"Kimini virusun özü apardı, kimini vaksini..." - Dilarə Adilgil

"Kimini virusun özü apardı, kimini vaksini..." - Dilarə Adilgil
6 sentyabr 2023
# 16:31

Kulis.az Dilarə Adilginin "Fəridə Vəlixanovaya vida sözü" adlı yazısını təqdim edir.

Elmi katibimiz Aygün xanım deyəndə ki, Fəridə xanım haqqında yazdığınız məqaləni bir də paylaşın, "təkrardansa, yenisini yazaram", – dedim. Fəridə xanımın mahiyyəti buna imkan verirdi. Sağ olsun, ideyası ilə pərakəndə düşüncələrimi bir yerə yığmağa kömək etdi. Fəridə xanım az yaşamayıb. Amma... çox da deyil. Hər halda onun üçün. Sağlamlığı, cəldliyi, enerjisi və ən başlıcası – genetikası daha uzunömürlü olacağından xəbər verirdi. "Cəbhədən-cəbhəyə" romanında belə bir cümlə var: "Müharibə hamını eyni silahla məhv etmir". Pandemiya da... Kimini virusun özü apardı, kimini vaksini. Kimini də Fəridə xanım kimi karantin... O, evə sığan adam deyildi. Çox gəl-getli olmasa da... Evdə qalmağı heç xoşlamırdı. Elə ki, evə getmək zamanı gəlirdi, başını bulayıb deyirdi: "Qadam öyə". Sonra da əlavə edirdi ki, Nisəxanım (anası) tapşırıb ki, biz elə Bakılıyıq. Yəqin həm Şirvanlı olduqlarından, həm də Zərgərpalanda doğulub böyüdüklərindən dolayı belə deyirmiş. Fəridə xanım mənə iki nəfəri xatırladırdı: Nəsibə Zeynalovanı və Zeynəb Xanlarovanı. Kimə isə acıyanda "heyvan uşaq" deyərdi. Anaya məhəbbət, başqa məqamları ilə də Zeynəbi yada salırdı. Fəridə xanım sevgisinə sadiq insan idi. Böyük, tək, əsl, əbədi məhəbbətinə olduğu kimi, xırda sevgilərinə, alışqanlıqlarına da... (Zeynəb Xanlarova ilə daha bir oxşarlıq: "Mən çay içdiyim konfetə də sadiqəm". Yəni, dəyişmirəm).

Fəridə Vəlixanova da elə filologiyanın Nəsibəsi, Zeynəbi idi.
İnstitutun keçmişindən danışmağı sevərdi. Akademik Məmməd Arifdən, filologiya elmləri doktoru Araz Dadaşzadədən olmazın sevgi ilə danışardı. Özünün toyu ərəfəsində "İnturist"də başqa tədbir planlanırmış. "Araz dedi ki, narahat olma, mən həll edərəm". Sonra bildim atasından necə xahiş edib: "Fəridə üçün... Axı bu Fəridədir..." Danışırdı və qəhərlənirdi.

Fəridə xanım məktəb idi. Heç vaxt heç kimlə mübahisə etməzdi, kimlə isə deyişmək, nəyə isə inandırmaq, ya sübüt etməyə çalışmaq – onluq deyildi. Yuxarıdan gülümsünüb "hə, sən düz deyirsən"lə tələsik yekynlaşdırar və öz işinə davam edərdi.
Liftdən çıxan kimi səsi gəlirdi. Biz də çıxıb onu qarşılayırdıq. Zarafat edirdim ki, lap Yaşar Nuri kimi səhnənin arxasından özünüzü məlum edirsiz. İnsan, ya aktyor, gərək necə özünə inamlı olsun ki, belə pafosla içəri daxil olsun. Birdən tanınmadı? Alqışlanmadı?
Xəstələnənə qədər yazdı... Özü də, qələm-kağızla söhbət edirdi: "Sən dur burda, darıxma, indi gəlirəm".

Fəridə xanım azı çox bilən idi. Onun haqqında kiçik bir yazı yazmışdım. Dünyanın xoşbəxti olmuşdu. Deyirdi, məni belə tanıdığını bilmirdim. Necə dualar edirdi... Ümumiyyətlə, heç vaxt, heç kim mənə onun qədər dua etməyib...
Fəridə xanım bütöv adam, sirr dağarcığı idi. Əlini sinəsinə toxundurub deyirdi: "Bilirsən, burda nələr var? Desəm qan düşər". Cavanlığında rəfiqəlik elədiyi, zəmanəsinin gözəllik əfsanəsi, 60-ci illər Bakısının simvolu Nərgiz Xəlilovanı tez-tez xatırlayırdı. İndi sosial şəbəkələrin sayəsində hamı bu mürəkkəb taleli qadını tanıyır, amma mən onun haqqında ilk dəfə Fəridə xanımdan eşitmişəm: "Özü böyük gül buketi alırdı, sonra onu qucağında tutub bütün şəhəri gəzirdi. Qarşısına çıxanlara da qürurla deyirdi ki, a eto mne podаrili... O qədər saf idi. O üzdən də, başına gəlməyən qalmadı".

Heç kimin arxasınca danışmaz, nə var, üzünə deyərdi. Bizə də tapşırırdı: "Öz sözünüzü danışın".
Fəridə xanım alim kimi öz qiymətini bilir, yeri düşəndə də qeyd etməkdən çəkinmirdi: "Mən bu sahədə balaca adam deyiləm". Əsl alimə, şəxsiyyətə dəyər verir, qüsurlarına göz yumur, qoruyurdu. "Ya lyublyu etoqo merzavsa, nesmotrya na eqo bolşiye nedostatki..."
Fəridə xanım mənim yadımda əbədi tələbə qız kimi qalacaq. O cismən burda – Bakıda, bizim aramızda idi, ruhu isə Moskvada – gəncliyində, tələbəliyində, ən xoşbəxt çağlarında qalmışdı. İndi mən 88 yaşlı filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü Fəridə Vəlixanova haqqında vida sözü yazsam da, gözümün qarşısına Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin buraxılış gecəsi, həmin balda Bauman Universitetinin məzunu olan azərbaycanlı gənclə dayanmadan rəqs edən çəhrayı paltarlı 21 yaşlı Fəridə gəlir.
Rahat yatın, Fəridə xanım! Ruhunuz şad, yeriniz uçmaq olsun!

# 1388 dəfə oxunub

Müəllifin son yazıları

# # #