“Professor Nazim Axundоv-100” adlı kitab sərgisi açıldı

“Professor Nazim Axundоv-100”  adlı kitab sərgisi açıldı
20 iyun 2024
# 12:30

Milli Kitabxanada Azərbaycan mətbuatının görkəmli tədqiqatçılarından sayılan professor Nazim Axundovun 100 illiyi münasibətilə “Professor Nazim Axundоv-100” başlıqlı geniş kitab sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə alimin ədəbi-mədəni yaddaşımızın öyrənilməsinə həsr edilən ədəbiyyatşünaslıqla bağlı tədqiqat əsərləri, biblioqrafiyaları, tərtibçi, elmi redaktor, tərcümə və “Ön söz”ün müəllifi olduğu, həyat yolu və yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və rus dillərində nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Yazıçı, tənqidçi, pedaqoq, filologiya elmləri doktoru, mətbuat tariximizin tədqiqatçısı, professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Alimin bu il anadan olmasının 100 illiyi tamam olur.

Ömrünü elmi axtarışlarda, arxivlərdə keçirən Nazim Axundovun ilk monoqrafiyası və mətbuat tariximizin öyrənilməsində ilk sanballı tədqiqat sayılan “Molla Nəsrəddin” jurnalının nəşri tarixi” 1959-cu ildə işıq üzü görüb.

Sonrakı illərdə də alimin “Azərbaycanda dövri mətbuat”, “Azərbaycan satira jurnalları”, “Azərbaycan mətbuatının ilki (“Əkinçi”–100)”, “Azərbaycan dövri mətbuatı (biblioqrafiya)”, “Hümmət” qəzetinin izahlı biblioqrafiyası”, “Sənədlərin dili ilə” və s. kitabları mətbuat tariximizin öyrənilməsində və ətraflı tədqiqində böyük əhəmiyyət kəsb edir.

Alimin elmi-ədəbi fəaliyyətinin nəticəsi olan “Nizaminin epoxası”, “Mirzə Fətəli Axundov”, “Mirzə Ələkbər Sabir”, “Məmməd Səid Ordubadi”, “Cəfər Cabbarlı” kimi sanballı əsərləri, bir çox biblioqrafik kitabları Azərbaycan ədəbiyyatşünaslığını zənginləşdirən dəyərli nümunələrdir.

Nazim Axundov həm mətbuat tariximizin, həm də ədəbiyyatımızın ən yaxşı və cəfakeş tədqiqatçılarındandır. Onun tədqiqatında Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığı mühüm yer tutur. O, unudulmaz şair haqqında silsilə məqalələrin və elmi biblioqrafiyanın müəllifidir. Səməd Vurğunun altıcildlik akademik nəşrinə izah və biblioqrafiyanı da Nazim Axundov yazıb. Bu, təkcə şairin yaradıcılığını yox, həm də ümumiyyətlə, o dövrkü Azərbaycan ədəbiyyatını öyrənmək baxımından ən yaxşı və etibarlı mənbələrdən biridir.

# 610 dəfə oxunub

Müəllifin son yazıları

# # #