Seyid Şuşinskinin tələbəsi oldu, qonşusuna görə adını dəyişdilər – Zeynəb Xanlarova onun üçün hansı xahiş etdi?

Seyid Şuşinskinin tələbəsi oldu, qonşusuna görə adını dəyişdilər – Zeynəb Xanlarova onun üçün hansı xahiş etdi?
24 oktyabr 2022
# 12:00

Kulis.az ötən gün dünyasını dəyişən muğam ustası, Əməkdar artist Süleyman Abdullayev haqqında maraqlı faktları təqdim edir.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.

***

1959-cu ildə istedadlı musiqiçilər sorağıyla Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski, Süleyman Abdullayevin səsini yüksək qiymətləndirmiş və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilmişdir. O, müsahibələrinin birində bu barədə deyir:


“Məni ağa kəşf eləyib. Biz tələbələri Seyidə ağa deyirdik. Deməli, mən onuncu sinifdə oxuyanda müəllimim dedi ki, Seyid gəlib, yaxşı səsi olan uşaqlar axtarır. Ağabala Abdullayev də sənin adını deyib. Hazırlaş, gedirik Seyidin yanına. O vaxt mən kənddə-kəsəkdə özüm üçün oxuyurdum deyə, səsimdən xəbəri olanlar vardı. Müəllim bunu mənə deyəndə getdim Seyidin yanına. Gördüm, ağsaçlı, əlində çəlik, qəşəng geyinmiş bir kişidir Seyid. Uzun sözün qısası, mən oxudum, səsim xoşuna gəldi. Dedi ki, məktəbi qurtaran kimi gəl Bakıya. Elə də etdim. Məktəbi bitirəndən sonra gəldim Bakıya, Seyidi tapdım. Seyid təkcə mənim müəllimim olmayıb, sözün əsl mənasında dəstəkçim olub. Allah ona rəhmət eləsin”.

1960-1964-cü illər ərzində S.Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənir. Daha sonra Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayır.


***

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olmuşdur.

***

Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınır.


Süleyman Abdullayevin ifasında "Segah", "Dəşti", "Çahargah", “Şur” muğam dəsgahlarının lent yazıları Az-Tr Fonduna daxildir.

***

Süleyman Abdullayev el arasında Dədə Süleyman kimi tanınıb. Bu barədə ondan soruşanda deyib:

“Xalqla yaxşı rəftar edirdim, kasıbların toyuna təmənnasız gedirdim deyə mənə dədə deyiblər. Qazandığımı xalqla bölmüşəm, xalq verdiyini xalqa qaytarmışam. Ona görə camaat o qədər “Dədə mənim toyumu eləsin”, “Dədə gəlsin bizim toyu aparsın” deyib, yavaş-yavaş adım qalıb Dədə Süleyman. Amma heç mənim adım da əvvəl Süleyman olmayıb. Əsl adım Rəvan olub – onuncu sinfə qədər... Onuncu sinifdə oxuyanda qonşumuz olan atamın dostunun oğlu qəzaya düşüb rəhmətə getmişdi. Onun da adı Rəvan idi. Atam da ondan sonra məndən xəbərsiz adımı dəyişmişdi. Mən bir də attestatımı alanda bilmişdim ki, atam adımı dəyişib. Atamın həmin dostu nə qədər deyib ki, dəyişmə, qoy qalsın. Atam qulaq asmayıb, deyib ki, səndən ayıbdır. Görün, o vaxt insanlar necə qanacaq-mərifət sahibi olublar”.


Müstəqillik dövründə Zeynəb Xanlaravodan sonra Türkiyəyə ilk konsert verən xanəndə Dədə Süleyman olub.

***
Süleyman Abdullayevin özünün ən çox sevdiyi xanəndə Yaqub Məmmədov olub. Bu haqda müsahibələrinin birində deyir:

“Yaqub mənim Allahım idi. Onun çox dəyərli səsi vardı. O da məni çox sevirdi. Mənə deyərdi: “Ə, sən ayrı cür oxuyursan, bal kimi oxuyursan.” 20 il onunla dostluq eləmişik, üstəlik, qonşuyduq. Maşınla onu hara lazımdırsa mən aparmışam. Yəni sənətinə hörmət eləmişəm”.


Dədə Süleymanının Əməkdar artist fəxri adı olub. Xalq artisti adı almaması ilə bağlı o, müsahibələrinin birində deyir:

“Əməkdar artist adını da mənə gec verdilər. Onu da Zeynəb Xanlarovanın təkidi ilə. Milli Məclisdə deyib ki, ona-buna ad verirsiniz, Süleymana ad vermirsiniz. Seyidin iki sevimli tələbəsi vardı, biri mən idim, biri də Süleyman. Bu sözündən sonra verdilər. Bir dəfə də Muğam Mərkəzində tədbirdə idim. Gördüm, nazir orda durub, yanında da bir deputat. Deputatın adını deməyəcəm. Gedib görüşdüm. Deputat məni görən kimi nazirə dedi ki, Əbülfəz müəllim, səndən bir xahiş etsəm olar? O da dedi, deputatsan, niyə olmur? Fikirləşdim, indi deyəcək ki, niyə Süleymana Xalq artisti adını vermirsən? Qayıtdı ki, birdən buna Xalq artisti adı verərsiniz, qəti verməyin? Nazir də soruşdu ki, niyə? Dedi, aşıqlar içində dədə çoxdur, xanəndəlikdə yoxdur. Bu kişi onu qazanıb, ancaq özü bilmir. Dədəlik Xalq artisti adından min dəfə yaxşıdı. Kişini korlayarsınız. Bax belə-belə şeylərə görə mənə Xalq artisti adını vermirlər”.


Xanəndənin ən böyük arzusu anadan olduğu Qoçəhmədli kəndinə getmək, kənddəki bulaqlarının suyundan içmək olub. Ancaq təəssüf ki, xəstəlik ona bu arzusunu reallaşdırmağa imkan verməyib. Dədə Süleyman 23 oktyabr 2022-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Müşfiqabad qəbiristanlığında dəfn olunur.

# 11770 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #