Sevişə-sevişə casusluq etdi, 50 min adamın qanına bais oldu, onu güllələyən əsgərlərə öpüş göndərdi – Mata Hari kimdir?

Mata Hari

Mata Hari

7 avqust 2022
# 18:00

Kulis.az casus Mata Harinin həyatı haqqında maraqlı məqamları təqdim edir.

Əslən Hindistandan olan Marqarita Qertruda Zell 7 avqust 1876-da dünyaya gəlib. Ailəsi dindar olmaqla yanaşı həm də ticarətlə məşğul olub. Atası papaqçılıq etməklə ailəni dolandırıb. Marqareta 13 yaşına qədər varlılar üçün nəzərdə tutulmuş məktəbdə təhsil alır. Lakin sonralar Marqaritanın atası başqa bir qadın üçün evi tərk edir. Atasının gedişindən bir müddət sonra onun anası dünyasını dəyişir. Marqarita erkən yaşda həyatın çətinlikləri ilə üz-üzə qalır.

On doqquz yaşı olanda Marqaritanın həyatını qəzetdə gördüyü bir elan büsbütün dəyişir. 20 ildən çox İndoneziyada yaşayan Şotland əsilli Rudolf MacLeo özünə uyğun həyat yoldaşı axtarır. Bu barədə elan yayımlananda MacLeod, ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırdı. Əslində elan yaxın dostlarının zarafatı olur. Elana isə 16 nəfər cavab verir. Marqarita bunlardan sonuncusu, 16-cı adam olur. Onlar bir-birlərinə məktublar vasitəsi ilə yazdıqdan qısa müddət sonra evlənirlər. Cütlüyün bir qızı, bir oğlu olur. Amma ailənin oğlu Norman 2 yaşına çatanda siflisdən vəfat edir.

Marqaritanın ailə həyatı da uğurlu alınmır, o, İndoneziyada rəqslə məşğul olmağa başlayır və tez bir zamanda özünə Mata Hari adını götürür. Yerlilərin dilində bu ad günəş mənasını verirdi.

1903-cü ildə ailə Hollandiyaya qayıdır və cütlük boşanmaq qərarına gəlir. Marqaritanın qızı atası ilə birgə qalır, heç bir maddi vəsaiti olmayan Marqarita tək yaşamağa başlayır. Mata Parisə köçərək rəqs edərək dolanmaq qərarına gəlir. Amma 30 yaşlı qadının uğur qazanması çətin olur. Bu səbəbdən Mata Avropada hələ də bilinməyən bir üslubdan istifadə etməyə başlayır.

O, tamaşaçıları malay ekzotikası ilə fəth etmək qərarına gəlir. 1905-ci ildə Mata ilk rəqsi ilə səhnəyə çıxır. Rəqs zamanı o, yavaş-yavaş soyunur, bu isə artıq striptiz rəqsi idi. Bu rəqs onu Parisin məşhur rəqqasəsinə çevirir.

Növbəti illərdə Mata digər Avropa dövlətlərinə də uğurlu səfərlər etməyə başlayır. Bu illər ərzində mətbuat orqanları rəqqasənin Almaniya və Fransa kimi dövlətlərin hərbi-siyasi elitası ilə görüşdüyünü, məşuqəsi olduğunu yazır.

Kifayət qədər pulu olan rəqqasə qumara qurşandığı üçün müntəzəm olaraq borc alır, onun fotoları poçt açıqcalarının, siqaret qutularının, Holland peçenye qutularının üstünü bəzəyir.

1906-cı ildə Matanın atası tam müflis olur. O, "Mənim qızımın həyatı və onun keçmiş ərinə etirazlarım" adlı kitab yazır. Bu kitab müəllifə böyük gəlir qazandırmaqla yanaşı, həm də Matanı Avropada daha da məşhurlaşdırır.

Bir müddət sonra Parisdə rəqs etmək Matanı qane etmir və o, klassik Avropa səhnəsinə doğru irəliləməyə başlayır. Rejissorlar isə onunla işləməkdən imtina edir, rəqqasəni istedadsız olmaqda ittiham edirlər.

Birinci dünya müharibəsi başlananda Mata Berlində varlı sevgilisi leytenant Alfred Kipertin qonağı olur. O, Hollandiya vətəndaşı olduğu üçün ölkədən çıxa bilmir və Almaniyada qalmalı olur. Almaniyada o, bir neçə dəfə həbs təhlükəsi ilə üzləşir. Alman polisi onun Rusiya imperiyasının casusu olmasından şübhələnir. Nəhayət, Mata Hollandiyaya gedərək ordan da Parisə qayıda bilir. Burada o, keçmiş sevgilisi, fransız bankirin hədiyyə etdiyi evdə yaşamağa başlayır.

Mata daimi olaraq qumar oyunlarında iştirak edir, get-gedə qumarbaza çevrilir. Tezliklə bütün var-dövlətini qumara qoyan rəqqasə dilənçi vəziyyətinə düşür. Lakin, elə həmin ərəfədə ona naməlum adamlar tərəfindən kömək gəlir. Alman kəşfiyyatı onu özünə tərəf çəkməyə və casus kimi istifadə etməyə başlayır. Şəbəkə rəqqasə üçün şərait yaradır və qısa zamanda o, məşhur rəqqasəyə çevrilir. Onun yataq otağından hərbi və siyasi xadimlər keçməyə başlayır. Mata onların yataqda danışdıqlarını qısa zaman ərzində kəşfiyyat idarəsinə göndərir.

Marqarita müntəzəm olaraq vətəni Hollandiyaya səfər edir. Hərbi əməliyyatlar səbəbindən onun yolu İspaniya və Böyük Britaniyadan keçir. Məhz ingilis kəşfiyyatçıları rəqqasənin Madriddə yerləşən alman kəşfiyyat orqanı ilə əlaqəsi olduğunu üzə çıxarır. İngilislər bu xəbəri fransız kəşfiyyatına ötürürlər. Tezliklə onu izləməyə başlayırlar. Ancaq Mata izləndiyini hiss edir. Bu səbəbdən o, Fransa kəşfiyyatının mayoru Lad ilə görüşüb izlənməsinin səbəbini tələb edir. Mayor isə hər şeyi inkar edir. Bu zaman Mata hətta alman hərbi elitası ilə ciddi münasibətləri olduğunu bildirərək Fransaya casusluq xidməti təklif edir. Rəqqasə xidmət qarşılığında iri məbləğdə pul tələb edir.

Beləcə, 1916-cı ildən Marqarita Gertruda Zelle ikiqat agentə çevrilir. Ona İspaniyaya getmək və kəşfiyyat fəaliyyəti ilə məşğul olmaq tapşırılır. Tezliklə fransızlar Madriddəki alman rezidensiyasından şifrəli teleqram ələ keçirirlər. Teleqramı göndərən Mata Harinin fransızlara işlədiyi barədə alman komandanlığına məlumat ötürülür. Onun alman kəşfiyyatının casusu olması dəqiqləşdirilir. Almanlar ona tezliklə Parisə qayıtmağı əmr edirlər. Onlar ifşa olunmuş casusdan tezliklə xilas olmaq istəyirlər.

Tezliklə Mata Parisə çağırılır və həbs olunur. O, dörd ay hərbi sorğuya çəkilir. Fransa əks-kəşfiyyatı Marqaretin casus fəaliyyətini araşdırmağa başlayanda məlum olur ki, onun fransız diviziyalarının məhv edilməsində əhəmiyyətli rolu olub. O, həmçinin 50 min fransız əsgərinin ölümündə günahlandırılır. Məhkəmə zamanı dövlət ittihamçısı Matanı “XX əsrin ən güclü casusu” adlandırır. 1917-ci il iyulun 24-də hərbi məhkəmə başlayır. Mata Hari bütün maddələr üzrə günahkar bilinir. Və onun haqqında ölüm hökmü kəsilir.

1917-ci il oktyabrın 15-də ölüm hökmü icra olunur. Mata ölümə bəzənərək yollanır. Ölüm aktı gerçəkləşən zaman Mata gözlərinin bağlanmasından imtina edir. Hadisə şahidlərinin xatirələrinə görə, Mata sütuna bağlanmaqdan imtina edib. Digər bir məlumata görə, Matanın son cümləsi bu olur: "Mən fahişəyəm, amma satqın deyiləm!"

Dünyanın ilk striptiz ulduzu Paris yaxınlığında yerləşən Vensenn qəsəbəsində güllələnir. Onu güllələməyə hazırlaşan 12 əsgərə öpüş göndərərək “mən hazıram cənablar” deyir. Zabitin əmri ilə 12 əsgərin tüfəngindən eyni anda güllə açılır. Bu güllələrdən 11-i onun bədəninə dəyir. Əsgərlərdən ən gənci özünü itirərək atəş aça bilmir. Atəş əmrindən sonra hadisə yerində olan əks-kəşfiyyat xidmətinin əməkdaşı cəsədə yaxınlaşır, o, rəqqasənin hələ də nəfəs aldığını görür. Belindən silahını çəkən zabit güllə ilə Matanın başından vurur.

Mata Harinin başı anatomiya muzeyinə verilir. Sonradan isə məlum olur ki, onun başı muzeydən yoxa çıxıb.

# 10642 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #