Nəriman Nərimanov oruc tutmaq haqqında nə yazırdı?

Nəriman Nərimanov  oruc tutmaq haqqında  nə yazırdı?
20 mart 2026
# 10:00

Kulis.az fəlsəfə elmləri doktoru Arzu Hacıyevanın Nəriman Nərimanovun "Oruc" məqaləsi haqqında yazısını təqdim edir.

Ramazanın özünəməxsus dili və ahəngi var. Bu ayda gündəlik leksikonumuzda nadir hallarda işlənən sözlər daha tez-tez səslənir: imsak, sahur, iftar, təravih… Gecənin sükutunda sahur süfrəsi açılır, dan yeri sökülməmiş dualar oxunur. Axşamçağı iftarda oruc bir qurtum su ilə açılır. Günün yorğunluğu ilə yanaşı, qəlbdə mənəvi bir rahatlıq duyulur...

Doğrudur, müasir həyatda, xüsusən şəhərlərdə hamı oruc tutmur. Kimisinə sağlamlığı, kimisinə iş rejimi imkan vermir, bəziləri isə ümumiyyətlə bu ibadəti həyatının bir hissəsi saymır, vacib bilmirlər. Buna baxmayaraq, Ramazan ayı yenə də bütün cəmiyyətdə aydın hiss olunan xüsusi bir ab-hava yaradır: küçələrdə iftar saatına yaxın canlanma, televiziya və sosial mediada paylaşılan süfrələr, marketlərdə son alış-veriş həyəcanı və insanların dilində tez-tez səslənən sadə bir cümlə — “iftara az qaldı”.

Belə məqamlarda insan istər-istəməz özünə sual verir: oruc əslində nədir? Bu, yalnız günün müəyyən saatlarında yemək və içməkdən imtina etməkdirmi, yoxsa daha dərin hikməti olan bir təcrübədir? Bəlkə oruc insanın öz nəfsi ilə üz-üzə qalması, onu cilovlamağa çalışması, iradəsini möhkəmləndirməsi və gündəlik ehtiyacların fövqünə qalxaraq varlığının mənası haqqında düşünməsi üçün verilmiş bir fürsətdir?
Əlbəttə, bu sual yeni deyil. Azərbaycan ictimai və fəlsəfi fikir tarixinin parlaq simalarından biri, həm də ixtisasca həkim olan Nəriman Nərimanov XX əsrin əvvəllərində, 1914-cü ildə, “Bəsirət” qəzetində “Oruc” adlı məqalə dərc etdirmişdi. Yazı bir neçə dostunun sualına cavab olaraq qələmə alınmışdır. İlk baxışda məqalə orucun etimologiyasını, gündüzün yemək və içməyindən saxlanmaq mənasını, müxtəlif dinlərdəki xüsusiyyətlərini və insan orqanizminə təsirini populyar publisistik üslubda izah edən bir esse kimi görünür. Lakin diqqətlə oxuduqda qarşımızda daha qəliz bir mətn olduğunun fərqinə varırsan. Burada fizioloji müşahidələr, əxlaq fəlsəfəsi, sosial tənqid və özünəməxsus antropoloji təhlil bir-biri ilə üzvi şəkildə bağlıdır. Qəribədir ki, bu günə qədər həmin məqalə nəinki ciddi tədqiqat mövzusu olmamış, hətta mövzu ilə bağlı söhbət və diskussiyalarda belə xatırlanmamışdır. Halbuki Nərimanovun yazısı yalnız dini ayindən danışmır; o, eyni zamanda bədən, ruh və iradə arasındakı mürəkkəb münasibətləri rasional və düşündürücü bir şəkildə ortaya qoyur, oxucunu insan təcrübəsinin dərin qatları üzərində düşünməyə dəvət edir.

N. Nərimanov yazıya sadə, amma həm də son dərəcə vacib bir sualla başlayır: oruc bədənə zərərdirmi?

Bu suala cavab verərkən Nərimanov dini ritorikaya deyil, rasional müşahidəyə və elmə müraciət edir. O, insan bədənini yanmaqda olan bir ocağa bənzədir, qidanı isə həmin ocağın “odunu” adlandırır. Onun təsvirində mədə sanki bir “aş qazanı”dır, bir növ insanın həyat enerjisini hazırlayan, gizli laboratoriya rolunu oynayan mexanizmdir. Qida mədəyə daxil olduqda, o işləyir, xörəyi yumşaldıb bağırsaqlara ötürür, yorulur və enerji sərf edir; qida gəlmədikdə isə mədə bir müddət istirahət edir, yəni özünü bərpa edir.

Bu sadə, fizioloji müşahidə əslində insan orqanizminin ritmini və həyat proseslərinin incə tarazlığını göstərir. Nərimanov burada yalnız bədən haqqında danışmır; o, mədənin fəaliyyəti vasitəsilə iradənin və daxili nizamın metaforik təsvirini təqdim edir. Oruc, bu cür yanaşmada, həm bədənin ritmini tənzimləmək, həm də iradəni möhkəmləndirmək, daxili intizam və tarazlıq yaratmaq vasitəsi kimi ortaya çıxır, insanın fiziki və mənəvi dünyası arasındakı mürəkkəb əlaqənin dərinliyini üzə çıxarır.

Bu müşahidədən Nərimanov maraqlı bir nəticəyə gəlir: sağlam insan üçün müəyyən müddət aclıq təhlükəli deyil. Əksinə, həzm sisteminə istirahət verilməsi orqanizmə dincəlmək və enerjisini bərpa etmək imkanı yaradır. Odur ki, o deyir: “Oruc olmaq salamat adam üçün əsla zərər olmayıb; bir çox adama xeyirdir.” Bu fikir müasir tibbin sağlamlıq anlayışları ilə heyrətamiz dərəcədə səsləşir. Xüsusilə, dünyada geniş müzakirə predmeti olan “intermittent fasting” — yəni “fasiləli aclıq” nəzəriyyələri ilə paralellik təşkil edərək, Nərimanovun mülahizəsinin zamanı qabaqladığını göstərir.

Lakin Nərimanovun məqaləsinin əsas cazibəsi tibbi izahda deyil. Yazının güclü tərəfi onun insanın daxili aləminə nüfuz etdiyi yerdə başlayır. Müəllif o dövrdə olduğu kimi bu gün də geniş yayılan “Orucluq ac qalıb acların hallarını düşünməkdən ötəri qoyulubdur” iddiası ilə, yəni orucun məqsədinin yalnız aclığı hiss edərək kasıbların dərdlərinə şərik olmaq kimi başa düşülməsi ilə qətiyyən razılaşmır. Çünki hesab edir ki, “Müsəlmanlar acların dərdlərinə qalan olsaydılar, orucluqdan savayı qeyri-qanunlar, qeyri-buyruqlar var”. Və əlavə edir: “Müsəlmanlar həqiqi müsəlman olsaydılar, müsəlman məmləkətlərində ac bir adam da tapılmazdı…” Beləcə, Nərimanov dini icmaları əsrlərlə gözəl mənəvi motivlərlə pərdələnib, yoxsulluğun real problemlərini həll etməməkdə, əxlaqi formalizmdə suçlayır. Onun nəzərində oruc sadəcə fərdi ibadət deyil; eyni zamanda insanın ictimai məsuliyyətini və gerçək sosial ədaləti düşünməsi üçün bir vasitədir.

O, bu ayinin əsl məqsədini insanın nəfsini idarə etməyi öyrənməsində görür. Nərimanov canlı bir həyat lövhəsi təsvir edir: “Bir tərəfdə toyuq plovu, yanında dolması, bir tərəfdə buzlu su; özüm acam, susuzluqdan dilim quruyubdur, bununla belə deyirəm: yemirəm, içmirəm.” Nərimanov üçün bu epizod özündə böyük bir mənəvi hadisəni təcəssüm etdirir. Çünki nəfsinə “yox” deməyi bacardığı həmin anda insan öz istəyinə qalib gəlir, daxili iradəsini gücləndirir.

Beləliklə, oruc sadəcə aclığa tab gətirmək deyil, insanın öz daxili aləmi ilə üz-üzə qalmasıdır. Hər bir imtina, hər bir səbir, düzüm anı insanın özünə hakim olmağı öyrənməsinə, ehtiras və vərdişlərin təsirindən uzaqlaşmasına, iradəsini möhkəmləndirməsinə xidmət edir. Bu mənada oruc yalnız bədəni deyil, insanın xarakterini də tərbiyə edən bir təcrübə kimi görünür; o, insanı öz istəklərinin əsiri deyil, sahibi olmağa alışdırır.

Nərimanovun fikrincə, insanın taleyini və xarakterini müəyyən edən məhz bu seçimdir: insan ya nəfsinin qulu olur, ya da onun ağası. Nəfsinə qalib gələn adam möhkəm xarakter və sabit iradə qazanır; hər istəyinə tabe olan isə get-gedə zəifləyir, iradəsini, bununla öz həyatının sahibi olmaq qabiliyyətini də itirir.

Bu fikir Nərimanov üçün yalnız fərdi əxlaq məsələsi deyil. O hesab edir ki, insanın öz nəfsinə hakim olub-olmaması bütövlükdə cəmiyyətin vəziyyətinə də təsir göstərir. İradəli, özünə nəzarət etməyi bacaran insanlardan ibarət cəmiyyət daha möhkəm və ədalətli olur; ehtiraslarına uyan, məsuliyyətdən qaçan, iradəsi zəif insanlar çoxaldıqca isə həm ictimai həyat, həm də mənəvi mühit tənəzzülə uğrayır. Bu baxımdan oruc təkcə fərdi ibadət deyil, həm də insanı daxildən möhkəmləndirməklə, dolayısı ilə cəmiyyətin mənəvi sağlamlığına xidmət edən bir məktəb kimi dərk olunur.

Bununla belə məqalənin sonunda Nərimanov nəfsinə “yox” deməyi öyrədən “böylə bir gözəl tərbiyə ilə yaşamış millət nə üçün böylə zəif, dəyanətsiz qorxaq gərəkdir olsun?!” deyə təəccübünü gizlətmir. Onun cavabı sadədir. Aclıq insanın ruhunu qüvvətləndirən vasitələrdən biri ola bilər, lakin təkcə bununla kifayətlənmək olmaz; əsas məsələ orucun zahiri formasında deyil, onun həqiqi mahiyyətini dərk etməkdədir. Bu məna unudulduqda ibadət adətə çevrilir, adət isə insanı dəyişmir. Amma insan orucun sınağından dərk edərək keçərsə, onda Bayram yalnız orucluğun başa çatması deyil, öz iradəsini kəşf etmiş insanın mənəvi qələbəsi olur.

Nərimanovun yaşı bir əsri ötən bu məqaləsi bu gün də eyni sualı qarşıya qoyur: biz öz nəfsimizə nə dərəcədə hakimik? O, oxucuya xatırladır ki, iradə, səbr və daxili güc kənardan verilmir — insan onları yalnız öz üzərində işləməklə qazanır.

Arzu Hacıyeva

# 113 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər