Ömür boyu tənha yaşayan, fahişələrlə söhbət etməyi xoşlayan Andersen

Ömür boyu tənha yaşayan, fahişələrlə söhbət etməyi xoşlayan Andersen
15 iyul 2024
# 16:00

Kulis.az dünyaca məşhur Danimarka yazıçısı, sevimli nağılların müəllifi Hans Xristian Andersen haqqında maraqlı faktları təqdim edir.

Pinəçi ilə paltaryuyanın oğlu olan Hans Xristian Andersen on dörd yaşında “məşhur olmaq üçün” Kopenhagenə gedib. O, böyük yazıçı olmaq istəyirdi.

Baxıcı qarı onun anasına demişdi: “Sənin oğlunun taleyi haqq elədiyindən daha yaxşı olacaq. O, çox hündürdən uçan vəhşi quşdur”.

İlk hekayəsini orfoqrafik səhvlərə görə çap etməyiblər. Amma Andersen ruhdan düşməyib, yazmağa davam edib. Sonralar universitetdə təhsil alsa da, ömrünün sonuna qədər orfoqrafik səhvlər buraxmağa davam edib. O, ömrü boyu 3342 əsər yazıb (nağıllar, romanlar, pyeslər, səyahətnamələr və şeirlər), əsərləri təqribən 125 dilə tərcümə edilib.

1843-cü ildə yeganə sevgisi - opera müğənnisi Yenni Lindlə tanış olub, “Mələk” və “Bülbül” nağıllarını ona həsr edib. Lind onun sevgisinə qarşılıq verməyəndən sonra onu buz ürəkli Qar kraliçası kimi təqdim edib.

Tənqidi heç qəbul edə bilməyib. Bir dəfə tənqid olunduğu qəzet məqaləsini oxuyandan sonra özünü yerə çırpıb, bir saat qışqırıb-ağlayıb.

Səfərə çıxanda özüylə həmişə ip aparıb. Çünki yanğında ölməkdən qorxurdu. Yanğın olsa, həmin iplə özünü xilas etmək fikrində olub.

Yazıçı fahişəxanalara getməyi vərdiş halına salıb, saatlarla oturub çılpaq qadınlarla söhbət edib. Amma məsələ söhbətdən o yana keçməyib. Başqa qadına toxunmağı Yenniyə xəyanət hesab edib.

Ömrünün sonuna yaxın yazmağın daşını atıb. O, elə düşünürdü ki, yazmaq qabiliyyəti ağzındakı dişlərin sayı ilə əlaqədardır. Sonuncu dişini çıxardandan sonra yazmağı tamamilə tərgidib. Sonra süni diş qoyduran kimi yenidən yazmağa başlayıb.

Onun çox gözəl dostları olub – Henrix Heyne, Viktor Hüqo, Çarlz Dikkens, Aleksandr Düma, Onore de Balzak və başqaları. Hansı ölkəyə gedibsə, yerli krallar onu nahara dəvət edib. O, dost olmağı yaxşı bacarırdı.

Onu uşaq nağılçısı adlandıranda etiraz edib, “mən nağılları böyüklər üçün yazıram”, deyib. Şərəfinə heykəl qoyulanda, ətrafında uşaqların təsvir edilməsinə də qarşı çıxıb.

Andersen bütün ömrünü tənha yaşayıb. Kobud fizionomiyasına görə qadınlar tərəfindən bəyənilmədiyi üçün heç vaxt ailə qurmayıb və uşağı olmayıb.

1872-ci ildə, 67 yaşında çarpayıdan yıxılıb, möhkəm əzilib. Ondan sonra üç il yaşasa da, tam sağala bilməyib. Tezliklə qaraciyər xərçəngi olduğu meydana çıxıb. 1875-ci ilin 4 avqustunda 70 yaşında dünyasını dəyişib.

# 1257 dəfə oxunub

Müəllifin son yazıları

# # #