Kamal Abdulla: "Qarabağ artıq problem deyil" - Müsahibə

Kamal Abdulla, Xalq yazıçısı

Kamal Abdulla, Xalq yazıçısı

8 oktyabr 2023
# 10:00

Kulis.az yazıçı, ADU-nun rekto­ru, professor Kamal Abdullanın müsahibəsini təqdim edir.

– Kamal Abdulla bir ziyalı, yazıçı, alim, şəxsiyyət kimi həmişə maraq­lıdır, o, eyni zamanda, rektordur, ona görə də elə universitet barədə başla­maq istəyirəm söhbətə. Müşahidələ­rimə görə, ADU-da yaxşılığa doğru çox dəyişikliklər olub. Qəbul faizi də artıb. Daha nələr baş verir?

– Qəbul faizi hər il arta-arta gedir, biz bu nisbəti çoxaltmağa çalışırıq. Bu da onu göstərir ki, cəmiyyətdə Azərbaycan Dillər Universitetinə böyük maraq və göz­ləntilər var. Çalışırıq ki, burada oxuyan tələbələrin simasında cəmiyyətimizə bor­cumuzu yaxşı ödəyərək, gözləntiləri doğ­ruldaq. Yadıma gəlir, Ulu öndər hər dəfə 1-ci kursa qəbul olunanları toplayardı. Bir dəfə də bu toplantıların birində üzünü biz rektorlara tutub (o zaman mən BSU-nun rektoru idim) dedi ki, bu gənclər mənim sizə əmanətimdir. Bu əmanət sözü çox ağır sözdür. O əmanətə layiq olmaq, qo­rumaq, sadiq çıxmaq, onun şərəf və lə­yaqətini təmin etmək bu gün də mənim qarşımda borc kimi durub.

QS deyilən bir beynəlxalq reytinqlər cədvəli var. Dünyada 1600-dən çox uni­versitet arasında ilk dəfə olaraq biz “Mo­dern dillər” istiqaməti üzrə 300-cü yerə çıxdıq. İlk baxışda uzaqdan görünən rəqəmdir, amma bu rəqəm bizim ciddi və faydalı çalışmağımızın sübutudur. Bizi bu uğurla daxildə və xaricdə çox ciddi uni­versitetlər və qurumlar təbrik etdi. Bu gün universitetimizdə ixtisas kimi bir çox dillər öyrənilir və eyni zamanda, biz öyrəndi­yimiz dilləri, mədəniyyətləri təbliğ edirik. Və həmin ölkələrin universitetlərindən də eyni addımı gözləyirik. Qarşılıqlı razı­laşmaya gəlirik ki, onlar da öz universi­tetlərində Azərbaycan dilini və mədəniy­yətini, multikulturalizmini təbliğ etsinlər. İndi həm Yaxın Şərqdə, həm Avropada 10-a yaxın universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi fəaliyyət göstə­rir. Çində, Rusiyada, Serbiyada, Rumın­yada, Macarıstanda, Pakistanda belə mərkəzlərimiz fəaliyyətdədir.

Bu yaxınlarda Minsk Dövlət Linqvis­tika Universitetində təmtəraqla Azərbay­can dili və mədəniyyəti mərkəzi açdıq. Bu, Belarus gənclərinin və ziyalılarının həm Azərbaycan dilinə, mədəniyyətinə, həm də həqiqətinə yaxınlaşmasına zə­min yaradacaq. Eyni zamanda, mərkəz Azərbaycan siyasətini, humanitar sahə­sini, Azərbaycan müxtəlifliklərini, elmin və mədəni durumun vəziyyətini təşviq və təbliğ edir. Biz də güzgüvari əksə uy­ğun olaraq, öz universitetimizdə Belarus mərkəzi açmağı planlaşdırırıq. Güman edirəm ki, Azərbaycanla Belarus siyasi liderlərinin münasibətlərində biz bu isti­liyi gördüyümüz kimi, mədəni əlaqələrin inkişafında, gənclərin bir-birilərinə yaxın­laşmasında həmin mərkəzlərin böyük faydası olacaq.

– Bəs, Azərbaycan dili və mədə­niyyəti mərkəzləri açdığınız ölkələrdə onların fəaliyyətini diqqətdə saxlayır­sınızmı?

– Həmişə diqqətimizdədir. Həm Çinin Xudjou universitetində, həm Rumınyanın Yassı universitetindəki mərkəzdə, Ser­biyada, Pakistanda əvvəlcə Azərbaycan dili fakultativ səviyyədə keçildi, ardınca Azərbaycan həqiqətlərinə aid müxtəlif tədbirlər keçirməkdə məqsədimiz dərs proqramı səviyyəsində Azərbaycan dilini və mədəniyyətini təbliğ etmək oldu. Eyni zamanda, Azərbaycan multikulturalizmi fənnini həmin ölkələrdə tədris etməyi nəzərdə tuturuq.

– Kamal müəllim, hansı universi­tetə təyin olunursunuzsa, orada həyat qaynayır. Buna necə nail olursunuz? Həmkarlarınız da “Kamal müəllim bizi dinc oturmağa qoymaz” deyirlər.

– Desəm ki, buna tək nail oluram, düzgün olmaz. Elə həmin fikri deyən həmkarlarım sayəsində, birlikdə nail oluruq. Bütün bu işlər bir nəfərin zəhmə­tinin nəticəsi deyil. Sadəcə olaraq, o iş­ləri dəqiq görmək, ideyanı ortaya atmaq, sonra da onun həyata keçirilməsinə nə­zarət etmək lazımdır. Elə bilirəm ki, mə­nim məqsədimi, ideyamı doğru-dürüst anlayanlar, mənə kömək olanlar, Azər­baycanın səsini dünya universitetlərin­də qaldırmağa cəhd edənlər buna nail olurlar. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident dünyanın müxtəlif yerlərindən gələn jurnalistlərə necə gözəl müsahibələr verdi, həqiqətləri böyük si­yasi cəsarətlə bəyan etdi. Ona dəstək olaraq, belə bir ideya ortaya çıxdı ki, tələ­bələrimiz dillərini öyrəndikləri ölkələrin yüksək rütbəli məmurlarına, elm və mə­dəniyyət xadimlərinə həqiqətlərimizi əks etdirən məktublar göndərsinlər. Hamısını ingilis dilində yaza bilərdik, amma dedik ki, yox, qoy, hər kəs bu həqiqətləri öz di­lində oxusun. Bizə yüzlərlə cavab gəldi, hətta Fransa senatından da. Çox maraqlı aksiya idi. Bunu bütün universitet etdi. Azərbaycan naminə, millətimiz naminə ideya beləcə gerçəkləşdi.

– Bütün bu işlərin arasında ədəbiy­yatı da unutmursunuz, necə vaxt ayı­rırsınız? Bütün gün universitetin işləri ilə məşğul olan adamın həm də “Gizli Dədə Qorqud”u, “Sehrbazlar dərəsi”­ni, “Yarımçıq əlyazma”nı yazan adam olduğunu ağla sığışdırmaq olmur. Nə zaman vaxt tapırsınız?

– Ya bunların arasında, ya da ayrıca. Ayrıca vaxt tapmaq həm asan, həm də çətindir. O dediyiniz əsərlər dünyanın bir çox dillərinə tərcümə olunub. Tərcümələ­ri mən heç kimin boynuna qoymamışam, tərcüməçilər özləri təşəbbüs ediblər. Amerikada, Fransada, İtaliyada 2-3 və daha çox romanım çap olunub. Yazmaq təbi gələndə dayanmaq mümkün deyil. O, səni daxildən narahat edir, rahat yaşa­mağa qoymur. İçindən gələn bir səs deyir ki, yazmalısan bunu. Mən bilmirəm onları nə vaxt, necə yazmışam. Beyin paralel işləyə bilir. Haradasa universitetin təsər­rüfat işləri ilə məşğul ola bilərəm, paralel şəkildə beynimdə “Sehrbazlar dərəsi”n­dəki bir sevgi səhnəsi qurular. Burada çətinlik yoxdur. Mən yazdığımdan zövq alıram. Dostum Ramiz Rövşən deyir ki, Kamal yazanda dincəlir, bu qədər işdən sonra yazmaq onun istirahətidir. Düz de­yir, zövq alıram, dincəlirəm. Zövq alma­dan yazdığın kin-nifrətdir, qaranlıq hiss­lərin müşayiəti ilə yazdığın, sadəcə, yazı deyil.

– Zövq almadan yazmaq olar?

– Niyə, yazanlar var. Baxırsan ki, mətn mətn deyil.

– Dünya klassikasında çoxdur, mətn var ki, oxuyanı qaranlığa aparır, mətn də var ki, aydınlığa.

– Olur, var.

– Sizin mətnlərdə oxucu labirintə düşür, amma işığa çıxır.

– Sizə bir məqamı deyim, qaranlığın da hikməti var. Qaranlıq bizim anladığı­mız mənfi çalarlı atmosfer deyil, qaran­lığın da öz hikməti var. Məsələn, göy üzü qaranlıqdır, amma ulduzlar sayrışır. Ulduzlar o qaranlıq pərdəsinin deşilmiş nöqtələridir ki, yəni, o tərəfdə ucsuz-bu­caqsız işıq var. İşıqmı, qaranlıqmı? Bu sualın cavabını tapmaq asan məsələ de­yil. Qaranlığın öz fəlsəfəsi var.

– Həm də ən qatı qaranlıqda bir zərrə də olsa işıq var…

– Bəli, o bizim gördüyümüz işıq olma­ya bilər, qaranlığın özünün bizə demək istədiyi, bizdən gizlənən, amma qaranlı­ğın bizə təqdim etdiyi işıq ola bilər. Mə­nim “Kitabi-Dədə Qorqudda semantik sayrışmalar” kitabımda belə bir məqam var. Sayrışmalar nədir – işıq-qaranlıq, işıq-qaranlıq. Onlar bizim gözümüzdən ani olaraq keçir, amma onlara yaxınlaş­saq görərik ki, bu sayrışma bəlkə də min il sürür. Min il işıq, min il qaranlıq. Bax, o işıqdan qaranlığa, qaranlıqdan işığa keçən enerji ki, bizə gəlib çatır, bu işığın hərəkətini fizika belə izah edir: hərəkət həm korpuskulyar, həm də fasiləsizdir. Bu ikisini bir yerdə təsəvvür etməyən adam heç elmlə məşğul olmasa yaxşıdır. Onu təsəvvür etmək son dərəcə çətindir.

– Həyatın özündə də elədir. Sizin əsərlərinizdə insan labirintə düşərək, çarpışır, haradansa bir işıq tapıb çıxır. Bir də əsərləriniz adamda belə təsəv­vür yaradır ki, müəllif yaşadığı dünya­dan başqa, paralel dünyaların da oldu­ğuna inanır.

– Bu, mənim fəlsəfi kredomdur, mən yaşadığımız dünyadan başqa paralel dünyaların olduğuna inanıram. Bir başqa paralel dünyada bayaq şəkil çəkən fotoq­raf oturub bizə qulaq asır. Bir başqasında biz çay içirik, o birində içmirik. Sonsuz sayda ulduzlar varsa, deməli, həmin ul­duzların hər biri həyatla dolu olmalıdır. Həyatımızın hər parçası o ulduzlarda öz davamını yaşayır.

– Düşüncəniz gələcəyə gedir, bəs, nə yaşayacağınızı öncədən duymaq olur?

– Bunu düşünməmişəm, açığı, kim­sə bəlkə oxuyanda onu hiss edib, amma mən münəccim deyiləm. Hansısa yazdı­ğımda bu özünü göstəribsə, yəqin, özünü doğruldub. Bir məqam var ki, mən həmişə Qarabağa qayıdacağımıza inanmışam. Nəyə görə inanmışam? Prezidentimizin qətiyyətinə görə, sözünə, hərəkətlərinə görə inanmışam.

– Qarabağ demişkən, bu mövzuda Kamal müəllimdən bayaq adlarını çək­diyimiz əsərlər janrında bir əsər göz­ləyə bilərik?

– Mənim beynimin dərin qatlarında bu saat hansı prossesin getdiyini bilmirəm. Ola bilər ki, orda Qarabağla, getdiyim yerlərlə, gördüyüm insanlarla, təəssü­ratlarımla bağlı hansısa proseslər gedir. Mən Qarabağda Şuşanın əsarətdə oldu­ğu vaxtda da olmuşam, azad ediləndən sonra da. Bildiyiniz kimi, xalq diplomati­yası deyilən prosesin tərkib hissəsi kimi biz erməni tərəfdən alim, yazıçı, mədə­niyyət xadimləri ilə görüşürdük. Demək çətindir, bu gün hansı proses gedir. Biz Qarabağla bağlı əsgərlərin ora getdikləri yolları öz ayaqlarımızla gedəndən sonra nə isə deyə, yaza bilərik. Payi-piyada o yolları ki, ordumuz keçdi, dırmaşdı qaya­lıqlara, oradan keçib, o otların ətrini du­ya-duya o yerlərdə olmalıyıq.

Müharibə ilə bağlı bəzi hekayələrim var. Bunlar hələ ayrı-ayrı ştrixlərdir, on­ları geniş şəkildə yazmaq üçün adam gərək özündə bir təpər hiss etsin. Proses bütövləşdi, indi bir qədər vaxt lazımdır ki, görək onu necə dərk edirik. Çünki bir şeydən yazmaq üçün onun kontekstini təsəvvür etmək vacibdir. Biz qalib xalq kimi bu konteksti necə təsəvvür edə bilə­rik? Orada erməni qalacaqmı, yoxsa ha­mısı gedəcək, qalacaqsa, münasibətlər necə qurulacaq? Bu sualların hamısının kontekst şəklində cavabı olmalıdır.

– Siz Şuşa işğalda olanda ora get­mişdiniz. Bu gündən o günə baxanda nələri görürsünüz, duyursunuz?

– Bu, Rusiya, Azərbaycan, Ermənis­tan arasında razılaşdırılmış bir aksiya idi. Bir gün ərzində beş azərbaycanlı və beş erməni, əvvəlcə Xankəndidə, Şuşada, Yerevanda və nəhayət, onlarla birlikdə Bakıda olduq. Bakıda cənab Prezident bizi qəbul etdi, Yerevanda da onların pre­zidenti qəbul etmişdi. Sonralar da Mosk­vada, Almaniyada bu formatda görüşlər olurdu. Mənim yadımda həmişə bir ağrı qalırdı ki, biz Qarabağdan danışan kimi, onlar Qarabağı qoyaq kənara, gəlin ədə­biyyatdan, mədəniyyətdən, dünyadan danışaq deyirdilər. Qalırdıq yana-yana ki, bizi axı bura Qarabağ mövzusu gətirib. Bunlar söhbətdən yayınırdılar. 44 günlük müharibədən sonra eyni formatda Mosk­vada görüş oldu. Bunlar partlayırdılar ki, Qarabağda bizmkilər əsirdir, filan, bəs­məkan. Mən də qayıtdım ki, Qarabağdan niyə danışırıq, bu artıq problem deyil, gəlin ədəbiyyatdan, musiqidən danışaq. Bunlar çaşıb qaldılar. O tikanı belə ürə­yimdən çıxartdım.

Qarabağla bağlı Azərbaycan Prezi­denti öz sözünü dedi, həyata da keçirdi. Dünyada tək prezidentlərdəndir ki, deyir və həyata keçirir. Başqaları bir söz deyir, ayrı iş görür. Taleyranın məşhur sözü ya­dıma düşdü, deyir dil verilib ki, insanlar öz fikirlərini gizlədə bilsinlər. Yəni aldat­sınlar. Bizim Prezidentimiz bu fikirdən son dərəcə uzaqdır, mən ona inanıram. Hamı görür ki, Azərbaycan Prezidentinin sözü və əməli birdir. Qarabağ erməniləri də multikultural bir cəmiyyətdə yaşama­ğın nə olduğunu bilmək istəyirlərsə, daşı ətəklərindən töksünlər, onlara zülm edən hərbi xuntanın təsirindən qurtarıb xoş­bəxt gələcəyə addım atsınlar.

– Qarabağda bu gün baş verənləri necə dəyərləndirirsiniz?

– Son dərəcə müsbət hal kimi. Bü­tün dünya görür ki, Azərbaycan öz əra­zi bütövlüyünü bərpa edir, öz dövlətinin rəhbərliyi altında xalqımız arzuladığını reallığa çevirir.

– Qayıdaq yenə ədəbiyyata, bu zərurət sizin yaradıcılığınızın teatr qoluna toxunmağın marağından irəli gəldi. Həsənağa Turabovun dövründə sizin əsərləriniz beş teatrda tamaşaya qoyulub, “Yuğ”da çox tamaşalarınıza baxmışam…

– Həsənağa Turabov mənim yaxın dostum idi, amma onun vaxtında yalnız bir əsərimi orada tamaşaya qoydular: “Hərdən mənə mələk də deyirlər” pye­simə rejissor Əsgər Əsgərov quruluş verdi. Vaqif “Casus” pyesini də hazır­ladı, amma ictimai baxışa qədər gəldi, premyerasına qadağa qoydular. Bizim Turabovla dostluğumuz çox dərin idi, Al­lah ona rəhmət eləsin. “Yuğ”da isə çox əsərlərim tamaşaya qoyulub. Vaqif İbra­himoğlunun ruhu qarşısında baş əyirəm, o tamaşalarda əziyyət çəkənlərə çox minnətdaram. “Yuğ” çox ciddi teatr mə­bədidir.

– Bu yaxınlarda Lənkəran Dövlət Dram Teatrında da əsəriniz tamaşaya qoyuldu.

– Lənkəran Teatrı həmin o “Casus” pyesimi tamaşaya hazırladı, indi reper­tuardadır. Mİlli Dram Teatrının kiçik səh­nəsində “Bir, iki, bizimki” gedir. Rejissor Bəhram Osmanov “Sehrbazlar dərəsi”ni tamaşa kimi hazırlayır. Son dərəcə ciddi rejissordur. Xarici ölkələrdə də əsərlərim tamaşaya qoyulub. Tiflisdə Rustaveli te­atrında gürcü dilində “Kim dedi ki, Simurq quşu var imiş?!” əsərim oynanılıb. Bu əsər Estoniyada da tamaşaya qoyulub. Yenə də Vaqif İbrahimoğlunun təklifi və dəstəyi ilə bunu rejissor Gümrah Ömər etdi.

– Bu yaxınlarda İtaliyaya, Tür­kiyəyə səfərləriniz də yaradıcılıqla bağlı idi, yoxsa təhsillə?

– İtaliyanın Milan şəhərinə səfərim orda çıxan kitablarımın növbəti prezen­tasiyası ilə bağlı idi. İtaliyada “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” çap olu­nub. Mənim üçün böyük təəssürat həm də o oldu ki, “Yarımçıq əlyazma” İtaliya­da çap ediləndən sonra məni Umberto Eko evinə dəvət etmişdi və onunla kitab, Azərbaycan ədəbiyyatı, Azərbaycan həqiqətləri ətrafında 2 saat yarım söhbət etdik. Unudulmaz görüş idi. İndi də Milan şəhəri yaxınlığındakı Monzo şəhər meri­nin təşkil etdiyi bir tədbir idi və kitablara ön söz yazan məşhur şərqşünas alim Franko Kardininin Parisdən gələrək daha bir təqdimatda iştirak etdi. Kitabları im­zaladıq, müzakirə oldu oxucularla, çox maraqlı idi.

Türkiyəyə isə Lütfi Zadə ideyalarının əsas daşıyıcısı və yayıcısı olan görkəmli alimimiz Rafiq Əliyevin dəvəti ilə getmiş­dim. O, ildə bir dəfə qeyri-səlis məntiqə həsr edilmiş beynəlxalq konfrans keçirir. Konfrans çərçivəsində Rafiq müəllimlə bir yerdə yazdığımız “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabının təqdima­tını keçirdik. Kitab barədə maraqlı, ciddi söhbətlər oldu. Rafiq müəllimin dediyinə görə, Lütfi Zadənin ən böyük arzusu nəzəriyyəsinin dəqiq elmlərdən daha çox sosial elmlərə tətbiq olunması idi. Yazdı­ğımız bu kitab Zadənin arzusunu həyata keçirir, ilk dəfə Azərbaycan dastanında qeyri-səlis məntiqin hənirtisini üzə çıxarır. Biz bu kitabda sübut etməyə çalışmışıq ki, əcdadımız qeyri-səlis məntiq kriteriya­ları ilə düşünüb, bu isə onun tolerantlıq, multikultural istiqamətdə düşüncələrinin əksi kimi özünü göstərir. Bir var, Aristo­tel kimi deyəsən ki, bu ya ağdır, ya qa­radır, vəssəlam, bir də var, deyəsən ki, ağla qaranın arasında başqa çalarlar da yox deyil. Seçim imkanı böyüdükcə sənin həmin məsələyə demokratik yanaşman ortaya çıxır.

“Kitabi-Dədə Qorqud”un müəllifi an­caq Dədə Qorqud deyil, çünki hadisənin biri eralardan əvvəldən danışır – Basat Təpəgözü öldürdüyü zamandan. O biri Məhəmməd Peyğəmbərin zamanından danışır. Uzun bir zamanı əhatə edir, ona görə bu, bir növ anaxronik mətn kimidir. Əslində, Dədə Qorqud kimi bir şəxsiyyət yoxdur, o, bir prinsipdir. Bütün bu dasta­nın ayrı-ayrı qollarını üzə çıxaran prinsip. Ona görə də dastan qeyri-səlis məntiqin kriteriyalarını gözəl şəkildə üzə çıxarır. Dediyimiz demokratik yanaşma, tolerant münasibət qeyri-səlis məntiqin prinsip­lərinin içindən çıxır və göstərir ki, iki əks qütbün arasında başqa bir məqam da var. Aristotel deyir, bu adam ya ölüdür, ya diri, amma “Dədə Qorqud”da başqa bir hal da var. Deyir ki, ol zamanlar Oğuz igidləri 7 gün, 7 gecə yatardılar, adına küçücük ölüm derlərdi. Yəni, nə ölüdür, nə diri. Deməli, araya bir qütb də girdi. Kiçicik ölümə bu gün koma deyilir. Demə­li, ölü, diri və koma vəziyyəti. Ortadakı “üçüncü” bu əks qütblərə bir yumşaqlıq, həlimlik gəlir. Dünyanı onun olduğu rəng­lərdə görmək cəhdi “Dədə Qorqud”u bu istiqamətdən də maraqlı edir.

– Türk dünyasının dastanıdır “Dədə Qorqud”, amma hər türk ölkə­sinin də öz Dədə Qorqudu var. Siz də bir başqa “Dədə Qorqud” yaratdınız…

– Mən yaratmamışam, mən ondakı gizlinləri görməyə çalışmışam. İndi de­yirlər, mən, guya, bəzən mövcud çərçi­vələrdən kənara çıxmışam, amma “Dədə Qorqud” dastanında olan xətlərdən heç vaxt kənara çıxmamışam. Deyirlər, məsələn, Beyrək müsbət qəhrəman­dır, sən niyə onu bu cür vermisən?! Nə yazmışamsa, mətnin özündən çıxıb. Doğrudur, Beyrək öz həyatını Qazan xanın yolunda qurban verir, o, sədaqətli igiddir. Amma yadınızdadırsa, zindan­da olarkən, Bayburd bəyin qızı hər gün Beyrəyi görməyə gələrdi. Bir gün gəldi, gördü, Beyrəyin halı xarabdır. Deyir nə oldu sənə, igidim, hər gün gələndə səni şən görərdim, deyərdik, gülərdik, indi nə olub? Demək, bu, hər gün gəlib Beyrəklə burda kef edirmiş. Beyrək belə Beyrək­dir. Tanıdığımız yaxşı və pis Beyrəyin ortasındakı Beyrək. Nə yaxşıdır, nə pis. Qıza söz verir ki, məni xilas etsən, qa­yıdıb gəlib səni halallıqla alacam. Amma azad olur, gedir Banuçiçəyə qovuşur, gəlib bunu almır, unudur. Beyrəyin oğuz qəhrəmanı kimi dastanın sonunda öldü­rülməsi məhz onun sözə xilaf çıxmağın­dandır. Verdiyi sözə əməl etmir. Bunları heç kim deməmişdi. Yəni, mən dastanın içindən çıxan, amma görünməyən yerlə­rinə, gizli qatlarına enib onları açmağa çalışmışam.

– Və o gizlinləri görməyənlər, görə bilməyənlər qınayır. Bəzən də dasta­nın özündən yox, “Dədə Qorqud” fil­mindən çıxış edərək.

– Bəli. Onlara qıcıq gəlir.

– Umberto Eko da sizdən onu so­ruşmuşdu, sizin də idiotlar, bizim idi­otlar kimi sual verir?

– O, belə dedi: Məndən burada bizim idiotlar soruşan kimi ki, belə bir əlyazma var, ya yox, sizin idiotlar da orada səndən bunu soruşdularmı?

– İndi nə yazırsınız, Kamal müəl­lim?

– Bir romana başlamışam keçdiyim həyat yolundan. Mənim gözəl müəllim­lərim olub, mənə dərs deyən müəllimlər, evdəki müəllimlər. Dayılarım Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, yeznələrim Yəhya Məmmədov, Ağamusa Axundov. Məktəbdə Zərbəli Səmədov kimi müəlli­mim olub, ədəbiyyatın ilk sirlərini ondan öyrənmişəm. Universitetdə Mir Cəlal Pa­şayev, Muxtar Hüseynzadə, Ağamusa Axundov, Musa Adilov, Əlövsət Abdul­layev, Yusif Seyidov, Təhsin Mütəllibov. Moskvada aspirantura illərində Ninel Ha­cıyeva, Ədhəm Tenişev, Nikolay Baska­kov, Ənvər Makayev, B. Serebrennikov… Bu elm dühalarından başqa, tam səmi­miyyətlə deyirəm, tələbələrim də mənim müəllimlərim olublar. Tələbələrimin özü­nün xəbəri olmadan mən onlardan da nə isə öyrənmişəm.

– Sizin ətrafınızın əzbər bildiyi bir şüarınız var – öyrədərək, öyrənirik…

– “Dosento-dissimus” dilimin əzbə­ridir. “Öyrədərək öyrənirəm” deməkdir. Öyrətdiyim adamın reaksiyasından öy­rənməyə çalışmışam. Həyatımın müxtə­lif dolaylarında çox maraqlı insanlarla görüşlərim olub. Cənab Prezident mənə böyük bir sahəni etibar edib və bu is­tiqamətdə çalışdığım zaman yadımda qalan çox insanlar olub. Bütün bunlar beynimdə fırlanır. Həyatımın elə məqa­mıdır ki, heç nəyi gizlətmədən, bəzəmə­dən, hər şeyi öz adı ilə adlandıran bir roman yazmaq fikrindəyəm. Məsələn, elə bircə “Qoşma” verilişi Azərbaycan te­leviziyasında ədəbiyyatla bağlı ilk təmiz, vicdanlı söz kimi efirə çıxdı. İndiyə qədər o verilişi xatırlayırlar.

Bir dəfə Xudu Məmmədovla Ağdam­da görüşdük. Mən ora milli qəhrəman Allahverdi Bağırovun döyüşçülərinə dər­man yardımı aparmışdım. Xudu müəl­lim məni öz oxuduğu məktəbə apardı, uşaqlara məni göstərib soruşdu ki, bilir­siniz bu kimdir? Bir uşaq qayıtdı ki, hə, bilirəm – Qoşma müəllim. O ifadə indiyə kimi yadımdan çıxmır. “Qoşma” Azərbay­can ədəbi mühitində səslənməyən adlar haqqında ilk veriliş idi. İlk dəfə Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əh­məd Cavad, Almaz Yıldırım və bir çox başqaları ilə bağlı verilişlərimiz oldu.

Ənvər Məmmədxanlı televiziyadan küsmüşdü, heç bir verilişə gəlmirdi. Yaxşı münasibətimiz vardı deyə, mən xahiş et­dim. Dedi ki, “Qoşma”ya gələrəm. Televi­ziyada inanmadılar, dedilər, gəlməyəcək. Gəldi, bir saatlıq söhbətimiz oldu. Kame­ralar sönəndə bir də baxdım ki, arxada bir dəstə adam yığışıb əl çalır. Televiziyanın işçiləri idi, mənə yox, Ənvər Məmməd-xanlıya əl çalırdılar.

– Həyatınızdan nə qədər adamlar keçib, dost, müəllim, əhatə itirmisiniz. O itkilər sizdə özünü necə göstərib?

– Çox böyük ağrı və üzüntülərlə. Bu saat görürəm ki, yanımda ola biləcək dostlarımın çoxu yoxdur. Bu, çox böyük üzüntüdür. Hamısını rəhmətlə, ehtiram­la anıram. Uşaq vaxtı itirdiyim sinif yol­daşımdan tutmuş Azad Mirzəcanzadəyə qədər. Hər dəfə səndən bir parça gedir.

– Elə bir əsəriniz varmı ki, yazmı­sınız, amma çapa vermirsiniz ki, onun zamanı deyil, məndən sonra çap olu­nar?

– Yox, elə əsərim yoxdur. 7 cildliyim çıxır, 6 cildi çap olunub, 1-i də artıq mət­bəədədir. Bütün əsərlərim orada var. Yazdığım memuar əsərə hətta 5-ci, 6-cı sinifdə yazdığım şeirləri də əlavə et­mişəm, qoy, onlar da oxunsun ki, bilinsin, o vaxt nə cür zəif şeirlər yazmışam.

– Yazıçılar bəzən deyirlər ki, hər əsərimdə bir az da özüm varam.

– Mən bir az yox, bütünlüklə varam əsərlərimdə. Tənqidçilər yazmışdılar ki, “Unutmağa kimsə yox” əsərimdəki Bəh­ram kişi çobandır, amma paralel dün­yalardan danışır, dilçi alimlər kimi fikir yürüdür, belə çoban olar? Yadıma bir məqam düşür, Flober deyirdi ki, madam Bavari mənəm. Düz deyirdi. Hər bir ya­zıçı öz əsərinin qəhrəmanıdır. Bəhram kişi də mənəm, F.Q. də mənəm, Afaq da mənəm. O sovet vaxtı idi, çobanın obra­zını yazmaq üçün gedib çoban yaşayan mühitdə onunla qalıb müşahidə edirdilər. Bu cür yanaşma mənə görə deyil. Mən öz fikirlərimi obrazlarla yazıram. Folkner deyirdi ki, ədəbiyyat sən bildiyin şeylər­dən danışırsa bu, ədəbiyyatın krizisidir. Gərək yazıçı obrazları, ideyaları qoysun ortaya. İdeyalardan personaja gəlmək la­zımdır, personajdan ideyaya yox.

– Sovet vaxtı elə bilirdik ki, Qacarla Vaqifin dialoqu elə Səməd Vurğunun “Vaqif” pyesində olduğu kimi olub.

– Ədəbi qacarlar müxtəlifdirlər. Çəmənzəminlinin “Qan içində” əsərində­ki Qacar başqadır, Haqverdiyevin tamam başqa Qacarı var. Qacar birmənalı obraz deyil. Birmənalı şəxsiyyət də olmayıb. Səməd Vurğunun Qacarı bədii təxəy­yülün məhsuludur. Oradan bir misranı götürərdim ki, bəlkə də bütün Azərbay­can ədəbiyyatının üstünə işıq salır: şair, hökmdarın hüzurundasan! Bu misradakı həqiqəti bütün yazıçılara və şairlərə aid etmək olar. Kimdir şair, kimdir hökmdar, kimdir haqlı, kimdir haqsız, kimdir zalım, kimdir məzlum? Cavabı tapılmaz. Çexo­vun bir fikri var, deyir, hər bir insan həyatı boyu öz içindəki qulu əzməklə məşğuldur. Şair şahı, şah şairi…

– Bir şəxsiyyətdə bu qədər obraz cəmləşib: yazıçı, alim, təşkilatçı… Yenə rektorla başladığım söhbəti rek­torla tamamlamaq istəyirəm. Bir rek­tor kimi sizi sevənlər də çoxdur, tələ­bələr də, müəllimlər də… Siz BSU-dan gedəndə arxanızca hətta ağladılar.

– Mən çox minnətdaram o göz yaş­larına.

– Bəs kimi, necə “incitmisiniz” ki, sizi azarlayanlar da, iftira atanlar da tapılır, neynəmisiniz onlara? Onlar nə istəyirlər sizdən?

– Bu, onların tərbiyəsindən irəli gəlir. Belə deyim: məni hədəfə alanlar həmişə məndən nə isə istəyiblər, mən isə həmişə onların istədiklərini onlara verə bilmə­mişəm. Əsl səbəb budur.

– Maraqlı söhbət üçün təşəkkür edirəm, Həmişəki kimi, bu gün də siz­dən öyrəndim.

# 2209 dəfə oxunub

Müəllifin son yazıları

# # #