Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı

Məscidə it bağlayan Mirpaşa həyatda namaz qılırdı
18 fevral 2022
# 21:00

Bu gün maraqlı aktyor, rəssam Elçin Məmmədovun anım günüdür. Kulis.az aktyor haqqında maraqlı faktları təqdim edir.

Elçin Məmmədov 1946-cı il mayın 29-da Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya gəlib. Valideynləri sənət adamları olduğu üçün evdə çox az olurmuşlar. Elçini uşaqlıqdan özündən 14 yaş böyük bacısı Solmaz böyüdüb.

***

Aktyor 11-ci sinfi bitirdikdən sonra İncəsənət İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. İlk dəfə uşaqlıq dostu Azər Paşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəsm işlərini görüb. Sonralar isə daha çox atası ilə birlikdə çalışıb.

Gallery

İxtisasca rəssam olsa da, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” kimi maraqlı filmlərdə yaddaqalan obrazlar yaradıb.

***

Gallery

İxtisasca rəssam olsa da, “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi”, “Yarımçıq qalmış mahnı”, “Xəzinə”, “Toya dəvətnamə” kimi maraqlı filmlərdə yaddaqalan obrazlar yaradıb.

***

“Yeddi oğul istərəm” filmində Mirpaşa obrazını canlandıran Elçin Məmmədov haqqında maraqlı bir xatirəni aktyor Ənvər Həsənov belə nəql edir:

"Qobustanda çəkilişlər davam edirdi. Bir də gördük ki, cırhacır istidə bir neçə nəfər bizə tərəf gəlir. Əllərində də uzun bir taxta var idi. Fikirləşdik ki, biz məcburuq bu istidə çöllərə düşməyə, axı bu insanlara nə düşüb? Bizə ilan yığdıqlarını dedilər. "Aparıb bunları lazımi quruma təhvil veririk, zəhərindən dərmanlar düzəldirlər", söylədilər. Biz bunların danışığına qulaq asırdıq, elə bu dəm Elçin Gizir rolunu ifa edən Hamlet Xanızadənin ayağından tutub, ilan kimi fısıldadı. Hamletin ürəyi getdi, aləm qarışdı. Tofiq Tağızadə gəlib kişilərin üstünə qışqırdı ki, "ədə, yığışdırın bu ilanlarınızı, aktyorların başına oyun açdınız". Bəlkə, bir 10 dəqiqədən sonra güc-bəla ilə Hamleti özünə gətirdik. Elçin Hamletin qorxusundan ordan qaçdı. Hamlet durdu ayağa ki, "hardadır o əclaf, onu tapın verin, mən bu saat onu öldürəcəm". Sakitləşəndən sonra Elçini gətirib onları barışdırdıq...

***

Elçin Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət mükafatı laureatı adını alıb.

Gallery

Onun aktyor kimi yaradıcılığa başlaması da təsadüflə bağlı olub. İlk dəfə kinorejissor, xalq artisti Tofiq Tağızadə tərəfindən Elçinin "Yeddi oğul istərəm" filmindəki Mirpaşa roluna təsdiq olunmasının maraqlı tarixçəsi var. Belə ki, bu rola xalq artisti Eldəniz Zeynalov dəvət olunur. Ancaq o, at çapmaqdan imtina etdiyinə görə rol ona verilmir, rejissor Elçin Məmmədovun üzərində dayanmalı olur.

Gallery

Bacısı Solmaz Həmzəyeva deyir ki, qardaşını çimizdirir, geyindirir, yeməyini yedizdir, gecələr pis yatdığına görə gonbul qardaşını qucağına alıb hər axşam bulvara gəzməyə aparırmış. İş elə gətirir ki, Elçinə baxmaq üçün dayə tapa bilmədiklərindən o, bir il məktəbə getməyib, qardaşını böyütməklə məşğul olub. O, bəzən onu qız kimi geyindirər, başına “Vaqif” tamaşasında anasının taxdığı örpəyi bağlayar, dodaqlarını, boyayar, qrim edər, bəzək əşyaları taxar və bu libasda, görkəmdə şəklini çəkərmiş…

***

Elçin çox nadinc uşaq olub. Dərsdə o qədər səs salırmış ki, müəllimlər hər gün Barat xanıma şikayət edirmişlər. Müəllimlər həmişə Elçinə “bacın burda oxuyanda ananın üzünə həsrət qalmışdıq. Arzulayırdıq ki, dəcəllik etsin, Barat xanımı çağıraq məktəbə. İndisə sənə görə Barat xanımı hər gün məktəbə çağırmaqdan utanırıq”, deyərmişlər”.

Gallery

Nəyisə itirmək kimi bir adəti varmış. Hər dəfə evdən çıxanda ya nəyisə evdə unudar, ya da salıb itirərmiş. Deyilən görə çox vaxt dərsə gedərkən çantanı həmişə trolleybusda unudub düşərmiş. Sonuncu dəfə anası Barat Şəkinskayanın bütün sənədlərini itirir, nə qədər axtarsa da tapa bilmir.

***

Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda Moskva, Arxangelsk, Serebrovskidə yüzdən çox tamaşada rəssamlıq edir. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azər Paşa Nemətovla olur. Bu dəfə də “Hamlet” tamaşasının rəssamlıq işini öhdəsinə götürür. Ancaq ömür vəfa etmir və bu tamaşanın premyerasını görmək ona qismət olmur.

Gallery

Elçin dini mükəmməl bilir, namaz qılır və Quranı mütaliə edirdi. Quran ayələrinin təhlilini bacarırdı. Bütün pirləri, ocaqları ziyarət edirdi. Ağıllı, savadlı və hərtərəfli inkişaf etmiş biliyə sahib idi. Yaponların dördlük şeirlərini təhlil edir, hind fəlsəfəsini gözəl bilirdi. İngilis dilində sərbəst danışmağı bacarırmış.

***

Deyilənə görə, xeyli səliqəsiz və bir az da tənbəl adam olub. Saqqalını da tək imicə görə yox, təmizləməyə tənbəllik etdiyi üçün də saxlayırmış. Çiynindən həmişə torba asırmış.

Gallery

“Yeddi oğlu istərəm” filmində Mirpaşanın damdan atın üstünə tullanma səhnəsi çəkilərkən qorxurmuşlar ki, atın beli qırıla. Sonradan Elçin danışırmş ki, görünməmək şərtilə atların qabağına nazik məftillər çəkirdilər. Heyvanlar çapanda ayaqları o məftilə ilişib yıxılırdı, bu zaman isə kənardan güllənin səsini verirdilər, guya ata güllə dəydi yıxıldı. Mirpaşanın məscidə it bağlamaq səhnəsi ssenaridə vardı. Amma yerdə qalan hərəkətlər, sözlər onun daxilindən gəlirdi.

Gallery

Məhz bu obrazdan sonra Elçin Məmmədov tanınır. Hər yerdə onu Mirpaşa kimi tanıyırdılar. Küçədə də ona Mirpaşa deyirdilər. Bu roldan sonra yol polisi də onu saxlamırdı. Bir gün Elçin Məmmədov maşının nömrəsini vintlə bərkitmək əvəzinə, qalstuk və iplə bağlayır. Maşını isə həmişəki kimi pis vəziyyətdə olur. Ancaq polislər onu tanıdıqları üçün bunların heç birinə məhəl qoymur və onu cərimələmirdilər.

Bir gün yol polislərindən biri Elçin Məmmədovu saxlayır, aktyoru tanımır. Elə bu səbəbdən də aktyorla polis arasında məzəli bir dialoq yaranır. Elçin Məmmədov soruşur, “tanımadın məni?” “Yox”, deyə polis təəccüblə cavab verir. “Yaxşı bax”, deyir aktyor. Polis yenə də tanımağa çətinlik çəkir. “Mirpaşa”. Polis heç nə başa düşə bilmir. “Qaraca çoban”. Bu ad da polisə tanış gəlmir. Nəhayət, bundan bezən polis aktyora deyir: “Sür-sür, elə görürəm ki, çoban kimi sürürsən”.

Gallery

“Dədə Qorqud” filminə Qaraca çobanın ağacı kökündən çıxarmaq səhnəsi də çətinliklə alınırdı. Çəkiliş başlamamışdan qabaq yüzillik ağacı kökündən çıxarıb, sonra həmin ağacı yenidən yerinə basdırırlar ki, Qaraca çobanı ağaca bağlayanda onu asanlıqla yerindən çıxara bilsin. Həmin səhnənin çəkilişi başlayır. Qaraca çobanı da ağaca bağlayırlar. Ancaq aktyor nə qədər tərpətsə də, əziyyət çəksə də, ağacı yerindən çıxara bilmir. Demə, ağacı yerinə o qədər bərk basdırmışdılar ki, çıxarmaqda çətinlik çəksin. Elə bu zaman da məşəlləri yandırmağa başlayırlar. Od parçaları da qolları bağlı olan Qaraca çobanın üstünə tökülür və qollarını yandırır. Göynədiyi üçün tez-tez qollarını üfürməyə başlayır. Bütün bunlar filmdə təbii olaraq çəkilmişdi.

Gallery

Elçin Məmmədov hələ 33 yaşında ağır infarkt keçirsə də sonrakı illərdə ürəyindən şikayət etmir. Dünyasını dəyişməzdən əvvəl həmişəki kimi emalatxanasına gedir. Lakin, özünü pis hiss etdiyindən yaxınlıqdakı adamlardan emalatxanadakı rəssamlardan birini çağırmağı xahiş edir. Otaq yoldaşı gələndə isə Elçin artıq dünyasını dəyişmiş olur. 2001-ci il fevralın 18-də rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında həyatla əbədi vidalaşır.

Gallery

Ölümündən bir neçə gün sonra Elçin Məmmədovun kompüterindən bir esse tapılır. Elçin öz ölümünü həmin essedə təsvir etmiş, ruhun Allahın hüzuruna çıxmasından, o yolu keçməyindən bəhs etmişdi. Hətta məzarının üzərində ucalan şam ağacı barədə də yazmışdı…

***

Hələ neçə il öncə həyətlərinə balaca bir it gəlir. Mənzil istismar sahəsinin işçiləri iti tutub aparmaq istəyirlər. Onda Elçin Məmmədov buna mane olur. O gündən etibarən it həmişə onların evinin qabağında oturur. Elçin Məmmədovun və ailə üzvlərinin sevimlisinə çevrilir. Elçin Məmmədov dünyasını dəyişdiyi ilk gün it evin qabağında sakitcə uzanır. İki gündən sonra isə yoxa çıxır. Və elə o gündən sonra o it heç yerdə gözə dəymir.

# 28665 dəfə oxunub

Müəllifin son yazıları

# # #