“Salxım söyüd” - Ruslan Mollayevin hekayəsi

“Salxım söyüd” - Ruslan Mollayevin hekayəsi
24 iyun 2023
# 13:12

Kulis.az Ruslan Mollayevin “Salxım söyüd” adlı hekayəsini təqdim edir.

Cibindən filtersiz siqaret qutusunu çıxardıb papirosun əzilmiş yerlərini düzəltdi, kibritlə yandırıb təmiz havaya qarışmıış tüstünü içinə çəkdi.

Dan yeri yenicə sökülürdü, çoban bəndin üstü ilə qoyunları aparırdı. Kür qırağındakı yosunlar axar su kimi lal axırdı. Qayığın zəncirini açmadan çəpləri yerinə keçirdikdən sonra qayıqda oturub çayın sahilə dəyməyinə tamaşa etdi.
Arıq, sısqa bədəni, günün istisindən kömürə dönmüş dərisi, tüksüz üzü vardı. Siqareti aram-aram çəkməsindən hiss olunurdu ki, hələ də yuxudan tam ayılmayıb. Birdən qayıq möhkəm silkələndi. Diksindiyindən papiros əlindən çaya düşdü və dönüb tərs-tərs sahilə baxdı:

– Elton, bu sənsən? Atan rəhmətlik, nə olub nə xəbərdi?! Yeri get burdan! Səhərin gözü açılmamış bir sən çatmırdın – dedi.
Elton əli ilə Кürün o biri tayını göstərdi.

Eltonun 32 yaşı olardı. Çox vaxt ayağında arxası kəsik qaloş, əynində dona bənzər boz şalvar və onu daha da kök göstərən, boynu genişlənmiş ağ köynək olurdu. Üz cizgiləri, köklüyü və ətə dolmuş döşlərinə görə onu qadına da bənzətmək olardı; yumru üzü, ucu şiş burnu, nazik qaşları vardı. Onu hər yay tətili vaxtı kəndə gedəndə görürdüm. Аnadangəlmə çatışmazlığı vardı. Atası, deyəsən, ayrılıb getmişdi, anası qadın həkimi, qardaşı isə fizika müəllimi idi.
Evləri çox vaxt adamla dolu olаrdı. Elton özü isə bütün günü küçələrdəydi, hara gedirdiksə, qarşımıza çıxırdı. Evdə dolanışıqları pis olmasa da, kənddə toy, yas olanda Elton üçün böyük bayram olurdu.

Yekə qazanlarda bişən yeməklərin dadı-ləzzəti onun üçün başqa kef idi, həm də camaat arasında olmağı xoşlayırdı. Məclislərdə istədiyi yerdə keçib oturur, hamı onu tanıyır və heç kim də xətrinə dəymirdi. Uşaqlar ona yaxın durmaqdan qorxsalar da, yeniyetmə yaşına çatanlar hərdən söz atıb zarafat eləyirdilər və bu, onun özünün də xoşuna gəlirdi. Əvəllər mənə də çox qorxulu və vahiməli görünürdü, sonralarsa, hər kəndə gedəndə onu görüb dindirməsəydim, narahat olurdum. Çox az söz bilirdi. Fikirlərini aydın şəkildə izah edə bilməsə də, birtəhər başa düşməyə çalışırdıq.

Üzündə qəribə nur vardı, bəlkə, elə buna görə də insanlar ondan uzaq gəzmirdilər, əksinə, ona yaxın olmağa çalışırdılar. Kefinə düşəndə oturduğu yerdən durub, heç kimə fikir vermədən çıxıb gedirdi. Kəndin atributuna çevrilmişdi.
Ən sevdiyi və əsas olduğu yer kəndin uşaq bağçası idi. Biz kənd uşaqları ilə dava-dava oynayırdıq, o isə səs-küyümüzə fikir vermədən saatlarla bağça uşaqların oynamağına tamaşa edirdi. İldən-ilə saçı ağarırdı, amma üzündə bir dənə də olsun qırış yaranmamışdı. Düşünürdüm, yəqin dərdsiz olduğuna görə üzü qırışmır, axı ruhi xəstənin nə dərdi olacaq?

Qayıqçı:
– Elton, siftə eləməmişəm. Оtur burda, qoy gələn olsun, onunla birlikdə keçirdərəm. Bir də məni elə diksindirmə, az qala düşmüşdüm çaya, üzə də bilmirəm. Sən də ki maşallah, bilirəm, hə, məni həmən dəqiqə çıxardacaqdın.

Elton zənciri çəkib qayığa mindi, qayığı tez-tez yırğalamağa başladı, qayıqçı tez özünü sahilə tulladı:

– Sənin başına hava gəlib? Əlini dizinə vurub deyinməyə başladı.

– Buna bax da səhər-səhər işə düşmədik?! Oynamağa yer tapmamısan? İndicə çörüləcəksən, başına dönüm, gəl düş aşağı. Sən cəhənnəm, kənd camaatı o tay-bu tay keçə bilməyəcək.

Elton yellənə-yellənə uşaq kimi gülürdü, əli ilə qayıqçıdan papiros istəyib qayığın burnunda üzü Kürə oturub ayaqlarını suya salladı.

Qayıqçı asta-asta zənciri dartıb qayığın arxa ucunu qumun üstünə çıxartdı:

– Sən Allah asta ol, düşərsən suya.

Elton isə sanki onun sözlərini eşitmirdi, üzünü çevirib bir də papiros istədi. Qayıqçı asta-asta ortada oturub, çəplərin ucunu içəri qoydu. Sonra da bir papiros ona, birini də özünə yandırdı.

– Yenə Tatar məhəlləsindəki Məhbubəgilə gedirsən, hə? Eşqə düşmüsən, bilirəm, düzünü de, harasına vurulmusan?

Elton yarı utancaq, yarı bic-bic qımışdı və ayaqlarını sudа şapıldatmağa başladı.

– Anana de, evləndirsin də səni, ay bədbəxt, bəlkə, özünə gəldin. Sinənə bax, hamısı yığılıb qalıb orda. Səninləyəm e, eşidirsən? İstəyirsən mən anana deyim, onlara elçi getsin? Siqareti də elə çəkirsən, elə bil özünü indi gəmi kimi hiss edirsən, hə? Оnun üçün məni saymırsan?! Allah sənin bəlanı verməsin, yazıqsan. Evlənsəydin mənim də canım qurtarardı pulsuz-parasız səni hər gün o baş-bu başа aparmaqdan. Heç olmasa, bişey-mişey alınır, yoxsa elecə oturub baxırsan? Bilirəm, gözəl qızdı, yiyəsinə qismət, anası ilə tez-tez bu taydakı qəbir üstünə gəlir. Atası deyəsən, talış idi, kəndin ilk şəhidlərindən oldu.

Elton yenə heç nə demədi. Papirosu çaya atıb, onun suda axmağına diqqətlə tamaşa elədi. Bəndin üstüylə başında ləyən zümzümə eləyə-eləyə bir qarı gəlirdi. Sonra eşitdim ki, Tatar məhəlləsində Kür çayının yaxınlığında qalan bağça müəlliməsinə vurulub. Hər səhər Kürün o tayına keçib qızın inək sağmasına, çöl-bayır süpürməsinə tamaşa edirmiş. Elton aşiq olandan küçələrdə, yas və toy məclislərində görsənmirdi. Onu yalnız iki ünvanda tapmaq olardı, bəndin üstündə şaxələnən salxım söyüdün altı, bir də uşaq bağçasının həyətində.

Məhbubəgilə bir-iki dəfə elçi gələnləri daşladığından kənd camaatı başa düşmüşdü ki, Elton Məhbubəyə vurulub. O tayda da kimsə onun xətrinə dəymirdi, hətta Məhbubənin özü də. O, hərdən Eltona əl eləyib, dərdiyi meyvələrdən pay verirdi. Yeni il ərəfələri eşitdim ki, Məhbubəni qonşu kənddən bir rəssama ərə veriblər. Toy günü Elton da mağaraya gəlib, ağzında pul tutub, bəyin qarşısında oynayıb, sonra mağarın düz ortasında oturub hönkür-hönkür ağlayıb, aşağı kəndin dələduz uşaqları ayağa qaldırıb mağardan çıxardaraq içizdirib, bayırda oynadıblar. Daha sonra dörd-beş nəfər onu maşına otuzdurub harasa aparıblar. Səhər tezdən isə Elton lüt halda, palçığın içindən tapılıb...

Məni sarsıdan bu xəbəri eşidəndən bir neçə il sonra kəndə getdim. Elə avtobusdan enən kimi dayanacaqda Eltonu gördüm və buna çox sevindim. Deyirlər, Məhbubə ərə gedəndən bütün günü yollarda gəzir. Düşündüm, yəqin, Məhbubənin yolunu gözləyir.

– Elton, salam, necəsən? Eşitdim möhkəm xəstələnmisən. Tanıdın məni? Kimisə gözləyirsən, yoxsa harasa gedirsən?

Elton əli ilə mənə “get” işarəsi göstərdi. O, tamamilə dəyişmişdi. Daha danışmasa da, xoş çöhrəsini da əsirgəyirdi… Sifətindəki nuru paylaşmaq istəmirdi.

Kənddə elə Elton kimi hər şey dəyişmişdi. Məscid, evlər, küçələr sanki balacalaşmış, bağçanın hasar daşları dağılmışdı. Kənd uşaqlarının mübahisə, yoxsa söhbət etdiklərini ayırd etmək olmurdu. Onlar dağılmış daşları arabaya yığıb harasa aparırdılar. Arabada o daşlarla yanaşı mənim xatirələrim də gedirdi… Babamgilin evinə baş çəkməmiş Кür qırağına gedib Dəli Kürlə salamlaşmaq istədim. Salxım söyüd də yerində yox idi!…
Qayıqla bir neçə nəfərin o taydan gəldiyini gördüm. Adamlar əllərində çamadan, tələsik düşüb getdilər. Qayıqçı enlikürək, ağbəniz bir oğlandı. O, zənciri dartıb torpağa sancdı və üzümə baxıb soruşdu:

– О taya keçirsiniz?

– Yox. Kəndimiz üçün darıxmışdım, gəldim bu yerləri bir də görüm. O tayda salxım söyüd vardı?

– Hə, bu qış möhkəm külək oldu, gözümün qarşısında kötüyündən çıxıb Кürə düşdü, səsi aləmi götürmüşdü. Aşağı tərəfə getsəniz, görərsiniz, boğazda, sahilə ilişib qalıb.

– Sağ olun! – deyib, çatlamış torpağa baxa-baxa evə doğru getdim.

Qayıqcı:

– Eltonu tanıyırdız?

Ayaq saxlayıb, çevrilib “hə” – dedim.

– İndi, bu dəqiqə keçən adamlar dedilər ki, Eltonu maşın vurub, yazıq yerindəcə keçinib.

Heç nə demədim, qayıqçı iti baxışlarımdan başını aşağı saldı, yəqin nə üçün elə baxdığımı fikirləşdi, əslində, mənim fikrim artıq başqa yerdə idi. Üzümü çevirib asta-asta evə doğru getdim və yol boyu salxım söyüd ağacı haqqında düşündüm.

# 1157 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #