İtirdiyimiz illəri kim qaytaracaq?

İtirdiyimiz illəri kim qaytaracaq?
18 may 2022
# 13:20

Kulis.az Dilarə Adilgilin “Ay Laçın...” yazısını təqdim edir.


Axan çay Xaçındı, qoca?
Görünən Laçındı qoca?
Dəli qəmlər yolan nədir?
Saqqalın, saçındı, qoca?! (D.G)


İlk dəfə Laçının adı çəkildi. Üzdük, üzdük, sonuna gəldik. Ordumuzun erməni əsirliyindən azad etdiyi kəndləri sadalandı. Laçın qıfıl idi, Qarabağın qıfılı. Əvvəl gedənlərdən idi, son da o qayıdırdı. Şüşanı yad əllərdə tək qoymamaq üçün 10 gün sonra ardınca yola düşmüşdü. Yazda odlara qalananda üşüyərək getmişdi, qışda isti nəfəslə evinə dönürdü. Cəbhədə müəyyən qədər qələbə qazanıb nisbətən özümüzə gəlməyə başlayanda AzTv də işğalda olan ərazilərimizin virtual görüntülərini nümayiş etdirməyə başlamışdı. Bir gecə də Laçını göstərirdi. Gözəl təbiət mənzərələrimizə, saysız-hesabsız tarixi abidələrimizə ürək yanğısı ilə baxır, “görəsən nə isə qalıb?”nigarançılığı qəlbimi didirdi. Hamısını izləmişdim, lakin mənə Laçın qədər təsir edən, belə böyük cazibə ilə ekran qarşısına çəkib özünə məftun edən olmamışdı. Adının mənası şahin, igid, batur, özü qartal yuvası olsa da, adına yazılan melos kövrəkdir, həzindir, qəlb sızladandır. Azərbaycan necə coka-coladan cavan ola bilər ki, hələ tək bu mahnısının 150-dən çox yaşı var. Düşmənlərimizin bu gülünc iddiasını ciddi qəbul edib ürəyimə salmıram, sadəcə yalançını evinə qədər qovarlar... “Laçın”mənim üçün həmişə ayrılıqla assosiasiya olunur, yəqin bayatı üstündə oxunmasından, Arazın adının keçməsindən, Laçının 28 il işğal altında qalması səbəbindəndir.

Bağçaların barı gül,
Yarı qönçə, yarı gül.
Gec açıldın, tez soldun,
Açmayaydın barı gül...

“Laçın”mahnısının sətirləri ilə xəyali Laçını göz önündə canlandırır, qarış-qarış gəzirdim. Doğrudan da, ən böyük yetimçilik torpaq yetimçiliyi imiş. Bunu indi başa düşdüm, Böyük Qayıdışda! Öz vətən torpağını virtual görmək çox ağır idi. Ümummilli liderimiz Heydər Əliyev bizim “dağlar gözəli”haqqında demişdi: “Laçın dağları da bizə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik... Təsəvvür də edə bilmərik”. İtirdiyimiz bu illəri bizə kim qaytaracaq? Bizdə olmadığından, gediş-gəlişin kəsildiyindən Laçın barədə demək olar heç nə bilmirdim, onun haqqında yalnız yaxından tanıdığım insanlara baxıb fikir yürüdürdüm. Laçının respublikamızın ən ağır sərhəd məntəqəsi olması, namərd düşmənlə böyür-böyürə yaşamağa məcbur qalması, yarğanlara parçalanan çətin relyefi (azad ediləndən sonra Laçında faktiki, aeroport tikmək üçün hamar yer tapmaq qeyri-mümkün görünürdü. Mütəxəssislər deyir ki, birinci dəfədir dünyada belə relyefdə aeroport tikməyə cəhd edilir), sərt iqlimi laçınlıların mərd, məğrur, mətin, vətənpərvər xarakterinin formalaşmasına bilavasitə təsir etmişdir. Mən Laçında bu qədər sayda tarixi abidə olduğunu ağlıma belə gətirmirdim... Özü də kəndlərdə. Qədim körpülərin çoxluğu da burada axan bol sulu çaylardan xəbər verirdi. Azərbaycanda körpütikmə ənənəsinin qədimliyi də bu səbəbdəndir. Maraqlananda öyrəndim ki, işğala qədər Laçında, xüsusən kəndlərində IX-XV əsrlərə aid 200-dən artıq tarixi abidə olub. Mağaralar, məbədlər, kurqanlar, bürclər, qəbirüstü yadigarlar, süjetli daşlar, fiqurlar... Əsasən, at, qoç fiqurları... Keçmişdə bu yerlərdə igidlərin qəbri üstündə at fiquru qoymaq kimi bir ənənə vardı. Abidələr “tarixin nida işarələridir», deyirlər... Ermənistana daşınan tariximizin yerini nə ilə dolduracağıq?

Laçının yanı dağlar
Ürəyi, canı dağlar
Burda bir el var idi
Siz deyin hanı, dağlar?


Hələ Laçının təbiəti... Bu torpaqda dünyada tayı-bərabəri olmayan qırmızı dəmirağac, dərman bitkiləri yetişir, qızıl, uran, mərmər, kobalt yataqları, çoxlu mineral sular vardır. Laçın-Şuşa yolu sanki hanaya yox, birbaşa dağa toxunmuş xalçadır. Məsafənin az olmasına baxmayaraq bu “serpantini»ı qət etmək saatlar aparır. Bura bütün Qarabağın seyrəngahı, yaylaq yeri idi. İnsanlar yüzilliklərdir yay ayları buralarda yurd salar, oba həyatı yaşayardılar. İlin 3-4 ayı yaylaqlarda keçərdi. Camaat istirahətə, maldarlar heyvanlarını otarmağa gələrdilər. Köç tökülər, alaçıqlar qurular, tütəklər çalınar, sürülər yamyaşıl çəmənliklərə səpələnərdi. “İgidlər oylağı, mərdlər yaylağı”Laçının indi məhv edilmiş meşələrində olmayan heyvan yox idi. Ona görə hər çoban yanında bir-iki qurdbasar it saxlayardı. Birdən-birə kadr kəskin dəyişir… Bütün vizual effektlər itir. Mənzərədən rənglər yoxa çıxır, dağlar keçəlləşir, sular çirklənir. Heç bir montaj da yoxdur. Buna kino dilində “zaman sıçrayışı”deyirlər. Realda isə erməni işğalı. Lakin təbiətin şərə qarşı öz qanunu, instinkiti, refleksi var. Yanmış torpaq yenidən çücərəndə daha güclü, daha məhsuldar olur. Böyük ozan alqışları ilə Laçına xeyir-dua verək, daha heç vaxt:

Qarlı qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Gur axan gözəl çayların qurumasın!

Azad olunandan sonra gedib-gələnlər danışırdılar ki, dəstə-dəstə cüyürlər, əliklər peyda olub, ayaq altı olmadığından düşmənin əli çatmayıb. Balavermə dövründə təbiəti bir başqa cür bəzəyirlər. Laçın dağlarına maral, ceyran-cüyür, şahin quşları yaraşır, xain erməni kölgəsi yox.

Laçın evinə qayıtdı. Bir uzun həsrət də bitdi. O yenə də Qarabağın otlağı, sərin kölgəliyi olacaq. Ağ çadırlar qurulacaq, yurd yerləri salınacaq. Şuşaya, Laçına görə may bizim üçün təqvimin qara ayı idi. Daha 18 mayı Laçının işğal günü kimi ağlamayacağıq, heç vaxt unutmayacağıq, amma ağlamayacağıq da. Uşaqlara xəritədə göstərib “buradı Laçın”deməyəcəyik. Erməninin dağıtdığı nadir muzeylərimizi – 1977-ci ildən tarixi-memarlıq qoruğuna çevrilmiş Şuşanı, Ağdam “Çörək muzeyi”ni, Kəlbəcərin “Tarix-diyarşünaslıq muzeyi»ni və qarət olunmuş bütün muzeylərimizi bərpa edib “Muzeylər günü”kimi qeyd edəcəyik. 18 may təqvimlə “Tarixi Abidələrin Mühafizəsi günü”olsa da, bu uzun müddət ərzində beynəlxalq aləmdən məhv edilmiş saysız-hesabsız, dünyada təkrarı olmayan tarixi abidələrimizə görə bizə bir dəstək, erməniyə quru qınaq da görmədik. Şuşada Natəvanın 170 yaşı olan bağı dağıdılıb, gözəllikdə dünyada tayı-bərabəri yox imiş. 28 il 18 mayı tənhalıqda qanadı qırılmış Laçın, kor qoyulan mədəniyyətimiz, əsir abidələrimiz üçün göynədik. Bizə gəlib çatan o gözəllər-gözəli Laçın deyil. Əsirlikdə başına gəlməyən qalmayıb, amma müqaviməti güclü olub, dözüb... XVll əsrdə yaşayıb-yaratmış Sarı Aşığın Güləbird kəndindəki xatirə muzeyi, 1927-ci ildə arxeoloqlar tərəfindən aşkar edilən qəbir-sənduqəsi də erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış, abidənin “başı”qopardılıb bir tərəfə atılmışdı. Bu, üstündə saz və müxtəlif rəsmlər olan gümbəzli əsl memarlıq nümunəsi idi. Sarı Aşıq “bayatı qoşmaq qadın işidir” – fikrini alt-üst edərək, yaradıcılığı ilə bayatıya heykəl qoymuş, həm də sanki Laçınının, öz məzarının görəcək günlərini sağ ikən görmüşdü:

Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

Amma bu 28 ili “təki o quru dam-daş qayıtsın”demədikmi? Dedik... Vətən övladları doğma yurdun viranəliyindən də enerji alıb bərpa, qurub-yaratmaq əzmindədir. Köçkünlər evlərini kafelin qırıqları ilə tanıyırlar, tapırlar. Hər yer tanınmaz hala düşüb. Gör necə nifrətlə, kam ala-ala dağıdılıb. Qarabağın ekoloji balansının bərpasına onilliklər lazım olacaq. “Bir igidin ömrü»nə bəs olan yaşadığımız dəhşətin cərəyanı Laçın koridorundan başlamışdı, ona da dönürdü. Paslanmış kilidi açmaq zamanı gəldi. Hər şey necə getmişdi, elə də qayıdırdı. İşğalını yaşamışdıq, azad edilməsini də gördük. Daha gözəl günləri isə qarşıdadır. Gələcək nəsillər onun nə vaxtsa “dəhliz”olduğunu kitablardan oxuyacaq.

Müharibə etno-folklorundan… “Anam uşaq vaxtı Şuşada pioner düşərgəsində dincəlib. Xalamın da adı Laçındı. İndi bacım mənimlə telefonda guya parolla danışır: – Mamanın uşaqlıqda getdiyi yeri alıblar, xalanın da üstündə dava gedir…”Şad xəbərin müjdəsini vermək, birinci çatdırmaq hissi qüvvətli idi, hətta, bilib susmaq əsl mazaxizm idi… Qoy hamı bilsin, hamı sevinsin!

Laçın boşaldılan gün düşündüm: “Görəsən bu gün neçə Laçın doğuldu?”Necə ki, Füzuli azad olanda doğulan Füzuliləri, Cəbrayıl işğaldan qurtaranda Cəbrayılları, Şuşanı alanda Şüşəxanımları düşünmüşdüm. Prezident Vəng kəndinin adını dəyişəndə həmin günlərdə doğulan qızlar da, Çinarlının şərəfinə valideynləri tərəfindən Çinarə adlandırıldılar. Prezidentimiz demiş: “Adı mübarək olsun!”Bütün xalqın toy-bayram etdiyi qələbə naxışlı, heç vaxt unutmayacağımız günlərdə həyata başlamaq! Poladın, Mübarizin də adı yerdə qalmadı. Məktəbdə elə sinif, baxçada elə qrup yoxdu ki, orada Mübariz olmasın! 2021-ci ildə 306 Polad doğulub, hələ “Poladhəşim”kimi yeni ad da yaranıb. “Xudayar”da geri qalmır... 33 oğlan “Xudayar»la şərəfləndirilib. Xudayar Yusifzadə bu adı kəndxudalıqdan çıxarıb şəhadətə yüksəltdi. (Elə illər olub ki, statistikada “Xudayar”heç qeydə alınmayıb). Xalq şəhidlərin adını sevə-sevə balalarına qoyur. Həmişə azad olun, əziz balalar, azad torpaqda da yaşayın!


Diz çöküb, ayağa düşəndə yağı,
Yandırın yurdumda sönən çırağı.
Əkin qəbrim üstə bir Laçın gülü,
Tökün dibinə də Laçın torpağı,
Yel vursun, üstünə ləçək tökülsün,
Qızılgül içində məzarım gülsün.
(Hüseyn Kürdoğlu)

# 2373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #