Səhnəmizin yeni qəhrəmanı - Günel Mehri

Səhnəmizin yeni qəhrəmanı - Günel Mehri
1 noyabr 2023
# 13:35

Kulis.az Günel Mehrinin "Səhnəmizin yeni qəhrəmanı – Melisa" adlı yeni yazısını təqdim edir.

Diqqətiniz məndə olsun. Sözüm sizlərədir: balası ilə rəngli-musiqili bir saat yaşamaq istəyən bütün atalara, analara, nənələrə və babalara. Sizə kimdən deyim, kimdən danışım, Melisadan. Elə bilirsiniz, bu, adi qızcığazdır? Əsla yox. Melisa nağıldan çıxmış gəlincikdir. Özü də bildiyimiz yatan-duran gəlinciklərdən yox a, danışan bir gəlincik...

Gəlincik tikən Martanın qızıl kimi barmaqlarının hərarərli toxunuşundan bir gəlincik dünyaya göz açır. Marta bu gəlinciyi çox bəyənir, çox əzizləyir, adını da Melisa qoyur. Melisa onu görən hər kəsi gözəlliiyi ilə valeh edir. Amma heç kim bilmir ki, Melisa həm də bütün gəlinciklərdən fərqli olaraq danışa bilir, insan kimi hiss edə, düşünə bilir... İşin tərsliyinə bax ki, bu qədər hissiyyatlı gəlinciyin başına gəlməyən qalmır. Bax bu məqamda hadisələrin davamını nəql etməyə nöqtələr qoyuram ki, intizarda qalasınız. Özünüz gedib Melisanın macəralarını gül balalarınızla birlikdə izləyəsiniz. İndi isə qayıdıram nağıllar aləmindən gerçək dünyaya...

Həftə sonudur. Azərbaycan Dövlət Kukla Teatrındayıq. Oğlum Atillayla ana-bala dalmışıq kuklaların sirli-sehirli dünyasına. Zal bapbalaca, şipşirin tamaşaçılarla doludur. Səhnədə teatrın yeni mövsümünün balacalara özəl maraqlı töhvələrindən olan “Melisa” tamaşası gedir. Ən çox da nağılı nəql edən hacıleylək quşu o qədər sevimli görünür ki... Yerindəcə öyrənirəm ki, “Melisa”nın əsər variantını yazan Sevinc Nuruqızı, səhnə variantını işləyən və quruluş verən isə rejissor Saida Haqverdiyevadır. Maraqlı işıq effektləri, al-əlvan səhnə dekorasiyası, gözəl-göyçək kuklalar nəinki uşaqların, həm də böyüklərin diqqətini cəlb edir. Sonra hər obraza özəl yazılmış musiqilər səslənib biz böyükləri də uşaqlığa qaytarır. Mənə görə, uşaq tamaşalarının musiqili olması həm xüsusi əhval yaradır, həm də personajları daha yaxşı duymağa kömək edir. Tamaşa boyu musiqilər səsləndikcə uşaqlar sevinclə əl çalırlar. Yeri gəlmişkən, qeyd edim ki, tamaşanın bəstəkarı da Röya Hüseynovadır. Röya xanım bir neçə ay öncə “M teatrı”nda izlədiyim “Yad qadının məktubu” tamaşasına da musiqi bəstələmişdi. Həmin tamaşa barədə yazdığım essedə bəstəkarı vurğulamasam da, “Melisa”nı izlədikcə onun fərqli-fərqli janrlarda olan əsərlərə özünəməxsus yanaşması diqqətimdən yayınmır.

Tamaşanın musiqi tərtibatında daha çox bəyəndiyim məqamlar laylaylar idi: “Möhtəşəm 100 il” türk serialından götürülmüş laylay və personaja özəl yazılmış laylay. Tamaşada vurğulamaq istədiyim digər maraqlı məqam isə dekorların rəng həllidir. Obrazların xarakterlərini yansıdan geyimləridir. Bu rəngarəng aura həqiqi nağıl efekti yaradır. Sanki dünyaya çəhrayı eynəkdən baxırıq. Bu maraqlı səhnə tərtibatına görə də Əfşan Əsədovanı təbrik etmək istəyirəm. Kuklalara səhnə həyatı bəxş edən aktyorlar Ülviyyə Əliyeva, Səriyyə Mansurova, Aygül Ağayeva, Elgün Həmidov, Cavid Telman ifa etdiyi rolların öhdəsindən yüksək peşəkarlıqla və həvəslə gəlirdi.

Özü də təzim zamanı bəlli oldu ki, hər aktyor tamaşada bir neçə rolu ifa edirdi. Yuxarıda sadaladığım bütün bu məqamları bir araya gətirən, həm rəssam, həm bəstəkar, həm də aktyorlarla bircə-bircə işləyən, izlədiyimiz bu dramaturji materalı harmonik şəkildə bizə təqdim edən isə təbii ki, rejissordur. Rejissor Saida Haqverdiyeva bu tamaşanı tək kuklalarla işləməyib, həm də adi insan görkəmində “Oyuq” teatr-studiyasının aktyorlarını səhnəyə çıxarıb. Onlara müasir günümüzə uyğun təklif olunmuş vəziyyətlər verib. Bax bu nüans da tamaşanı fərqləndirən diqqətəlayiq xüsusiyyətlərdən biri idi.

Sözsüz ki, böyüklər üçün müasir əsərlərə də, kiçiklər üçün yeni nağıllara da səhnəmizdə həmişə ehtiyac var. Sevindiricidir ki, uzun illər təkrar-təkrar izlədiyimiz klassik yerli və xarici əsərlərdən sonra “Melisa” ilə bu teatra yeni nəfəs gəldi. Yeganə vurğulamaq istədiyim irad da odur ki, könül istərdi, tamaşa bir az daha yığcam, dialoqlar da bir az lakonik olsun. Zənnimcə, o halda daha dinamik bir nəticə hasil olardı. Sonda isə bu uğurlu səhnə həllinə görə başda rejissor Saida Haqverdiyeva olmaqla bütün heyəti təbrik edirəm və uğurlar diləyirəm. Ümid edirəm, Kukla teatrının səhnəsindən boylanan Melisanın gözünü yolda qoymazsınız, əziz teatrsevərlər!

# 1530 dəfə oxunub

Müəllifin son yazıları

# # #