Millət vəkili Fazil Mustafa: "Bir vətəndaş kimi müstəqilliyimizdən üzr istəməliyik"

Millət vəkili Fazil Mustafa:  "Bir vətəndaş kimi müstəqilliyimizdən üzr istəməliyik"
4 yanvar 2023
# 13:20

Kulis.az millət vəkili Fazil Mustafanın yazısını təqdim edir.

Üzeyir bəyə ayaqqabı atan nəsil yetişdi. O, yəni ayaqqabını atan Azərbaycan gənci Üzeyir bəyi tanımırdı. O, heç müstəqilliyi də tanımırdı. O, 44 günlük savaşda qazanılan qələbənin də nə olduğunu bilmirdi. O, Üzeyir bəyin vaxtilə Şuşada qoyulmuş büstünə ermənilərin güllə atdıqlarını da bilmirdi. Onun diplomu, ən azı attestatı olmamış deyil, ancaq təhsili yox kimidir. O, yanındakı yoldaşından kitab istəyə bilməzdi, ya siqaret, ya da telefon istəyə bilərdi. Ona Üzeyir bəyə atmaq üçün nisbətən ağır bir əşya lazım idi.

Ayaqqabı, bəlkə də, gözlənilməz bir seçim idi. Çünki burada ayaqdan ayaqqabını çıxarmaq lazım idi. Ayaqabının qaytanlı yaxud qaytansız olması da burada işi qəlizləşdirən məsələ ola bilərdi. Əziyyət çəkib qaytanı açmaq lazım gələrdi. Hər halda ayaqqabı siqaretdən ağır, telefondan ucuz olmalıdır. Mümkündür ki, bu təzə ayaqqabı deyildi, ola bilsin ki, içinə adamın corablarının iyi də hopmuşdu. Ən maraqlısı o deyidi. Yayılan videoda yaxından keçən bir azərbaycanlının vücudu diqqət çəkir. O azərbaycanlı isə bizim nəslin nümayəndəsidir. O isə ya yeni nəslin təmsilçilərinə söz deməkdən çəkinir, ya da Üzeyir bəyə ayaqqabı atılmasına əhəmiyyətsiz hadisə kimi baxır.

Biz Üzeyir bəyin erməni gülləsinə tuş gələn büstünü Şuşaya qaytardıq. İndi də bir azərbaycanlı gəncə Üzeyir bəyin ovucunda saxladığı ayaqqabını qaytarmalıyıq. Üzeyir bəyin ovcunda qalan ayaqqabının sahibi onu Üzeyir bəyə atan dostu qədər bu əyləncəyə gülsə də, qışın günündə bir ayağı soyuqdan üşüdüyünə görə, evə necə qayıdacağını şübhəsiz ki, düşünmüş. Heykəl ucada olduğuna görə, ayaqqabının tayını geri götürməsi də mümkünsüz görünürdü. Yəqin evə ayaqqabının bir tayı ilə dönmüş. Övladlarının ayaqqabısının digər tayının Üzeyir bəyə atıldığından bəlkə də ata-anasının da xəbəri olmamış. Bir də xəbərləri olsaydı, nə dəyişərdi. Onlar da heykəlin yanından bu hadisəni seyr edib öz işinə tələsən həmin azərbaycanlı qardaş kimi bizim nəslin təmsilçiləri ola bilərlər. Yeni nəslə söz deməyə bəlkə də iradələri çatmır.

Bizdə 20 Yanvar, Xocalı adında matəm günləri var, bolluca bayram günlərimiz də var. Nadanlıq günümüz necə varmı? Bəlkə Üzeyir bəyin heykəlinə ayaqqabı atılan günü Nadanlıq Günü kimi təqvimə salaq? Bir az tələsmək istəməzdim. Dünən Milli Konservatoriyanın bir qrup müəllimindən şikayət məktubu almışam. Əmək haqlarının pozulmasından fəryad edirlər. Rektorları da Üzeyir bəy deyil. Bu zavallı müəllimlər onun heykəlinə də şikayət edə bilmirlər. Şikayət etsələr belə, Üzeyir bəyin heykəlinin acizliyini Azərbaycan Dövlət Konservatoriyasını iki yerə parçalayanda görmədilərmi? Onun ruhundan, irsindən, qəbrindən soruşan oldumu? Sabah həmin gənclər haradasa brifinq keçirib, məhz Üzeyir bəyin mirasına bu sayğısızlığa diqqət çəkməyə görə bu ayaqqabını atdıqlarını söyləsələr, nə baş verəcək?

Adamlar desələr ki, Konservatoriyanın nə millisi, nə musiqi akademiyası, Üzeyir bəydən bu işi daha yaxşımı bilirsiniz?

Hər halda, bir neçə gün gözləyək. Əgər həmin gənclərdən səs-soraq çıxmasa, onda Nadanlıq Günü məsələsinə yenidən qayıdarıq".

Sakın bizim əziz polis yetkililərimiz o iki gəncə mikrafon verib Üzeyir bəyin heykəlindən üzr istətməsinlər. Öncə Üzeyir bəyin ruhundan üzr istənməlidir. Və öncə bu üzrü Üzeyir bəyin ocağında şad-xürrəm titulları və pulları sıralayıb Azərbaycan musiqisini yaşadan dəyərli və gün çörəyinə möhtac müəllimləri ayaqqabısı ilə təpikləyənlər istəməlidir. Bir də Üzeyir bəyə, Məhəmməd Əmin bəyə "ayaqqabı" atacaq dünyada bircə azərbaycanlı varsa, biz hamımız borcunu yerinə yetirməmiş bir vətəndaş kimi müstəqilliyimizdən üzr istəməliyik".

# 1481 dəfə oxunub

Müəllifin son yazıları

# # #