VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzusunda panel müzakirəsi keçirilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Asiya İncəsənəti üzrə Milli Muzeyin ictimai proqramlar üzrə direktor müavini Nikol Dowd çıxışı zamanı incəsənət haqqında müzakirələrin və genişmiqyaslı mədəniyyət festivallarının muzey icmasına yeni səslərin cəlb olunması, eləcə də ziyarətçilərin Asiya incəsənəti ilə daha mənalı əlaqə qurması üçün mühüm imkanlar yaratdığını bildirib.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Aminə Məlikova milli muzeylərin yalnız tarixi deyil, həm də xalqların fəlsəfəsini və əsrlər boyu formalaşmış müdrikliyini əks etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, muzeylər hər hansı ölkənin və xalqın mədəniyyətini daha yaxından tanımaq üçün mühüm mənbə rolunu oynayır.
O qeyd edib ki, ənənəvi sənət mədəni irsin ayrılmaz hissəsidir və həyat tərzinin dəyişməsi ilə əlaqədar ənənələr də zamanla yenilənir.
Aminə Məlikova, həmçinin Azərbaycan xalçalarının əsrlər boyu dünyanın müxtəlif ölkələrinə yayıldığını və bu gün də beynəlxalq hərraclarda nümayiş etdirilən mühüm mədəni irs nümunələri sırasında yer aldığını bildirib.
Beynəlxalq Muzeylər Şurasının (ICOM) vitse-prezidenti Nasir A. Darmaki çıxışı zamanı icmalarla, akademik dairələrlə, eləcə də Britaniya Muzeyi, Smitson İnstitutu və Azərbaycan Milli Xalça Muzeyi kimi mədəniyyət müəssisələri ilə əməkdaşlığın vacibliyini vurğulayıb.
O bildirib ki, bu cür əməkdaşlıqlar icmalarla birbaşa əlaqələrin qurulması, muzeylərin zəngin təcrübəsindən yararlanılması və akademik sahəyə töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nasir A. Darmakinin sözlərinə görə, mədəniyyətlərarası dialoqa əsaslanan muzeylər insanları öz töhfələrini verməyə dəvət etməli, ziyarətçiləri isə muzeylərdə təqdim olunan hekayələr və yanaşmalar barədə suallar verməyə təşviq etməlidir.
Panel müzakirəsi mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.