"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş

"Quran"ı təsdiqləyən katolik şair: Çeslav Miloş
14 avqust 2023
# 10:20

Bu gün polyak yazıçısı, şairi, tərcüməçisi Çeslav Miloşun anım günüdür.

O, 1911-ci ildə Rusiya İmperiyasının Koven quberniyasında dünyaya gəlib. Ən yaxşı romanlarını doğma polyak dilində qələmə alsa da, uzun illər kitablarının Polşada çapına qadağa qoyulub, əsərləri Fransada nəşr olunub.
1937-ci ildə, İtaliyadan qayıdandan sonra Varşava radiosunda çalışıb. 1939-cu ildə radio əməkdaşı kimi cəbhəyə gedib. Bir müddət ABŞ-da, Litvada yaşayıb. 1993-ci ildə birdəfəlik Varşavaya qayıdıb. SSRİ dağılandan, Litva müstəqillik qazanandan sonra Litva Yazıçılar Birliyinə fəxri üzv seçilib. 1980-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
Çeslav Miloş 2004-cü il 14 avqustda vəfat edib.

Kulis.az məşhur yazıçının anım günü münasibətilə Səlim Babullaoğlunun "Katolik şairin Quranı təsdiq edən poeziyası" yazısını təqdim edir.

Polyak şairi, Ədəbiyyat üzrə Nobel mükafatçısı (1980) Çeslav Miloşa həmin mükafat belə bir izahla, formulla verilmişdi: "Çağdaş dünyada konfliktlər arasında parça-parça olmuş insanın gücsüzlüyünü, acizliyini qorxmadan və öncə görərək ifadə edən poeziyaya görə".
Dünyamızın səhnəsi bu gün daha az ürəkaçandır, sabah, yəqin ki, bu günə "rəhmət oxutduracaq". Və biz indi yeni dünya müharibəsinin astanasında olduğumuzu hər gün daha yaxşı hiss edirik. Hərçənd savaşsız bir günü olmayan dünyamızda indi neçənci dünya müharibəsinin olduğunu söyləmək də mümkün deyil.
Hər necəsə sual dəyişmir: görəsən, niyə bu qədər gözəl şeir, rəsm, bəstələnmiş gözəl musiqi, ağızdolusu danışdığımız elmi-texniki tərəqqi dünyanı və insanı xilas etmədi, etmir? Bəlkə, biz yalan danışmışıq? Bəlkə, biz idarə olunmuşuq? Bəlkə biz sevgi adıyla ehtirası, xeyirxahlıq adıyla gücü, alicənablıq adıyla miskinliyi vəsf etmişik? Və nəhayət, bütün bu sadalanan gözəllik bizi həqiqi Gözəl olandan ayrı salmaq üçünmüş?

Uzun və iztirablı həyat yaşamışdı Miloş. Mühacirət, qorxu və şöhrət meyvəsini son qırıntısınadək yemişdi. Amma nə sualları bitmiş, nə cavabları tükənmişdi. Xatırlayıram, Miloşun ədəbi katib(əs)i Aqneşka Koşinska, şairin "Qoy nitqim sadə olsun, məndə sehrli sözlər onsuz da yoxdur" fikrini xatırladıb deyirdi ki, Miloş üçün yaradıcılıq gözəl sözləri yan-yana düzmək deyildi. Xanım Aqneşkanın ilk baxışdan banal görünən bu qeydində yaradıcılıqları keyfiyyətcə təsnifləşdirə biləcək prinsip mürgüləyir.

İosif Brodski özünə ustad saydığı və XX əsrin böyük şairlərindən biri (bəlkə də ən böyük, "esli ne samıy krupnıy") hesab etdiyi Miloş barədə yazırdı: "O həyatı vəsf edir, hərçənd ki, heç aldanışı yoxdur, heç bir illüziya bəsləmir, onun vəsfi, sanki boğazlanmış hulqumdan çıxır, istənilən belkantodan daha "gur və bəlağətlidir". Miloşun şeirinin böyük qüdrəti faciəvi intonasiyanın vacibliyini anlamasındadır, əsrin faciəsi isə ondadır ki, şairə ifadə eləmək üçün belə bir təcrübə qazandırıb".
Katolik şairin "Quran"ı təsdiq edən poeziyası - Səlim Babullaoğlu
Şairin özü isə "Nobel nitqi"ndə "yaradıcılıq və ədib nədir, kimdir?" sualına belə cavab verirdi: "Şairin sürgünü hakimiyyəti zəbt edənlərin təkcə senzura yox, həm də sözlərin mənalarını dəyişməklə nəzarət altına aldıqları dilə görə baş verir. Ədibin borcu unutmamaqdır. Yaddaş bizim gücümüzdür. Dirilər, sağlar əbədi susmuşlardan alıblar bu mandatı. Onlar öz işlərini yalnız keçmişi uydurma və əfsanələrdən azad etmək, hər şeyi öz adıyla çağırmaqla yerinə yetirə bilərlər...".

***

Uzun bir həyat (1911-2004) yaşayan, 1951-ci ildə vətənindən mühacirət edən şair 40 yaşından sonra daha çox mənəvi, dini və metafizik problemlər ətrafında düşünməyə başlamışdı, xüsusən son dövr yaradıcılığında - onda Miloş 70-i keçmişdi, məhz bu böyük, vacib suallara daha əsaslı cavablar axtarırdı. O anlayırdı, poeziya - xilas edə bilmir. "Ruhani trakt" adlı poetik şedevrlərinin birində o, niyə "dini-metafizik mövzulara yuvarlandığını" izah etməyə çalışır, poeziyanın praktiki acizliyindən söz edirdi. Mən indi həmin şeirdən sitat gətirmirəm, özünüz oxuyacaqsız.

İnanan adamlar üçün bu dünyada xalis və törəmə sözlər, deməli, xalis və törəmə, ikinci dərəcəli problemlər var. Ali yaradıcılıq var, insan yaradıcılığı var. Günəş xalis sözdür, ali yaradıcılıq "məhsuldur", lampa törəmədir, günəşdən törəyib, insan yaradıcılığıdır. Odur ki, inanan adamlar üçün dini-ruhani kökü olmayan problem və ya hər hansı məsələ yoxdur. Sadəcə, bundan xəbərdar olanlar var, olmayanlar var. Miloşun şeirlərini oxuduqca bir yəqinim qətiləşir; Miloş bundan xəbərdardı.

Amma qəribədir, hər nə qədər əzəmətli, üslubca cəlbedici görünsələr belə, Qərb klassiklərinin, şairlərin ömürlərinin sonunda gəlib çıxdığı qənaətlərlə Şərq klassikləri hələ gənc ikən yola cıxırdılar. Görünür, Hötenin Hafiz, Mövlana, Nizami ilə bağlı söylədikləri də oxşar hisslərdən doğmuşdu.

Və görünür, Miloşun şeirlərini oxuyan Roma Papası İohann Pavel şairin çoxlu suallarını və cavablarını "dinləyib" "bir addım irəli, iki addım geri" qənaətini də elə belə söyləməmişdi.

***

Müasir dünya ədəbiyyatında, şeirində, hətta deyək ki, son 100-150 ildə yaranmış ədəbiyyatda şairliklə bağlı, şairliyin xisləti və şeirlə bağlı fundamental, xalis şeirlər çox azdır. Fundamental, xalis deyəndə bu işin dini-ruhani kökünü, bu işə dini-ruhani baxışın necəliyini biləndən, hiss edəndən sonra yazılan şeirləri nəzərdə tuturam. Var olan şeirlərin çoxu ustalıqla yazılsa belə, nəğmədir, böyük əhatə dairəsi olan gedonizmin içindədir, başqa sözlə, yalnız "gözəl sözlər"dir.

***
Katolik şairin "Quran"ı təsdiq edən poeziyası - Səlim Babullaoğlu
Çeslav Miloşun son yetkinlik dövr yaradıcılığına aid olan və bu gün təqdim edilən şeirləri dini-ruhani mətləblidir. Onların bir çoxu şərhə ehtiyac olmadan oxuna bilər. Amma bir şeir - bizim klassik şeirimizdə, bütövlükdə klassik Şərq poeziyasında çox işlənmiş, çək-çevir edilmiş bir mətləbi bölüşən "Poeziya sənəti" (Ars poetica) üzərində dayanmağı tələb edir. Nizaminin "şeirlərin ən yaxşısı olanların ən yalanıdır", Füzulinin "aldanma ki, şair sözü, əlbəttə, yalandır" deməsi və bu kimi başqa misallar yadınızdadır. O da yadınızdadır ki, həm Nizami, həm Füzuli (elə digərləri də) bu düşüncələrində ilahi, dini-ruhani mənbələrə, sonuncu mənbə kimi qutsal "Qurani-Kərim"ə, əsasən "Şairlər" surəsinə söykənirdilər. Və "Poeziya sənəti" şeiri haqqında indi ilk demək istədiyim budur ki, "Şairlər" surəsinin bir çox ayələrini birəbir təsdiq edən bu böyük şeir XX əsrin görkəmli şairinin, özü də Qərb şairinin, qatı katolik düşüncəli şairin öz böyük sələflərini və həmin böyük mətləbi təsdiq etməkdən başqa bir şey deyil. Əlbəttə, dili ilə, üslubu ilə yeni və çağdaş insanın - bizim həmmüasirimiz olan insanın danışıq və düşüncə tərzindədir ki, ədəbiyyatın bir tərifi də "estetika və formalar tarixi" olmasıdır.

***

7-8 il əvvəl Miloşun "Poeziya sənəti" şeirini birinci dəfə oxuyanda və tərcümə etmək qərarı verəndə çaşmışdım. Necə ola bilərdi ki, katolik xristian mənsubu bir şairin şeiri "Quran"ın bir surəsi və ayələri ("Şüəra", 26/ 221-227) ilə bu qədər üst-üstə düşsün? Yaddaşımızı "Quran"la təzələyək:

221 - (Ey müşriklər!) Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

222 - Onlar hər bir yalançıya, günahkara nazil olarlar.

223 - (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!

224 - (Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!

225 - Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşarlar? (Hər tərəfə meyil edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!).

226 - Və onlar etmədikləri şeyləri deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır!).

227 - Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa!

İndi isə Miloşun bir azdan oxuyacağınız həmin şeirinin bir neçə məqamına baxaq:

"Odur ki, poeziyanı gözəgörünməzlərin (ruhların) diktə etdiyini söyləyənlər doğru deyir,

"və yəqin, onlar mələkdir" deyə düşünməklə, hərçənd ki, mübaliğə edirlər...".

"Ağıllı adam da cinlərin meydanı olmağa razı olarmı;

özlərini sənin içində evlərindəki kimi hiss edirlər...".

Və nəhayət, şeirin sonu:

"Bütün bu dediklərim, razıyam, şeir deyil,

Şeirlər nadir hallarda və istənilmədən yazılır,

çox böyük təzyiq altında və ümidlə ki,

bədxah yox, xeyirxah ruhların ötürücüləri olacaqlar...".

Sitat gətirdiyim "Quran" ayələri və Miloş şeirinin misralarına şərh vermək istəmirəm. Necə deyərlər, "anlayanlar üçün burda bir ibrət vardır". Amma bir sual çox maraqlıdır: sonuncu bəndin ilk misrasında müəllif, görəsən, niyə "bütün bu dediklərim, razıyam, şeir deyil..." deyə yazır?! Yox, bu, qətiyyən təvazökarlıq deyildi, Miloş tərəfindən öz yazdığının şeir, lap dəqiqi isə poeziya olmamasını söyləmək sadəlöhvlük olardı; o, fikir dəryasının Challenger Deep dərinliyində üzürdü... Bəlkə Çeslav Miloş öz şeirinin bədxah qüvvələrin ötürücülüyü ilə yazılan, bəh-bəh və sürəkli alqışlarla qarşılanan əksər şeirsəl mətnlərlə eyni sırada dayanmasını istəmirdi və dayanmadığını bilirdi?
Katolik şairin "Quran"ı təsdiq edən poeziyası - Səlim Babullaoğlu
Çeslav Miloş - görkəmli polyak-amerikan şairi, nasir, ədəbiyyat tarixçisi, esseist və tərcüməçidir. Miçiqan, Lyublindəki Katolik Universitetinin, Harvard, Romadakı Boloniya Universitetlərinin fəxri doktorudur. Yaradıcılığı bir sıra nüfuzlu mükafatlara, o cümlədən Beynəlxalq PEN klubun mükafatına (1974), Quqqenhaym mükafatına (1976), Noyştad Ədəbiyyat mükafatına (1977), NİKE'98 mükafatına və 1980-ci ildə isə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. 1911-ci ildə Litvada, Şeteyne kəndində anadan olub. Stefan Batorı adına Vilnüs Universitetinin hüquq fakültəsində təhsil alıb. Ədəbiyyatda ilk addımlarını 1930-cu illərdə, "Alma Mater Viliensis" jurnalında atıb. 1931-ci ildə "Jaqarı" adlı ədəbi qrupun əsasını qoyanlardan və eyniadlı dərginin redaktorlarından biri olub. 1934-1935-ci illərdə Xalq Mədəniyyəti Fondunun təqaüdçüsü qismində Parisə göndərilib.

1946-cı ildə Nyu-Yorkda konsulluqda, 1941-1949-cu illərdə Vaşinqtonda mədəniyyət işləri üzə attaşe, 50-ci illərdə isə Parisdəki səfirlikdə katib
işləyib. 1951-ci ildə Fransadan siyasi sığınacaq istəyib və mühacirət həyatına başlayıb. Əvvəllər Parisə yaxın Messon Laffitdə, 1960-cı ildən sonra isə Birləşmiş Ştatlarda yaşayıb, Berklidə, universitetdə Slavyan dilləri və ədəbiyyatı fakültəsində mühazirələr oxuyub. 1981-1982-ci illərdə Harvard Universitetinin professoru olub. 1989-cu ilə qədər öz kitablarını mühacirətdə və Polşada, "samizdat" qismində nəşr edib. 1989-cu ildə Polşaya qayıdıb. 2004-cü ildə Krakovda vəfat edib. /edebiyyatqazeti.az/

Təki Həqiqət qayıtsın nitqimizə...

Daha bir ziddiyyət
Görəsən, görməli olduğum işləri gördümmü?
Bəli, bir evdə qonaq oldum, buludların altında,
Çaylar axırdı, otlar cücərirdi.
Seçilmişdim, çağırılmışdım, amma çox az şeyi anlayırdım.
İmkanım olsaydı, gələn dəfə, yalnız hikmət arayardım.
Hamı kimi olmağa əsla cəhd etməzdim.
Bu yalnız iztirab və şər mənbəyidi.
Özümü inkar edib təslimiyyəti seçərdim.
Canavar baxışlarımı söndürər, ac qursağımı kəndirləyərdim.
Hündür bir yerdə, monastırda öz hücrəmə çəkilərdim -
Aşağıda şəhərin işıqları sayrışardı,
Qoca sidrlərin dövrəsində körpü,
altından kiçik bir çay axardı.
Özümü yalnız bir işə həsr edərdim.
Amma belədə bu mümkün olmazdı.

Məna*

Öləndə dünyanı o biri üzdən görəcəm.
Quşların, dağların, qürubun o tayından.
İzah olunması gərəkən həqiqi mənaya varacam,
Uyğun olmayan uzlaşacaq,
Anlaşılmayan anlaşılacaq.
Yaxşı, əgər dünyanın o biri üzü yoxdursa?
Budağa qaratoyuğun qonması işarə yox,
Elə budağa qaratoyuğun qonmasıdısa?
Gündüzlə gecə bir-birini laqeydcəsinə əvəzləyirsə?
Və Yerdə yerdən başqa heç nə yoxdursa, necə olsun onda?

Belə olarsa, hər halda susmayan dodaqların
Bircə dəfə belə oyatdığı söz qalacaq.
Yorulmaz müjdəçi kimi.
Ulduzlararası fəzaya, qalaktikalar dövranına doğru
Qaçan, etiraz edən, səsləyən və uca səsli söz
* İlahə Kərimovanın sətri tərcüməsi əsasında

***
Necə bacardım,
Necə eləyə bildim bütün bunları?!

Bu dəhşətli dünyada yaşadım,
Onun qanunları ilə oynadım,
Onun qanunlarına əyildim.

Mənə hökmən Allah gərəkdir...
Günahlarımın bağışlanması üçün
Hökmən Allah lazımdır mənə.
Şöhrət haqqında söhbət

Oxuyurdular, şöhrətin pisliyini öyrənirdilər guya...
Amma boşunaydı: bu, onları əsla xilas etmədi.
Şöhrətin gurultusu naminə qanlı bifşteksdən də,
Qadın ağuşundan da, hətta başqasına əmr vermək kimi
Ləzzətdən də vaz keçərdilər. Amma bir şərtlə ki,
Ad-san, şöhrətin çələngi onların olsun, yadda qalsınlar.

- Sənə nə var, sənin qarnın belə şeylərdən toxdur.
Çələnglər quruyub, xələtlər, bəxşişlər toplanıb.
Yaxşıydımı-pisdimi, bundan sonra
nə desələr də, vecinə olmayacaq.
Çünki sən onsuz da qalibsən...

- Yox, elə deyil, ya gündüz olsun, gecəyarı, fərq etməz,
xoşagəlməz, ağır düşüncələr bir saat belə, məni tərk eləmir.
Yatanda belə, yaxamdan əl çəkmir, yuxularım əzab verir.
Yəni üzümü əllərimlə örtəcək qədər çox şey baş verib...

Ruhani traktat: giriş

Bu traktatı gənc adam yaza bilməz.
Yox, bunu ölüm qorxusunun diktə etdiyini düşünmürəm.
Bir xeyli cəhdlərdən sonra bu, eləcə minnətdarlıq
və əsrimə xas poetik dilin mübtəla olduğu
düşkünlüklə vidalaşmaqdır həm də.
Bəs niyə ruhani traktat?
Çünki ilk olan elə birinci də olmalıdır.

İlk olan - Həqiqətdir. Və yeri gəlmişkən,
poeziya özünün şəffaf şüşəyə çırpılan
hürkmüş quş davranışıyla sübut edir ki,
bizə xəyallar bəs eləmir.

Təki Həqiqiət qayıtsın nitqimizə...
Yəni elə bir məna ki,
mütləq istinad nöqtəsi olmadan mümkün deyil.

Dua

Doxsanı haqlayıb hələ də ümid edirəm ki,
yenə nəsə deyə biləcəm, xırıldayacam.

Adamların qabağında olmasa da,
məni bal və yovşanla yedizdirən Sənin qarşında.

Xəcalət çəkirəm,
sanki qarşında hansısa əlahiddə xidmətlərim varmış kimi
Sənin mənə yol göstərdiyinə, qoruduğuna inanmalıyam çünki.
Düşərgədə şam budaqlarından xaç düzəldib
Dəmir çarpayılarda dua edənlər kimiydim, əslində.

Mənim, bu eqoist adamın xahişini yerinə yetirdin amma...
Yəqin, istədin ki, istəklərimin mənasızlığını anlayım.

Adamlara yazığım gəldiyindən möcüzə istəyib dua edəndə
Həmişəki kimi, yer də, göy də susurdu.

Sənə inam məsələsində mənəviyyatım şübhəliykən
inanmayanların sadəlövh inadkarlığına heyrələnirdim.

Dini özüm kimi zəiflər üçün uyğun sığınacaq bildiyim halda
Sənin böyüklüyün qarşısında
mən çox pis oyunbaz və rəqqasam...

Hələ onda, keşiş Xomskinin sinfindəki
ən qəribə şagird sayıldığım vaxtlar,
qədərin bu uzun-uzadı cığırşıına qulaq kəsilirdim.
İndi sən bütün beş hissimi tədricən qapayırsan,
İndi mən - zülmətdə uzanıb qalmış xəbərsiz ahıl qocayam.

Məni iztirab çəkməyə məcbur edən şeylə,
irəli can atmağımla və şeirlə tək qalmışam.

Həqiqi və yalançı günah hissindən azad elə məni,
Bütün zəhmətin Sənin şanın üçündür deyə əminlik ver.

Dünyanı ağrıdan xilas eləyən şəfqətinlə
son anımda yanımda ol.

Poeziya sənəti

Həmişə yığcam formalar haqqında düşünmüşəm:
nə hədsiz nəzm olsun, nə hədsiz nəsr,
həm də bir kimsəyə - nə müəllifinə, nə oxucuya
zülm etmədən asan anlaşılsın hər şey.

Poeziyanın xislətində nəsə ayıb bir şey var:
bizdən bir nəsnə hasil olur,
onun içimizdə olduğundan isə xəbərimiz yoxmuş,
budur, gözümüzü elə qırpırıq ki,
sanki içimizdən bir pələng sıçrayıb çıxıb
və quyruğunu qamçıtək oynadır günün günorta çağı.

Odur ki, poeziyanı ruhların diktə etdiyini
söyləyənlər doğru deyir,
hərçənd onların mələk olduğunu
düşünməklə mübaliğə edirlər.
Əgər zəif yerləri bilinirsə və bundan utanırlarsa,
şairlərin təkəbbürlərini anlamaq çətindir; niyə belədirlər?

Ağıllı adam da cinlərin meydanı olmağa razı olarmı;
özlərini sənin içində evlərindəki kimi hiss edirlər,
çoxlu dillərdə danışmaq bir yana, dilin də,
əllərin də onların ixtiyarında,
bu, azdır, əməlindənmi, qismətindənmi onların olsun yoxsa?

Ziyanlı şeylərin daha qiymətli olduğu bizim zamanda
mənim sözlərimi, əlbəttə, zarafat sayacaqlar,
ya da hesab edəcəklər ki, sənəti ironiya ilə mədh eləməyin
növbəti üsulunu tapmışam, sanki.

Vaxt vardı bizə dərdə və bədbəxtliyə səbri öyrədən
müdrik kitabları oxudurdular yalnız.
Amma bu, dəlixanadakı minlərlə səhifəni
Oxumaqla, vərəqləməklə eyni şey deyil.

Dünya da bizə görünən kimi yox, tamam başqadır.
Biz də bambaşqayıq, hərçənd unutqanlıq içində sayıqlayırıq.
Odur ki, bəziləri ləyaqətli sükut içində dinməzdirlər,
qonum-qonşunun, qohum-qardaşın hörmətini də qazanıblar.

Poeziyanın xeyri budur ki, o bizə
öz-özümüzlə qalmağın, özümüz olmağın çətinliyini anladır,
çünki evimizin qapıları taybatay açıqdır, qapıda açar da yoxdur
və o gözəgörünməz qonaqlar istədikləri vaxt girib-çıxırlar.

Bütün bu dediklərim, razıyam, şeir deyil,
şeirlər nadir hallarda və istənilmədən yazılır,
çox böyük təzyiq altında və ümidlə ki,
bədxah yox, xeyirxah ruhların ötürücüləri olacaqlar.

(Şeirləri Səlim Babullaoğlu tərcümə edib)

# 2708 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #