“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi

“Məni yazmağa həyat yoldaşım ruhlandırıb” - Amerikalı feminist yazıçı Qreys Peylinin müsahibəsi
15 dekabr 2024
# 12:00

Amerikalı qısa hekayə yazıçısı, şair, müəllim və siyasi fəal olan Qreys Peyli dekabrın 11-i 1922-ci ildə anadan olub. Q.Peyli yazıçılıq və müəllimlikdən başqa feminist, müharibə əleyhdarı aktivist kimi tanınıb. Yazıçı hekayələr toplusu ilə 1994-cü ildə Pulitzer Mükafatı və Milli Kitab Mükafatının finalçısı olub.

Bir müddət xərçəngdən əziyyət çəkən yazıçı, 2007-ci ildə 84 yaşında vəfat edib.

1981-ci ilin aprelində Qreys Peyli tələbələrlə görüşmək üçün Ostin şəhərində yerləşən Texas Universitetinə gedib. Burada qadın yazıçılar, yaradıcı yazarlıq kimi mövzularla maraqlanan gənclərlə söhbətləşib. Universitetin professorlarından biri olan Coan Lidof onunla müsahibə formatında söhbət edib. Bu müsahibə-söhbət 1997-ci ildə ilkin variantı çap edilən "Qreys Peyli ilə söhbətlər" kitabında yer alıb. Oxuduğunuz tərcümə müsahibənin, sadəcə, bir hissəsidir.

Kulis.Coan Lidofun Qreys Peyli ilə söhbətini təqdim edir.

C.L: Dünən axşamkı çıxışınızda bütün hekayə yazıçılarının hekayə dinləyiciləri olduğunu dediniz. Bu haqda bir az ətraflı məlumat verə bilərsiniz?

Q.P: Hər şeyə maraq göstərən, diqqətli insan, dinləyici deyilsinizsə, yazıçı ola bilməzsiniz. Hətta nağılçı da ola bilməzsiniz. Sizin kimi erkən yaşlarından yazıçı olanlar, yəqin ki, qeyri-adi diqqətli, hər şeylə maraqlanan uşaqlar olublar. Məhəllədəki digər uşaqların qulaq asmadığı şeyləri də eşidərdiniz. Yəqin ki, 6 yaşında bunun fərqində olub, "Qulaq asın, görün, bu gün nə eşitmişəm" deyib ətrafda gəzməmisiniz. Amma dərsdən evə qayıdanda ananıza, ya da günortadan sonra evdə kiminlə söhbət edirdinizsə ona müxtəlif hekayələr danışmısınız. Əgər sizə qulaq asan kimsə olardısa, çox danışan olurdunuz. Eyni zamanda həm də əla dinləyici idiniz, bu da sizə nəsə deməkçün gələn insanları tərəddüd etdirirdi, çünki onların deyəcəklərini artıq dörd dəfə eşitmiş olurdunuz. Danışan olmasa belə, siz onsuz da eşidərdiniz. Dinləyici idiniz və bütün bu məlumatları daim özünüzdə saxladığınız üçün özünüzü pis hiss edərdiniz. Çexovun, həqiqətən də, möhtəşəm olan bir hekayəsindən misal çəkmək istəyirəm; "Ata arabaçıdır, oğlu ölüb və bunu hamıya demək istəyir: "Oğlum ölüb". Heç kim ona qulaq asmır. Nəhayət, kişi öz hekayəsini atına danışır. Məncə, heç kimin dinləmədiyi çoxlu hekayələr eşitmiş çox adam var. Məncə, dünya deməyə çox sözü olan, amma heç kimin dinləmədiyi insanlarla doludur.

C.L: Ailənizdə sizə təsir edən hekayə danışan olub?

Q.P: Mən sizə hekayələri dinləyənlər deyəndə, hekayə danışan adamları dinləyənləri nəzərdə tutmuram. Bəzən hekayələri insanların özlərindən götürürsən. Siz "Yaxşı, danış, görək noolub?" deyərsiniz, cavab olaraq "Heç nə", "Heç bir şey", eşidərsiniz. Bu, bir çox ailədə yaşanır. Bəzən ailənizdəki insanlardan hekayələrini çəkib çıxarmaq illər çəkə bilər. Amma məndə belə deyildi, atam çox yaxşı danışardı. Buna görə də, anam daha sakit idi. Atam həqiqətən, yaxşı natiq idi, çox şeylər haqqında çox gözəl də danışardı. Ailəmdə çox adam hekayələr danışardı: nənəm, bibilərim, anam, bacım. Əksər adamlar kimi özlərini hekayəçi hesab etməzdilər. Amma bu otaqdakı, bu məktəbdəki, demək olar ki, hamı hekayəçidir. Həmişə hansısa hekayəni danışırsınız. Hekayə danışmaq, demək olar ki, hər kəsin edə biləcəyi işlərdən biridir. Balaca nəvəm var, alayarımçıq cümlə qura biləndə bilirdim ki, mənə hekayə danışacaq. İndidən lətifə danışır. Dünyanın hər yerində insanlar hekayələr danışırlar. Əgər sizinlə mən bir yerdə oturub qəhvə içsəydik, bir-birimizə onlarla hekayə danışardıq.

C.L: Yazdıqlarınızda mətbəx masasının ətrafında oturub hekayələr danışan insanların səsi var.

Q.P: Nə gözəl. Məmnun oldum. Bizim ailədə insanlar masanın ətrafında oturub söhbət edərdilər. Atam vaxtı olanda həddindən çox danışardı, bibilərim hekayələr danışardı. İnsanlar qocalanda çox vaxt öz həyatlarından danışmağı və özlərini müdafiə etməyi sevərlər. "Bunu etmişdim, onu etmişdim və bunları buna görə etmişdim" deyirlər. Xüsusən, bibim daim özünü müdafiə edərdi. İnsanların danışdıqları hekayələr bunlardır: Nə oldu, necə oldu, niyə oldu...

Mənim eşitdiklərim bunlardır, qalanı da küçədə eşitdiyim hekayələrdir. O vaxtlar Bronksda çox səs-küylü bir məhəllə həyatımız vardı. O ailələrin nəvələri bizim o məhəllədə necə yaşadığımızı, küçələrdə necə oynadığımızı, qocaların, dostlarımın valideynlərinin məhəllədə necə vaxt keçirdiklərini bilməzlər. Hamı qutuların, açılıb-bağlanan stulların üzərində oturub söhbət edərdi və bu mənimçün çox maraqlı idi: Onlar qayınanalarından, uşaqlarından, ərlərindən, arvadlarından danışardılar. Uşaq olanda bu söhbətləri dinləyərdik və ancaq dinləməyə davam etsəydik, söhbətin axırında nə baş verdiyini öyrənə bilərdik.

C.L: Sizin hekayələrinizdən danışsaq, İdiş harmoniyası və ritmindən də danışa bilərik?

Q.P: Bəli, mən aksentli yazıram. Uşaq vaxtı ətrafımda üç dildə danışırdılar; ingiliscə, rusca və idişcə (tərc. - Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus dil). Bunlar mənim dillərimdir. Qulaqlarımda olanlar evstaki borusuna və qırtlağa keçdilər və onlarla birlikdə boğazımdan bir neçə xəstəlik də yapışdı.

C.L: Evdən və ailədən başqa, daha xüsusi ədəbi təsirləriniz olub? Əvvəlki çıxışlarınızda Əhdi-Ətiqdən bəhs etmisiniz.

Q.P: Atam ateist idi, amma Əhdi-Ətiqi (tərc. - xristianların müqəddəs kitabı Bibliyanın həcmcə daha böyük, birinci bölməsi. Həmçinin yəhudilərin müqəddəs kitabı) çox sevirdi. Mən çoxlu Müqəddəs Kitab hekayələri ilə böyümüşəm və onları yüksək səslə oxumağı sevirdim. Elə təsəvvür et ki, indiki uşaqlar radioya yüksək səslə qulaq asırlar. Biz də yüksək səslə klassik musiqiyə qulaq asardıq. Məncə, gənclərin hamısı musiqinin içində olmağı xoşlayırlar, musiqi nə olursa-olsun.

C.L: Başqa yazıçıların sizə təsiri barədə nə deyərdiniz? Yoxsa, deyəcəksiniz ki, sizə əsas təsirlər həyatınızdan olub?

Q.P: Çox yaxınlaşdın, həqiqətən də, çox yaxınlaşdın. Tanıdığım, çox sevdiyim heç bir müəllifin üzərimdə çox da təsiri yoxdur; sevdiyim yazıçılar Tili Olsen, ya da Donald Bartelm, bir-birindən çox fərqli insanlardır. Mənə təsirləri çoxdan olub. İsak Babeli o vaxtlar heç oxumazdım. Mənə heç bir təsiri olmayıb, amma indi onu oxuyanda anlayıram ki, bizim oxşar nənə-babalarımız olub və onlar İsak Babelə Rusiyada, mənə də burada təsir ediblər. İlk kitabım çap olunandan uzun müddət sonra oxumuşam İsak Babeli. Amma onu çox sevirəm, çox güclüdür.

C.L: Keçmişinizin bir hissəsi olan başqa yazıçılar da var?

Q.P: İngilis ədəbiyyatının bütün böyük kitabları: hamımız çox yaxşı oxucular idik, hər şeyi oxuyardıq. Coysda qısa hekayənin forması... Gertruda Steynin üç hekayəsi mənim üçün önəmli idi. Qısa hekayələr haqqında düşünməyə başlayanda bütün bu formalar mənə çox maraqlı gəlirdi. Amma bundan başqa yaxşı oxucunun, orta səviyyəli güclü oxucunun oxuyacağı hər şeyi oxumuşam.

C.L: Qısa hekayənin forması haqqında düşünəndə Coys və Steynə baxdınız?

Q.P: Şeir yazdığım vaxtlarda onları oxumuşdum; iyirmi yaşıma çatmamış hamısını oxumuşdum. Faydalı oldu. Çox şeir oxumuşam və oxuduğum şeirlərin şeirim üzərində təsiri çox pis oldu (elə də olmalı idi, çünki şeirlərim çox yaxşı deyildi). Ədəbi idilər. O vaxtlar poeziya mənə elə ədəbi görünürdü ki, Coysun "Dublinlilər" və ya Steynin hekayələrinin olmadığı qədər ədəbi gəlirdi mənə. Bu baxımdan yanaşsaq, romanlar da ədəbi deyildi. Mən bütün rusları oxudum və üslubu mənim üslubuma oxşar olan bir çox yazıçını sevməyə başladım. Məsələn, Ayvi Kompton Berneti. Amma heç vaxt onun kimi yazmamışam. Digər tərəfdən, onu xatırladan bəzi kiçik parçalar yazılarıma daxil olub. Ancaq ədəbi təsirlərim evdə istifadə olunan dilin üslubi və evdə eşitdiyim söhbətlər olub. Kiçik yaşlarımdan etibarən həddindən çox şeir oxumuşam, ona görə də şeirlərim qulaqdan yazılmaydı (təxminən, bir il Oden kimi yazdım, ingilis aksenti ilə). Hekayədə isə öz səslərimdən əlavə, başqa səslərə də qulaq asmağa başladım və beləcə boğazımı təmizləyə bildim.

C.L: Yazmağa necə başladınız?

Q.P: Məktəbdə... İbtidai sinifdə, orta məktəbdə, liseydə həmişə yaxşı uşaq yazıçı olmuşam. Davamlı yazırdım. Amma mən otuz yaşıma kimi hekayələr yazmamışam. Təxminən, otuz üç yaşımdan sonra başlamışam.

C.L: Sizi şeir əvəzinə hekayələr yazmağa nə vadar etdi?

Q.P: Tam olaraq, indi danışdığımız şeylər. İlk növbədə, bunu deməliyəm ki, məni yazmağa həyat yoldaşım ruhlandırıb. Məni ürəkləndirdi. Amma əsasən, qadınlar, kişilər və uşaqlar üçün çox narahat olmağım deyə bilərəm. Qadınların və uşaqların həyatları, kişilərdən ayrı həyatları mənə hədsiz dərəcədə maraqlı gəlirdi. Bu məni çox narahat edirdi. İkinci Dünya müharibəsi vaxtı kişilərlə birlikdə ordu düşərgələrində yaşamışdım...

C.L: Əriniz orduda idi?

Q.P: Bəli, o əsgər idi. Hamının əri əsgər idi. Demək istəyirəm ki, böyük müharibə idi. Qadınlar və uşaqlar üçün çox narahat idim. Birdən məndə fərqindəlik yarandı - o vaxt Feminist olduğumu deyə bilmərəm, çünki kifayət qədər məlumatım yox idi, amma qadınlar mövzusunda bir çox məsələlərin fərqinə varmışdım - deyə bilərəm...

C.L: Hekayələrinizi dərc etməyə necə başladınız?

Q.P: Sadəcə, şans məsələsi idi. Çünki üç hekayə yazmışdım və sonra bunları bir neçə dostuma göstərmişdim. Onlar hekayələri bəyənmişdilər. Mən də onların yaxşı olduğunu düşünürdüm. Maraqlı olan buydu ki, o hekayələri yazandan sonra bir neçə jurnala göndərmişdim və hamısından da rədd cavabı almışdım. Nəhayət, ikisi İllinoys Universitetinin "Accent" jurnalında nəşr olundu. Həqiqətən də, tamamilə şans məsələsi olmuşdu. Əvvəllər mənim hekayələrimi rədd edən bütün jurnallar daha sonra məndən məqalə, hekayələr istəməyə başladılar.

C.L: Heç Nyu-Yorkdan başqa bir yerdə yaşamısınız?

Q.P: Qısa müddətliyinə yaşamışam, "tam yaşamışam" demək olmaz. Uzun müddət Vermontda yaşamışam. Üç il, üç fərqli il...

Tərcümə: Nilufər Hacılı

"Ədəbiyyat qəzeti"

# 1607 dəfə oxunub

Müəllifin son yazıları

# # #