi necə təbliğ etməyimiz bu işdə böyük rol oynayır. Misal üçün, oğlanlar ən çox idman dərsini sevir. Əgər bir oğlan idman dərsindən qaçıb riyaziyyat dərsinə gedirsə, bu, riyaziyyat müəlliminin uğurudur. Hər bir işdə biz öz peşəkarlıq səviyyəmizi qoruyub saxlamalıyıq.

- Deməli, problem təqdimatdadır?

- Xeyr, təbliğatdadır. Biz təbliğatı maraqlı və yerində etməliyik. Məsələn, bu gün televiziyalarda şou-biznesə daha çox yer verilir. Bu, televiziyaların çox böyük günahıdır. Televiziyalar cəmiyyəti arxasınca aparmağı bacarmalıdır. Təəssüflər olsun ki, bugünkü televiziyalar cəmiyyəti arxasınca aparmaq əvəzinə cəmiyyətin arxasınca gedir. Cəmiyyət nə istəyir, kanallar da onu verir. Təbii ki, burda reklam, maliyyə maraqları var.

- Bəs, internet məkanı? Orda reytinq qıran bayağı nümunələrin də günahı televiziyalarda deyil, axı.

- Deməli, televiziyalar zəif işləyir ki, hamı internetə baxır. Əlimdə olsa, mən interneti də redaktə edərdim.

- Bu, lap senzura olar ki...

- Senzura əslində, çox gözəl şeydir. Mədəniyyət və demokratiya uzlaşmır. Mədəniyyət və demokratiya sonda mədəniyyətsizliyə gətirib çıxarır. Mədəniyyətdə mütləq diktatura olmalıdır. Mədəniyyəti mütləq tərbiyə etmək lazımdır. Balaca uşaq yanınızda nalayiq söz işlədəndə, bir dəfə tənbeh edirsiniz, bəlkə də vurursunuz və deyirsiniz ki, bu sözü işlətmək olmaz. Bu, artıq siz tərəfdən diktaturadır. Yoxsa, sən dayanıb deyəcəksən ki, mən demokratikəm, qoy desin, olmaz axı. Mədəniyyət də belə. Mədəniyyəti tərbiyə etmək lazımdır. Bu gün bizdə mədəniyyətdə demokratiyadır. Görün, televiziyalarda nə baş verir? Oxuya bilməyən oxuyur, çala bilməyən çalır. Adını da qoyublar demokratiya.

- Yəni deyirsiniz ki, mədəniyyətdə diktatura olsun?

- Bu mənim şəxsi fikrimdir. Mən hesab edirəm ki, mədəniyyətə mütləq diktatura lazımdır.

- Bəs, Vaqif Mustafazadənin muğamla cazı sintez etməsinə olan etiraz mədəniyyətdə diktatura deyildi?

- Sovet ideologiyasında caz mədəniyyəti burjua mədəniyyəti hesab olunduğuna görə hökumət caza icazə vermirdi. Ona görə də Vaqifi sıxışdırırdılar. Vaqif də çox gözəl caz ifaçısı idi. Caza və Vaqifə olan münasibət daha çox dövlət strukturunda olan problem idi.

- Konservatoriya saz sənətinin təbliği istiqamətində hansı işlər görür?

- Biz aşıq musiqisini tədris edirik. Çox istərdik ki, konservatoriyaya qədər qurumlar, aşıq musiqisinin tədrisini verənlər bu işlə çox ciddi məşğul olsunlar. Çünki konservatoriyaya gələn aşıqlar not bilgisindən zəifdir, onlar bir çox şeyi bilmir. Amma onları kəsib tökə bilmərik. Məcbur olub, musiqi məktəbində onlara keçilməli olan dərsləri də keçirik ki, daha sonra keçilənləri qavraya bilsinlər.

- Ermənistanda balaban istehsalı zavodu var…

- Ermənilərin təbliğat maşını yaxşı işləyir. Mən günahı onların bizim aləti mənimsəmək siyasətində yox, bizim öz alətimizi zəif təbliğ etməyimizdə görürəm. Gərək biz öz alətimizi çox güclü təbliğ edəydik. Bilirsiniz ki, əvvəllər konservatoriyada balabanın tədrisi yox idi. Mən rektor təyin olunan kimi birinci işim balaban sənətinin tədrisini yaratmaq oldu. Balabanların modifikasiyalarını yaratdım. Mən gələnə qədər ölkədə barmaqla sayılası qədər balaban ifaçısı vardı. İndi baxın, bu gün onlarla yox, yüzlərlə balaban ifaçısı var. O balaban ifaçıları festivallarda, müsabiqələrdə ən yüksək pillələri tuturlar. Hətta Fransadan bizim konservatoriyaya balabanı öyrənmək üçün gəlirlər. Həmin fransızlar deyir ki, onları bura ermənilər göndərib ki, balabanı öyrənsinlər. Ermənilər onlara bildirir ki, “gedin Azərbaycana, bu alət bizim deyil, onlarındır”.

- Yəni özləri də etiraf edir ki, balaban onların deyil?

- Bəli, bəli.

- Bir sözlə, deyirsiniz ki, Konservatoriya adındakı Milli sözünün haqqını verir.

- Təbii ki. Milli dəyərlərimiz hər şeydən üstündür. Dünyanın hər yerində milli dəyərlərə daha çox diqqət verilir. Bayaq Vaqifin adını çəkdiniz. Dünyada nə qədər gözəl caz ifaçıları amma, Vaqif Azərbaycan milli cazını çalırdı. Ona görə də festivallarda onu dünyanın ən zərif pianoçusu adlandırırdılar.

- Milli Konservatoriyanın Bakı Musiqi Akademiyasından ayrılmasını bölünmə kimi qiymətləndirənlər də var.

- Nə bölünmək? Bu, bölünmə deyildi, milli musiqini inkişaf etdirmək üçün atılan addım idi. Buna görə bu bina tikildi, buna görə bura bu qədər vəsait yönəldildi, o qədər festivallar keçirildi. Görün, bunlar milli mədəniyyətimizin inkişafına nə qədər təkan verdi. Bu məsələni kim bölünmə şəklində qoyursa, deməli, Azərbaycan musiqisinin inkişafını istəmir. Bu il konservatoriyanın 20 yaşı tamam olur. Ulu Öndər Heydər Əliyevin bu addımı bu gün Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayır. Azərbaycan milli musiqi mədəniyyəti heç vaxt bu qədər inkişaf eləməmişdi. Heç vaxt, heç bir zaman. Görün, bu gün bizim necə musiqiçilərimiz var: Sahib Paşazadə, Şəhriyar İmanov, Nicat Məsimov, daha kimlər, kimlər...

Bizim çox yaxşı tələbələrimiz var. Məzunlarımızın əksəriyyəti də işlə təmin olunub. Kimi operada, kimi teatrda, kimi toylarda...

- Belə başa düşdüm ki, toy müğənnilərinə münasibətiniz pis deyil.

- Toy da bir qazanc mənbəyidir. Toy Azərbaycan mədəniyyətinin ən gözəl adətlərindən biridir. Bilirsiniz, toy bir olmur, beş olmur. Hamı da toyuna xalq artisti dəvət edə bilmir. Bir də görürsən ki, iki gündür, musiqi ilə məşğul olan adam da toya gedib, pul qazanır.

- Qarşıdan “Avroviziya” mahnı müsabiqəsi gəlir. Sizcə, niyə çox vaxt bizim təmsilçilərimiz yerli bəstəkarların yox, xarici bəstəkarların yazdıqları mahnılarla Azərbaycanı təmsil edir?

- Mən bilmirəm niyə belədir? Xarici bəstəkarlara on min dollarla pul verib mahnı yazdırırlar, bizim çox istedadlı bəstəkarlarımız qalır kənarda. Niyə Azərbaycan üçün mahnını isveçli, norveçli yazmalıdır? Ona görə də mən “Avroviziya” mahnı müsabiqəsini qəbul etmirəm. Ümumiyyətlə, qəbul etmirəm. Hesab edirəm ki, gərəksiz və siyasiləşmiş festivaldır. Orda istedada qiymət verilmir. Ona görə də “Avroviziya” məni maraqlandırmır.

- Siyavuş müəllim, Sizcə ən yaxşı əsəriniz hansıdır?

- Övladlarım…

Söhbətləşdi: Aytac Sahəd

Foto: İlkin Nəbiyev

# 20393 dəfə oxunub

Müəllifin son yazıları

# # #